Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6707/2024 14.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçı Bakı şəhəri Səbail rayon Səbail Bələdiyyəsinin Cavabdeh qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Səbail rayon Səbail Bələdiyyəsi (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X1 Bakir Tili oğluna Səbail rayonu, Salyan Şossesi 12 ünvanda alqı-satqı yolu ilə 1200 kv.metr torpaq sahəsi sənədləşdirilməsinə dair xx.xx.2006-cı il tarixli, 452 saylı qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında “torpaq qanunvericiliyinin tələblərinin pozulması” hallarının qarşısının alınması, eləcə də müvafiq tədbirlərin görülməsi barədə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasından İqtisadiyyat Nazirliyinə vətəndaş Cavabdeh daxil olmuş müraciəti əsasında Xidmətin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən araşdırılan zaman yuxarıda göstərilən ünvanda dövlət mülkiyyətinə aid 0,12 ha torpaq sahəsinin Səbail Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli 452 saylı qərarı ilə vətəndaş X2 adına sənədləşdirilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinə ünvanladığı 13 noyabr 2023cü il tarixli, 3-21-3/2-16680/2023 saylı məktubla “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlətin qanunla qorunan maraqlarına bələdiyyə tərəfindən zərər vurulduğu əsası üzrə inzibati nəzarət icraatına başlanılaraq müvafiq tədbirlərin görülməsi və nəticəsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Səbail bələdiyyəsinə ünvanladığı 14 noyabr 2023-cü il tarixli, 3-21- 3/2-16744/2023 saylı məktubla müvafiq tədbir görülməsi və vətəndaşa məlumat verilməsi xahiş edilmişdir. “Azərbaycan Respublikasının Ədliyə Nazirliyi Bələdiyyələrlə İs Mərkəzinin 23 noyabr 2023-cü il tarixli 3-16-9/2-52135-5-216- 6/23 saylı məktubu ilə vətəndaş Cavabdeh ayrılmış torpaq sahəsinə dair sənədlər tələb olunmuşdur. Səbail Bələdiyyəsinin 12 dekabr 2023-cü il tarixli 06-1515/2023 saylı məktubu ilə həmin sənədlərin Səbail Bələdiyyəsinin arxivində aşkar edilmədiyinə dair cavab məktubu verilmişdir. Azərbaycan Respublikasının Ədliyə Nazirliyi Bələdiyyələrlə İs Mərkəzinin 21 dekabr 2023-cü il tarixli 3-16-9/2-52135-5-261/2023 saylı məktubunun təklif hissəsinin 2-ci bəndində Səbail Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 452 saylı qərarın etibarsız hesab edilməsi üçün qanunamüvafiq tədbir görülməsi tövsiyyə edilmişdir. Məktubdan göründüyü kimi həmin dövrdə qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinin tələbləri pozulmaqla X3 xx.xx.2006-cü il tarixli, 452 saylı qərarla torpaq sahəsi ayrılmışdır. Səbail Bələdiyyəsinin 21 dekabr 2023-cü il tarixli 35 saylı iclas protokoluna əsasən Azərbaycan Respublikasının Ədliyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 21 dekabr 2023-cü il tarixli 3- 16-9/2-52135-5-261/2023 saylı tövsiyyə məktubu əsas götürülərək xx.xx.2006-cı il tarixli, 452 saylı qərarın etibarsız hesab edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət edilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İşdən görünür ki, iddiaçı məhkəmədən cavabdeh fiziki şəxs barəsində qəbul etdiyi inzibati aktın qanunsuz olduğunu əsas gətirərək etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İPM-də göstərilmişdir ki, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır (36.). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt (65.1.). İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir (65.3). İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2). Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır (67.8). Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməli, ya da vətəndaş barəsində qəbul edilmiş qanunsuz əlverişli inzibati aktın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etməlidir. Hazırkı iddia tələbində isə iddiaçı olan inzibati orqan özünün qəbul etdiyi inzibati aktın etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, iddiaçının özünün qəbul etdiyi inzibati aktı ləğv etmək səlahiyyəti mövcud olduğundan, həmin aktın etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etməsi qanunauyğun hesab edilə bilməz. Bu səbəbdən iddiaçının qərarın etibarsız hesab edilməsinə dair tələbinə məhkəmədə baxılması mümkün hesab edilmir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Bakı şəhəri Səbail rayon Səbail Bələdiyyəsinin Cavabdeh qarşı “qərarın etibarsız hesab edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-6707/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6707/2024
14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver