Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-669/2025 22.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X3rşı “yaşayış binasının həyətində parklanmanın qadağan edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, bina 35 A, 4 saylı mənzilə yaxın fərdi yaşayış binasının yerli ərazisində texniki məhdudiyyətlərin (metal dirəklər və digər texniki vasitələrin) quraşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iş üzrə cavabdehin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi kimi qəbul edilməsini və Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, bina 35 A-nın həyətində parklanmanın qadağan edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, bina 35a, mənzil 4 iddiaçının xüsusi mülkiyyətindədir. O, həmin mənzildə qeydiyyatdadır və yaşayır. Onunla birlikdə həmin mənzildə 1969-cu il təvəllüdlü qızı X2 və 1991-ci il təvəllüdlü nəvəsi Rəsulzadə Anar yaşayırlar. Evlərinin həyətində, ictimai ərazidə düz pəncərələrinin qarşısında avtomobillərin qanunsuz saxlanması halı yaranmışdır. Nəticədə avtomobillərdən çıxan dəm qazı iddiaçının mənzilinə daxil olur. Bundan əlavə, mühərriklərin səsi iddiaçını narahat edir və mənzilinə keçid tez-tez bağlanır. Bu isə ona və əlil nəvəsinə narahatlıq yaradır. İddiaçı qeyd olunan problemin sülh yolu ilə həll edilməsi üçün cavabdehə dəfələrlə müraciət etsə də, xahişi təmin edilməmişdir. Bu səbəbdən o, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etirazda göstərilmişdir ki, qanunvericiliyin tələbinə əsasən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin vəzifələrinə Bakı şəhərinin inzibati ərazisində yalnız dövlət avtomobil yollarında parklanmanın təşkilini tənzimləmək aid edilmişdir. İddiaçının iddia ərizəsindən göründüyü kimi isə, iddiaçının mənzilinin qarşısında avtomobillərin parklandığı yer onun yaşayış binasının qarşısındakı həyətdir və qeyd edilən ərazi ümumi istifadədə olunan yol sahəsi deyil. Məhz bu səbəbdən də AYNA qeyd edilən ərazidə parklanma işinin təşkil və ya ləğv edilməsində səlahiyyətli qurum deyil. Həmçinin, həmin ərazidə avtomobillərin parklanmasının qadağan ediməsi mülki hüquqlara müdaxilənin qadağan edilməsi və ya qonşuluq münasibətləri baxımından mülki qanunvericilik əsasında tənzimlənir. Eyni zamanda, həmin ərazidə parklanmanın qadağan edilməsinə dair tədbirlərin görülməsi müvafiq qurum (rayon icra hakimiyyətləri, bələdiyyə və ya mənzil kommunal təsərrüfatı birliyi) tərəfindən yerinə yetirilə bilər. Göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə oxşar məzmunlu izhahat verərək, həmçinin bildirdi ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının Səbail rayon İcra Hakimiyyətinə qarşı iddiası təmin olunaraq Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, bina 35 A, 4 saylı mənzildə yenidənqurma işlərinin aparılmasına icazə verilməsi öhdəliyinin Səbail rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Qərar qanuni qüvvəyə mindikdən sonra iddiaçı həmin mənzili sökərək yenidən inşa etmişdir. Hazırda iddiaçı həmin mənzilə köçüb yaşayarsa həyətdə avtomobillərin parklanması onun evinə giriş-çıxışına maneə yaradacaqdır. Bu səbəbdən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazla oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, iddiaçının parklanmasının qadağan edilməsini xahiş etdiyi ərazi yaşayış binasının həyətidir. Hazırkı iş üzrə cavabdeh isə ümumi istifadədə olan yollarda parklanma təşkil etməkdə səlahiyyətlidir. Binanın həyətində parklanmanın təşkili isə cavabdehin səlahiyyətində deyil. Yəni, hazırkı cavabdeh iddiaya cavab verməli inzibati orqan deyildir. Həmin səlahiyyət yerli icra hakimiyyəti orqanlarına, yaxud bələdiyyələrə aid edilə bilər. Qeyd edilənlərə əsasən nümayəndə iddianın mümkün sayılmamasını xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən göründüyü kimi iddiaçı 0001xx.xx.1946-cı ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9947/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, bina 35 A-nın həyətində parklanmanın qadağan edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3974/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. Məhkəmənin qərardadında qeyd edilən səlahiyyətin yerli icra hakimiyyəti orqanlarına aid olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 09.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, qeyd edilən əraziyə mütəxəssislər tərəfindən baxış keçirilmiş və araşdırmalar aparılmışdır. Aparılan araşdırmalar nəticəsində sözügedən ərazinin ümumi istifadə olunan yol sahəsi olmadığı müəyyən edilmişdir. Ümumi istifadədə olmayan yol sahəsində parklanmanın nizamlanması Agentliyin səlahiyyətləri çərçivəsində olmadığından müraciətdə qeyd olunan ərazidə tədbirlərin həyata keçirilməsi mümkün olmamışdır. Mənzil-Kommunal Təsərrüfatı Departamenti Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 19 iyun 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, müraciətlə əlaqədar ünvana yerində baxış keçirilərək, araşdırma aparılmışdır. Əraziyə xidmət göstərən 4 saylı MKİS-in rəhbərliyi tərəfindən sözügedən sahədə park edilən avtomobillərin sahiblərinə, müraciət olunan şikayətin tələbləri izah olunaraq həmin sahədə maşın saxlanılmaması üçün şifahi xəbərdarlıq edilmişdir. İşin hərtərəfli araşdırılması məqsədilə məhkəmə tərəfindən iddiaçının nümayəndəsinin iştirakı ilə mübahisəli əraziyə yerində baxış keçirilmişdir. Yerində baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli ərazi Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, bina 35 A-ının həyətidir. Bina iki mərtəbəli, çoxmənzilli binadır. Binanın həyətinin giriş hissəsində şlaqbaum quraşdırılıb. İddiaçının yaşayış sahəsi kimi qeyd etdiyi 4 saylı mənzil yarımçıq tikilidir. Belə ki, tikili yerdən təqribən 4-5 metr hündürlüyündə daşdan inşa edilmişdir. Tikilinin damı yoxdur. Verilən suallara cavab olaraq iddiaçının nümayəndəsi bildirdi ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən mənzildə yenidənqurma işləri aparmış və mənzili sökərək hazırkı tikilini inşa etmişdir. Tikilini tam inşa etdikdən sonra ora köçüb yaşayacaqdır. Binanın həyətində avtomobil saxlanması onu narahat edir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini və iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində binanın həyətində parklanmanın qadağan edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh onun hazırkı iddiaya cavab verməli orqan olmadığını əsas gətirərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının parkalnmanın qadağan edilməsini xahiş etdiyi ərazi binanın həyəti olsa da, konkret bir şəxsə məxsus olmayan ərazi olduğundan ümumi avtomobil yollarının bir hissəsi hesab edilməlidir. Bu səbəbdən cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən (bundan sonra – Mənzil Məcəlləsi) yaşayış sahələri mənzil hüququnun obyektidir (12.1.). Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür (12.2.). Yaşayış sahələrinə aşağıdakılar aiddir: yaşayış evi, yaşayış evinin hissəsi; mənzil, mənzilin hissəsi; otaq; bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri (13.1.). Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir (13.2.). Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir (13.3.). Yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir (13.4.). Yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır (14.1.). Yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə yol verilir o şərtlə ki, bu digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın (14.2.). Yaşayış sahələrində sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilmir (14.3.). Qanunun tələbindən göründüyü kimi sahənin yaşayış sahəsi hesab edilməsi üçün o, daimi yaşamaq üçün yararlı olmalı, müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara cavab verməlidir. İddiaçının tələbinin əsası ondan ibarət olmuşdur ki, o Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, bina 35a, mənzil 4 onun xüsusi mülkiyyətindədir və o, həmin mənzildə yaşayır. Yaşadığı binanın həyətində avtomobillərin parklanması isə onun həmin mənzildə yaşaması üçün maneələr yaradır. Nəticədə avtomobillərdən çıxan dəm qazı iddiaçının mənzilinə daxil olur. Bundan əlavə, mühərriklərin səsi iddiaçını narahat edir və mənzilinə keçid tez-tez bağlanır. Əvvəlki məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilən həmin halları təsdiq edərək iddiaçının həmin mənzildə hazırda yaşadığını bildirmişdir. Lakin, əraziyə məhkəmə tərəfindən yerində baxış keçirilərkən iddiaçının yaşayış sahəsi adlandırdığı sahənin yalnız daşdan hörülmüş, damı olmayan yarımçıq tikili olmaqla, yaşayış üçün yararsız olduğu aşkar edilmişdir. Bundan sonra nümayəndə tikilinin inşası tamamlandıqdan sonra iddiaçının həmin evə köçüb yaşayacağını bildirmişdir. Göründüyü kimi iddiaçının binanın həyətində avtomobillərin saxlanmasının onun mənzildə yaşayışına mane olması, dəm qazlarının səhhətinə pis təsir göstərməsi, mənzilinə giriş-çıxışına maneçilik törətməsi ilə bağlı dəlilləri əsassızdır. Çünki iddiaçı faktiki olaraq həmin tikilidə yaşamır və həmin tikili yaşayış sahəsi hesab edilə bilməz. “Avtomobil yolları haqqında” Qanunda göstərilmişdir ki, avtomobil yolu – dövlət standartlarına, yol hərəkəti qaydalarına və digər normativ-hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik sürəti tənzimlənən avtomobil nəqliyyatı vasitələrinin bütün il boyu fasiləsiz, təhlükəsiz və rahat hərəkətini təmin edən konstruksiyalar və mühəndisi qurğular sistemidir (1). Avtomobil yolları, bir qayda, olaraq əhəmiyyətinə, yol şəbəkəsində tutduğu yerə, funksional təyinatına, istifadə imkanlarına, istifadəçilərinə və mülkiyyətçilərinə görə təsnif edilir. İstifadəçilərinə görə avtomobil yolları ümumi istifadədə olan və xüsusi istifadədə olan yollara bölünür. Mülkiyyətçilərinə görə avtomobil yolları dövlət, bələdiyyə və özəl yollar kimi təsnif edilir. Əhəmiyyətinə və yol şəbəkəsində tutduğu yerə görə avtomobil yolları respublika, yerli, şəhər və sahə yollarına bölünür (4). Ümumi istifadədə olan avtomobil yolları tabeliyindən asılı olmayaraq ölkə ərazisində avtomobil yollarının bütün istifadəçilərinin tələbatını təmin edən avtomobil yolları şəbəkəsindən ibarətdir (5). Yerli əhəmiyyətli avtomobil yolları ümumi istifadədə olan avtomobil yollarının tərkibinə daxil olmaqla, rayonlararası və konkret şəhər və rayonla onun inzibati ərazi, habelə təsərrüfat vahidləri arasında nəqliyyat əlaqələrini təmin edir. Yerli əhəmiyyətli avtomobil yollarının təsnifatı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tərtib və təsdiq edilir (10). “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, İ. Yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). İİ. Yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). İİİ. Hər bir yol nişanının öz nömrəsi olur ki, onun birinci rəqəmi qrupun nömrəsinə uyğun olur, sonrakı rəqəmlər qrupda ardıcıl nömrəni və müxtəliflik mövcud olduqda onun ardıcıl nömrəsini əks etdirir. İV. Müxtəlif qruplardan toplanan üstünlük nişanlarından başqa, hər qrup yol nişanlarının özünə məxsus rəngi və forması vardır. Vİİİ. Yol nişanlarının qavranması üçün münasib şəraitin yaradılmasının təmin olunması məqsədilə, onlar dəqiq müəyyənləşdirilmiş yerdə yolun hərəkət hissəsinə nisbətən yerləşdirilirlər. Yol nişanlarının qurulmasından asılı olaraq, onun alt hissəsindən örtüyə qədər olan məsafə: 1) yaşayış məntəqələrindən kənar olan yolların qırağında — 1,5—2,2 metr; 2) eyni ilə yaşayış məntəqələrində — 2—4 metr; 3) təhlükəsizlik adacıqlarında və yolun hərəkət hissəsində — 0,6 metrdən az olmadan; 4) yolun hərəkət hissəsinin üstündə — 5—6 metr təşkil etməlidir. İX. Yolun hərəkət hissəsinin kənarından, yol çiyninin isə torpaq örtüyünün kənarından quraşdırılmış nişana qədər məsafə 0,5-2,2 metr, 5.20.1, 5.21.1—5.27 nişanlarının qırağına qədər olan məsafə isə 0,5—5 metr olmalıdır. X. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olmadan müvafiq ərazidə yerləşən yollarda yol nişanları qurmaq qadağandır. Xİ. Yollarda yol nişanlarının qurulması və onların lazımi vəziyyətdə saxlanılmamasına nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli Fərmanının 2.36-1-ci bəndində göstərilmişdir ki, həmin Qanunun 61-ci maddəsinin X hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəyi nəzərə alınmaqla) nəzərdə tutulur. İddia tələbindən göründüyü kimi iddiaçı Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, bina 35 A-nın həyətində parklanmanın qadağan edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. İddia tələbi ərazidə parklanmanın təşkil edilməsi ilə bağlı deyil, məhz parklanmanın qadağan edilməsi, yəni avtomobillərin ərazidə dayanma və durmasının qadağan edilməsi barədə “dayanmaq və durmaq qadağandır” yol nişanının qurulması ilə bağlıdır. Yol nişanlarının qurulması isə məhz hazırkı iş üzrə cavabdehin səlahiyyətlərinə aiddir. Buna baxmayaraq məhkəmə qeyd edir ki, iddiaçının parklanmanın qadağan edilməsini tələb etdiyi ərazi yaşayış binasının həyətidir. Həmin ərazidə avtomobil saxlanmasının qadağan edilməsi həmin binada yaşayan sakinlərin hüquqlarının pozulması ilə nəticələnə bilər. Belə ki, əraziyə yerində baxış zamanı binanın həyətinə girişdə şlaqbaum quraşdırıldığı, bu yolla kənar şəxslərin əraziyə daxil olmalarının əngəlləndiyi müəyyən edilmişdir. Belə olan halda həmin binada yaşayan sakinlərə də binanın həyətində avtomobil saxlanmasının qadağan edilməsi ədalətli hesab edilə bilməz. Belə ki, bu hal bir şəxsin rahatlığı üçün onlarla şəxsə narahatlıq yaradılmasına və binada yaşayan sakinlərin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, bina 35 A-nın həyətində parklanmanın qadağan edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X3rşı “binanın həyətində parklanmanın qadağan edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-669/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-669/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver