Məhkəmə qərarları › İş №2-1(112)-6695/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6695/2021

16.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6695/2021 16.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qzının sədrliyi, İddiaçı1 nümayəndəsi İddiaçı2 Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı1 (yaşayış yeri: Bakı şəhəri, General Mehmandarov küç., ev 8, mən. 78) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (yerləşdiyi yer: Bakı şəhəri, S.Əsgərova küçəsi, 86) qarşı “iddiaçıya xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi”nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində 6 yanvar 2021-ci il tarixli birgə yazılı müraciətlərində qeyd edildiyi kimi, MAS-da işsiz kimi qeydiyyata alınmış, adında heç bir əmlak və ya maşın olmayan İddiaçı1 14.12.2020-ci ildən 18.01.2021-ci ilə qədər olan vaxt ərzində bütün ölkə üzrə tətbiq edilmiş şərtləşdirilmiş xüsusi karantin rejimi dövründə 190 MANAT məbləğində birdəfəlik yardımın verilməsi barədə; eləcə də sözügedən nazirlik tərəfindən ümumi hüquqi öhdəliklərinin pozulması nəticəsində İddiaçı1 190 MANAT birdəfəlik yardımın ödənilməməsi ilə onlara vurulmuş ziyana görə 400 manat məbləğində kompensasiyanın ödənilməsi tələb olunur.

2. İddia ərizəsində bildirilmişdir ki, 6 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq, ər-arvad qismində işsiz statusunda olan vətəndaşlar kimi onlar (arvad İddiaçı1 və ər İddiaçı2) Azərbaycan MRespublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevin adına məktubla birgə müraciət ediblər. Birgə müraciətdə bildiriblər ki, ər İddiaçı2 adında maşın olduğundan 14 dekabr 2020-ci ildən 18 yanvar 2021-ci il tarixinə qədər olan müddət ərzində bütün ölkə üzrə şərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar Məşğulluq Alt-Sistemində (MAS) işsiz kimi qeydiyyatda olan ailə üzvlərimizdən arvad İddiaçı1 birdəfəlik yardım ödənilməli idi, amma ödənilməyib və xahiş ediblər ki, İddiaçı1 190 MANAT məbləğində birdəfəlik yardımın ödənilməməsi məsələsi araşdırılsın və onlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə cavab verilsin. Bildirilir ki, pandemiya ilə əlaqədar ötən dövrlərdə tətbiq edilmiş xüsusi karantin rejimi dövründə ilk 4 ay ərzində birdəfəlik yardımın əvvəlcə işsiz olan hər birinə, sonra isə işsiz olan ər İddiaçı2 ödənilməsini nazirlik özü müəyyən etmişdi. Yəni nazirlik lap əvvəldən bu yardımı işsiz olan arvad İddiaçı1 ödəyə bilərdi. Belə olan halda heç bir problem də ortaya çıxmazdı. Poçt bildirişindən aydın olur ki, birgə müraciətləri 12 yanvar 2021-ci il tarixində cavabdeh tərəfindən qəbul edilsə də, sözügedən nazirlik birgə müraciətlərinə cavab məktubunu qeydiyyatda olduqları ünvana göndərməmiş və beləliklə də, vətəndaşların müraciətlərinə cavab vermək kimi öhdəliyini yerinə yetirməmişdir. Buna görə də əri İddiaçı2 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə 18.02.2021-ci il tarixində şikayət etdi. Cavabdeh tərəf 28.04.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında 6 yanvar 2021-ci il tarixli birgə müraciətlərinə 26.01.2021-ci il tarixli, **********8 nömrəli cavab məktubunu hakim Nəriman Abıyev vasitəsilə təqdim etməli oldu. Sübutetmə vəzifəsi inzibati orqanın üzərinə düşdüyündən cavabdeh 26.01.2021-ci il tarixli, **********8 nömrəli cavab məktubunu onlara göndərməsi barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, belə bir cavab məktubunun göndərilməsini sübut edən poçt bildirişini və göndərilməsi iddia olunan cavab məktubunun poçtdan verilmiş seriya nömrəsini, ödəniş qəbzini məhkəməyə təqdim etməmişdir. Bu əsasla deyə bilərlər ki, cavabdeh tərəfindən sözügedən cavab məktubunun bizə qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə göndərilməməsi MAS-da işsiz kimi qeydiyyatda olan arvad İddiaçı1 190 MANAT-in verilməsindən, onlara məlum olmayan səbəblərdən, cavabdehin əsassız imtina etməsi anlamına gəlir. Bu fakt həm də onunla sübut olunur ki, birgə müraciətlərində İddiaçı1 190 manatın verilməsi məsələsini qoysalar da, sözügedən nazirlik məhkəmə vasitəsilə təqdim etdikləri **********8 nömrəli 26.01.2021-ci il tarixli cavab məktubunda həmin məsələyə heç bir münasibət bildirməmişdir. Nazirlər Kabinetinin 127 nömrəli, 7 aprel 2020-ci il tarixli qərarının tələbinə görə, şərtləşdirilmiş xüsusi karantin dövründə birdəfəlik yardım işsiz olan ər-arvaddan yalnız birinə ödənilməlidir. Onların ailəsində isə nə işsiz ər, nə də işsiz arvad bu yardımı almışdır. Birgə müraciətlərinin mahiyyəti də məhz bu məsələ ilə bağlı olmuşdur. 28.04.2021-ci ildə Bakı İnzibati Məhkəməsi vasitəsilə ona təqdim edilmiş cavabdeh qurumun 26.01.2021-ci il tarixli, **********8 nömrəli cavab məktubundan açıq şəkildə görünür ki, sözügedən nazirlik 06.01.2021-ci il tarixli birgə müraciətlərinə mahiyyəti üzrə baxmamış və cavab verməmiş, ədalətli araşdırma aparmamış, MAS-da işsiz kimi qeydiyyatda olan İddiaçı2 arvadı MAS-da işsiz kimi qeydiyyatda olan İddiaçı1 14.12.2020-ci ildən 18.01.2021-ci ilə qədər olan müddət ərzində bütün ölkə üzrə tətbiq edilmiş şərtləşdirilmiş xüsusi karantin rejimi dövründə 190 MANAT məbləğində birdəfəlik yardımın verilməsi xahişlərini araşdırmamış, məsələyə aydınlıq gətirməmiş, beləliklə də, Nazirlər Kabinetinin 127 nömrəli, 7 aprel 2020-ci il tarixli qərarının 2.2.1, 2.2.2 və 2.4-cü bəndlərində təsbit edilmiş müddəaları işsiz İddiaçı2 arvadı işsiz İddiaçı1 münasibətdə pozmuşdur. Yəni müraciətdə onlar göstəriblər ki, ər İddiaçı2 adında maşın olduğundan birdəfəlik yardım arvadı İddiaçı1 ödənilməli idi. Birgə müraciətdə çox sadə bir məsələ qaldırsalar da, sözügedən nazirlik həmin məsələyə, ümumiyyətlə, münasibət bildirməyib. Bildirirlər ki, cavabdeh tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində, yəni yazılı müraciətlərinə poçt vasitəsilə rəsmi cavab verilmədiyinə görə, MAS-da işsiz kimi qeydiyyatda olan və adında heç bir əmlakı və ya maşını olmayan İddiaçı1 şərtləşdirilmiş xüsusi karantin rejimi dövründə 190 manat birdəfəlik yardım verilmədiyinə görə ailələrinə maddi ziyan vurulmuşdur. Buna görə də, sözügedən nazirlik öhdəliyini icra etmədiyinə görə həmin nazirlikdən 400 manat məbləğində kompensasiyanın ödənilməsinin təmin edilməsi təmin edilməlidir.

3. İddiaçılardan İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı qismində prosessual iştirakına xitam verilməsini xahiş etmişdir. Bildirilmişdir ki, iddiaçı qismində yalnız İddiaçı1 iştirak edəcəkdir. Məhkəmənin 12.07.2021-ci il tarixli qərardadı ilə iddiaçı kimi göstərilsə də, tələb irəli sürmədiyindən iddiaçının prosessual iştirakına xitam verilmişdir.

4. Məhkəmə hazırlq icraatı üzrə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi İddiaçı2 izahat verərək bildirdi ki, 190 manatlıq birdəfəlik ödəmə məhz İddiaçı1 ödənməlidir, belə ki, onun adına maşın olduğundan birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Odur ki, Məhkəmənin hazırlıq icraatı üzrə iclasındada və şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi.

5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iddiaya yazılı etiraz təqdim edən cavab şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iddiaya etiraz edərək etirazın məzmununa uyğun izahat verdi.

6. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinin məhkəməyə iddiaya qarşı təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilmişdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alman şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. təsdiq edilmişdir. Xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə 190 manat birdəfəlik ödəniş Azərbaycan Respublikasının “Məşğulluq haqqında” Qanununun 1.1.6-cı maddəsinə uyğun olaraq “Məşğulluq altsistemində” (bundan sonra “MAS”) işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Həmin Qaydaların 3.8-ci bəndinə əsasən birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyyatlarından və sistemlərindən istifadə olunur. Məhkəməyə təqdim edilən iddiada qeyd edilən nüans birbaşa qeyd edilsə belə, iddia ilə bağlı mahiyyəti üzrə yuxarıda qeyd edilən elektron informasiya sistemlərindən istifadə edilərək araşdırma aparılmış və bu zaman İddiaçı1 hazırda İddiaçı2 ilə evli olduğu təsdiqlənmişdir. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən verilən sorğiya cavabda İddiaçı1 əri İddiaçı2 mülkiyyətində nəqliyyat vasitəsinin olduğu qeyd edilmişdir. Belə ki, ər İddiaçı2 mülkiyyətində 29.10.2014-cü ildən hazırki dövrə qədər “Hyundai İX- 35” markalə, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobil var. İddia ərizəsinin məzmunundan da dəfələrlə bu hal vurğulanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3.12ci yarımbəndinə əsasən, mülkiyyətində və istifadəsində minik avmobili, habelə digər nəqliyyat vasitəsi olan şəxslər MAS-da işsiz statusuna malik olsalar belə, onların 190 manat miqdarında birdəfəlik ödəniş almaq hüuquq istisna edilir. Bundan əlavə, Nazirlər Kabinetinin qeyd edilən Qərarının 3.1-3.2.8-ci, 2.3.11, 2.3.12 və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadının da müvafiq olaraq 190 manat miqdarında birdəfəlik ödəniş almaq hüquqları istisna edilmişdir. Qeyd edilən faktdan əlavə vurğulanır ki, İddiaçı1 MAS-da işsiz kimi qeydiyyatdadır və bununla əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə ona 2 (ay) aprel və dekabr ayları üçün təyinatı üzrə müvafiq qaydada 190 manat birdəfəlik ödəniş edilmişdir. Digər məsələ isə onun əri İddiaçı2 xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə 3 (ay) (aprel, iyun və avqust) ayları üçün təyinatı üzrə müvafiq qaydada 190 manat miqdarında birdəfəlik ödəniş verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 2.4-cü yarımbəndinə əsasən, birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. Təyinat edilən ödənişlərdən də aydın görünür ki, iddiaçıya toplamda 5 (beş) aylıq 190 manat miqdarında birdəfəlik ödəniş ödənilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 28.04.2021-ci il tarixli qərardadına əsasən (iş nömrə 2-1 (112)-4447/2021, sədrlik edən N.Abıyev) İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə ünvanladığı 06 yanvar 2021-ci il tarixli yazılı müraciətin sözügedən nazirlik tərəfindən cavablandırılmasının təmin olunması nəticəsində ona və ailəsinə vurulmuş ziyana görə 300 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və iddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddiasına “sorğulara cavab verilməsi” hissəsində xitam verilmmişdir.

II. İddianın növü

1. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə iddianın növü öhdəliyin icrası haqqında iddiadır.

2. İnzibati Prosessual Məcəllənin (bundan sonra - İPM) 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

3. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

4. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

III. Məhkəmənin mövqeyi

5. Azərbaycan Respublikasının Konstitusiyası

38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. 60-cı maddə Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

6. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

1-ci maddə. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 13-cü maddə. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15-ci maddə. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 17-ci maddə. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24-cü maddə. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

7. Azərbaycan Respublikası Nazirlər Kabineti AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi və «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın təsdiq edilməsi barədə 7 aprel 2020-ci il tarixli 127 nömrəli qərar qəbul etmişdir.

8. «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nda nəzərdə tutulmuşdur ki: - (1.1-ci bənd) Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində (MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin verilməsi şərtlərini və qaydasını tənzimləyir; - (1.2-ci bənd) Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; - (1.3-cü bənd) Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; - (1.4-cü bənd) Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir; - (2.1-ci bənd) Birdəfəlik ödəmə «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir; - (2.3-cü bənd) Dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: (2.3.1) ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, (2.3.2) əmək pensiyaçılarına, (2.3.3) aylıq müavinət alanlara, (2.3.4) aylıq təqaüd alanlara, (2.3.5) özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə, (2.3.6) işsizlikdən sığorta ödənişi alanlara, (2.3.7) peşə hazırlığına görə təqaüd alanlara; (2.3.8) 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə, (2.3.9) əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara, (2.3.10) bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı, (2.3.11) mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara, (2.3.12) mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara, (2.3.13) birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara, (2.3.14) yaşı 18-dən aşağı olanlara, (2.3.15) AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara; - (2.4-cü bənd) Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir.

9. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçının ona işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi ilə bağlı müraciətinə baxılmış və məsələnin həllindən imtina etmişdir. Məhkəmə cavabdehin dəlilləri ilə razılaşaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

10. Belə ki, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, İddiaçı1 MAS-da işsiz kimi qeydiyyatdadır və bununla əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə ona 2 (ay) aprel və dekabr ayları üçün təyinatı üzrə müvafiq qaydada 190 manat birdəfəlik ödəniş edilmişdir. Digər məsələ isə onun əri İddiaçı2 xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə 3 (ay) (aprel, iyun və avqust) ayları üçün təyinatı üzrə müvafiq qaydada 190 manat miqdarında birdəfəlik ödəniş verilmişdir. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilməli olduğundan məhkəmə araşdırması zamanı müəyyən edilir ki, həmin ailəyə toplamda 5 ay üçün 190 manatlıq birdəfəlik ödəmə verilmişdir.

11. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçıya həmin ödəmənin veriməsindən cavabdehin imtinası qanuni sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.

12. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

13. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

14. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar