Məhkəmə qərarları › İş №2-1(112)-6694/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6694/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6694/2023 11.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Nizami Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri Nizami Rayon Nizami Bələdiyyəsinin 31 avqust 2005-ci il tarixli 09 saylı qərarının ləğv edilməsinə dair iddia tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Əfqanıstan Birliyinin üzvüdür. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 295 saylı sərəncamı ilə Azərbaycan Respublikası Əfqanistan Veteranları Birliyinə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə əlavə Nizami rayonu, 2433-cü məhəllədə, 0,66 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaqda müxtəlif təsərrüfat işləri aparmışdır. Azərbaycan Respublikası Əfqanıstan Veteranları Birliyinin 30 avqust 2012-ci il tarixli 30 nömrəli məktubundan görünür ki, həmin məhəllədə yerləşən 6.5 sotdan ibarət 1-ci sahə 2004-cü ildən iddiaçının istifadəsindədir. Sonradan məlum olmuşdur ki, iddiaçının istifadəsində olan torpaq sahəsinə çıxarış alınmışdır. Daha sonra onlara ayrılan torpaq sahəsinin Nizami Bələdiyyəsinin qərarı ilə X1 məlum olmuşdur. Lakin iddiaçı X2 Birliyində belə bir adama rast gəlməmişdir.

3. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 295 nömrəli Əlavə torpaq sahəsinin ayrılmasına haqqında sərəncamına əsasən Azərbaycan Respublikası Əfqanıstan Veteranları İttifaqının 22.06.04-cii ıl tarixli, 073 saylı Heydər Əliyev adına Bakı neft emalı zavodunun xx.xx.2004-cü il tarixli, 19-8/57/13-88 saylı və «Azəriqaznəql» İstehsalat Birliyinin xx.xx.2004-cü il tarixli, ƏA-21-1323/3 saylı razılıq məktublarını nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 16.03.99-cu il tarixli, 213 saylı sərəncamı ilə Azərbaycan Respublikası Əfqanıstan Veteranları Birliyinə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahəsinə əlavə Nizami rayonu, 2433-cü məhəllədə 0,66 ha torpaq sahəsinin ayrılması, 0,66 ha torpaq sahəsinin Nizami Rayon Bələdiyyəsinin ehtiyat fondu torpaqlarına aid edilməsi qərara alınmışdır.

4. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 3- 52/2-1390/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2004-cü il tarixli 295 nömrəli sərəncamı ilə İddiaçı torpaq sahəsinin verilməsi aşkar edilməmişdir.

5. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki: Bakı şəhər Nizami Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 09 nömrəli qərarı ilə Nizami rayonu 2433-cü məhəllədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin təqdim etdiyi eskizə uyğun olaraq, 500 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhər sakini X3 mülkiyyətinə satılmışdır.

6. Azərbaycan X2 Birliyinin xx.xx.2012-ci il tarixli, 30 nömrəli Bakı şəhər İcra Hakimiyyətinin başçısına ünvanlanan məktubunda qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 295 saylı, sərəncamı ilə Azərbaycan Əfqanistan Veteranları İttifaqının üzvlərinə Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə ayrılmış torpaq sahəsinin 6,5 sot hissəsi 2004-cü ildən Birliyin üzvü İddiaçı istifadəsindədir, həmin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinə köməklik etməyinizi xahiş edir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

II. İddianın mümkünlüyü

10.Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

11. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

13. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

14. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

15. İş materiallarına əsasən müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2004-cü il tarixli 295 nömrəli sərəncamı ilə İddiaçı torpaq sahəsi ayrılmamışdır.

16. Həmçinin Bakı şəhər Nizami Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 09 nömrəli qərarı ilə Nizami rayonu 2433-cü məhəllədə 500 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhər sakini X3 mülkiyyətinə satılmışdır.

17. Belə ki, iddiaçı həmin qərarın mübahisələndirilməsində hüquqi marağının nədən ibarət olmasını əsaslandırmamışdır. Odur ki, iddiaçının həmin qərarı mübahisələndirməyə subyektiv hüququ yoxdur.

18. Digər tərəfdən belə hüquqi imkan mövcud olmuş olsa belə, qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətlər ötürülmüşdür.

19. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.

20. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

21. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.

22. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. İddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verilməsini məhkəmə mümkün hesab etmir.

23. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

24. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar