Məhkəmə qərarları › İş №2-1(112)-6710/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6710/2025

26.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6710/2025 26.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2022-ci il üzrə hesablanmış 14498,64 manat məbləğində gəlir vergisinin silinməsi məqsədilə cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-382566/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkar İddiaçı (VÖEN: **********) tərəfindən xidmət zamanı istifadə olunmuş mallar pərakəndə qaydada bazardan alındığına görə onlar tərəfindən malın alışına dair hər hansı sənəd təqdim olunmamışdır. Bu səbəbdən də, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən sənədsiz mal satdığına görə iddiaçı riskli vergi ödəyicilər siyahısına əlavə edilmiş və 2022ci il üzrə dövriyyəyə Vergi Məcəlləsi ilə mikro sahibkarlara nəzərdə tutulmuş güzəşt və xərc sənədləri olmadığı halda Vergi Məcəlləsinin 83.9-cu maddəsinə istinad edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən şərti rentabellik norması tətbiq edilərək, gəlir vergisi hesablanmalı olduğu halda, birbaşa olaraq 20% vergi dərəcəsi tətbiq edilərək, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-382566/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə qanunusz olaraq 2022-ci il üzrə 14498,64 manat məbləğində gəlir vergisi hesablanmışdır. Hesablanmış vergilər və onun vergi orqanı tərəfindən riskli vergi ödəyicisi hesab edilməsi tam əsassızdır. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********373700 nömrəli Qərarına əsasən (2.1.1,2.1.3, 3.1.1) vergi ödəyicisi riskli vergi ödəyiciləri siyahısına əlavə edilmişdir. Aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” nın 2.1.1-ci, 2.1.3-cü, 3.1.1-ci yarımbəndlərinə əsasən iddiaçı tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********373700 saylı qərarda qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022- xx.xx.2022-ci il tarixlərində cəmi 76740,3 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “LED SPOT, BATARYA, PROJEKTOR, TELEFON KONNEKTOR və.s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci,3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Qeyd olunanlarla əlaqədar olaraq iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yuxarıda qeyd edilmiş kənarlaşma barədə vergi ödəyicisinə vergi orqanı tərəfindən "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2023- cü il tarixli **********015400 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə gəlir vergisi üzrə 2022-ci il üçün 10719,18 manat vergi məbləği hesablanmışdır. Həmçinin, gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, tələbin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qərarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). xx.xx.2024-cü il tarixli qərarın ləğvi ilə bağlı iddiaçı xx.xx.2025-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/2-382566/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçıya 2022-ci il üzrə 10719,18 manat məblığində əlavə gəlir vergisi hesablanmışdır. Qərar bununla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-V1QD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə eldikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərli Vergi Məcəlləsinə daxil edilmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. İddiaçı hazırda bu qərarı mübahisələndirir. Məhkəmə qeyd edir ki, iddiaçıya vergi hesablanan 2022-ci ildə qüvvədə olan Vergi Məcəlləsinə əsasən: - maddə 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. - maddə 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; - maddə 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir - maddə 106.1. vergidən azaddır: 102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi; -maddə 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. - maddə 130.4. Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar. İstinad olunan normalardan görünür ki, 2022-ci ildə mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi o halda vergidən azad edilir ki, həmin fərdi sahibkar Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparsın. İşdən görünür ki, iddiaçı 2022-ci il üzrə gəlir vergisinin bəyannaməsini təqdim etmiş, bəyannamədə vergiyə cəlb olunan gəlirini 75589,20 manat bəyan etmiş (malların təqdim edilməsindən gəlir 76740,30 manat, xərc 1151 manat), Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən 75 faiz güzəşt tətbiq edərək, 56691,90 manat hissəsini vergidən azad etmiş, vergiyə cəlb edilən gəlirini 18897,30 manat bəyan edərək, həmin gəlirinə 3779,46 manat gəlir vergisi bəyan etmişdir. Lakin işdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********373700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarından görünür ki, iddiaçı vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərar bununla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022ci il tarixlərində cəmi 76740,3 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “LED SPOT, BATARYA, PROJEKTOR, TELEFON KONNEKTOR və.s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1ci,3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Bakı şəhəri X3 üzrə Baş İdarəsinin bu qərarı qüvvədədir və ləğv edilməmişdir. Göründüyü kimi, inzibati orqanın qüvvədə olan qərarı ilə müəyyən edilmişdir ki, iddiaçı 2022-ci il ərzində malları təqdim etsə də, həmin malların alışı, idxalı ilə bağlı hər hansı sənədə malik deyil. Belə olan halda aydındır ki, iddiaçı 2022-ci il ərzində gəlirlərin və xərclərin uçotunu aparan vergi ödəyicisi olmamış, bu səbəbdən vergiyə cəlb edilən gəlirinin 75 faizini vergidən azad etməkdə haqlı olmamışdır. İşdə olan cavabdeh tərəfindən tərtib edilmiş 2022-ci il üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsindən görünür ki, iddiaçının malların təqdim edilməsindən əldə etdiyi gəlir onun bəyan etdiyinə uyğun 76740,30 manat qəbul edilmiş, xərcləri isə daha çox, 3479,70 manat müəyyən etmiş, nəticədə vergiyə cəlb olunan gəlir kimi 72493,20 manat qəbul edilməklə, hər hansi bir güzəşt təbiq edilmədən həmin məbləğdən büdcəyə ödənilməli 14498,64 manat gəlir vergisi hesablamışdır. Məhkəmə iddiaçının mikro sahibkar kimi gəlir və uçotunu aparmadığını nəzərə alarqq hesab edir ki, cavabdehin bu hesablaması qanuni olmuş, iddiaçıya Vergi Məcəlləsinin 102.1.30-cu maddəsini tətbiq etməməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə, işin halları ilə mübahisəli qərarın qəbulu üçün əss olmuş hallar təkzib edilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin qərarları əsaslı və qanuni olmuşdur, həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar