Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6713/2025 15.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiаçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə inzibati işə 15 may 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 15/40 nömrəli qərarı ilə Zabrat qəsəbəsinin şimal-qərb hissəsi, 27-ci kvartalda yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnun X2 aid olması ilə bağlı qeydlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-ci il tarixli imtina məktubunun məzmununa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 27-ci məhəllə ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli müraciətinə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, hüquq sahibi əcnəbidir və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə əsasən əcnəbilər yə vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birlik və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilər. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reysteri haqqında” AR Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyata alınmasından imtina edilmişdir. Sözügedən torpaq sahəsini X1i asaslarla verilmişdir. Ona bu torpaq verilərkən və tərəfindən həmin torpaq sahəsi əvəzi ödənilərək alınarkən Sefoviç Azərbaycan Respublikası vətəndaşı idi. Hazuda isə Sefoviçin başqa ölkənin vətəndaşı olması onun mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilməz. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin 74 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan başqa, İddiaçı əcnəbidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubundan qeyd edilmişdir ki, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 15/40 nömrəli qərarı filialda mövcuddur; Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 15/40 nömrəli qərarından görünür ki, Zabrat qəsəbəsinin şimal-qərb hissəsi, 27-ci kvartalda yerləşən 1200 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı ayrılmışdır; Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının İ müavinin xx.xx.2024-cü il tarixli məktubu ilə Zabrat qəsəbəsinin şimal-qərb hissəsi, 27-ci kvartalda yerləşən fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunaraq təqdim edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçı Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 15/40 nömrəli qərarına istinad edərək, həmin qərarla ona ayrılmış, Zabrat qəsəbəsinin şimal-qərb hissəsi, 27-ci kvartalda yerləşən 1200 kv.m torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun adına qeydə alınması tələbini irəli sürmüşdür. Cavabdehin imtinasının (etirazının) əsasını elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin 74 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi və İddiaçı əcnəbi olması təşkil edir. Məhkəmə “torpaq sahəsinin bir hissəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi” dəlilinə münasibətdə aşağıdakıların qeyd edilməsi zəruri hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Məhkəmə etirazın ikinci dəlili ilə bağlı qeyd edir ki, qanunverici əcnəbinin adına torpaq sahəsinə xüsusi mülkiyyət hüquqlarının qeydiyyatını istisna etmir. Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələri üzərində mülkiyyət hüququ vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçə bilər, lakin həmin şəxslər bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq torpaq sahəsini özgəninkiləşdirməlidirlər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi təsbit edilmişdir. Başqa sözlə, torpaq islahatı zamanı sözügedən torpaq sahəsi əvəzsiz olaraq iddiaçıya verilmiş, torpaq sahəsi əvəzsiz olaraq ona verildiyindən mülkiyyət hüquqlarının qeydə alınmasına onun qanuni gözləntisi yaranmış, lakin torpaq üzərində mülkiyyət hüquqlarını qeydə aldırmadan başqa dövlətin vətəndaşlığını qəbul etmişdir. Belə olan halda, məhkəmə tərəfindən qiymət verilməli olan məsələ, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasına qanuni gözləntisinin hazırkı halda ona sözügedən torpaq üzərində mülkiyyət hüququnu qeydə aldırmaq imkanını veribverməməsidir. Bu hala qiymət verilməsi isə mülkiyyət hüququnun anlayışının təhlilini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). Hazırkı halda, iddiaçının ona məxsus torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmadan vətəndaşlığını dəyişsə də, yuxarıda qeyd olunan hüquqi mövqe baxımından onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına dair legitim gözləntisi olmuşdur və bu gözlənti isə ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmağa hüquqi imkan verir. Belə ki, sözügedən torpaq sahəsi ona qanuni əsaslarla daimi istifadəyə verilmiş, eyni zamanda torpaq islahatı zamanı iddiaçının həmin torpaq sahəsini özəlləşdirmək üçün qanuni imkanı olmuş, lakin həmin imkandan istifadə etmədən digər dövlətin vətəndaşlığını qəbul etmişdir. Ona verilmiş hüquqlardan vaxtında istifadə etməməsi, artıq əldə edilmiş hüquqlarının itirilməsi ilə nəticələnə bilməz. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 15/40 nömrəli qərarı ilə ayrılmış, Zabrat qəsəbəsinin şimal-qərb hissəsi, 27-ci kvartalda yerləşən 1200 kv.m torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 15/40 nömrəli qərarı ilə ayrılmış, Zabrat qəsəbəsinin şimal-qərb hissəsi, 27-ci kvartalda yerləşən 1200 kv.m torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-6713/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6713/2025
15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver