Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6691/2021 22.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binasının üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən ümumi sahəsi 10.5 kv.m olan qeyri-yaşayış sahəsinin layihəyə əsasən dövlət reyestrində qeydiyyatına alınaraq, reyestrdən İddiaçı adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən ümumi sahəsi 10.5 kv.m olan qeyri-yaşayış sahəsi uzun illərdir iddiaçının istifadəsindədir. Həmin daşınmaz əmlakın sənədləşdirilməsi üçün Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etmiş, ona 125 saylı 17.03.2017-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə təqdim olunmuş layihəyə uyğun, mövcud vəziyyətdə adına sənədləşdirilməsinə icazə verilmişdir. Eyni zamanda tikinti obyektinin istismarına da 14 saylı 20.03.2017-ci il tarixli İcazə verilmişdir. Bütün bu sənədləri toplayıb qeyri-yaşayış sahəsinin sənədləşdirilməsi üçün inzibati orqan olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Cavabdeh 16.04.2021-ci il tarixli imtina məktubunda hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini əsas gətirərək çıxarışı verməkdən imtina etmişdir. Ona görə də məhkməyə müraciət etmək məcburiyyətində olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, qeyri-yaşayış binası üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin qeyri-yaşayış binasına baxış keçirilməsi və texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bu barədə İddiaçı **********18 saylı, 16.04.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə uyğun tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq-edən sənəd, tikintiyə icazə və istismara icazə sənədləri təqdim edilməlidir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 3.0.24-cü bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.11.11.5 və 4.11.12-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, Əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri-yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1946-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 17.03.2017-ci il tarixli, 125 saylı “qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə vətəndaş İddiaçı adına sənədləşdirilməsi haqqında” sərəncamından görünür ki, Bakı şəhəri, C.Qurbanov küçəsi 2/2 №li evdə qeydiyyatda olan vətəndaş İddiaçı ərizə ilə Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edərək, Aşıq Alı ilə Həsənoğlu küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun, mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən (2 saylı XTMKTB-nin 13.03.2017-ci il tarixli, 96 №li arayışı və tərtib etdiyi plan-sxem) müəyyən edilmişdir ki, Aşıq Alı ilə Həsənoğlu küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsindən uzun müddətdir ki, vətəndaş İddiaçı istifadə edir. Göstərilənlərə əsasən Aşıq Alı ilə Həsənoğlu küçələrinin kəsişməsində yerləşən qeyriyaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun, mövcud vəziyyətdə vətəndaş İddiaçı adına sənədləşdirilməsinə icazə verilməsi, vətəndaş İddiaçı qeyri-yaşayış sahəsinin ətraf ərazisinin sanitariya vəziyyətinə nəzarətinin təmin edilməsinin tapşırılması, sözügedən mövcud qeyri-yaşayış sahəsinin müvafiq qaydada sənədləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilməsinin vətəndaş İddiaçı tövsiyə olunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Saatların və zərgərlik məmulatlarının təmiri üzrə qeyri-yaşayış sahəsinin layihəsi (sxem) Bakı şəhər 115 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi A.Cəfərovun imzası və möhür ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Saatların və zərgərlik məmulatlarının təmiri üzrə qeyri-yaşayış sahəsinin layihəsi (sxem) Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin memarı İ.A.İsrafilovun imzası və İcra Hakimiyyətinin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 20.03.2017-ci il tarixli, 14 nömrəli Tikinti obyektinin istismarına icazəyə əsasən Aşıq Alı və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən obyektin ümumi sahəsi 10.5 kv.m, ümumi torpaq sahəsi 14.3 kv.m, mərtəbələrinin sayı 1, ümumi tikinti həcmi 43.2 kv.m olan qeyriyaşayış sahəsi İddiaçı tikinti obyektinin istismarına icazə verilmişdir. İş materiallarına əlavə edilmiş “İcarəyə verən” adlandırılacaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə “İcarəçi” adlandırılacaq İddiaçı arasında bağlanmış “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə 774 nömrəli 06.09.2021-ci il tarixli müqavilənin 1-ci maddəsinə əsasən icarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı və Həsənoğlu küçələrinin kəsişməsi ünvanındakı qeyri-yaşayış sahəsinin yerləşdiyi 11.8 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Müqavilənin 3.1-ci maddəsinə əsasən bu müqavilə üzrə icarə haqqı aşağıdakı qaydada hesablanır: torpaq sahəsinin illik icarə haqqı 495.0 manat, aylıq icarə haqqı 41.25 manat. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən ünvanlanmış 24.06.2021-ci il tarixli, 1/522 nömrəli məktubda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayş sahəsinin layihəyə əsasən dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi”nə dair sorğunuzla əlaqədar bildirilir ki, 01.01.2015-ci ildən 31.12.2019-cu illər üzrə sənədlər müvafiq araşdırmaların aparılması üçün Hüquq mühafizə orqanları tərəfindən götürülmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 16.04.2021-ci il tarixli, **********18 nömrəli məktubda bildirilmişdir ki, qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin qeyri-yaşayış binasına baxış keçirilməsi və texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə uyğun tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə və istismara icazə sənədləri təqdim edilməlidir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməsinin 3.0.24-cü bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Beləliklə, hazırkı işdən müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən ümumi sahəsi 10.5 kv.m olan qeyri-yaşayış sahəsinin uzun müddətdir ki, istifadəsində olduğunu, həmin qeyri-yaşayış sahəsinin İcra Hakimiyyəti tərəfindən onun adına sənədləşdirildiyini əsas götürərək həmin əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş, cavabdeh orqan qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini əsas gətirərək tələbin təmin edilməsindən imtina etmişdir. Hazırkı məhkəmə icraatında iddiaçı cavabdehin üzərinə qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; -8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 30 dekabr 1999cu il tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları”nın (Dövlət Tikinti norması (AzDTN 1.6-1)) 6.1-ci bəndinə görə tikintinin son mərhələsi obyektin istismara qəbul edilməsidir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən istismara qəbul edilmək üçün təqdim edilən obyekt və yaxud onun tikinti növbəsi, təsdiq olunmuş layihə və müqavilə sanədlərinə və qüvvədə olan tikinti norma və standartlarına uyğun tam hazır vəziyyətdə olmalıdır. Bu obyektdə və yaxud onun tikinti növbələrində radiasiya təhlükəsizliyi, sanitargigiyeniya və təhlükəsizlik texnikası tələblərinə uyğun hər cür fəaliyyət (yaşayış, iş, istirahət və s.) şəraiti təmin edilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Məcəllənin 101.2-ci maddəsinə görə tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 sentyabr 1997-ci il tarixli 629 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hal, habelə sənaye, yaxud texnologiya parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri, binalar və qeyri-yaşayış sahələri istisna olmaqla), dövlət əmlakının sərəncamçısına - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.11-ci bəndinə əsasən Azərbaycan Respublikasının qanunlarının və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, daşınmaz dövlət əmlakını, o cümlədən dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınmaz əmlakı icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyə vermək və bu sahədə nəzarəti həyata keçirmək Xidmətin vəzifəsidir. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən uzun müddətdir istifadə edildiyi nəzərə alınaraq yerli icra hakimiyyəti orqanı tərəfindən mövcud vəziyyətdə iddiaçının adına sənədləşdirilməsinə icazə verilmişdir. İş materiallarından görünür ki, həmin qeyri-yaşayış sahəsinin layihəsi (sxem) rayon icra hakimiyyətinin memarı tərəfindən təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının qeyd edilən 17.03.2017-ci il tarixli, 125 saylı sərəncamı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən iddiaçının sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı hüquqmüəyyənedici sənəddir. Eyni zamanda iş materiallarından görünür ki, rayon icra hakimiyyəti tərəfindən sözügedən qeyri-yaşayış sahəsinin istismarına icazə verilmişdir. Qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı isə müəyyən olunur ki, sözügedən topaq sahəsi dövlət mülkiyyətində olmaqla dövlət əmlakının sərəncamçısı olan Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçının istifadəsinə icarə müqaviləsi əsasında verilmişdir. Beləliklə, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı təqdim etdiyi Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının qeyd edilən 17.03.2017-ci il tarixli, 125 saylı sərəncamı, qeyri-yaşayış sahəsinin təsdiqlənmiş layihəsi, tikilinin istismarına dair 20.03.2017-ci il tarixli, 14 nömrəli icazə və qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə 774 nömrəli, 06.09.2021-ci il tarixli müqavilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələbinə uyğun olaraq mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas hesab olunur. Cavabdehin etirazında hüquqi əsas kimi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.11.11.5 və 4.11.12-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, Əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin qeyd etdiyi normativ əsas hazırkı iddiaya münasibətdə tətbiq oluna bilməz. Belə ki, istinad edilən normalarda tikiləcək və yaxud tikilməsi nəzərdə tutulan qeyriyaşayış binalarının məsuliyyət səviyyəsindən asılı olaraq tikintisinə icazə verilməsi səlahiyyətinin şəhər icra hakimiyyəti başçılarına və ya şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid olmasından bəhs edilir. Hazırkı işdən müəyyən olunur ki, iddia predmeti olan qeyri-yaşayış binası yeni tikili deyildir, qeyri-yaşayış sahəsi uzun müddətdir ki, mövcuddur və iddiaçının istifadəsindədir. Məhz qeyri-yaşayış sahəsinin uzun müddət istifadə olunmasının nəticəsidir ki, icra hakimiyyəti orqanı onun tikintisinə icazə deyil, mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə vermişdir. Cavabdehin etirazında qeyd etdiyi qeyri-yaşayış binasına baxış keçirilməsi və texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmaması dəlilini isə məhkəmə formal imtina kimi qiymətləndirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd edilən normada cavabdehin istinad etdiyi qeyri-yaşayış binasına baxış keçirilməsi və texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmaması hüquqların dövlət qeydiyyatına almaqdan imtina əsası kimi göstərilməmişdir. Bundan əlavə qeyd edilməlidir ki,“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -6.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər: 6.1.1.1. daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın təqdim olunması; 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. -7.1-ci maddəsinə görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə görə Xidmət dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin etmək (bənd 2.0.1); hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək (bənd 3.0.11); tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyriyaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək (bənd 3.0.24) kimi səlahiyyətlərini Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) vasitəsilə həyata keçirir (bənd 1.3). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən ümumi sahəsi 10.5 kv.m olan qeyri-yaşayış sahəsinin layihəyə əsasən dövlət reyestrində qeydiyyatına alınaraq, reyestrdən İddiaçı adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən ümumi sahəsi 10.5 kv.m olan qeyri-yaşayış sahəsinin layihəyə əsasən dövlət reyestrində qeydiyyatına alınaraq, reyestrdən İddiaçı adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-6691/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6691/2021
22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver