Məhkəmə qərarları › İş №2-1(112)-67/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-67/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-67/2024 24.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb olunmaqla) «söküntü işlərinin aparılması ilə bağlı xərclənən vəsaitin cavabdehdən tutulması və iddiaçının bank hesabına köçürülməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (bundan sonra – FHN) Tikintidə X6 Agentliyi cavabdeh "xxxx" MTK-ya qarşı «söküntü işlərinin aparılması ilə bağlı xərclənən vəsaitin cavabdehdən tutulması və iddiaçının bank hesabına köçürülməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsinin şərq hissəsində sifarişçi "xxxx" MTK tərəfindən Bakı ŞİH-in 12 oktyabr 2005-ci il tarixli 267 nömrəli sərəncamı əsasında çoxmərtəbəli yaşayış binası tikilmiş, lakin tikinti zamanı sifarişçi tərəfindən layihədənkənar olaraq əlavə 2 mərtəbə inşa olunmuşdur. Bununla bağlı iddiaçı FHN Tikintidə X6 Agentliyi tərəfindən tikinti işlərinin dayandırılması barədə 26 sentyabr 2019-cu il tarixli 0447 nömrəli qərar qəbul olunmuşdur. Tikinti işlərini qanunsuz aparıldığına görə, habelə binada artıq yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə iddiaçı həmin tikinti obyektinin sökülməsi barədə 12 avqust 2020-ci il tarixli 002 nömrəli qərar da çıxarmışdır. Qeyd olunan qərar 20 avqust 2020-ci il tarixdə sifarişçiyə təqdim olunmuşdur. İddiaçı FHN Tikintidə X6 Agentliyi tərəfindən 17 sentyabr 2020-ci il tarixli xx/xx-05788 nömrəli məktubla cavabdeh "xxxx" MTK-ya müraciət olunmuş və binanın qanunsuz əlavə inşa edilmiş 16-cı və 17-ci mərtəbələrin 1 ay ərzində sökülməsi tapşırılmışdır. Lakin cavabdehin cavab məktubu ilə əsassız səbəblər göstərilməklə söküntü işlərinin aparılmasının mümkün olmadığı bildirilmişdir. Bununla da, cavabdeh qeyri-müəyyən bəhanələrlə tikinti obyektinin sökülməsi barədə qərarı icra etməkdən yayınmışdır. Bundan sonra, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "xxxx"nın tələblərinə əsasən yaşayış binasının qanunsuz inşa olunmuş hissəsinin iddiaçı FHN Tikintidə X6 Agentliyi tərəfindən sökülməsinə başlanmışdır. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq söküntü işlərinin aparılması ilə bağlı xərclənən vəsait binanın sifarişçisi tərəfindən iddiaçının hesablaşma hesabına ödənilməli idi. Lakin cavabdeh "xxxx" MTK yuxarıda göstərilən və sonrakı cavab məktubları ilə həmin vəsaitin könüllü olaraq ödənilməsindən boyun qaçırmışdır. Bu da həmin vəsaitin məcburi qaydada tutulması məqsədi ilə məhkəməyə müraciət edilməsinə zərurət yaratmışdır. İddiaçı FHN Tikintidə X6 Agentliyi dövlət büdcəsindən maliyyələşdirilən icra hakimiyyəti orqanıdır və hal-hazırda qanunsuz inşa olunmuş tikinti obyektlərinin sökülməsi ilə bağlı dövlət büdcəsində müvafiq vəsaitin ayrılması nəzərdə tutulmadığından, həmin işlər onun təsərrüfat hesablı qurumlarının vəsaitləri hesabına həyata keçirilir. Sözügedən vəsaitlərin sifarişçi tərəfindən vaxtında ödənilməməsi də həmin qurumların, habelə iddiaçının özünün əmlak hüquqlarını pozur, eyni zamanda qeyd olunan qurumlar tərəfindən üçüncü şəxslər qarşısında götürülmüş öhdəliklərin vaxtında icrasına ciddi maneələr yaradaraq onların işgüzar nüfuzuna və maraqlarına birbaşa ziyan vurur. Cavabdeh "xxxx" MTK tərəfindən qanunsuz, yəni icazəsiz və layihə sənədləri ekspertizadan keçirilmədən (tikinti işlərinin təhlükəsizlik və etibarlılıq nöqteyi-nəzərindən şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun olması təsdiq edilmədən) aparılan özbaşına işlər ətrafdakı insanların həyatına və sağlamlığına, habelə onların əmlaklarına ciddi təhlükə yaradır. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsinin şərq hissəsində yerləşən, 4 girişli, 15 mərtəbəli yaşayış binasının üstündə qeyri-qanuni tikilməkdə olan əlavə 2 mərtəbənin (16-cı və 17-ci mərtəbələrin) sökülməsi – birbaşa söküntü (demontaj) və bərpa işlərinin aparılması məqsədilə FHN Tikintidə X6 Agentliyinin müvafiq qurumu (S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X3 İnstitutu) tərəfindən podratçı təşkilatla müqavilə bağlanmışdır. Qeyd olunan binanın 15-ci mərtəbəsində artıq yaşayan sakinlərin, söküntü işləri aparılan zaman təhlükəsizliyini təmin etmək məqsədilə onların köçürülməsi və kirayə haqlarının ödənilməsi, habelə qülləli kranın quraşdırılması, tələb olunan materialların alınması, maşın-mexanizmlərin cəlb olunması üçün 358.391,59 manat məbləğində müqavilə bağlanılmışdır. Eyni zamanda, həmin söküntü işləri ilə əlaqədar vergi xidmətinin göstərilməsinə dair audit təşkilatla 8.000 manat müqavilə bağlanılmışdır. Ümumiyyətlə söküntü işlərinin aparılması üçün cəmi 366.391,59 manat məbləğində vəsait tələb olunur. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 180, 1096, 1097, 1108-ci maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92, 95-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Tikinti işlərinin dayandırılması Qaydası»nın 1.4, 3.1.1ci bəndlərinə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "xxxx"nın 1.4, 1.5, 2.1.2, 4.1, 3.12, 3.18.3, 3.19-cu bəndlərinə əsaslanaraq, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsinin şərq hissəsində sifarişçi "xxxx" MTK tərəfindən özbaşına olaraq layihədənkənar inşa olunmuş 16-cı və 17-ci mərtəbələrində söküntü işlərinin aparılması ilə bağlı xərclənən 366.391,59 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MTK-dan məcburi qaydada tutulması və müvafiq bank hesabına köçürülməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixədək qüvvədə olmuş tələblərinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və ərizəsində İPM-in 54.1-ci maddəsinə istinad etməklə ilkin iddia tələbində göstərilən pul məbləğinə əlavə olaraq 84.545,82 manat məbləğində vəsaitin də cavabdehdən məcburi qaydada tutulması və müvafiq bank hesabına köçürülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin 21 sentyabr 2021-ci il tarixli qərardadı ilə "xxxx" MMC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İPM-in 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müvafiq müddəaları tətbiq olunur. MPM-in 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Məhkəmənin 4 noyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə eksperizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuş, iş materialları həmin quruma göndərilmişdir: - Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsinin şərq hissəsində "xxxx" MTK-nın inşa etdiyi çoxmərtəbəli binanın hansı mərtəbələrinin (tam və ya qismən) sökülməsinin və həmin söküntü ilə bağlı çəkilən xərclərin, habelə söküntü zamanı binanın digər mərtəbələrində yerləşən mənzillərə dəymiş zərərin məbləğlərinin müəyyən edilməsi. Məhkəməyə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2022-ci il tarixli məktubu ilə Mərkəzin ekspertinin “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatı daxil olmuş və iş materialları qaytarılmşdır. Məlumatda bildirilir ki, qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiq olunan binanın müvafiq təşkilatlar tərəfindən razılaşdırılmış layihə sənədlərinin, həmçinin sökülmüş mərtəbələrinin inşa olunmasına dair layihə-smeta sənədlərinin Mərkəzə təqdim olunması və həmin tikililərə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə 20 noyabr 2021-ci il tarixli vəsatət göndərilmişdir. Lakin bu günədək vəsatət təmin edilmədiyindən, qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 12-ci maddəsinə və «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat»ın 3.2-ci bəndinə əsaslanaraq, hazırkı ekspertizanın aparılmasından imtina edilərək, iş üzrə materiallar icrasız geri qaytarılır. Məhkəmənin iş üzrə 16 iyun 2022-ci il və 31 oktyabr 2022-ci il tarixli qərardadları ilə yenidən məhkəmə ekspertizası təyin edilərək, ekspert qarşısında müvafiq (əvvəlki ekspertiza üzrə) suallar qoyulmaqla ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Bundan sonra Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2 sentyabr 2022-ci il və 10 yanvar 2023-cü il tarixli məktubları ilə Mərkəzin ekspertinin “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatı daxil olmuş və iş materialları qaytarılmşdır. MPM-in 64-cü maddəsinə görə işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. Məhkəmənin 14 avqust 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən aşağıdakı məsələlər üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır: - Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsinin şərq hissəsində "xxxx" MTK-nın inşa etdiyi çoxmərtəbəli binanın hansı mərtəbələri (tam və ya qismən) sökülmüşdür? - Həmin binanın yalnız yuxarı mərtəbələrinin nəzərdə tutulduğu halda, söküntünün digər (o cümlədən aşağı) mərtəbələrə (mənzillərə, onların ara, xarici, daşıyıcı divarlarına, eyvanlara) ziyan vurulmadan aparılması mümkün ola bilərdimi? Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 20 oktyabr 2023-cü il tarixli 3-35-1/2-2626/2023 saylı məktubunda bildirilmişdir ki, mütəxəssis rəyinin verilməsi məsələsinin araşdırılması Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə»yə əsasən Baş İdarənin vəzifə salahiyyətlərinə aid edilməmişdir. Qeyd olunan məsələ ilə bağlı FHN Tikintidə X6 Agentliyinə müraciət edilməsi tövsiyə olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi gəlmiş, tərəflər (nümayəndələri) gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X4 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi və bildirdi ki, "xxxx" MTK ilə "xxxx" MMC arasında 2005-ci il tarixdə podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" MTK müvafiq binanı 16-cı mərtəbə və 17-ci mansard mərtəbə əlavə edilməklə "xxxx" MMC-yə təhvil verməli idi. Həmin binadan müəyyən ölçüdə sahə və 33% gəlir verməli idi. MTK öhdəliyini yerinə yetirmədiyindən, mübahisə məhkəmə müstəvisinə keçmiş və məhkəmə qərarı "xxxx" MMC-nin xeyrinə qəbul edilmişdir. Sonradan MTK-nın rəhbərliyi barəsində prokurorluqda cinayət işi başlanmışdır. Həmin işin araşdırılması çərçivəsində "xxxx" MTK ilə "xxxx" MMC arasında razılaşma protokolu imzalanmışdır. Protokola sasən binanın 16-cı və mansard mərtəbələri tikilməli idi, bir şərtlə ki, "xxxx" MTK həmin mərtəbələrin tikintisi ilə bağlı sənədləri təqdim etsin. Sonrakı mərhələ pandemiya ilə bağlı karantin dövrünə düşmüşdür, həmin dövrdə Fövqəladə Hallar Nazirliyindən bildirilmişdir ki, binanın yuxarı mərtəbələrinin sənədləri tam deyil və Nazirlik həmin iki mərtəbənin sökülməsi barədə qərar çıxarmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddısinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.1-ci maddəsinə əsasən bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir: (92.1.1) tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; (92.1.2) tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda; (92.1.3) bu Məcəllə ilə nişanlanması tələb edildiyi halda tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından və məmulatından istifadə edildikdə; (92.1.4) tikinti işlərinə bu Məcəllənin 51-ci maddəsində nəzərdə tutulmuş peşə sahələri üzrə müvafiq ixtisası və sertifikatı olmayan şəxslər cəlb edildikdə. Həmin Məcəllənin 92.2-ci maddəsinə əsasən bu Məcəllənin 92.1-ci maddəsində nəzərdə tutulmuş yazılı göstərişdə hər bir pozuntu ayrıca təsvir olunur və həmin pozuntunun sifarişçi (podratçı) tərəfindən aradan qaldırılması üçün ağlabatan müddət müəyyən edilir. Həmin Məcəllənin 92.3-cü maddəsinə əsasən sifarişçi (podratçı) bu Məcəllənin 92.2-ci maddəsinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq pozuntuların aradan qaldırıldığı barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verdiyi, belə məlumatın verilmədiyi hallarda isə, həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı gündən ən geci 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə (podratçıya) icrası yoxlanılmış yazılı göstərişin icra olunmayan hissəsində yenidən yazılı göstəriş təqdim edir. Həmin Məcəllənin 92.4-cü maddəsinə əsasən tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: (92.4.1) tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə; (92.4.2) tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda; (92.4.3) bu Məcəllənin 92.1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda; (92.4.4) bu Məcəllənin 92.1.2-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 6 ay müddətində aradan qaldırılmadıqda; (92.4.5) bu Məcəllənin 92.1.3-cü və 92.1.4-cü maddələrində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda. Həmin Məcəllənin 92.5-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda onun qəbulunu şərtləndirən pozuntular (faktiki və hüquqi hallar) təsvir edilməli və həmin pozuntuların aradan qaldırılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının izahlı göstərişi nəzərdə tutulmalıdır. Tikinti işlərinin dayandırılması barədə qərar 3 iş günü müddətində sifarişçiyə (podratçıya) təqdim olunur. Həmin Məcəllənin 92.6-cı maddəsinə əsasən tikinti işləri dayandırıldığı müddətdə tikintinin podratçısı (podratçı olmadığı hallarda sifarişçisi) üçüncü şəxslərin həyatının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyini təmin etmək məqsədilə tikinti meydançasında mühafizə tədbirləri görməlidir. Həmin Məcəllənin 92.7-ci maddəsinə əsasən tikinti işləri bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən dayandırıldığı hallarda sifarişçiyə (podratçıya) yalnız dayandırılma barədə qərarda müəyyən edilən pozuntuların aradan qaldırılması ilə bağlı işlərin yerinə yetirilməsinə yol verilir. Həmin Məcəllənin 92.9-cu maddəsinə əsasən yazılı göstəriş və tikinti işlərinin dayandırılması barədə qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 95.1-ci maddəsinə görə tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: (95.1.1) tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; ( 95.1.2) bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; (95.1.3) bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; (95.1.3-1) bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; (95.1.4) sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. Həmin Məcəllənin 95.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 95.5-ci maddəsinə əsasən sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Tikinti işlərinin dayandırılması Qaydası»nın 1.4-ci bəndinə görə bu Qaydaya uyğun olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətlərini Nazirliyin Tikintidə X6 Agentliyi və Tikintidə X6 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirir. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən tikinti işləri həyata keçirilərkən aşağıdakı pozuntular aşkar olunduqda, texniki baxış aktı tərtib edilir və onun əsasında Tikintidə X6 Agentliyi tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir: - (3.1.1) tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "xxxx"nın 1.4-ci bəndinə görə 1.4-cü bəndinə görə bu Qaydaların 2.1.1-ci və 2.1.2-ci bəndlərində nəzərdə tutulmuş və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.2-ci maddəsinə əsasən yan divarlarının və dam örtüyünün tikintisi başa çatdırılmamış tikilən obyektin sökülməsi barədə qərarı FHN Tikintidə X6 Agentliyi qəbul edir. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.5-ci maddəsinə uyğun olaraq, tikinti obyektlərinin sökülməsi (bu Qaydaların 5-ci hissəsində və 6.2-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) obyektin sifarişçisi tərəfindən icra olunmadığı halda, bu işi FHN Tikintidə X6 Agentliyi həyata keçirir. Həmin Qaydaların 2.1.2-ci bəndinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsinə əsasən, tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: - (2.1.2) tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə və həmin tikinti işlərinin dayandırılması barədə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə əsasən qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda. Həmin Qaydaların 3.12-ci bəndinə görə sifarişçi (sahib) və ya onun nümayəndəsi sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyektinin sökülməsini bir ay müddətində təmin etməlidir. Sifarişçi (sahib) və ya onun nümayəndəsi sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyektinin sökülməsini bir ay müddətində təmin etmədikdə, habelə tikinti obyektinin sifarişçisi (sahibi) və ya onun nümayəndəsi aşkar olunmadıqda və onun aşkarlanması mümkün olmadıqda, həmin tikinti obyekti FHN Tikintidə X6 Agentliyi tərəfindən sökülür. Həmin Qaydaların 3.18-ci bəndinə görə söküntü işləri FHN Tikintidə X6 Agentliyi tərəfindən həyata keçirildikdə, bu Qaydaların 3.13-3.16-cı bəndlərində göstərilənlərdən əlavə aşağıdakı tədbirlərin yerinə yetirilməsi təmin olunmalıdır: - (3.18.3) söküntü işlərinin və bu Qaydaların 3.14-cü bəndində nəzərdə tutulan təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün tələb olunan vəsaitin ödənilməsi; Həmin Qaydaların 3.19-cu bəndinə görə bu Qaydaların 3.18.3-cü yarımbəndinə əsasən ödənilən vəsait, habelə söküntü işlərinin aparılması ilə bağlı xərclənən vəsait sonradan sifarişçi (sahib) tərəfindən FHN Tikintidə X6 Agentliyinin hesablaşma hesabına ödənilməlidir. Sifarişçi söküntü işlərinin aparılması üçün nəzərdə tutulan vəsaiti könüllü olaraq ödəmədikdə, FHN Tikintidə X6 Agentliyi həmin vəsaitin məcburi qaydada tutulması məqsədi ilə məhkəməyə müraciət edir. Qaydaların 4.1-ci bəndinə görə bu Qaydaların 2.1.2-ci yarımbəndinə əsasən tikintisinə icazənin tələb olunmasına baxmayaraq, belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikilmiş və barəsində tikinti işlərinin dayandırılmasına dair Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92-ci maddəsinə müvafiq qaydada qərar qəbul edildiyi gündən 6 ay müddətində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq tikintisinə icazə alınmayan, yan divarlarının və dam örtüyünün tikintisi başa çatmamış obyektin sökülməsi barədə FHN Tikintidə X6 Agentliyi müvafiq qərar qəbul edir. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında MPM-in müddəaları tətbiq oluna bilər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarından görünür ki, FHN Tikintidə X6 Agentliyi tərəfindən 26 sentyabr 2019-cu il tarixli 0447 nömrəli qərar qəbul olunmuş və qərarla sifarişçisi "xxxx" MTK olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" massivi (Rayon Qeydiyyat şöbəsi ilə üzbəüz), 4 girişli, 12 mərtəbəli yaşayış binasında əlavə mərtəbələrin tikintisi dayandırılmışdır. İş materiallarından görünür ki, FHN Tikintidə X6 Agentliyi tərəfindən 12 avqust 2020-ci il tarixli 002 nömrəli qərar qəbul olunmuş və qərarla sifarişçisi "xxxx" MTK olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsinin şərq hissəsində çoxmənzilli yaşayış binasında qeyri-qanuni tikilmiş 16 və 17-ci mərtəbələrin sökülməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, FHN Tikintidə X6 Agentliyinin 22 sentyabr 2020-ci il tarixli əmri ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsinin şərq hissəsində yerləşən 4 girişli, 15 mərtəbəli yaşayış binasının üstündə qeyriqanuni tikilməkdə olan əlavə 2 mərtəbənin sökülməsini təmin etmək məqsədilə tikinti obyektinin sökülməsi barədə Agentliyin 12 avqust 2020-ci il tarixli 002 saylı qərarının icrası ilə bağlı söküntü işlərinin həyata keçirilməsi üzrə sifarişçi funksiyaları Agentliyin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X3 İnstitutuna həvalə edilmiş, söküntü işlərinin müvafiq qaydada hazırlanmış və ekspertizadan keçirilmiş layihə sənədləri əsasında həyata keçirilməsi və bu sahədə müvafiq təcrübəsi olan tikinti təşkilatı ilə bağlanmış müqavilə əsasında aparılması, söküntü tədbirlərinin maliyyələşdirilməsinin Agentliyin təsərrüfat hesablı qurumları tərəfindən ayrılan və S.Ə.Dadaşov adına Elmi- Tədqiqat və Layihə-X3 İnstitutunun müvafiq bank hesabında yığılan vəsaiti hesabına aparılması Agentliyin rəis müavininə, söküntü işlərinin maliyyələşdirilməsi məqsədilə həmin vəsaitin toplanması üçün müvafiq bank hesabının açılmasının və maliyyə vəsaitlərinin ayrılmasına dair müqavilələrin bağlanmasının təmin edilməsi Agentliyin S,Ə.Dadaşov adına ETLKİM İnstitutuna, söküntü tədbirlərinin həyata keçirilməsi ilə bağlı xərclənən vəsaitlərin məhkəmə qaydasında qanunsuz tikinti işləri aparan "xxxx" MTK-dan tutulmasını təmin etmək Agentliyin Hüquq şöbəsinə tapşırılmışdır. İş materiallarından görünür ki, FHN Tikintidə X6 Agentliyinin "xxxx" MTK-ya ünvanlanmış 17 sentyabr 2020-ci il tarixli xx/xx-05788 nömrəli məktubda aşağıdakılar bildirilmişdir: - Məlum olduğu kimi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsinin şərq hissəsində "xxxx" MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasının üstündə qeyri-qanuni əlavə olaraq tikilmiş 2 mərtəbənin sökülməsi barədə Agentliyin 12 avqust 2020-ci il tarixli 002 nömrəli qərarı verilmişdir. "xxxx"nın 3.12-ci bəndinə əsasən MTK yuxarıda qeyd olunan əlavə mərtəbələrin sökülməsini 1 ay müddətində təmin etməlidir. Söküntü işləri MTK tərəfindən aparılmadığı təqdirdə, binanın həmin hissəsinin sökülməsi qanunvericiliklə müəyyən olunmuş qaydada Agentlik tərəfindən təmin olunacaqdır. İş materiallarından görünür ki, "xxxx" MTK-nın FHN Tikintidə X6 Agentliyinə ünvanlanmış 24 sentyabr 2020-ci il tarixli 36 nömrəli cavab məktubunda aşağıdakılar bildirilmişdir: - "xxxx" MTK-nın Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsində inşa etdiyi yaşayış binasının 16 – 17-ci mərtəbələri MTK-nın sifarişi ilə podratçı təşkilat "xxxx" MMC tərəfindən inşa edilmişdir. "xxxx" MTK-ya məlum səbəblərdən təqribən 2.600.000 manat ziyan dəymişdir. Maliyyə çətinliyi ilə əlaqədar podratçı təşkilat tərəfindən inşa edilmiş 16 – 17-ci mərtəbələrin söküntüsünün "xxxx" MTK tərəfindən aparılması mümkün deyildir. İş materiallarından görünür ki, sifarişçi S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X3 İnstitutu və icraçı "xxxx" MMC arasında 24 sentyabr 2020-ci il tarixli 01/20/A nömrəli podrat müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə icraçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsinin şərq hissəsində yerləşən 4 girişli, 15 mərtəbəli yaşayış binasının üstündə qeyri-qanuni tikilməkdə olan əlavə 2 mərtəbənin sökülməsini təmir edir, sifarişçi isə bunun müqabilində bu müqavilədə nəzərdə tutulmuş qaydada ödənişin aparılmasını öhdəsinə götürür. İş materiallarından görünür ki, icraçı "xxxx" MMC ilə sifarişçi S.Ə.Dadaşov adına ETLKİM İnstitutu arasında 18 sentyabr 2020-ci il tarixli 20/16 nömrəli vergi xidməti müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə sifarişçi müqaviləyə 1 nömrəli əlavədə göstərilən vergi xidmətlərini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada xidməti göstərməyi öhdəsinə götürür. Göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət aktı (və ya aktları) ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir. Xidmətin göstərilməsi tərəflərin hazırkı müqavilənin 5.2-ci bəndində göstərilən müddət ərzində həyata keçirilir. İş materiallarından görünür ki, tələbkar "xxxx" MMC ilə borclu "xxxx" MTK arasında 16 avqust 2019-cu il tarixdə razılaşma protokolu təsdiqlənmişdir. Protokolda aşağıdakılar nəzərdə tutulmuşdur: 1) Borclu müvafiq icra sənədi ilə bağlı tələbkara təhvil verdiyi mənzildən 5.000 kv.m borcu tam balamadığına görə borclu özü tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanında layihə və digər texniki sənədlərə əsasən 4 girişli, 17 mərtəbəli yaşayış binasının tikintisinə icazə verildiyi halda, faktiki olaraq 15 mərtəbəsi inşa edilmiş yaşayış binasının 4 giriş üzrə ümumi sahəsi 1.930 kv.m olan 16-cı mərtəbəsinin və 1.800 kvm olan 17-ci mərtəbəsinin (mansard), habelə ticarət mərkəzinin üst hissəsində ümumi sahəsi 220 kv.m olan mərtəbəsini tələbkarın öz vəsaiti hesabına Tikinti norma və qaydalarına, eyni zamanda tikintidə təhlükəsizlik qaydalarıa ciddi əməl etməklə tələbkarın öz vəsaiti və riski hesabına inşa edilməsini, habelə bütün vergi və rüsumları ödəmək şərti ilə həmin yaşayış və qeyriyaşayış sahələrinin istifadəsinin (satışını və icarəsini) sərbəst şəkildə həyata keçirmək hüququnu tələbkara həvalə edir; 2) Bu razılaşma əsas etibarı ilə tələbkar tərəfindən satılmış, lakin mənzillərlə təmin olunmayan vətəndaşların mənzillərlə təmin edilməsi və borclunun tələbkara təhvil vermədiyi 5.000 kv.m sahənin əvəzləşməsi məqsədi daşıyır; 3) Vətəndaşlara verilmiş həmin mənzil sahələri ilə bağlı tərəflər birbaşa və ya dolayısı yollarla qaldırılmış bütün məhkəmə instansiyalarından imtina edirlər; 4) Tikinti başa çatdıqdan sonra borcu və tələbkar tərəflər hazırkı razılaşma protokolunun Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-523/2013 saylı 17 dekbar 2013-cü il tarixli qətnaməsi üzrə icraata xitam verilməsi üçün əsas olmasını qəbul edirlər; 5) Hazırkı razılaşmanın 1-ci bəndində qeyd olunan tikinti işləri başlamamışdan əvvəl, borclu tikintinin başlanılması üçün özündə olan zəruri sənədlərlə tələbkarı təmin etməyi öhdəsinə götürür; 6) Borclu hazırkı razılaşmada nəzərdə tutuan tikinti işlərinin aparılması məqsədilə avadanlığın, texnikanın, mal-materialın tikinti ərazisinə sərbəst şəkildə gətirilməsinə tələbkara və ya tələbkarın hər hansı bir tikinti təşkilatı ilə bağladığı müqavilə əsasında ərazidə iş görəcək şikrkətə şərait yaratmasını öz öhdəsinə götürür; 7) Hazırkı razılaşmada protokolun 1-ci bəndində qeyd olunan tələbkar və ya tələbkarın hər hansı bir tikinti təşkilatı ilə bağladığı müqavilə əsasında ərazidə iş görəcək şikrkət tərəfindən digər mənzil mülkiyyətçilərinə ziyan vurmadan aparılmasını, əgər belə hal baş verərsə, həmin mülkiyyətçiyə dəymiş ziyanın özü tərəfindən ödənilməsini öhdəsinə götürür; 8) Tələbkar tərəfindən tikiləcək 16-cı və 17ci (mansard) tam olaraq tələbkarın mülkiyyətinə keçir və borclu həmin mərtəbələrdə olan mənzillərin istifadəsinə (satışına, icarəsinə) müdaxilə edə bilməz; 9) Tələbkar 25 iyul 2005-ci il tarixli podrat müqaviləsinin digər şərtlərindən imtina etməklə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" y/s, 4 girişli, çoxmərtəbəli, 13M saylı binanın 16 – 17-ci mərtəbələrinin istismar xidməti "xxxx" MMC-yə verilir və tələbkar 25 iyul 2005-ci il tarixli müqavilə ilə bağlı borclu və borclunun rəhbərliyinə, təsisçilərinə və payçılarına qarşı heç bir irad və tələbi olmayacağı barədə öhdəçilik götürür; 10) Tələbkar hazırkı razılaşma protokolu imzlandığı gündən 6 ay ərzində tikintisini başa vurmağı öz öhdəsinə götürür; 11) Bu razılaşma protokolu hər iki tərəfə və Baş Prokurorluq yanında KQMB İdarəsinə bir nüsxə verilməklə üç nüsxədə tərtib olunur və üçü də eyni hüquqi qüvvəyə malikdir; 12) Hazırkı razılaşma protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir. İş materiallarından görünür ki, sifarişçi "xxxx" MTK ilə podratçı "xxxx" MMC arasında 16 avqust 2019-cu il tarixdə podrat müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə (2-ci bəndinə) görə sifarişçi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsində inşa edilmiş, 4 girişli, çoxmərtəbəli yaşayış binasının layihəyə uyğun 16-cı yaşayış, 17-ci texniki (mansard) mərtəbələrinin tikinti işlərinin aparılması və satışı Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-523/2013 saylı 17 dekabr 2013-cü il tarixli qərarına əsasən 5.000 kv.m əvəzi olaraq podratçıya verilir. Podratçı tərəfindən görülmüş işlər hər ay akt əsasında rəsmiləşdirilir. Podratçı onlara təqdim olunmuş layihə-smeta əsasında Tikinti norma və qaydalarına, qəbul olunmuş standartlara uyğun yuxarıda göstərilən işləri yüksək keyfiyyətlərlə yerinə yetirməyi və binanı müqavilədə nəzərdə tutulmuş qaydada, müddətdə tam başa çatdırmağı öz öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə İPM-in müddəalarına müvafiq olaraq inzibati mübahisə mövcuddur ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8-ci maddələri). Mübahisə publik xarakterli olmaqla iddia düzgün cavabdehə qarşı verilmişdir və iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə ilk növbədə vurğulayır ki, cavabdeh "xxxx" MTK-nın sifarişi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsinin şərq hissəsində tikilmiş çoxmətəbəli yaşayış binasının layihəsində nəzərdə tutulmayan 16-cı və 17-ci (mansard) mərtəbələrinin tikintiyə icazə alınmadan, yəni qanunsuz inşa olunması işin mübahisə olunmayan hallarına aiddir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçı FHN Tikintidə X6 Agentliyinin qəbul etdiyi 26 sentyabr 2019-cu il tarixli 0447 nömrəli qərar “tikintinin dayandırılması barədə” və 12 avqust 2020-ci il tarixli 002 nömrəli “tikintinin sökülməsi barədə” qərarlar maraqlarına toxunan şəxs kimi hazırkı cavabdeh "xxxx" MTK tərəfindən mübahisələndirilməmişdir. Eləcə də, 26 sentyabr 2019-cu il və 12 avqust 2020-ci il tarixli həmin qərarlar ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, geri çağırılmadığından, etibarsız sayılmadığından, habelə qüvvədə olma müddəti qurtarmadığından və başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi cəhətdən etibarlı sayılır. İşdə olan sübutlarla təsdiq olunur ki, iddiaçı FHN Tikintidə X6 Agentliyi səlahiyyətli orqan olaraq tikintinin sökülməsi barəsi barədə qərar qəbul etdikdən sonra müvafiq binanın sifarişçisi kimi çıxış edən hazırkı cavabdeh "xxxx" MTK-ya söküntünün aparılması ilə bağlı müraciət etsə də, sonuncu tərəfindən binanın sökülməsi təmin edilməmişdir. Bu isə məhkəmədə belə qənaət yaradır ki, iddiaçı FHN Tikintidə X1 ünvanlanmş xəbərdarlıqdan sonra sifarişçisi "xxxx" MTK olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsinin şərq hissəsində tikilmiş çoxmətəbəli yaşayış binasının qanunsuz olaraq əlavə inşa edilmiş 16-cı və 17-ci (mandsard) mərtəbələrinin sökülməsini həyata keçirməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və «İnzibati icraat haqqında» Qanunun müddəalarına, o cümlədən mütənasiblik kriteriyasına, eləcə də digər qanunvericilik aktlarının tələblərinə zidd olmamışdır. Söküntü işlərinin aparaılması ilə bağlı səkilən xərclərin məbləğinə gəldikdə isə, qeyd olunmalıdır ki, bu xərclərə müvafiq binanın 15-ci mərtəbəsində artıq yaşayan sakinlərin söküntü işləri aparılan zaman təhlükəsizliyini təmin etmək məqsədilə köçürülməsi və kirayə haqlarının ödənilməsi, qurğuların, maşın-mexanizmlərin quraşdırılması, materialların alınması üzrə məsrəflərin də daxil edildiyi iddia olunur. Məhkəmə söküntüyə çəkilən xərclərin dairəsini qəbul etməklə yanaşı, xərclərin məbləğini də adekvat sayır. Bu nəticəyə ondan irəli gəlir ki, məhkəmə icratının gedilşində mübahisə doğura biləcək halların, daha dəqiq desək çəxilən xərclərin məbləğinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə ekspertizası təyin edilsə də, habelə söküntünün fəsadlarının əhatə dairəsinin müəyyən edilməsi barədə rəy alınması üçün mütəxəssis cəlb olunsa da, hər hansı nəticə əldə olunmamışdır. Odur ki, sadalanan xüsusatlarla bağlı cavabdeh tərəfin də tutarlı arqument gətirmədiyini, eləcə də məhkəmə icraatında artıq məsrəflərə yol verilməməsinin zəruriliyini nəzərə alaraq, məhkəmə iddiaçının söküntü işlərinə çəkdiyi xərcləri təsdiq edən sənədlərlə kifayətlənmiş və həmin sənədləri mötəbər sübut qismində qəbul etmişdir. Bütün bunlaların məcmusunda məhkəmə hesab edir ki, iddiaçı FHN Tikintidə X6 Agentliyi cavabdeh "xxxx" MTK-dən onun (cavabdehin) sifarişi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsinin şərq hissəsində tikilmiş çoxmətəbəli yaşayış binasının layihəsində nəzərdə tutulmayan qanunsuz inşa edilmiş 16cı və 17-ci (mansard) mərtəbələrinin söküntüsü ilə bağlı xərclənən 450.937,41 manat pul vəsaitini tələb etməkdə haqlıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, "xxxx" yaşayış sahəsinin şərq hissəsində sifarişçi kimi cavabdeh "xxxx" MTK tərəfindən binanın özbaşına olaraq layihədənkənar inşa olunmuş 16-cı və 17-ci mərtəbələrində söküntü işlərinin aparılması ilə bağlı xərclənən 450.937,41 manat məbləğində vəsaiti cavabdeh "xxxx" MTK-dan məcburi qaydada tutulmalı və iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin bank hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, "xxxx" yaşayış sahəsinin şərq hissəsində sifarişçi kimi cavabdeh "xxxx" MTK tərəfindən binanın özbaşına olaraq layihədənkənar inşa olunmuş 16-cı və 17-ci mərtəbələrində söküntü işlərinin aparılması ilə bağlı xərclənən 450.937,41 manat məbləğində vəsaiti cavabdeh "xxxx" MTK-dan məcburi qaydada tutulsun və iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin bank hesabına köçürülsün Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar