Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-669/2022 29.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncu şəxs 33 nömrəli Şəhər Poliklinikası) qarşı “qərarın ləğv edilməsi və əlilliyin bərpası” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlillik qrupunun təyin olunması, 2020-ci ilin yanvar ayından bu günə qədər ala bilmədiyi aylıq 150 manat məbləğində yığılan müavinətin və cavabdehin ona vurduğu maddi zərərin (xəstəxana, yol və s.) ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli məhkəmənin hazırlıq iclasında iddiaçı iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hazırkı cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini və tələbinin “əlilliyin qiymətləndirilməsi barədə xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi və əlilliyin bərpa olunması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi müəyyən edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, anadangəlmə ürək qüsurludur, ona xx.xx.2009-cu ildə “üçtaylı qapağın anadangəlmə stenozu” diaqnozu qoyulmuşdur. Həmin tarixdən 2020-ci ilin yanvar ayına qədər hər ay 150 manat məbləğində əlilliyə görə sosial müavinət alır, həmin xəstəlik hələ də davam etməkdədir. Lakin o, 2020-ci ilin yanvar ayından bəri həmin müavinəti ala bilmir. Bununla bağlı dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamış, imtina səbəbi olaraq da dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması, həmçinin həkim rəyi olaraq Tibbi- Sosial Ekspert Komissiyasına göndərilən zaman “xəstənin hazırkı vəziyyəti funksional pozğunluq instrumental-diaqnostik müayinənin dəqiqləşdirilməsi” qeyd olunmuşdur. İkinci dəfə müraciət etdikdə isə imtina əsaslı məktubda qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalı olduğu tövsiyə olunmuşdur. İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixdə tibbi-sosial ekspert komissiyasında ilkin müayinə olunmuş və iki il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. Sonrakı illərdə də təkrar müayinələr zamanı xx.xx.2017-ci il tarixədək sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. xx.xx.2017-ci il tarixdə sağlamlıq imkanları məhdudluğu müddəti Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.3-cü bəndinə müvafiq olaraq üç il müddətinə - xx.xx.2020-ci il tarixə kimi Əlillik altsistemi tərəfindən şəxsin iştirakı olmadan uzadılmışdır. Səhiyyə müəssisəsinin İddiaçı aid 0061003AABH9 saylı göndərişi xx.xx.2020-ci il tarixdə şəxsin iştirakı olmadan təhlil edilərkən, TSEK-ə göndərilən zaman xəstənin hazırkı vəziyyəti, funksional pozğunluq instrumental-diaqnostik müayinə dəqiqləşdirilmədiyindən əlilliyi qiymətləndirmək mümkün olmamış və natamam doldurulma səbəbindən göndərişdə müvafiq qeyd aparılmaqla bu barədə bildiriş altsistem vasitəsilə onu rəsmiləşdirənə geri göndərilmişdir. İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 2767003AAC1M saylı göndərişi əsasında şəxsin iştirakı olmadan xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 2767003AAC1M saylı göndərişdə əsas diaqnoz kimi “Üçtaylı qapağın anadangəlmə stenozu,” xəstəliyi, ağırlaşma kimi isə “Durğunluq ürək çatmamazlığı, Mitral (qapağın) çatmamazlıq (-ğı), Mitral qapağın (prolapsı) düşməsi, Ürəyin sağ tərəfli hipoplaziya sindromu,” xəstəlikləri göstərilmişdir. Lakin xroniki ürək çatmamazlığının ağırlıq dərəcəsi nə diaqnozda, nə də ExoKQ-nin nəticəsində dəqiqləşdirilib qeyd edilməmişdir. Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci yarımbəndinə müvafiq olaraq “ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı” hallarında ikinci, 2.1.1-ci yarımbəndinə müvafiq olaraq “qan dövranının üçüncü dərəcəli xroniki çatışmazlığı” hallarında isə birinci dərəcə əlilliyin təyini nəzərdə tutulmuşdur. Səhiyyə müəssisəsinin göndərişində isə ürək çatmazlığının ağırlıq dərəcəsi qeyd edilmədiyinə görə əlillik təyinatının aparılması mümkün olmamış və bərpa müalicəsinin davam etdirilməsi və dinamik müşahidə üçün əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə 33 nömrəli Şəhər Poliklinikası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya dair TSEK müayinələrinin çıxarışlarından müəyyən olunur ki, İddiaçı ilkin olaraq xx.xx.2006-cı il tarixdə müayinə olunmuş və iki il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. Diaqnoz olaraq “anadangəlmə göy tipli ürək qüsuru ağır forma. Qulaqcıqarası çəpərin deffekti. Ağ ciyər arteriyanın stenozu. Qan dövranı çatmamazlığı 2 B dərəcəli.” göstərilmişdir. İddiaçı xx.xx.2015-ci ildə yenidən müayinə olunmuş və o, təkrar 2 il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. Diaqnoz olaraq “ürəyin digər anadangəlmə inkişaf qüsurları. Üçtaylı və ağciyər qapaqlarının anadangəlmə inkişafı qüsurları.” göstərilmişdir. xx.xx.2017-ci ildə iddiaçı təkrar müayinə olunmuş və 3 il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. Diaqnoz kimi “uşaqların sağlamlıq imkanlarının məhdudluğu=»3.1.12 ürəyin ritm pozulmaları (o cümlədən kardiostimulyator implantasiyası ilə) nəticəsində sinkopal vəziyyət, durğunluq tipli. İİ- İİİ dərəcəli ürək...” göstərilmiş, növbəti müayinə tarixi xx.xx.2020-ci il olaraq müəyyən edilmişdir. İşdən görünür ki, iddiaçı “Üçtaylı qapağın anadangəlmə stenozu” diaqnozu ilə 15 nömrəli Uşaq Poliklinikası tərəfindən verilmiş göndəriş əsasında xx.xx.2020-ci il tarixdə yenidən müayinə olunmuş, “göndərişin natamam doldurulması – səbəb: TSEK-ə göndərilən zaman xəstənin hazırkı vəziyyəti funksional pozğunluq instrumental-diaqnostik müayinə dəqiqləşdirilsin” səbəbindən iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. xx.xx.2020-ci il tarixdə 33 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş yeni göndəriş əsasında iddiaçının sağlamlıq vəziyyəti təkrar qiymətləndirilmiş, “əlavə müalicəyə ehtiyacın olması. ətraflı: korreksiya edici cərrahi əməliyyatdan sonrakı bərpa müalicələri davam etdirilsin. Qeyd edilən diaqnoz və ağırlaşmalar əlillik təyin etməyə əsas vermir.” səbəbi ilə imtina edilmişdir. Bundan sonra iddiaçı ona əlillik təyin edilməsindən imtina barədə qərarın ləğv edilməsi və əlillik təyin edilməsi ilə bağlı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İşin araşdırılması məqsədilə məhkəmənin 2-1(112)-4476/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsinin ekspertlərinə həvalə edilmişdir. xx.xx.2022-ci il tarixdə “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsi tərəfindən məhkəməyə təqdim olunan məktubda göstərilmişdir ki, məhkəmə-tibbi ekspertizasının aparılmasından ötrü tibbi sənədlər Birliyə təqdim edilsə də, İddiaçı özü göndərilmədiyindən ekspertizanı başa çatdırmaq mümkün olmamışdır. Bundan sonra iş üzrə məhkəmə iclası xx.xx.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında iştirak edən iddiaçı iş yenidən Məhkəmə-Tibbi Ekspertiza və X1 göndəriləcəyi təqdirdə ekspertizada iştirak edəcəyini bildirmişdir. Buna uyğun olaraq iş materialları məhkəmə tibbi ekspertizanın keçirilməsi üçün yenidən Birliyə təqdim edilmiş, xx.xx.2022-ci il tarixdə Birlik tərəfindən məhkəməyə təqdim olunan məktubda göstərilmişdir ki, məhkəmə-tibbi ekspertizasının aparılmasından ötrü İddiaçı özünün şəxsiyyət vəsiqəsi və tibbi sənədləri ilə Birliyə təqdim edilməsinin bildirilməsinə baxmayaraq bu günə qədər göndərilmədiyindən ekspertizanı başa çatdırmaq mümkün olmamışdır. Sənədlər ekspertiza aparılmadan icrasız geri qaytarılmışdır. Beləliklə, iş materiallarından aydın olur ki, xx.xx.2002-ci il təvəllüdlü İddiaçı qoyulmuş diaqnoz və ağırlaşmaların düzgünlüyünün müəyyən edilməsi, onda hazırda hansı xəstəlik və qüsurların aşkar olunması, bu qüsurların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”sində göstərilən xəstəliklərin əhatə dairəsinə düşməsi məsələsinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, lakin iddiaçı ekspertizada iştirak etmədiyindən bu sualların cavablandırılması mümkün olmamış, nəticədə ekspertiza baş tutmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının iştitrakı olmadan ekspertizanın keçirilməsi, ekspertiza keçirilmədən, ekspert qarşısında qoyulmuş suallar cavablandırılmadan isə iddiaçıya əlilliyin təyin edilməsindən imtinanın düzgünlüyünün müəyyən edilməsi, onun sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mümkünsüzdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazıkı iddia tələbi iddiaçıya əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsindən ibarət olmaqla məcburetmə haqqında iddia növünə aiddir. Deməli, belə bir aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək ilk növbədə iddiaçının vəzifəsidir. İşin istinad olunan hallarından məlum olur ki, iddiaçı nəinki belə bir sübutu məhkəməyə təqdim etmiş, hətta həmin sübutun əldə edilməsinə şərait yaratmamaqla, onun arzuladığı inzibati katın qəbulundan iddiaçının imtinasının qanuniliyinə qiymət vermək mümkün olmamışdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin hərəkəti ilə iddiaçının hüquqlarının pozulması müəyyən edilmədiyindən iddiaçının tələbi təmin edilə və cavabdehin üzərinə iddiaçıya əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-669/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-669/2022
29.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver