Məhkəmə qərarları › İş №2-1(112)-6693/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6693/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6693/2023 31.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı cavabdehin imtinasının qanunsuz sayılması, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 5 saylı sahədə yerləşən 1200 kv.m torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 615/153 saylı vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında sərəncamına əsasən Əzizbəyov rayon icra Hakimiyyəti Başçısının Buzovna qəsəbəsindəki nümayəndəliyinin sərəncamına əsasən, Binə qəsəbəsi, Musabəyov küçəsi döngə 2, 1 nömrəli evdə yaşayan 3 nömrəli Çaparidze adına xəstəxanada tibb bacısı işləyən, ailə tərkibi 1 nəfərdən ibarət X2 5 nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün 1200 m2 sahəsi ayrılmışdır. O, Əzizbəyov rayon İcra Hakimiyyətinin sərəncamına əlavə edilmiş layihə əsasında qeyd olunan torpaq sahəsində fərdi yaşayış evi tikmiş və orada yaşayır. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 615/153 saylı sərəncamında nəzərdə tutulmuş torpaq sahəsində layihəyə əsasən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydyyata alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin mütəxəssisləri sənədlərə baxış keçirərək xəritədən çıxarışın təqdim ediləcəyi halda, çıxarışın verilməsinin mümkün olacağını bildirmişlər. Bundan sonra o, Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinə müraciət edərək, cizgi və xəritədən çıxarışın verilməsini xahiş etsə də, xx.xx.2022-ci il tarixli S-100-091 saylı imtina məktubu ilə ona bildirilmişdir ki, istifadəsində olan torpaq sahəsi Buzovna qəsəbəsinin Südçülük Tərəvəzçilik sovxozunun ərazisinə düşdüyündən, sözügedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmır. O, Cavabdeh imtina məktubu ilə razı deyildir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qeyd olunan torpaq sahəsi məhz Xəzər rayonu İcra Hakimiyyəti Başçısının sərəncamı ilə ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və sərəncamla evin layihəsi də, təsdiq edilmişdir. Hal-hazırda İcra Hakimiyyəti tərəfindən formal əsasla cizginin və xəritədən çıxarışın verilməsindən imtina edilməsi onun hüquqlarını pozur. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Belə ki, iddia ərizəsindən göründüyü kimi, İddiaçı Cavabdehnə ünvanladığı müraciətinə cavab olaraq Buzovna qəsəbəsi, Südçülük-Tərəvəzçilik sovxozu ərazisində yerləşən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması səbəbindən cizgi və xəritədən çıxarışın verilməsinin məqsədə uyğun olmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Həmçinin həmin Məcəllənin 13-cü maddəsinin 2-ci bəndinə görə kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də Cavabdeh əvvəllər Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək öhdəliyi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, torpaq sahələrinə plan (cizginin) verilməsi Cavabdeh səlahiyyətləri xaricindədir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘’Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. Bununla əlaqədar olaraq hazırki inzibati iş üzrə Cavabdeh inzibati orqan hesab oluna bilməz.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə ünvan 3 ünvanında qeydiyyatdadır.

8. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna əsasən 1 may 2023-cü il tarixli 3-48-2F/2-02860/2023 nömrəli məktubla təqdim edilmiş Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə xx.xx.1992-ci il tarixli 615/153 saylı sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Sərəncamın 1-ci bəndinə əsasən Binə qəsəbəsi, Musabəyov küçəsi, döngə 2, 1 nömrəli evdə yaşayan 3 nömrəli Çaparidze adına xəstəxanada tibb bacısı işləyən, ailə tərkibi 1 nəfərfdən ibarət X2 Buzovna qəsəbəsində 5 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Sərəncama qoşma şəklində heç bir sənəd əlavə edilməmişdir.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1972/2022 saylı xx.xx.2022-ci il tarixli qənaməsinə əsasən ərizəçi Sultanəliyeva (Məmmədova) Ceyranxanım Şəxməmməd qızının hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi təmin edilərək Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti başçısının X1 torpaq ayrılması barədə 615/153 saylı xx.xx.1992-ci il tarixli “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” sərəncamının 5 saylı ASAN xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində qeyd edilən İddiaçı məxsus olması faktı müəyyən edilmişdir.

10. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli S-100-091 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, istifadəsində olan torpaq sahəsi keçmiş Buzovna Südçülük-Tərəvəzçilik sovxozunun sərhədləri daxilinə düşdüyündən sözügedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmır.

11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-12/2-807/2023 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti tərəfindən 1992-ci il üzrə verilmiş sərəncamlar və onlara dair digər sənədlər Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyindən, Əzizbəyov RİHB-nın 615/153 saylı xx.xx.1992-ci il tarixli sərəncamının və onun verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır.

12. Məhkəmənin sorğusuna əsasən Xəzər rayonu İcra Hakimiyyəti başçısının Buzvovna qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümyəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixli 5-12-5/2-214/2023 nömrəli cavab məktubuna əsasən Buzovna qəsəbə inzibati ərazi idarəsi nümayəndəliyində Buzovna qəsəbəsi, 5 saylı sahə ünvanı barəsində hər hansı bir məlumat yoxdur. Baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatsız yaşayır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

19. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhər Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 615/153 saylı sərəncamına əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün Buzovna qəsəbəsində 5 saylı sahədə 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. Sərəncama cizgi əlavə edilməmişdir. İddiaçı həmin torpaq sahəsi ona ayrıldığı zamandan torpaq sahəsini istifadə etməsinə baxmayaraq, bugünədək torpaq sahəsinə cizgi əldə edə bilməmişdir. O, sözügedən sərəncam əsasında ona yerləşmə cizgisinin verilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətindən istifadəsində olan torpaq sahəsinin keçmiş Buzovna Südçülük-Tərəvçilik sovxozunun sərhədləri daxilinə düşməsi səbəbindən imtina edilmişdir.

20. Halbuki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında apardığı inzibati icraat zamanı işin hallarını nəzərə almamış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırma aparmamış, işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, nəticədə iddiaçının müraciətinə əsassız olaraq imtina cavabı verməklə, sonuncunun qanuni əsaslarla istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur.

21. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

22. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

23. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

24. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

25. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyin normalarında torpaq sahəsi ayrılan zaman ayrılmış torpaq sahəsinin naturada bölünüb iddiaçıya təhvil verilməsi, sərhədlərinin yerində və xəritədə müəyyən edilməsi, buna dair yerləşmə cizgisinin hazırlanması, daha sonra torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi cavabdehin səlahiyyətlərinə aid olmuşdur. Lakin, cavabdeh iddiaçıya ayırdığı torpaq sahəsinə dair yerləşmə cizgisinin təsdiq edilmiş surətini verməmişdir, bu hal isə həmin torpaq sahəsi üzərində iddiaçının gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin hazırki iş üzrə hərəkətləri inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulmasına səbəb olmuşdur.

26. Digər tərəfdən məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən sözügedən sərəncamın arxiv nüsxəsinin əldə olunması məqsədilə Milli Arxiv İdarəsinə sorğu göndərilmiş və sərəncamın arxiv nüsxəsinin surəti məhkəməyə təqdim edilmişdir.

27. Beləliklə, mübahisə predmetinə dair hüquqmüəyyənedici sənəd olan icra hakimiyyətinin sərəncamının mötəbər qiymətləndirilməməsi üçün hər hər hansı bir əsas müəyyən edilməmişdir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.

29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

30. Həmin Qanunun 24-cü maddəsinin müddəalarına əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludu; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 27 iyul 1992-ci il tarixli, 615/153 nömrəli sərəncamına əsasən Buzovna qəsəbəsində 5 saylı sahədə yerləşən 1200 kv.metr torpaq sahəsinin yerləşmə cizgisinin İddiaçı verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar