Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6696/2022 19.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X1 və X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “əmək haqqından tutulmuş məbləğin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğundan xx.xx.2002-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində əsassız olaraq tutulmuş 12.600 manat əmək haqqının və yubadılan hər il üçün 7% bank uçot dərəcəsi həcmində hesablanmış 8.785 manat olmaqla, cəmi 21.385 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2020-ci il tarixli, 10/1026k saylı əmri ilə öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunmaqla pensiyaya çıxmışdır. Pensiyaya çıxarkən sonuncu ayın əmək haqqını aldıqda ona məlum oldu ki, cavabdeh tərəfindən “müharibə veteranı” olduğuna görə onun aylıq əmək haqqının 400 manat hissəsinə 14% gəlir vergisi tətbiq edilməməli olduğu halda, əsassız olaraq vergi tətbiq edilmiş, xx.xx.2002-ci ildən xx.xx.2020-ci il tarixədək dövr ərzində ona hər ay 56 manat olmaqla az əmək haqqı hesablanaraq ödənilmişdir. Bununla əlaqədar olaraq cavabdehə müraciət etmiş, lakin ona ziddiyyətli cavablar verilmiş, cavabdehin ilk məktubunda 2003-cü ildən, ikinci məktubda isə 2008-ci ildən əmək haqqından gəlir vergisinin güzəştli şərtlərlə tutulmanın dayandırıldığı bildirilmişdir. O, “müharibə veteranı” adını 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyində işlədiyi dövrdə Muxtar Respublikanın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə əldə etmişdir. Ona verilən veteran vəsiqəsinin Müdafiə Nazirliyinə heç bir aidiyyəti yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2000-ci il tarixdə ona 022226 saylı “müharibə veteranı” vəsiqəsi verilmişdir. O, müharibə veteranı kimi hər ay 80 manat Prezident təqaüdü alır. Cavabdeh tərəfindən qanunvericiliyin tələbi kobud şəkildə pozulmuş, nəticədə o, xeyli miqdarda alacağı əmək haqqıdan məhrum olmuşdur. Müharibə veteranı olduğuna görə xx.xx.2002-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dövr ərzində hər ay üçün cavabdeh tərəfindən ona ödənilən əmək haqqının vergi tutulan 400 manatlıq hissəsinə 14% əsassız vergi tətbiq edildiyinə görə o, hər ay 56 manat gəlirindən məhrum olunmuşdur. O, cavabdeh tərəfindən 19 il ərzində 12.600 manat əmək haqımdan məhrum edilmişdir, əsassız əmək haqqımın saxlanılmasına görə əlavə olaraq cavabdehdən 7% bank uçot dərəcəsi tətbiq olunaraq 8.785 manat məhkəmə qaydasında tələb edilməlidir. Cavabdehdən cəmi 21.385 manat tutularaq ona qaytarılmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X2 və X4 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişlər. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli 10/498 nömrəli məktubda qeyd edilir: Sizin 2003-cü ildən bəri əmək haqqından tutulmuş gəlir vergisinin geri qaytarılmasına göstəriş verilməsi barədə Azərbaycan Respublikası Baş prokuroruna ünvanladığınız müraciətinizə Kadrlar idarəsində baxılmışdır. Sizin əmək haqqınızdan gəlir vergisinin güzəştli şərtlərlə tutulması 2003-cü ilin aprel ayından etibarən Baş Prokurorluğun “Prokurorluq orqanları işçilərinə vergi güzəştlərinin tətbiq edilməsinə əsas verən “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin qanuniliyi və əsaslılığının, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteran və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğunluğu məsələlərinin araşdırılması üzrə” xüsusi komissiyasının rəyinə əsasən müvafiq əmrlə dayandırılmışdır. Təqdim etdiyiniz Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2021-ci il tarixli, **********8 nömrəli arayışına əsasən müəyyən edilmişdir ki, Siz xx.xx.2019-cu ildən başlayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquq şəxsinin Maliyyə və Mühasibatlıq üzrə Mərkəz filialından aylıq 80 manat məbləğində müharibə veteranları üçün nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alırsınız. Arayışda təyinatın başlanğıc müddəti xx.xx.2019-cu il göstərilmişdir. Odur ki, Sizin müraciətinizdə göstərdiklərinizin təmin edilməsinin məqsədəmüvafiq hesab edilməsi üçün müvafiq əsaslar aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli xx/xx-2474 nömrəli məktubda qeyd edilir: Sizin “Müharibə veteranı” olduğunuz halda 2002-ci ildən xx.xx.2020-ci il tarixədək əmək haqqınızdan tutulmuş gəlir vergisinin geri qaytarılması, tələbinizin əsassız olması qənaətinə gəlindiyi halda tutmalara səbəb olmuş Xüsusi Komissiyanın rəyinin və Baş Prokurorluq üzrə verilmiş əmrin surətinin verilməsi barədə Azərbaycan Respublikasının Baş prokuroruna ünvanladığınız müraciətinizə Baş Prokurorluqda baxılmışdır. Baş Prokurorluğun “Prokurorluq orqanları işçilərinə vergi güzəştlərinin tətbiq edilməsinə əsas verən “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin qanuniliyi və əsaslılığının, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteran və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğunluğu məsələlərinin araşdırılması üzrə” xüsusi komissiyası tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əlaqəli şəkildə prokurorluq işçilərinə vergi güzəştləri hüququ verən müharibə veteranı vəsiqələrinin verilməsinin qanuniliyi məsələləri araşdırılmış, Azərbaycan Respublikası Baş Prokurorluğu üzrə xx.xx.2008-ci il tarixli 10/10 nömrəli əmrlə əmək haqlarından gəlir vergisinin qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştli şərtlərlə tutulmalı olan şəxslər müəyyən edilərək, “Müharibə veteranı” adı və vəsiqələrinin müvafiq Əsasnamənin tələblərinə zidd olaraq verilməsinə dair komissiyanın rəyi nəzərə alınmaqla əmək haqqınızdan gəlir vergisinin güzəştli şərtlərlə tutulması dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2000-ci ildə verilmiş 022226 nömrəli vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 024-1775- 1222 nömrəli məktubda qeyd edilir: İddiaçı Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq komissiyanın xx.xx.2000-ci il tarixli, 37 nömrəli protokoluna əsasən müharibə veteranı adı və müvafiq vəsiqə verilmişdir. Həmin vəsiqənin ləğv edilməsi barədə məlumat müəyyən olunmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı prokurorluq orqanlarında xidmət etmişdir. İddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq komissiya tərəfindən xx.xx.2000-ci il tarixdə müharibə veteranı adı və müvafiq vəsiqə verilmişdir. İddiaçı müharibə veteranı olduğu üçün əmək haqqında gəlir vergisinin güzəştli şərtlərlə tutulmalı olduğu halda, cavabdeh tərəfindən xx.xx.2002-ci ildən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində onun əmək haqqından əsassız olaraq gəlir vergisinin tutulduğunu bildirməklə onun geri qaytarılması tələbi ilə cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli xx/xx-2474 nömrəli məktubdan görünür ki, Baş Prokurorluğun “Prokurorluq orqanları işçilərinə vergi güzəştlərinin tətbiq edilməsinə əsas verən “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin qanuniliyi və əsaslılığının, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteran və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğunluğu məsələlərinin araşdırılması üzrə” xüsusi komissiyası tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əlaqəli şəkildə prokurorluq işçilərinə vergi güzəştləri hüququ verən müharibə veteranı vəsiqələrinin verilməsinin qanuniliyi məsələləri araşdırılmış, Azərbaycan Respublikası Baş Prokurorluğu üzrə xx.xx.2008-ci il tarixli 10/10 nömrəli əmrlə əmək haqlarından gəlir vergisinin qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştli şərtlərlə tutulmalı olan şəxslər müəyyən edilərək, “Müharibə veteranı” adı və vəsiqələrinin müvafiq Əsasnamənin tələblərinə zidd olaraq verilməsinə dair komissiyanın rəyi nəzərə alınmaqla iddiaçının əmək haqqından gəlir vergisinin güzəştli şərtlərlə tutulması dayandırılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 024-1775-1222 nömrəli məktubla müəyyən olunur ki, iddiaçıya Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq komissiyanın xx.xx.2000-ci il tarixli, 37 nömrəli protokoluna əsasən müharibə veteranı adı və müvafiq vəsiqə verilmişdir və həmin vəsiqənin ləğv edilməsi barədə məlumat müəyyən olunmamışdır. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən də görünür ki, İddiaçı xx.xx.2000-ci ildən müharibə veteranıdır, ona müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmişdir. Lakin cavabdeh tərəfindən həm iddiaçının təqdim etdiyi sənədlər tam araşdırlımamış, həm də iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədlərin təqdim edilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müvafiq sorğular verilməmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında başlanılmış inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam və hərtərəfli araşdırılmamışdır. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan hallar nəzərə alınmaqla əmək haqqından tutulmuş gəlir vergisinin geri qaytarılması barədə iddiaçının müraciəti üzrə cavabdeh tərəfindən inzibati icraat yenidən aparılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla əmək haqqından tutulmuş gəlir vergisinin geri qaytarılması ilə əlaqədar İddiaçı müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun üzərinə qoyulsun. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-6696/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6696/2022
19.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver