Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6711/2023 13.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və dövlət reyestindən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və dövlət reyestindən çıxarışın verilməsi tələbinə dair iddiası üzrə inzibati işə 13 oktyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Səbail bələdiyyəsinin sədri tərəfindən Səbail bələdiyyəsinin xx.xx.2002-ci il tarixli iclasının 38 saylı protokoluna əsaslanaraq Səbail rayonu, Salyan şossesi, 12 ünvanda yerləşən 400 kv.metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında İddiaçı (bundan sonra – iddiaçının) adına sənədləşdirilməsinə və Bakı şəhərində 5-ci zona üzrə müəyyən edilmiş qiymət qaiməsindən çıxarış əsasında iddiaçı ilə Səbail bələdiyyəsi arasında alqı-satqı aktı tərtib edilməsinə dair 153 №-li, 27 avqust 2004cü il tarixli Sərəncam verilmişdir. Sərəncama torpaq sahəsinin plan-cizgisi əlavə edilmişdir. İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və 2.02.2023-cü il tarixli məktubda bildirmişdir ki, “... təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən qeydə alınmamışdır”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən və istifadəsində olan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, ona bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmış, torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlanmış və torpağın dəyəri tərəfindən bələdiyyənin hesabına ödənilmişdir. Həmin torpaq sahəsi onun daimi istifadəsindədir. Cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Bələdiyyənin qərarı təqdim edilməmişdir. (Sərəncam təqdim edilib). Göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar edilməmişdir. Bundan əlavə təqdim edilən cizgidə perimetrik ölçülər, dəqiq istinadlar və istinad məsafələri qeyd olunmadığından sənədin göstərilən əraziyə aid olubolmadığını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanlarla yanaşı, idarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsinin sənəd üzrə sahəsi 400 kv.m, faktiki ölçüsü 390 kv.m təşkil edir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçı tələbinin faktiki əsası kimi Səbail Bələdiyyəsi sədri tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli Sərəncama və Bələdiyyə ilə arasında bağlanmış müqaviləyə (əlavə edilmiş müqavilənin tarixi və nömrəsi oxunmur) istinad edir. İddiaçı eyni tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh torpaq sahəsinə dair torpaqların alqı-satqısına dair aktın ləğv edilmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən qeydə alınmadığına istinad edərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə baxışı dövründə həmçinin cavabdeh iddiaya qarşı verdiyi yazılı etirazında torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Bələdiyyənin qərarının təqdim edilməməsini, qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyəti torpağına aid olması, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar edilməməsi, təqdim edilən cizgidə perimetrik ölçülər, dəqiq istinadlar və istinad məsafələri qeyd olunmadığından sənədin göstərilən əraziyə aid olub-olmadığının müəyyən edilməsinin mümkün olmaması və iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin sənəd üzrə sahəsinin 400 kv.m, faktiki ölçüsünun isə 390 kv.m təşkil etməsini göstərmişdir. Məhkəmə iddia tələbini əsassız, cavabdehin imtinasını isə əsaslı hesab edir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsində sadalanmışdır. 8.0.1.-ci maddəyə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin qeydiyyatı üçün əsasdır. Qeyd edilən normanın dispozitiv şərtlərinin mövcud olması üçün aşağıdakıların olması zəruridir: 1) Ayrılması nəzərdə tutulmuş torpaq sahəsi Bələdiyyənin mülkiyyətində olmalıdır; 2) Torpaq sahəsinin ayrılmasına dair akt qanunla müəyyən edilmiş qaydada qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ hissəsinə görə, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər Cavabdeh iddia tələbinə etiraz edərkən mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsi olmasını, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasına dair hər hansı məlumatın olmamasını göstərir. Məhkəmə bu halla bağlı mütəxəssis rəyi almış və məhkəməyə təqdim edilmiş 6.07.2023-cü il tarixli rəydə torpaq sahəsinin vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin dövlət mülkiyyətində olması, sahənin bələdiyyə ərazisi olması barədə məlumatın aşkar edilməməsi qeyd edilmişdir. Həmçinin məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 18 avqust 2023-cü il tarixli 10/5426 №-li Ekspert rəyində qeyd edilmişdir ki, ...vahid elektron baza məlumatlarına əsasən göstərilən sahə dövlət mülkiyyətidir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir”. Göründüyü kimi, normada qeyd edilən birinci şərtin olması sübut olunmur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən torpaq sahəsinin ona ayrılmasına dair Bələdiyyə sədri tərəfindən verilmiş Sərəncamın təqdim edilməsi, həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olması qənaətinə gəlməyə əsas vermir. Qeyd olunduğu kimi, Səbail bələdiyyəsi tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması üçün ilkin şərt həmin torpaq sahəsinin Səbail bələdiyyəsinin mülkiyyətində olan torpaqlara aid olmasıdır. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, Səbail Bələdiyyəsi tərəfindən ona ayrılmasını iddia etdiyi torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasına dair sübutlar təqdim edə bilməmişdir. İddiaçı tələbinin faktiki əsası kimi, Səbail bələdiyyəsinin sədri tərəfindən verilmiş Sərəncama, həmin Sərəncama əlavə edilmiş alqı-satqı aktına (surəti əlavə edilməklə sənəddəki yazılar oxunmur) və torpaq sahəsinin yerləşməsini əks etdirən cizgi sxemə istinad edir. Cavabdeh yazılı etirazında təqdim edilən sənədlərin mötəbərliliyini mübahisələndirmişdir. Məhkəmə işin hallarının araşdırılması prinsipinə uyğun olaraq Səbail Bələdiyyəsinə “torpaq sahəsinin ayrılmasına dair Sərəncamın verilməsinə əsas olmuş sənədlərin, mövcuddursa həmin Sərəncam əsasında iddiaçıya verilmiş torpaq sahəsinə dair akt, sxem və s-nin təsdiq edilmiş surətinin, o cümlədən adıçəkilən torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması barədə sənədlərin, torpaq sahəsinin situasiya planının və digər aidiyyət sənədlərin təsdiq edilmiş surətlərinin, həmçinin torpaq sahəsinin ayrılması ilə bağlı rəylərin alınması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi və s) müraciət edilib-edilməməsi, müraciət edilmişdirsə bununla bağlı rəylərin verilibverilməməsi barədə məlumatın müvafiq təsdiq edici sənədlərlə birgə, eyni zamanda torpaq sahəsinin ayrılması zamanı nəyə görə kollegial orqan olan Bələdiyyə tərəfindən Qərar deyil, Sərəncam qəbul edilməsi, qəbul edilmiş Sərəncamın Bələdiyyənin ümumi yığıncağının qərarına əsasən qəbul edilib-edilməməsi barədə məlumatların məhkəməyə təqdim edilməsi” məzmunda xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli sorğular göndərilmişdir. Lakin Səbail bələdiyyəsi göstərilən sorğulara cavab verməmiş, eyni zamanda iddiaçıya ayrıldığı iddia edilən torpaq sahəsinin Səbail bələdiyyəsinin mülkiyyətində olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda müəyyən edilir ki, göstərilən torpaq sahəsinin Səbail bələdiyyəsinin mülkiyyətində olması sübut olunmur. Bələdiyyə tərəfindən hər hansı bir torpaq sahəsinin fiziki şəxsə ayrılması üçün ilk növbədə həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması zəruridir. Lakin nə torpaq sahəsinin ayrılması barədə Sərəncam vermiş Səbail bələdiyyəsi, nə də ki iddiaçı bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Qanunun 8.0.1-ci maddəsində qeyd edilən 2-ci şərtlə bağlı məhkəmə qeyd edir ki, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasından əlavə həmin torpaq sahəsinin ayrılmasına dair akt, qanunvericiliyin tələblərinə əsasən qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (İ və İİ hissə). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Maddə 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” Qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət aktı tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir”. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməlidirlər. Bələdiyyənin iclası iclasda iştirak edən bələdiyyə üzvlərinin qeydiyyatından başlanır. Üzrlü səbəbdən iclasda iştirak edə bilməyən bələdiyyə üzvü bu barədə əvvəldən bələdiyyə sədrinə məlumat verməlidir. Bələdiyyə iclasının bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıldığı hallar istisna olmaqla, iclasın gündəliyinin layihəsini bələdiyyə sədri təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarır. Bələdiyyə, bələdiyyə iclasında təsdiq olunmuş reqlamentə müvafiq surətdə fəaliyyət göstərir. Reqlamentdə bələdiyyə iclasının çağırılması və əhali ilə görüşlərin təşkili qaydaları, bələdiyyənin fəaliyyəti ilə bağlı digər məsələlər əks olunur. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bələdiyyələr üçün nümunəvi reqlament tövsiyə edilə bilər. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Maddə 4. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Maddə 6. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Sadalanan normalardan göründüyü kimi: 1) Bələdiyyə torpağının mülkiyyətə verilməsi bələdiyyə üzvlərinin iştirakı ilə keçirilmiş iclasda qəbul edilmiş bələdiyyənin qərarına əsasən həyata keçirilir: 2) Qərar qəbul edildikdən sonra torpaq sahəsinin ayrılmasına dair alqı-satqı müqaviləsi bağlanır; 3) Torpaq sahəsinin ayrılmasına dair qərar müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 9.08.2001-ci il tarixli, 548 № li Fərmanın 2.5-ci maddəsinə əsasən Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. 4) Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir. 5) Torpaq sahəsinin ayrılmasında dair alqı-satqı aktı torpaq şöbəsinin müdiri tərəfindən imzalanmalıdır. Məhkəmə Səbail bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılarkən bu şərtlərə əməl edilib-edilməməsinin müəyyən edilməsi, başqa sözlə Səbail bələdiyyəsi tərəfindən iddiaçıya torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə əməl edilib-edilməməsini müəyyən etmək üçün Səbail bələdiyyəsinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Dövlət Arxivinin Bakı Filialına, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq sorğular verilmişdir. Lakin məhkəməyə təqdim edilən sənədlərdə Səbail bələdiyyəsi tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı iclas keçirməsi, bu barədə qərar qəbul edilməsi, torpaq sahəsinin ayrılması ilə bağlı rəyin alınması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilməsi müəyyən edilməmişdir. Göründüyü kimi, iddiaçıya ayrılmış torpaq sahəsinin Səbail bələdiyyəsinin mülkiyyətində olması sübut olunmamaqla yanaşı, bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı qanunvericliyin imperativ şərtlərinə də əməl edilməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq iddiaçıya ayrılmış torpaq sahəsinin Səbail bələdiyyəsinin mülkiyyətində olması, eyni zamanda həmin torpaq sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılması sübuta yetirilmir. Belə olan halda cavabdehin bu barədə imtinası əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və dövlət reyestindən çıxarışın verilməsi tələbinə dair iddiası rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-6711/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6711/2023
13.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver