Məhkəmə qərarları › İş №2-1(112)-6697/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6697/2022

17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6697/2022 17.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, iddiaçının nümayəndəsi X20 Kərim qızının iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 yetkinlik yaşına çatmayan uşaqarı 29 yanvar 2012-ci il təvəllüdlü X8 və 08 yanvar 2014-cü il təvəllüdlü X9 ilə birlikdə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmalarının cavabdehin üzərinə vəzifə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 04.02.2022-ci il tarixli, 2-1(112)-6697/2022 nömrəli qərardadı ilə hazırki iş üzrə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* seriyalı, 12.08.2012-cü il tarixli çıxarışa əsasən onun mülkiyyətindədir. Oğlu X7 və X5 31 mart 2011-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Ailə qurduqdan sonra onlar müvəqqəti olaraq ona məxsus olan Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 4, mənzil 130 ünvanında yerləşən fərdi yaşayış evinə köçərək orada yaşayıblar. Oğlu X7 və X5 arasında olan nikah 2(003)- 2266/2021 saylı qətnaməyə əsasən pozulmuşdur. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə müraciət etmiş, Pİ-dən ona imtina məktubu göndərərək məhkəmə orqanına müraciət etməsi tövsiyə edilmişdir. X5 iki uşağı ilə birlikdə ona məxsus olan evdə yaşayırdı. O məhkəməyə müraciət edərək X1 onun yetkinlik yaşına çatmayan uşaqları 29 yanvar 2012-ci il təvəllüdlü X8 və 08 yanvar 2014-cü il təvəllüdlü X9 ilə birlikdə mülkiyyətində olan Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 4, mənzil 130 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2876/2021 saylı qətnaməsinə əsasən iddia tələbi təmin olunaraq cavabdeh X5, onun yetkinlik yaşına çatmayan uşaqları 29 yanvar 2012-ci il təvəllüdlü X8 və 08 yanvar 2014-cü il təvəllüdlü X9 ilə birlikdə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Cavabdehin uşaqları ilə birlikdə onun mənzilində qeydiyyatda qalması Azərbaycan Respublikası Konstitusiyası ilə ona verilən və dövlət tərəfindən qorunan mülkiyyət hüququnu pozur və o həmin hüququnu həyata keçirə bilmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X20 Kərim qızı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdehin səlahiyyətli nümayəndəsi və üçüncü şəxs məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin səlahiyyətli nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak 02.08.2012-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 08.06.2021-ci il tarixli, ******* №-li arayışdan görünür Ki, xx.xx.1946-cı il təvəllüdlü İddiaçı, 14.06.1950-ci il təvəllüdlü X17, 20.09.1976-cı il təvəllüdlü X10, 03.11.1980-ci il təvəllüdlü X7, 08.01.2014-cü il təvəllüdlü X9, 29.01.2012-ci il təvəllüdlü X8, 20.09.2005-ci il təvəllüdlü X15, 25.08.1989-cu il təvəllüdlü X5, 20.01.1976-cı il təvəllüdlü X22, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2867/2021 saylı, 28.07.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdeh İddiaçı qarşı “istifadə hüququnun saxlanılması” tələbinə dair iddiası təmin edilməmişdir. - Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2876/2021 saylı, 25.08.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X2 qarşı “evdən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X1, onun yetkinlik yaşına çatmayan uşaqları 29 yanvar 2012-ci il təvəllüdlü X8 və 08 yanvar 2014-cü il təvəllüdlü X9 ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması qət edilmişdir. - Bakı şəhəri Xəzər rayon Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış 14 aprel 2022-ci il tarixli, 2(003)-2876/2022 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25.08.2021-ci il tarixli 2(003)-2876/2021 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2876/2021 saylı qətnaməsi 04.10.2021-ci il tarixdə icraya yönəlmiş, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən icra sənədinin icraatına xitam vermişdir. - Həmin məktuba əlavə edilmiş Bakı şəhəri, Xəzər rayon İcra Şöbəsinin icra məmuru X11 tərəfindən qəbul edilmiş 18.04.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, icra sənədində qeyd olunan tələb borclu X6 tərəfindən tam şəkildə təmin olunmuşdur. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X27 Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 15.04.2022-ci il tarixli, 018-7252-1222 №-li məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, qeyd olunan ünvanda qeydiyyatda olan, 08.01.2014-cü il təvəllüdlü X9 və X8 “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə uyğun olaraq valideynlərinin yaşayış yeri üzrə ilk dəfə şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilən azyaşlıdırlar. Vətəndaş 25.08.1989-cu il təvəllüdlü X5 13.12.2020-ci il tarixdən ünvan 4 ünvanına mülkiyyətçi İddiaçı razılığı ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********34 №-li, 05.05.2022-ci il tarixli məktubdan görünür ki, sorğuda qeyd olunan şəxslərin (X1, X3 və X4) ünvan 4 ünvanı üzərində istifadə hüququnun qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 055-3669-1222 №-li, 17.02.2022-ci il tarixli məktubdan görünür ki, X1, X3 və X4 ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına köməklik göstərilməsi ilə bağlı daxil olmuş müraciətinə baxılmışdır. Bildirilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci hissəsinin tələblərinə müvafiq olaraq sözügedən məsələ ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçının oğlu X25 Kərim oğlu ilə hazırki iş üzrə üçüncü şəxs X5 31.03.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, iddiaçının ərizəsinə əsasən mübahisəli yaşayış sahəsinə qeydiyyata düşmüşdür. Birgə nikahlarından anadan olmuş 29 yanvar 2012-ci il təvəllüdlü X8 və 08 yanvar 2014-cü il təvəllüdlü X9 da həmin mənzildə qeydiyyatdadırlar. Üçüncü şəxs X5 ilə iddiaçının oğlu X25 Kərim oğlu arasında olan nikah Xəzər rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(003)-2266/2021 saylı qətnaməsinə əsasən pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan anadan olmuş 08.01.2014-cü il təvəllüdlü X4 və 29.01.2012-ci il təvəllüdlü X3 X5 yanından qalmaları qət edilmişdir. Üçüncü şəxs X5 və onun yetkinlik yaşına çatmayan uşaqları mübahisəli mənzildə qeydiyyatda olsalar da hal-hazırda həmin mənzildə yaşamırlar. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən X1 və onun uşaqlarının mübahisəli yaşayış sahəsində istifadə hüquqlarının olmaması müəyyən edilmiş və onların həmin mənzildən çıxarılmaları qət edilmişdir. İddiaçı mülkiyyətçisi olduğu mənzildə qeydiyyatda olan, lakin həmin mənzildə yaşamayan və hazırda ailə üzvü olmayan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: -mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; -həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; -istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin ikinci hissəsində olan digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-nin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə qeyd edir ki, mənzildən qeydiyyatdan çıxarılmasını tələb edilən şəxslərin mübahisəli yaşayış sahəsi üzrə istifadə hüquqlarının yaranmasına dair iddiaçı ilə bağlanmış notariat qaydada təsdiq edilmiş yazılı razılaşmanın mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin şəxslərin mübahisəli ünvanda istifadə hüquqlarının olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessial Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi) - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və istifadə hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Qeydiyyatda olan üçüncü şəxs və onun yetkinlik yaşına çatmayan uşaqları mübahisəli mənzildə yaşamadıqlarından və istifadə hüquqları olmadığından həmin şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmamaları qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, X1, yetkinlik yaşına çatmayan uşaqarı 29 yanvar 2012-ci il təvəllüdlü X3 və 08 yanvar 2014-cü il təvəllüdlü X4 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X1, X3 və X4 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsi cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar