Məhkəmə qərarları › İş №2-1(112)-6705/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6705/2023

23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6705/2023 23.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçıya sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı «cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçıya sığorta ödənişinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı həqiqi hərbi xidmətdən sonra 23 iyun 2014-cü il tarixdən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə müddətdən artıq hərbi xidmət quluqçusu kimi cəlb olunmuşdur. 2017-ci ildə xəstəliklə əlaqədar müayinə olunmuş və 30 oktyabr 2017-ci il tarixdə Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararsız hesab edilmişdir. Bundan sonra o, dəfələrlə ilkin kompensasiya almaq üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş və hər dəfə ona əlillik dərəcəsi təyin edildikdən sonra bütün sığorta məbləğlərinin ödəniləcəyi bildirilmişdir. 8 oktyabr 2022-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasının qərarı ilə iddiaçıya 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Sözügedən qərarda qeyd olunur ki, əlillik hərbi xidmət dövrü ilə əlaqədar verilir. Bununla bağlı iddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də, həmin qurumdan 15 noyabr 2022-ci il tarixdə **********8 saylı aşağıdakı məzmunda imtina məktubu almışdır: «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən sığortaolunanın hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyin müəyyən edilməsi sığorta hadisəsi hesab olunur. Araşdırma zamanı məlum olmuşdur ki, o (ərizəçi), 4 dekabr 2017-ci il tarixdə AR Silahlı Qüvvələrindən ehtiyata buraxılmış və Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əlillik” altsisteminin məlumat bazasına əsasən hərbi xidmət dövrü ilə əlaqədar 14 mart 2022-ci il tarixdə onun ikinci dərəcəli əlilliyi müəyyən olunmuşdur. Odur ki, əlilliyin müəyyən olunma dövrü üç ildən artıq müddəti əhatə etdiyindən, sözügedən Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən sığorta ödənişinin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsinə, İPM-in 1.1, 2.2-ci maddələrinə əsaslanaraq, məhkəmədən cavabdehin məktubunun imtinasının qanunsuz sayılması və 2ci qrup əlil kimi İddiaçı sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə təqdim olunmuş 27 iyul 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiası əsassızdır və təmin edilməməlidir. İddiaçı hərbi xidmətlə əlaqədar əlillik dərəcəsinə uyğun olaraq icbari sığorta ödənişinin verilməsi məqsədi ilə 2 noyabr 2022-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun müraciətinə imtina verilmişdir. Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı 15 noyabr 2022-ci il tarixli **********8 nömrəli məktubundan görünür ki, iddiaçıya sığorta ödənişinin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İddiaçının cavabdeh inzibati orqana müraciəti araşdırılarkən onun 4 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxıldığı, lakin hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlilliyinin 14 mart 2022-ci il tarixdə müəyyən olunduğu aşkar olunmuşdur. «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanununun 2.1.1-ci maddəsinə əsasən dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemidir. Həmin Qanunun 2.1.6-ci maddəsinə əsasən sığorta hadisəsi sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən haldır. Həmin Qanunun 2.1.9-cu maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaitidir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə – 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə – 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) – 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həgigi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlagədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə – 80 faiz, orqanizmin funksiyalarının 61 – 80 faiz pozulmasına görə – 60 faiz, orqanizmin funksiyalarının 31 – 60 faiz pozulmasına görə – 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda – 25 faiz; az ağır xəsarət (yaralanma, travma, kontuziya) – 15 faiz, yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda – 5 faiz. Göründüyü kimi, sığortaolunanın hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həgigi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlagədar üç il müddətində əlilliyinin müəyyən edilməsi sığorta hadisəsi hesab olunur. İddiaçının cavabdeh inzibati orqana müraciəti zamanı təqdim etdiyi “hərbi qeydiyyat və xidmət barədə” my.gov.az sistemindən çıxarışa və Səfərbərlik və Hərbi Xidmıtə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Xəzər Rayon İdarəsinin 11 sentyabr 2020-ci il tarixli 5 nömrəli arayışına əsasən iddiaçının hərbi xidmət dövrü 23 iyun 2014-cü il tarixdən 4 dekabr 2017-ci il tarixədək dövrü əhatə edir. Onun təqdim etdiyi ƏƏSM Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarışda əlilliyinin hərbi xidmət dövrü ilə əlaqədar olması, həmçinin əlilliyin təyin edilmə tarixinin 14 mart 2022-ci il olması qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyi müəyyən edildikdə həmin xəsarət və ya xəstəlik sığorta hadisəsi hesab olunur. İddiaçı 4 dekabr 2017-ci il tarixdə AR Silahlı Qüvvələrindən ehtiyata buraxılsa da, onun əlilliyi 14 mart 2022-ci il tarixdə müəyyən edilmişdir. Bu səbəbdən ona sığorta ödənişinin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Azərbaycan Respublikasının «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» 20 may 1997-ci il tarixli 299-İQ nömrəli Qanununun 2.1.9-cu maddəsinə əsasən sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaitidir. Həmin Qanunun 4.1-ci maddəsinə görə sığortaolunan on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 4-4-cü maddəsinə görə dövlət icbari şəxsi sığortası məqsədilə sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə görə aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: - “ç” hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə – 80 faiz; orqanizmin funksiyalarının 61 – 80 faiz pozulmasına görə – 60 faiz; orqanizmin funksiyalarının 31 – 60 faiz pozulmasına görə – 40 faiz. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2023-cü il tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Qanununun 7.1-ci maddəsinin ikinci cümləsinə, «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Qanununun 7.1-ci maddəsinin ikinci cümləsinə, «Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında» Qanununun 10.1-ci maddəsinin ikinci cümləsinə və «Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» Qanununun 30-7-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən dövlət icbari şəxsi sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin verilməsi qaydasını müəyyən edir. Qaydanın 4.10-cu bəndinə görə bu Qaydanın 1 nömrəli əlavəsində qeyd edilən məlumatların sığortaçıya təqdim edilməsindən və bu Qaydanın 4.7-ci bəndinə uyğun olaraq təqdim edilən ərizənin qeydə alındığı gündən 10 iş günü müddətində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sığorta ödənişinin verilməsi və ya imtina əsasları qeyd olunmaqla sığorta ödənişinin verilməsindən imtina edilməsi barədə müvafiq qərar qəbul edilir. Göründüyü kimi, hərbi qulluqçuların dövlət icbari sığortası haqqında qanunvericilik sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan və sığorta hadisəsi sayılan halların dairəsini və müvafiq sığorta məbləğlərini müəyyən etmişdir və həmin həmin dairəyə “şəxsin həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyinin müəyyən edilməsi” də daxildir. Hazırkı işin hallarına görə İddiaçı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmət dövründə xəsarət alması ilə əlaqədar 4 dekabr 2017-ci il tarixdə ehtiyata buraxılsa da, onun əlilliyi 14 mart 2022-ci il tarixdə, yəni ehtiyata buraxıldığı tarixdən 4 ildən artıq vaxt keçdikdən sonra müəyyən edilmişdir. Bu isə, belə qənaət yaradır ki, iddiaçı hərbi qulluqçuların dövlət icbari sığortası haqqında qanunvericilikdə nəzərdə tutulan sığorta hadisələrinə görə müvafiq məbləğdə sığorta ödənişi almaq hüququ olan şəxslərin sırasına aid deyil. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçı ehtiyata buraxılmış hərbi qulluqçu kimi dövlət icbari sığorta ödənişini tələb etməkdə haqlı deyil. Bu səbəbdən də cavabdeh inzibati orqanın imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçıya sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçıya sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar