Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-670/2022 11.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X13 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla "arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən sahəsi 0,07 ha olan V-1/3331 saylı bağ sahəsinə dair hüquqlarının mərhum X11 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayon, Zirə qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,07 ha olan V-1/3331 saylı bağ sahəsi Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 inkişafı və istismarı Birliyi mərhum əri-X15 ilə bağlanmış 06.07.2006-cı il tarixli 38046 saylı Bağın istifadəyə verilməsi haqqında müqavilə ilə X8 istifadəsinə verilmişdir. 03.01.2009-cu il tarixində X15 ölmüşdür. Daha sonra Bakı şəhərinin notariusu X5 (Şəhadətnamə N-l 19) tərəfindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamə mərhumun arvadı kimi ona verilmişdir. O, dəfələrlə cavabdeh quruma müxtəlif illərdə yazılı ərizə yazaraq xahiş etmişdir ki, sözügedən torpaq sahəsinin sənədləşməsini aparsınlar, lakin, ona bəhanə gətirərək bildirilir ki, torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmadığından müraciəti icra edilə bilmir. Belə bir cavab aldıqdan sonra o, ərizə yazaraq xahiş etmişdir ki, əgər çətinlik sərhədlərin müəyyən edilməsi ilə bağlıdırsa, o zaman mühəndislər gəlsinlər və müqavilədə onun istifadəsində nəzərdə tutulmuş sahənin sərhədlərini məüyyən etsinlər ki, səbəb də aradan qaldırılmış olsun. Bağ sahəsinin sərhədlərinin müəyyən edilməsi ilə bağlı 26.11.2019-cu il tarixində cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Onun ərizəsinə 06.12.2019-cu il tarixli **********27 saylı imtina edilərək istifadəsində olan bağ sahəsinin digər fiziki şəxsin adına qeydiyyatdan keçməsini əsas gətirmişlər. Bu imtina ilə bağlı bildirir ki, belə bir halın olması mümkün deyil. Çünki, bağı sahəsi mərhum ərinə verildiyi tarixdən faktiki olaraq onların istifadəsində olmuşdur. Beləliklə, ən son cəhdini cavabdeh quruma 21.01.2020-ci il tarixli ərizə ilə müraciət etməklə həyata keçirdib və ona növbəti imtina məktubu gəlmişdir. Həmin müraciətinə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 14.02.2020-ci il tarixində **********17 saylı cavab məktubu verilmişdir. Cavabdeh qurumun ona ünvanladığı ərizənin məzmunu imtina xarakterli olduğundan və hüquqlarının məhkəmə qaydasında təmin edilməsi zərurətini rəhbər tutaraq məhkəməyə müraciət etmişdir. Beləki, imtina məktubunda ona əsas olaraq bildirilmişdir ki, bağçılıq yoldaşlığına dair bölgü sxemi olmadığından istifadəsində olan bağ sahsəinin sərhədlərini müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin arxiv məlumatlarına əsasən eyni bağ nömrəsi ilə sözügedən bağçılıq yoldaşlığının ərazisindən digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Sənədlə bağın sahəsi 700 kv. metr olsa da faktiki 1.012,17 kv. metr təşkil edir ki, bununla guya o, torpaq sahəsi zəbt etmişdir. İmtina cavabı ilə əlaqədar bildirir ki, zəbt edilmiş torpaq sahəsini istəmir, müqavilə üzrə ona düşən sahənin sənədləşdirilməsini tələb edir. İstifadəsində olan bağ sahəsi hasar daxilindədir belə olan halda necə ola bilər ki, onun bağ sahəsinin sərhədlərini müəyyənləşdirmək mümkün olmasın. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 23 fevral 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin 29.04.2021-ci il tarixli qərardadı ilə X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdehin iddia tələbinə dair etirazı (mülahizəsi) 08.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırmışdır ki, yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Sərəncamın icrası ilə əlaqədar olaraq bildirirlər ki, müvafiq bağçılıq yoldaşlığına dair bölgü sxemi olmadığından iddiaçının istifadəsində olan bağ sahəsinin sərhədlərini müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən eyni bağ nömrəsi ilə sözügedən bağçılıq yoldaşlığının ərazisindən digər fiziki şəxsin (X10) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bundan əlavə bağ sahəsi sənədlə 700.0 kv. metr olsa da, faktiki 1.012,7 kv. metr təşkil edir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş üçüncü şəxs X10 məhkəmə iclasına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili Vəkil məhkəmə iclasında ayrı-ayrılıqda verdikləri izahatlarında iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X12 etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X10 izahatında sahəsi 0,10 ha-dan ibarət Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 3331 saylı bağ evinin 1999-cu ildən istifadəsində, 2005-ci ildən isə xüsusi mülkiyyət hüququ ilə ona məxsus olduğunu, İddiaçı faktiki istifadəsində olan bağ torpaq sahəsinin ona məxsus bağ torpaq sahəsinə heç bir aidiyyatının olmadığını, iddiaçıya məxsus bağ torpaq sahəsinin onun bağ torpaq sahəsindən ayrıca sahədə yerləşdiyini bildirmiş və məhkəmədən qeyd olunanların nəzərə alınmaqla mübahisənin məhkəmənin öz mülahizəsinə əsasən həll olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1954-cü ildə doğulmuş İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və İstismarı Birliyi ilə X15 arasında bağlanmış Zirə ərazisindəki V-1/3331 nömrəli bağın istifadəyə verilməsi haqqında 38016 №li 06 iyul 2006-cı il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Əzizbəyov rayonu, Zirə ərazisində 0,07 ha torpaq sahəsi olan 1/3331 №li bağ sonuncunun istifadəsinə verilmişdir. ünvan 5 ünvanlanmış 303 №li 30 iyul 2016-cı il tarixli məktubda göstərilmişdir ki, ünvan 6 ünvanında yaşamış və 03.01.2009-cu il tarixdə vəfat etmiş mərhum X8 vərəsələrinin ərizələrinə əsasən 20.06.2009-cu il tarixdə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinə məxsus Zirə ərazisində yeləşən V-1/3331 nömrəli 0,07 ha (bağ sahəsi) torpaq sahəsi 06.07.2006-cı il tarixli 38046 saylı müqavilə əsasında ünvan 7 ünvanında yaşayanlar aşağıdakı adları çəkilən ailə üzvlərinin ümumi istifadəsinə verilmişdir. 1) X15-03.01.2009-cu il tarixdə vəfat etmişdir. 2) İddiaçı. 3) X18. 4) X19. 5) X14. 6) X16. Məktubda Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən 1/3331 nömrəli 0,07 ha (bağ sahəsi) torpaq sahəsindən mərhum –X11 çatası (Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və X22 ərazisindəki V-1/3331 nömrəli bağın istifadəyə verilməsi haqqında 06.07.2006-cı il tarixli 38046 saylı müqaviləyə əsasən) paya dair (vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsas olan sənəd) müvafiq sənədin mərhumun arvadı –İddiaçı vasitəsilə göndərilməsi xahiş olunmuşdur. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətlərə cavab olaraq, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş; - **********12 №li 14.02.2020-ci il tarixli məktubla bildirilmişdir ki, mərhum X6 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən V-1/3331 saylı bağ sahəsinin sərhədlərinin müəyyən edilməsi barədə ********** nömrəli 21.01.2020-ci il tarixli ərizəsinə baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, bağçılıq yoldaşlığına dair bölgü sxemi olmadığından istifadəsində olan bağ sahəsinin sərhədlərini müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əasən eyni bağ nömrəsi ilə sözügedən bağçılıq yoldaşlığının ərazisindən digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bundan əlavə bağ sahəsi sənədlə 700,0 kv. metr olsa da, faktiki 1012,7 kv. metr təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. - **********41 №li 15.01.2021-ci il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən V-1/3331 saylı bağ sahəsinə dair hüququn X11 məxsus olması haqqında arayışın verilməsi ilə bağlı ********** nömrəli, 09.10.2020-ci il tarixli ərizəyə baxılmış, sözügedən ünvanda yerləşən bağ sahəsi ilə bağlı 14.02.2020-ci il tarixli **********12 nömrəli məktubla cavab verilmiş və həmin cavab məktubunda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********39 №li 07.06.2021-ci il tarixli məktubu ilə və üçüncü şəxs X10 tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li Çıxarışın təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsində inşa edilmiş 11,1 kv. metrdən ibarət 3331 saylı bağ evi xüsusi mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi ilə 08.10.2016-cı il tarixdə X4 adına Daşınmaz əmlakın dövlət reystrində 137 nömrəli reyestr kitabının 13721 nömrəli vərəqində qeydiyyata alınmışdır. DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən qeyd olunan daşınmaz əmlaka dair X4 adına **********02-11301 reyestr nömrəli Texniki pasport tərtib olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 22.11.2021-ci il tarixli 10/4012 saylı ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və İstismarı Birliyi ilə mərhum X15 arasında bağlanmış Zirə ərazisindəki V-1/3331 nömrəli bağın istifadəyə verilməsi haqqında 38016 nömrəli 06 iyul 2006-cı il tarixli müqaviləyə əsasən sonuncunun istifadəsinə verilmiş, iddiaçının baxış zamanı təqdim etdiyi Əzizbəyov rayonu, Zirə qəsəbəsində 0,07 ha sahəsi olan 1/3331 nömrəli bağ torpaq sahəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********02-11301 reyestr nömrəli, 08.10.2016-cı il tarixli çıxarış sənədinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən sahəsi 0,10 ha olan 3331 saylı bağ torpaq sahəsinin naturada üst-üstə düşmədiyi, torpaq sahələrinin arasından faktiki olaraq yol keçdiyi müəyyən edildi. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və İstismarı Birliyinin 38016 nömrəli, 06 iyul 2006-cı il tarixli Zirə ərazisindəki V- 1/3331 nömrəli bağın istifadəyə verilməsi haqqında müqaviləsinə əsasən, Əzizbəyov rayonu, Zirə qəsəbəsində yerləşən baxış zamanı iddiaçının təqdim etdiyi 0,07 ha sahəsi olan 1/3331 nömrəli bağ torpaq sahəsinin faktiki olaraq 20 metr enində 35 metr uzunluqda olmaqla 700 kv. metr sahəni əhatə etdiyi müəyyən edildi. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.5-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mərhum ərinin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələrindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.10.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. Göründüyü kimi, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilməsi cavabdeh inzibati orqanın vəzifələrinə aid edilmişdir. Cavabdeh inzibati orqanın imtinada və iddiaya dair etirazda göstərdiyi dəlillərə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mərhum ərinə mübahisəli torpaq sahəsi tam qanuni əsaslarla ayrılmışdır. Belə ki, işin araşdırılan hallarından da müəyyən olunduğu kimi, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və İstismarı Birliyi ilə mərhum X15 arasında bağlanmış Zirə ərazisindəki V-1/3331 nömrəli bağın istifadəyə verilməsi haqqında 38016 nömrəli 06 iyul 2006-cı il tarixli müqaviləyə əsasən sonuncunun istifadəsinə verilmiş, Əzizbəyov rayonu, Zirə qəsəbəsində 0,07 ha sahəsi olan 1/3331 nömrəli bağ torpaq sahəsi ilə iş üçüncü şəxs qismində cəlb olunmuş X7 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən sahəsi 0,10 ha olan 3331 saylı bağ torpaq sahəsi naturada üst-üstə düşmür və həmin torpaq sahələrinin arasından faktiki olaraq yol keçir. İddiaçının mərhum ərinə ayrılmış mübahisəli bağ torpaq sahəsi faktiki olaraq 700 kv. metr təşkil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən sahəsi 0,07 ha olan V-1/3331 saylı bağ sahəsinə dair İddiaçı əri mərhum X8 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz əmlakın Dövlət reyestrindən arayışın (çıxarış) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-670/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-670/2022
11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver