Məhkəmə qərarları › İş №2-1(112)-6698/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6698/2023

22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6698/2023 22.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «ödənilməmiş pensiya məbləğinin əvvəlki dövrlər üzrə ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «ödənilməmiş pensiya məbləğinin əvvəlki dövrlər üzrə ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icratı qaydasında baxılır. İddia ərizəsində bildirilir ki, İddiaçı Azərbaycan Respublikasının ərazisi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və ağır yaralanmışdır, 2 dekabr 1994-cü il tarixdən 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar müddətsiz müharibə əlili olmuşdur. DSMF-nin müvafiq rayon şöbəsindən 1994-cü ilin dekabr ayından 2022-ci ili dekabr ayınadək əmək pensiyası almışdır. Müdafiə Nazirliyinin məlumat vərəqəsi əsasında ona 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya təyin olunmuş, DSMFnin müvafiq rayon şöbəsindən aldığı əmək pensiyası dayandırılmışdır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona 2023-cü ilin yanvar ayından etibarən 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya hesablanıb ödənilir. İddiaçı cavabdehə 1 yanvar 2006-cı il tarixdən 31 dekabr 2022-ci il tarixədək olan müddət üzrə pensiya məbləğinin ödənilməsi ilə bağlı müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Hesab olunur ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, ona 1 yanvar 2006-cı il tarixdən 31 dekabr 2022-ci il tarixədək olan müddət üzrə pensiya məbləği fərqinin (31 dekabr 2022-ci il tarixədək DSMF-nin müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından 1 yanvar 2023-cü il tarixdən hərbi qulluqçu kimi 2-ci dərəcə əlillliyə görə aldığı pensiya məbləği arasındakı fərqin) hesablanaraq ödənilməsi qanunamüvafiqdir. Anoloji işlər üzrə Ali Məhkəmənin 2-1(102)-1539/2021 saylı iş üzrə 13 oktyabr 2021-ci il tarixli, 2- 1(102)-430/2021 saylı iş üzrə 10 mart 2021-ci il tarixli, 2-1(102)-1040/2020 saylı iş üzrə 12 iyun 2020-ci il tarixli qərarlarına əsaslanaraq hesab olunur ki, hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» 2006-cı il 28 noyabr tarixli Azərbaycan Respublikasının Qanununa və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 saylı Fərmanına əsasən Müdafiə Nazirliyinin hərbi qulluqçularının pensiya təminatı ilə bağlı funksiyalar Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna verilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 avqust tarixli 781 saylı Fərmanı ilə təsdiq edilmiş, «Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə»nin 8.5ci bəndində məcburi dövlət sosial sığorta vəsaiti və dövlət büdcəsi vəsaiti hesabına ölkədə bütün əmək pensiyaları maliyyələşdirilməsinin həyata keçrilməsi, 8.6.1-ci bəndində isə «Əmək pensiyaları haqqında» Qanuna müvafiq olaraq “əmək pensiyaları xərclərini məcburi dövlət sosial sığorta vəsaiti hesabına maliyyələşdirilməsinin təmin edilməsi“ Fondun əsas vəzifələri kimi göstərilmişdir. Həmin Əsasnamənin 9.4-cü bəndində “məcburi dövlət sosial sığorta vəsaitini idarə etmək, əmək pensiyaları sahəsində idarəetmənin, əmək pensiyalarının təyin edilməsini maliyyələşdirilməsini və ödənilməsini nəzarəti həyata keçirmək“ Fondun əsas funksiyalarından biri kimi göstərilmişdir. Bundan başqa «Əmək pensiyaları haqqında» Qanunun 37.7-ci maddəsində “keçmiş müddət üçün alınmış əmək pensiyasının məbləğinin müddətindən asılı olmayaraq ödənilməsi” göstərilmişdir. Həmin Qanunun 20.16.1-ci maddəsinə uyğun olaraq İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin – 100 faizi, İİ qrup müharibə əlillərinə – 80 faizi, İİİ qrup müharibə əlillərinə – 55 faizinin 2006-cı ilin yanvar ayından 2015-ci ilin aprel ayına qədər fərq məbləğinin tam şəkildə ona (iddiaçıya) ödənilməlidir. Göstərilənlərə əsaslanaraq, iddiaçıya 1 yanvar 2006-cı il tarixdən 31 dekabr 2022-ci il tarixədək olan müddət üçün pensiya məbləği üzrə fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, İddiaçı 18 yanvar 2023-cü il tarixdə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, 1 yanvar 2006-cı tarixdən 31 dekabr 2022-ci il tarixədək olan dövr ücün pensiyanın yenidən hesablanmasını tələb etmişdir. Lakin qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çox üç il müddət üçün hesablanması nəzərdə tutulduğundan onun müraciətinin müsbət həlli mümkün olmamışdır. İddiaçı 1 yanvar 2006-cı il tarixdən 31 dekabr 2022-ci il tarixədək olan müddət üçün pensiya məbləğinin hesablanaraq fərqin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçıya 1994-cü il tarixdən 2022-ci ilin dekabr tarixinədək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyə görə əmək pensiyası ödənilmişdir. İddiaçı 29 dekabr 2022-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Ona 30 dekabr 2022-ci il tarixdə «Əmək pensiyaları haqqında» Qanunun 20.16.1-ci maddəsinə uyğun olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinizin (678,25 manat) 80 faizi – 542,60 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. Qanunun 11.2.1-ci maddəsinə əsasən müharibə ilə əlaqədar əlilliyi olan şəxslər – əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə həmin şəxslər müharibə ilə əlaqədar əlilliyi olan şəxslər hesab edilir. Qanunun 20.16.1-ci maddəsinə əsasən müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin – 100 faizi, müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi olan şəxslərə – 80 faizi, müharibə ilə əlaqədar İİİ dərəcə əlilliyi olan şəxslərə – 55 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə həmin qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Digər tərəfdən, «Əmək pensiyaları haqqında» Qanunun 37.7-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən, iddiaçının əmək pensiyası müraciət edilən tarixdən (29 dekbr 2022-ci il) keçmiş üç il müddət üçün yenidən hesablanıb. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarından göründüyü kimi, «Əmək pensiyaları haqqında» Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olan müddəalarının təhlilindən aydın olur ki, keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 1 iyul 2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç ilə məhdudlaşdırılmışdır. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmənin qərardadı ilə iddia “29 dekabr 2019-cu il tarixdən 31 dekabr 2022-ci il tarixədək olan müddət üçün pensiya məbləği üzrə fərqin hesablanaraq ödənilməsi” hissəsində mümkün sayılmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı tərəf gəlməmiş, cavabdehin nümayəndəsi gəlmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «1 yanvar 2006-cı il tarixdən 29 dekabr 2019-cu il tarixədək olan müddət üçün pensiya məbləği üzrə fərqin hesablanaraq ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə görə hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 5.1-ci maddəsinə əsasəb Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlilliyi olan şəxslər aşağıdakı kateqoriyalara bölünürlər: - (11.2.1) müharibə ilə əlaqədar əlilliyi olan şəxslər – əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə. Həmin Qanunun 20.16-cı maddəsinə əsasən bu qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: - (20.16.1) müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin – 100 faizi, müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 61 – 80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 80 faizi, müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 31 – 60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 55 faizi. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmçinin qeyd olunmalıdır ki, İPM-in 98-1-ci maddəsinə əsasən Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olan qərarında fərqli yanaşmanın tətbiqi zərurətinin əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır (maddə 98-1.1). Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir (maddə 98-1.3). Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar (maddə 98- 1.4). Ali Məhkəmənin məhkəmə tərkibi eyni xarakterli məsələlərə baxarkən, bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab edirsə, məsələyə bu Məcəllənin 98-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır (maddə 98-1.5). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli qərardadında qərara alınmışdır ki, «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmənin qənaəti belədir ki, cavabdeh inzibati orqan iddiaçıya pensiya hüququ yarandığı dövrdən pensiya təyinatı ilə bağlı müraciət etdiyi 29 dekabr 2022-ci il tarixədək əvvəlki dövrün yalnız son üç ili üzrə pensiya məbləğinin ödənilməsini təmin etməkdə haqlı olmuşdur. Belə təyinat «Əmək pensiyaları haqqında» Qanunun 32-1.1, 37.7-ci maddələrinə və İPM-in 98-1-ci maddəsinə əsasən qanuna zidd deyil. Odur ki, iddiaçının 2006 – 2018-cu iilər üzrə əmək pensiyasının ödənilməmiş fətq məbləğinn ödənilməsi tələbinə dair iddiası əsassız sayılmalıdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «1 yanvar 2006-cı il tarixdən 29 dekabr 2019-cu il tarixədək olan müddət üçün pensiya məbləği üzrə fərqin hesablanaraq ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «1 yanvar 2006-cı il tarixdən 29 dekabr 2019-cu il tarixədək olan müddət üçün pensiya məbləği üzrə fərqin hesablanaraq ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar