Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6706/2025 12.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X16 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçı üçüncü şəxslər qismində X7 və X9 cəlb olunmaqla cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarış və plan-ölçü sənədinin verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 01 mart 2007-ci il tarixli, 75 saylı sərəncamına və Bakı şəhəri İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə arasında bağlanmış xx.xx.2007-ci il tarixli 39741 saylı müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyinin 01 mart 2007-ci il tarixli, 75 saylı sərəncamına və xx.xx.2007ci il tarixli 39741 saylı müqaviləyə əsasən Bakı şəhəri Binəqədi rayonu, Görədil qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 2007x saylı bağ sahəsi ayrılmışdır. Bağ sahəsi iddiaçıya ayrıldıqdan sonra naturada ona təqdim edilmiş və 2007ci il tarixdən iddiaçının sahiblik və istifadəsindədir. İddiaçı ona məxsus olan 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq qaydada rəsmiləşdirilməsi ilə əlaqədar tələb olunan sənədlərlə birlikdə cavabdeh təşkilata müraciət etmiş, müraciəti qəbul olunaraq qeydiyyata alınmış və müraciətin icrasından imtina edilmişdir, imtinaya səbəb sənədlərin surət olması, bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə öz əksinin tapmaması, göstərilmiş torpaq sahəsinə digər fiziki şəxslərin müraciətlərinin olması və soyadının müqavilədə Əliyeva indi isə Nadirova olmasını qeyd edilmişdir. İddiaçı hesab edir ki, imtina tamamilə qanunsuz və əsassızdır, birincisi bağ nömrəsinin sxematik xəritəyə uyğun gəlməməsi bir vətəndaş olaraq iddiaçının səhvi deyil; ikincisi qeyd edilən torpaq sahəsinə digər fiziki şəxslərin kimlər olması və nə məqsədlə ona məxsus olan toorpaq sahəsinin göstərilməsi iddiaçıya məlum deyil, çünki torpaq sahəsi iddiaçının sahiblik və istifadəsindədir; üçüncüsü soyadının müqavilədə Əliyeva indi isə Nadirova olması iddiaçının xx.xx.2007-ci il tarixdə nikaha daxil olmaqla ərinin soyadını götürməsidir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş sənədlər surətdir. Bundan başqa, müvafiq bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Eyni zamanda şərti olaraq göstərilən torpaq sahəsinə digər fiziki şəxslərin müraciətləri olmuşdur Həmçinin təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə hüquq sahibinin soyadı “Əliyeva”, şəxsiyyət vəsiqəsində isə “Nadirova” kimi qeyd edilmişdir. Yuxanda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-cı maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********45 nömrəli xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, müvafiq bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Eyni zamanda şərti olaraq göstərilən torpaq sahəsinə digər fiziki şəxslərin (X7 və X9) müraciətləri olmuşdur. Həmçinin təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə hüquq sahibinin soyadı “Əliyeva”, şəxsiyyət vəsiqəsində isə “Nadirova” kimi qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edilir. Məhkəmənin hazırki iş üzrə 27.10.025-ci il tarixli Qərardadı ilə X7 və X9 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İİ. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi qismində vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİİ. Tədqiq edilən sübutlar Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı adına Türkan ərazisində 2007x saylı bağ sahəsinin ayrılmasına dair keçmiş X2 və İstismarı Birliyinin 39471 nömrəli icarə müqaviləsi aşkar edilməmişdir. Məlumat üçün bildirilir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 2007x saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X2 və İstismarı Birliyi ilə X12 arasında bağlanılmış 2 mart 2007-ci il tarixli, 39741 saylı icarə müqaviləsi mövcuddur. X2 və İstismarı Birliyinin 26 fevral 2007-ci il tarixli 01 №-li Protokoluna əsasən vətəndaşlara aşağıdakı bağ sahələri təhkim edilmişdir: 2.13. Goradiləki 2007x №-li bağ – X18 q. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 75 nömrəli sərəncamına əsasən X2 və İstismarı Birliyinin 26 fevral 2007-ci il tarixli 01 №-li Protokolu təsdiq edilmişdir. “Goradil ərazisindəki 2007x nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2007ci il tarixli 39741 saylı Müqaviləyə əsasən X2 və X8 rayonu Goradil ərazisində 0.12 hektar torpaq sahəsi olan 2007x №-li bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla İstifadəçiyə (X11) verir və İsifadəçi (X12) həmin bağı istifadəsinə götürür. AZ-İ 321587 nömrəli Nikah haqqında Şəhadətnaməyə əsasən X13 və X12 arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Nadirova soyadı verilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) Aktına əasən göstərilən sahənin 2 tərəfin bir hissəsində 2-10 daş hündürlüyündə hasar var, digər tərəfləri şərti olaraq göstərilir. Sahədə tikili yoxdur. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmayıb. Sahəyə digər bir şəxs başqa bağ sahələri kimi iddia edir. Sahə Novxanı-Pirşağı yolunun kənarında yerləşir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmayıb, göstərilən hissədə bağ nömrəsi qeyd edilməyib. Sahəyə və bir hissəsinə digər fiziki şəxsin müraciəti olmuşdur. İdarənin arxivində X10 adına olan Goradil qəsəbəsində 2007x saylı bağ sahəsinə dair (0.12 ha) bağlanmış xx.xx.2007-ci il tarixli 39741 saylı müqavilə mövcuddur. Bağ sahəsinin əvvəl hər hansı bağ tikinti koperativi tərkibində olub-olmaması barədə məlumat arxiv qovluğunda aşkar edilmədi. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, şərti olaraq göstərilən torpaq sahəsi faktiki olaraq 0.12 ha təşkil edir. Torpaq sahəsi üzərində tikili yoxdur. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Vahid elektron kadastr məlumat bazasında sözügedən sahənin hər hansı özəl torpaq sahəsi ilə üst-üstə düşmə halı müşahidə edilmir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-7715/2025 nömrəli Qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1596c nömrəli bağ sahəsi üzərində iddiaçı X4 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinə aid plan-ölçünün tərtib edilməsi və çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-6617/2025 nömrəli Qərarı ilə Bakı şəhər icra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 274 saylı sərəncamı əsasında X2 və İstismarı Birliyi ilə X7 arasında xx.xx.2006-cı il tarixdə bağlanılmış 38596 saylı müqavilə əsasında ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən sahəsi 0,12 ha-dan ibarət 1977 saylı bağ torpaq sahəsi üzərində iddiaçı X3 xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və plan və ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. IV. İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İddia mümkündür. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsində yerləşən 0,12 ha 2007x saylı bağ sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: 1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddələrinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, X2 və İstismarı Birliyinin 26 fevral 2007-ci il tarixli 01 №-li Protokoluna əsasən Binəqədi rayonu, Goradil ərazisində yerləşən 2007x nömrəli bağ sahəsi iddiaçı X11 təhkim olunmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 75 nömrəli sərəncamına əsasən X2 və İstismarı Birliyinin 26 fevral 2007-ci il tarixli 01 №-li Protokolu təsdiq edilmişdir. “Goradil ərazisindəki 2007x nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli 39741 saylı Müqaviləyə əsasən X2 və X8 rayonu Goradil ərazisində 0.12 hektar torpaq sahəsi olan 2007x №-li bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla İstifadəçiyə (X11) vermiş və İsifadəçi (X12) həmin bağı istifadəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı iddia etdiyi torpaq sahəsinə dair qanunvericilikdə tələb olunan hüquqmüəyyənedici sənədlərə malikdir. Belə ki, X2 və İstismarı Birliyinin 26 fevral 2007-ci il tarixli 01 №-li Protokolu “Goradil ərazisindəki 2007x nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli 39741 saylı Müqavilə ilə tamamlanmaqla İddiaçı torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən ilkin sübutdur. Məhkəmə nəzərə alır ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçıya ayrılmasına əsas olmuş X2 və İstismarı Birliyinin 26 fevral 2007-ci il tarixli 01 №-li Protokoluna əsasən torpaq sahələri təhkim olunmuş vətəndaşlar siyahısında iddiaçı Əliyeva (Nadirova) Aygün Arif qızının adı qeyd olunmuşdur və müvafiq protokol Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 75 nömrəli sərəncamı ilə təsdiq edilmişdir. Odur ki, məhkəmə müəyyən edir ki, mübahisələndirilən 2007x saylı bağ sahəsi Əliyeva (Nadirova) Aygün Arif qızına qanuni əsasla verilmişdir. Göründüyü kimi, iddiaçının bağ sahəsi ilə bağlı qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş sənədlərə (üzvlərin iclasının protokolundan çıxarış, sərəncam və müqavilə) malik olması təkzibolunmaz haldır. Yəni, hər bir halda iddiaçının torpaq sahəsinə münasibətdə qüvvədə olan sənədlərə malik olması birmənalı şəkildə onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsasdır. Məhkəmə müəyyən edir ki, iddiaçıya müvafiq torpaq sahəsinin ayrılması barədə hüquq müəyyənedici sənədlər qüvvədədir. Belə ki, iddiaçıya torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənədin hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sənəd qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Cavabdeh imtianın dəlili olaraq bilirmişdir ki, torpaq sahəsinə digər fiziki şəxslərin (X7 və X9) müraciətləri olmuşdur. Məhkəmə qeyd edilən hala münasibətdə müəyyən edir ki, üçüncü şəxslər X5 və X6 müvafiq torpaq sahələrinin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktları dövlət qeydiyyatına alınması qərara alınmışdır. Yekun məhkəmə aktlarından görünür ki, X5 ayrılmış bağ sahəsinin nömrəsi “1977”, X6 ayrılmış bağ sahəsinin nömrəsi “1596c” müəyyən edilmişdir. Hazırki iddia tələbi üzrə İddiaçı “2007x” saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb etmişdir. Odur ki, iddiaçı və üçüncü şəxslərə məxsus torpaq sahələrinin nömrəli eynilik təşkil etmir. Eyni zamanda cavbdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, vahid elektron kadastr məlumat bazasında sözügedən sahənin hər hansı özəl torpaq sahəsi ilə üst-üstə düşmə halı müşahidə edilmir. Cavabdeh imtinanın digər dəlili olaraq qeyd etmişdir ki, hüquqmüəyyənedici sənədlərdə hüquq sahibinin soyadı “Əliyeva”, şəxsiyyət vəsiqəsində isə “Nadirova” kimi qeyd edilmişdir. Məhkəmə nəzərə alır ki, iş materiallarına əlavə olunmuş AZ-İ 321587 nömrəli Nikah haqqında Şəhadətnaməyə əsasən X13 və X12 arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra arvada “Nadirova” soyadı verilmişdir. Odur ki, 2007x saylı bağ sahəsinə dair ilkin hüquq müəyyənedici sənədlərdə qeyd olunan “X12”nın hazırki iddia tələbi üzrə İddiaçı ilə eyni şəxs olması məhkəmədə hər hansı şübhə yaratmır. Məhkəmə müəyyən edir ki, cavabdeh orqan müvafiq bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığını bildirsə də, qeyd olunan faktları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə eyni zamanda nəzərə alır ki, bağların yerləşmə mövqeyində sxematik xəritəyə nəzərən əhəmiyyətli sayılmayacaq dərəcədə koordinat sürüşməsi mümkündür. Bu isə iddiaçının faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsi üzərində hüquqların qeydiyyatdan imtina üçün əsas deyildir. Habelə torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, ümumi ərazidə sxematik xəritəyə uyğun hasarlanma işləri aparılmaması hüquqların qeydiyyatına maneə deyil və bu sahədə hər hansı uyğunsuzluğun aradan qaldırılması hazırkı cavabdeh inzibati orqanın səlahiyyətlərinə aid olduğundan, cavabdeh tərəfindən müvafiq tədbir görülməlidir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə faktiki olaraq tənzimlənmişdir. Bu fərman məhz torpaqların mövcud problemli vəziyyəti ilə bağlı tənzimləmə işlərinin aparılması və qeydiyyatı zamanı meydana çıxan uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar qəbul edilmiş və uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında aradan qaldırılması qaydası müəyyən edilmişdir. Həmin fərmanın preambulasına əsasən Fərman torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, əvvəllər tətbiq olunan koordinat təyinetmə sistemi ilə halhazırda tətbiq edilən koordinat təyinetmə sistemi fərqlidir. Bu fərqlər ondan ibarətdir ki, əvvəllər (sovetlər vaxtında, müstəqilliyin ilk iyirmi illərində) və 2010-cu illərədək kadastr işlərində istifadə olunmuş koordinat sisteminin göstəriciləri ilə hazırda tətbiq olunan koordinat sisteminin göstəricilərinə çevrildikdə koordinatlarda müəyyən qədər sürüşmə (yerdəyişmə/göstərici uyğunsuzluğu) yaranır və ya yarana bilər. Bu sürüşmə (yerdəyişmə) torpaq sahəsinin yerinin dəyişilməsi demək deyildir, bu, texniki sənədlərdəki koordinatlar arasında yaranmış obyektiv səbəbli (koordinat təyinetmə sistemlərinin uyğunsuzluğundan qaynaqlanan) kiçik dərəcəli uyğunsuzluqdur. Həmin uyğunsuzluqlar hər bir sonrakı reyestr qeydiyyatı icraatı işlərinin, o cümlədən də yerquruluşu və kadastr işlərinin aparılması zamanı - koordinat və döngə nöqtələrinin təkrar təyini və müvafiq texniki sənədlərə işlənilməsi zamanı aidiyyəti səlahiyyətli orqanın mütəxəssisi tərəfindən ilkin hüquqi və texniki sənədlərə əsaslanılmaqla aradan qaldırılmalıdır. Məhkəmə nəzərə alır ki, torpaq sahəsinin Nadirova (Əliyeva) Aygün Arif qızına ayrılması barədə sənədlər qüvvədədir, iddia tələbinin predmeti olan torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir., torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, cavabdehin dəlilləri iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn qeydə alınmasından imtina üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir. “Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı, və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında" Azerbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi" yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilatı xarakterli tədbirlər başa çatdırıldıqdan sonra "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi ünvanda yerləşən 2007x № li bağ sahəsinə dair mülkiyyət hüququnun Nadirova (Əliyeva) Aygün Arif qızının adına qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilən Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 2007x nömrəli bağa iddiaçı Nadirova (Əliyeva) Aygün Arif qızının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış və plan ölçüsünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X17
Məhkəmə qərarları › İş №2-1(112)-6706/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6706/2025
12.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver