Məhkəmə qərarları › İş №2-1(112)-67/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-67/2022

04.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-67/2022 04.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər: X9 və digərləri) “koordinatların faktiki yerləşmə vəziyyətinə uyğunlaşdırılmakla yeni plan və ölçü sənədinin verilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X27 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiaçının mülkiyyətində olan və ünvan 1 ünvanında yeləşən 0,05 ha-dan ibarət torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətində dəqiq müəyyən edilməsi və torpaq sahəsinin yeni plan-ölçü sənədinin ona təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında 500 kv\m-dən ibarət torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair onun mülkiyyət hüququnu təsdiq edən xx.xx.2015-cü il tarixli seriya RX ******* saylı, reyestr nömrəsi **********00, qeydiyyat nömrəsi ********** olan Dövlət reyestrindən Çıxarış və həmin torpaq sahəsinin plan və ölçü sənədi vardır. Hal-hazırda torpaq sahəsindən sərhəd qonşuluğunda yerləşən “Evrika” Liseyi idman meydançası kimi istifadə edir. Bu əmlakdan iddiaçı uzun illərdir ki, fasiləsiz və mübahisəsiz surətdə istifadə edir. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsinin yenidən qurulması ilə əlaqədar olaraq dövlət tərəfindən bu ərazidə abadlıq-quruculuq işləri aparıldı. Yeni küçələr salındı və küçələrin sağ və sol hissələrində qeyri-yaşayış binaları inşa edildi. Həmin binaların və bəzi torpaq sahələrinin mülkiyyətçilərinin adına qeydiyyat aparan zaman Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi texniki xətalara yol vermiş və koordinatları qarışdırmış, ünvanlar düzgün müəyən edilməmişdir. Belə ki, ona məxsus olan torpaq sahəsinin koordinatları da qarışdırılmış və nəticədə plan-ölçü sənədindəki yanlış koordinatlara əsasən ona məxsus olan 500 kv\m torpaq sahəsi çiyin qonşu İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının altına düşür. Göründüyü kimi, eyni küçədə ortaq sərhədləri olan iki qonşu daşınmaz əmlakın tamamilə fərqli və yanlış ünvanları müəyyən olunmuşdur. İddiaçının yaxın qohumudur, aralarında heç bir mübahisə və anlaşılmazlıq yoxdur və olmayıb. Sadəcə mülkiyyətlərinə dair sənədlərinin tam və düzgün olmasını istəyirlər. Buna görə də, həm iddiaçı, həm də İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmişlər və yanlış koordinatların dəqiqləşdirilməsini və buna dair rəsmi sənədin bizə təqdim olunmasını xahiş etmişlər. Qeydiyyat İdarəsi xx.xx.2018-ci il tarixli, **********20 saylı məktubu ilə İddiaçı dəqiqləşdirilmiş koordinatları təqdim etsə də, xx.xx.2019-cu il taixli, **********11 saylı cavab məktubu ilə iddiaçının torpaq sahəsinə dair dəqiqləşdirilmiş koordinatları verməkdən imtina etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə X15 və X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə “Evrika” Liseyi, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-132/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1681/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı X27 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-132/2021 saylı qərarının ləğv olunması, iddiaçı X16 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X15, X5, İddiaçı və “Evrika” Liseyi) “yeni planölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş 22 dekabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən koordinatlar naturada fərqli əraziyə düşür. Belə ki, torpaq sahəsinin bir hissəsi digər fiziki şəxs (İddiaçı) məxsus **********71-06301 reyest nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş qeyri-yaşayış binasının, digər hissəsi isə başqa fiziki şəxsin (X5 və X15) mülkiyyətində olan idman meydançasının yerləşdiyi sahəyə düşür. Bundan başqa qeyd olunur, X27 xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X33 prospekti, 3 saylı taksomotor parkının yanında yerləşən 0.05 ha torpaq sahəsini İddiaçı bağışlamış, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ sonuncunun adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Sonradan İddiaçı ərizə təqdim edərək, iddiaçı X16 əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı ərizə verərək mülkiyyətində olan və ünvan 4 ünvanında yerləşən 0,05 ha-dan ibarət torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətinə uyğunlaşdıraraq torpaq sahəsinin yeni planölçü sənədinin ona verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmə qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə X28, X24, X20, X21, X29, X31 və X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə X25 və X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X33 prospekti 3 saylı Taksomotor parkının yanı ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətinə uyğunlaşdırılmasının və buna dair torpaq sahəsinə yeni plan və ölçü sənədinin verilməsinin; həmçinin yuxarıda qeyd olunan ünvanda yerləşən X3 və X10 məxsus torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətinə uyğunlaşdırılmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq Məhkəmə vurğulamağı zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddia tələbinə münasibətdə təqdim etmiş olduğu yazılı etirazda iddianın mümkün sayılmaması (subyektiv hüquq baxımından) ilə bağlı qərardad qəbul edilməsini xahiş etsə də, hazırki iddia tələbi mümkünlük şərtlərini ödəyir. Belə ki, ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman ünvan 1 ünvanında yeləşən 0,05 ha-dan ibarət torpaq sahəsinin mülkiyyətçisi X27 olduğundan, o, iddia tələbi üzrə iddiaçı qismində çıxış edir. Lakin, məhkəmə icraatı zamanı X27 ilə İddiaçı arasında bağışlama müqaviləsi bağlanmış və nəticə etibarı ilə yuxarıda adı çəkilən torpaq sahəsinin mülkiyyətçisi İddiaçı hesab olunmuşdur. Bundan sonra müvafiq olaraq iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi istiqamətində müvafiq hərəkətlər görülmüş və nəticə etibarı ilə iddiaçı qismində İddiaçı çıxış etmişdir. Eyni zamanda qeyd olunur ki, İddiaçı oxşar tələb ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin heç bir nəticə əldə edə bilməmişdir. Beləliklə, Məhkəmə hesab edir ki, hazırki iddia mümkünlük şərtlərini ödəyir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X33 prospekti 3 saylı Taksomotor parkının yanı ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətinə uyğunlaşdırılmasının və buna dair torpaq sahəsinə yeni plan və ölçü sənədinin verilməsini, həmçinin qeyd olunan ünvanda yerləşən X3 və X10 məxsus torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətinə uyğunlaşdırılması öhdəliyinin cavabdehə həvalə edilməsini arzulayır. Başqa sözlə desək, iddiaçının bu tələbi irəli sürməkdə əsas məqsədi - mülkiyyətində olan torpaq sahəsinə naturada yerləşdiyi döngə koordinatları əsasında plan ölçünün verilməsidir. İddiaçı hesab edir ki, torpaq sahəsi naturada hər hansı fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsə də, plan ölçüdə göstərilən koordinatlara əsasən torpaq sahəsinin digər fizik şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunur. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin əsaslı olub-olmaması isitqamətində qiymətləndirilmənin aparılması üçün torpaq sahələrinin mülkiyyətçiləri, ümumiyyətlə torpaq sahələrinin naturada və ya plan ölçüdə əks olunan koordinatlar əsasında üst-üstə düşübdüşmədiyi ilə bağlı araşdırma aparılmalıdır. Lakin, ilkin olaraq Məhkəmə, ünvan 7 yerləşən torpaq sahələrinin kimin mülkiyyətində olması, mülkiyyət hüquqlarının qeydə alınmasının əsasları istiqamətində araşdırma aparır. Belə ki, məhkəmə icraatı zamanı aparılmış araşdırmadan görünür ki, İddiaçı (əvvəlki sahibi X22) məxsus olan 500 kv.m torpaq sahəsi, Hacısoy Həsənə məxsus olan 375 kv.m olan torpaq sahəsi və X10 məxsus olan 370 kv.m olan torpaq sahəsi əvvəllər cəm halında 1250 kv.m olmaqla digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş və rəsmi ünvanı ünvan 6 olmuşdur. Həmin şəxs torpaq sahəsini 3 hissəyə bölərək 500 kv.m + 375 kv.m + 370 kv.m olmaqla ayrı-ayrı şəxslərə satmışdır. Məhkəmə, torpaq sahələrinin hər üç hissəsinə münasibətdə mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı aşağıdakiları bildirir: - Sahəsi 500 kv.m olan torpaq sahəsi ilkin olaraq X7 mülkiyyətində olmuş, sonradan xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi X17 adına özgəninkiləşdirilmiş, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi X16 adına özgəninkiləşdirilmiş, bununla bağlı ona çıxarış və planölçü verilmişdir. Məhkəmə icraatı zamanı X27 ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın bağışlaması müqaviləsi bağlanılmış, X27 torpaq sahəsi üzərində olan mülkiyyət hüquqlarından imtina edərək onların İddiaçı keçməsində iradə ifadəsini nümayiş etdirmişdir ki, nəticə etibarı ilə ünvan 7 yerləşən 0,05 ha torpaq sahəsi İddiaçı adına özgəninkiləşdirilmiş və onun adına çıxarış verilmişdir; Nəzərə alınmalıdır ki, ünvan 7 yerləşən 0,05 ha torpaq sahəsi uzun müddətdir ki, “Evrika” liseyinin idman meydançası kimi istifadə olunur. Belə ki, torpaq sahəsinin X13 əvvəlki olan mülkiyyətçisi, yəni X29 “Evrika” liseyinin təsisçilərindən biri olmuşdur. - Sahəsi 375 kv.m olan torpaq sahəsi ilkin olaraq X11 mülkiyyətində olmuş, sonradan xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi X12 adına, daha sonra xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X18 adına özgəninkiləşdirilmişdir. X28 ilə X5 arasında xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın bağışlaması müqaviləsi bağlanılmış, X28 torpaq sahəsi üzərində olan mülkiyyət hüquqlarından imtina edərək onların X1 iradə ifadəsini nümayiş etdirmişdir ki, nəticə etibarı ilə ünvan 7 yerləşən 0,0375 ha torpaq sahəsi X2 adına özgəninkiləşdirilmiş və onun adına çıxarış və plan-ölçü verilmişdir; - Sahəsi 370 kv.m olan torpaq sahəsi ilkin olaraq X11 mülkiyyətində olmuş, daha sonra xx.xx.2010-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 7 yerləşən 0,037 ha torpaq sahəsi X8 adına özgəninkiləşdirilmiş və onun adına çıxarış və plan-ölçü verilmişdir. Göründüyü kimi mövcud olan məhkəmə çıxarışlarından və çıxarışların verilməsinə əsas olan sənədlərdən görünür ki, ünvan 7 ünvanı altında 3 (üç) fərqli daşınma əmlak (torpaq sahəsi) qeydiyyatdan keçmiş, həmin torpaq sahələri üzərində fiziki şəxslərin mülkiyyət hüquqları qeydə alınmış və mülkiyyət hüquqlarının qeydə alınmasının əsasında mülki əqdlər dayanmışdır. Təkzib olunmaz haldır ki, adı çəkilən ünvanda yerləşən torpaq sahələri hər biri ayrı-ayrılıqda fərqli fiziki şəxslərin adlarına qeydiyyata alınmışdır. İddiaçının bəyan etdiyinə görə, onun mülkiyyətində olan torpaq sahəsi naturada digər iki fiziki şəxsin (X5 və X15) mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsədə, plan ölçü sənədində göstərilən koordinatlara görə torpaq sahəsinin üst-üstə düşməsi halı mövcuddur. Məhkəmə bu hissədə tikinti-texniki ekspertizasnın təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmə icraatı zamanı təyin olunmuş tikinti-texniki ekspertizasının tədqiqatının nəticəsi barədə ekspert rəyindən müəyyən olunur ki: -X16 mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə verilmiş plan ölçülər göstərilən koordinatların əks etdirdiyi sahə İddiaçı məxsus qeyri-yaşayış binasının üzərinə düşür. Ekspertin naturaya görə verdiyi sxemə əsasən isə həmin hissə idman meydançası kimi istifadə olunur; -X2 mülkiyyətində olan 0,0375 ha torpaq sahəsinə verilmiş plan ölçüdə göstərilən koordinatların əks etdiryi sahənin az hissəsi İddiaçı məxsus qeyri-yaşayış binasının üstünə, çox hissəsi isə idman meydançası olan hissəyə düşür. Ekspertin naturaya görə verdiyi sxemə əsasən isə X2 özünə məxsus qeyri-yaşayış binasının tikintialtı sahəsidir; -X8 mülkiyyətində olan 0,0370 ha torpaq sahəsinə verilmiş plan ölçüdə göstərilən koordinatların əks etdirdiyi sahənin yarı hissəsi idman meydançası ilə, yarı hissəsi isə X3 məxsus qeyri-yaşayış binası ilə üst-üstə düşür. Ekspertin naturaya görə verdiyi sxemə əsasən isə boş torpaq sahəsi olmaqla üst-üstə düşmə yoxdur; -X16 mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə verilmiş plan ölçüdəki döngə nöqtələrinin koordinatları ekspertin naturaya görə müəyyən etdiyi koordinatlarla üst-üstə düşmür. Belə ki, plan ölçüdə göstərilmiş döngə nöqtələrinin koordinatları İddiaçı məxsus qeyri-yaşayı binasının bir hissəsi ilə üst-üstə düşür. Ekspertin naturaya görə verdiyi sxemə əsasən isə idman meydançası ilə olan hissədir. Bundan başqa, Məhkəmə araşdırılması zamanı cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş ortofotodan görünür ki, naturada X10, X3, X22 (indiki mülkiyyətçisi: İddiaçı) məxus torpaq sahələri faktiki olaraq bir küçədə yan-yana yerləşirlər, torpaq sahələrinin üst-üstə düşməsi halı müəyyən olunmur. Lakin, xəritədə qırmızı işarələnmiş bölgələrdən görünür ki, torpaq sahələrinin naturada yerləşməsi ilə bağlı üst-üstə düşmə halı aşkar olunmasa da, yuxarı da adıçəkilən şəxslərə verilmiş plan ölçüdə göstərilən koordinatlara əsasən torpaq sahələrinin üst-üstə düşməsi halı müəyyən olunur. Yuxarıda qeyd olunanlardan görünür ki, doğrudur ki, ünvan 7 ünvanı altında 3 (üç) fərqli daşınmaz əmlak (0,05 ha-İddiaçı; 0,0375 X2; 0,0370 – X8) qeydiyyatdan keçmiş, naturada torpaq sahələrinin üst-üstə düşməsi halı müəyyən olunmasa da, torpaq sahələrinə dair verilmiş plan-ölçü sənədlərində əks olunan koordinatlar əsasında torpaq sahələrinin, həmçinin İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin və X2 mülkiyyətində olan 0,0375 ha torpaq sahəsinin bir hissəsinin “Evrika” liseyinin yerləşdiyi ünvan 8 ünvanında olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunur. Təqdim olunmuş ortofotodan açıq-aydın görünür ki, torpaq sahələrinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahələrinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) mövcuddur. Xüsusi ilə qeyd olunmalıdır ki, hazırki iş üzrə üçüncü şəxs qismində çıxış edən X5 ilə “Evrika” liseyi və İddiaçı Əhəd oğluna qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair mövcud olmuş məhkəmə mübahisəsi iddianın mahiyyəti üzrə həllində mühüm rol oynayır. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş mülki iş materiallarından görünür ki, X2 özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həm birinci instansiya, həm apellyasiya, həmçinin kassasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdirlər ki, eyni küçədə və bir-birinin yanında yerləşən obyektlərə fərqli ünvanların verilməsi, Kazım Kazımov tərəfindən torpaq sahəsi Həsən Hacısoya bağışlandıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinin reyestr nömrəsinin dəyişdirilməsi, həmin torpaq sahəsinə hal-hazırkı dövrə qədər plan və ölçü sənədinin verilməməsi, Həsən Hacısoy həmin torpaq sahəsini əldə edənə qədər Evrika liseyinin binasının mövcud olması, Evrika liseyinin binasının yerləşdiyi torpaq sahəsinin həm dövlət mülkiyyətində, həm də H.Hacısoyun mülkiyyətində olmasının qeyrimümkünlüyü, H.Hacısoyun mülkiyyətində olan torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilməmiş, bununla yanaşı hazırda qanuni əsaslarla fəaliyyət göstərən Evrika liseyi özbaşına tikili olmamışdır. Eyni zamanda mülki məhkəmə qərarlarında qeyd olunmuşdur ki, “Evrika” liseyi xx.xx.2012-ci il tarixdə ümumi təhsil müəssisəsi kimi qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrində qeydə alınan ümumi təhsil müəssisəsidir. Təhsil müəssisəsinin binasının inşası və mülkiyyətçisi ilə bağlı qeyd olunmalıdır ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının 369 saylı, 06 avqust 2008-ci il tarixli Sərəncamına əsasən X19, Əhməd Rəcəbli küçəsinə paralel salınmış yolun kənarında öz vəsaiti hesabına, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun ofis və ticarət binasının tikintisinə icazə verilmiş, bina tikilərək istismara qəbul olunmuş və daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli çıxarışa əsasən həmin qeyriyaşayış binasının üzərində X14 mülkiyyət hüququ tanınmışdır. Bundan sonra xx.xx.2014cü il tarixli bağışlama müqaviləsinə əsasən Sona Məmmədova həmin qeyri-yaşayış binasını İddiaçı bağışlamış və “Evrika” liseyinin yerləşdiyi ünvan 8 ünvanındaki qeyriyaşayış binası İddiaçı xüsusi mülkiyyətində, binanın yerləşdiyi 0,10735 ha torpaq sahəsi isə dövlət mülkiyyətindədir. Məhkəmə yuxarıda göstərilənləri rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, ünvan 7 ünvanı altında olan 3 (üç) fərqli daşınmaz əmlak faktiki olaraq üst-üstə düşməsələr də, verilmiş plan ölçü sənədlərinə görə əmlakların koordinatları düzgün olmamış, bununla da torpaq sahələri hüquqmüəyyənedici sənəd əsasında üst-üstə düşmüşdür. Göründüyü kimi əsas mübahisə plan ölçü sənədlərində göstərilən koordinatlardan irəli gəlir. Çünki, mülki məhkəmə mübahisəsinə baxılan zaman məhkəmələr ünvan 8 ünvanında yerləşən “Evrika” liseyinin özbaşına tikili olmadığı, əksinə həmin əmlakın daha əvvəl tikildiyi və ümumiyyətlə altında yerləşən torpaq sahəsinin dövlət mülkiyyətində olduğu halda, fiziki şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsinin mümkün olmadığı qənaətinə gəlmişdirlər. Başqa sözlə desək, mübahisəli torpaq sahələrinə plan ölçü sənədləri verildiyi zaman cavabdeh inzibati orqan səlahiyyətlərini düzgün icra etməmiş, “Evrika” liseyinin daha əvvəl tikildiyini, həmin tikili altında olan torpaq sahəsinin isə dövlət mülkiyyətində olmasını nəzərə almamış, həmin torpaq sahəsinin koordinatları daxilində yerləşən torpağın koordinatını X16 plan ölçü sənədində göstərmiş, bu səbəbdən də digər torpaq sahələrinə münasibətdə də uyğunsuzluqlara (sürüşmə) yol verərək plan ölçü sənədlərində koordinatları düzgün qeyd etməmişdir. Beləlilə, yaranmış mübahisənin əsasını plan ölçüdə əks olunan koordinatlar təşkil etdiyindən və bu sahədə səlahiyyət məhz cavabdeh inzibati orqanın sferasına aid olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən texniki inventarlaşdırma işləri düzgün aparılmamış, bu da mübahisənin yaranmasına səbəb olmuşdur. Uzun müddətdir davam edən məhkəmə mübahisəsinin həllinin yeganə çıxış yolu odur ki, tərəflərə verilmiş plan ölçü sənədində torpaq sahələrinin koordinatları onların faktiki yerləşdiyi yer üzrə koordinatlara dəyişdirilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: 6.1.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər: -6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi; 6.2. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqları təsdiq etmiş aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın təqdim olunması və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi, habelə hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya onların dəyişdirilməsi, hüquq sahibinin iradəsindən asılı olmayan digər səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın təqdim olunması və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün dövlət rüsumu tutulmur. Alınmanın nəticəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı üçün dövlət rüsumu “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödənilən kompensasiyanın məbləğinə daxil edilmədikdə, alınmanın təsirinə məruz qalan şəxsdən dövlət rüsumu tutulmur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə dövlət rüsumu tutulmur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Göründüyü kimi qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdehin vəzifəsinə aid olduğundan, Bakı şəhəri, Nərimanov rayonu, X33 prospekti 3 saylı Taksomotor parkının yanı ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətinə uyğunlaşdırılmasının və buna dair torpaq sahəsinə yeni plan və ölçü sənədinin verilməsi, həmçinin Bakı şəhəri, Nərimanov rayonu, X33 prospekti 3 saylı Taksomotor parkının yanı ünvanında yerləşən X3 və X10 məxsus torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətinə uyğunlaşdırılması cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Məhkəmə son olaraq, ekpert rəyinin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Hazırki iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi olan ekspert rəyi hər hansı şübhə doğurmadığından, mötəbər dəlil kimi qiymətləndirilmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X33 prospekti 3 saylı Taksomotor parkının yanı ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətinə uyğunlaşdırılmasının və buna dair torpaq sahəsinə yeni plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Bakı şəhəri, Nərimanov rayonu, X33 prospekti 3 saylı Taksomotor parkının yanı ünvanında yerləşən X3 və X10 məxsus torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətinə uyğunlaşdırılması cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar