Məhkəmə qərarları › İş №2-1(112)-6698/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6698/2022

13.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6698/2022 13.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı «mənzilə dair kirayə müqaviləsinin bağlanması»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı «mənzilə dair kirayə müqaviləsinin bağlanması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, İddiaçı uzun müddətdir ünvan 1 nömrəli binanın 30 nömrəli mənzilində yaşayır. Həmin mənzil dövlət mənzil fonduna daxildir və cavabdeh Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin balansındadır. Balanssaxlayıcı həmin Departamentdir. O, yaşadığı müddətdə mənzil qanunvericiliyində nəzərdə tutulan mənzil kirayəçisinin bütün öhdəliklərini yerinə yetirmiş, mənzili həmişə istifadəyə yararlı vəziyyətdə saxlamaqla bütün mənzil haqlarını vaxtında ödəmişdir. Həmin mənzildə daimi qeydiyyatdadır. Mənzildə yaşadığı müddət ərzində mənzil qanunvericiliyində nəzərdə tutulan bütün hüquqları faktiki olaraq əldə etsə də, cavabdeh ilə yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmadığından, müvafiq hüquq və vəzifələrini reallaşdıra bilmir. Cavabdehə onunla kirayə müqaviləsinin bağlanması üçün müraciət etmiş, lakin cavabdehin H-08 nömrəli 1 fevral 2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, müvafiq məhkəməyə müraciət olunmalıdır. İddiaçı hesab edir ki, həmin müqavilənin bağlanması üçün kifayət qədər əsaslar vardır. “Azəriqaz” İB, "xxxx" ASC ilə kommunal xidmətlərə dair müqavilələr bağlamışdır. Eyni zamanda, qonşularının notarial qaydada təsdiq etdiyi ərizə də sübut edir ki, o, sözügedən ünvanda yaşayır. Mənzilə dair hər hansı üçüncü şəxslərin iddia və tələbi mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2-ci maddəsinin tələblərinə görə fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan şəxslər mülkiyyətçi, kirayəçi qismində və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yaşamaq üçün yaşayış sahəsini sərbəst seçmək hüququna malikdirlər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə vətəndaşların mənzil ehtiyaclarının təmin edilməsi üçün zəruri şəraitin yaradılması məqsədilə daşınmaz əmlak bazarının inkişafına köməklik göstərir, müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 48.1-ci maddəsində qeyd edilir ki, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Göstərilənlərə və İPM-in 2, 34-cü maddələrinə əsaslanaraq, iddia ilə ünvan 1 nömrəli evin 30 nömrəli mənzilinə dair sosial kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdeh Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə təqdim edilmişdir. Cavabdehin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətində bildirilir ki, İddiaçı yaşadığı mənzilə öz adına kirayə müqaviləsinin bağlanması ilə bağlı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etmişdir. Departamentin 1 fevral 2022-ci il tarixli H-08 saylı məktubu ilə ona cavab verilərək bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən evin 30 saylı mənzilə köçməyə əsas verən hüquqmüəyyənedici sənəd (order, sərəncam, qərar və s.) təqdim olunmadığından, kirayə müqaviləsinin onun adına bağlanmasını təmin etmək mümkün olmamışdır. Yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması (və ya dəyişdirilməsi) ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 435s nömrəli sərəncamının icrası haqqında Bakı ŞİH başçısının 25 yanvar 2012-ci il tarixli 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 1 ünvanında yerləşən, 1993-cü ildə inşa edilmiş, 7 mərtəbəli, 4 girişli, 70 mənzilli yaşayış binası dövlət mənzil fonduna daxil edilməklə 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmiş və hal-hazırda həmin Birliyin balansında olmaqla 144 saylı MKİS-in xidmət dairəsindədir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində yerləşən 1 saylı evin 30 saylı mənzilin umumi sahəsi 116,7 kv.m və yaşayiş sahəsi 63,85 kv.m olmaqla 5 otaqdan ibarətdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf gəlməmişdir. İş materiallarından görünür ki, məhkəməyə iddiaçının onun iştirakı olmadan işə baxılması barədə ərizəsi daxil olmuşdur. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmu yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüquqlarının gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edlməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı sözügedən mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan Məcəllənin 85-ci maddəsinə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Bakı ŞİH başçısının 17 fevral 2000-ci il tarixli 154 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nizamnaməsi”nin 2.4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə nəzərdə tutulmuş kirayə (icarə) müqaviləsinin dəyişdirilməsi, rəsmiləşdirilməsi tədbirlərinin (işlərinin) yerinə yetirilməsi Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentin vəzifələri sırasına daxildir. Göründüyü kimi, iddiaçının yaşadığı mənzilə dair onunıa kirayə müqaviləsinin bağlanması barədə müraciətinə müvafiq səlahiyyətli inzibati orqan kimi cavabdeh Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti baxaraq, qaldırdığı məsələnin həllindən adıçəkilən şəxsin adına həmin mənzilə dair order və ya sərəncamın olmaması səbəbi ilə imtina etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın imtinandakı dəlili, yəni mənzilə dair order və ya sərəncamın olmaması tutarlı əsas kimi qiymətləndirilə bilməz, formal mülahizələrə söykənən dəlil sayılmalıdır. Bununla da məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Bakı şəhəri, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, 1 nömrəli evin 30 nömrəli mənzilində 1 oktyabr 2009-cu il tarixdən əvvəlki dövrdən etibarən yaşadığından, mənzildə yaşayan hər hansı digər yetkinlik yaşına çatmış şəxslərin buna etirazı olmadığından, onun başqa yaşayış yerinin olması barədə əlavə məlumat təqdim edilmədiyindən, habelə onun həmin mənzildə yaşaması üçüncü şəxslərin hüquqlarını pozmadlğından (bu barədə də məhkəmə icraatında heç bir dəlil, sübut gətirilməmişdir), cavabdeh Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin “mənzilə dair kirayə müqaviləsinin bağlanması”dan imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati atın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı ilə Bakı şəhəri, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, 1 nömrəli evin 30 nömrəli mənzilinə dair kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 62, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı ilə Bakı şəhəri, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, 1 nömrəli evin 30 nömrəli mənzilinə dair kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar