Məhkəmə qərarları › İş №2-1(112)-6715/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6715/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6715/2020 17.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Lənkəran rayonu, Boladi kəndi; ixtisası: orta təhsil; iş yeri: işləmir) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Mərkəzi Banka 3-cü şəxs - Ləğv prosesində olan "xxxx" ASC qarşı “kompensasiya” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Mərkəzi Banka qarşı Mərkəzi Bankın iddiaçını “xx.xx.2019-cu il tarixli, 551 saylı Fərmanın təsir dairəsinə düşən şəxlərin siyahısı”-na daxil etməsini və ona 2374.8 (iki min üç yüz yetmiş dörd manat səksən qəpik) AZN məbləğində kompensasiyanın verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı (münasibəti) xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının ““Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və Ləğv prosesində olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 12-2664 saylı kredit müqaviləsi üzrə hesablanmış 2700 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı xx.xx.2015-ci il tarixdə "xxxx" ASC-nin Lənkəran filialından illik 27 faiz ödəmək şərti ilə, 24 ay müddətinə 4750 ABŞ dollar məbləğində kredit götürmüşdür. Buna dair “NBC Bank ASC ilə iddiaçı arasında xx.xx.2015-ci il tarixli, 08/2784/DİK saylı kredit müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci ildə növbəti devolvasiya baş verdi, 1 ABŞ dolları 1.55 manata az sonra isə 1.70 manata qalxdı. Bunun nəticəsindən götürdüyü kreditin ödənişlərin etməkdə çətinliklə üzləşdi. Lakin bir vətəndaş olaraq götürdüyü öhdəliyi çətinliklədə olsa xx.xx.2018-ci il tarixində tam yerinə yetirdi. Ölkə Prezidentinin “Problemli kreditlərin həlli ilə bağlı” imzaladığı xx.xx.2019-cu il tarixli, 551 saylı Fərmanı sevinclə qarşıladı. Hesab edirdi ki, onun götürdüyü kredit Fərmanın təsiri altına düşəcək və ona da nəzərdə tutulmuş məbləğdə konpensasiya veriləcəkdir. Lakin onun adı konpensasiya siyahısında çıxmadı, məcbur qalıb, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının yaratdığı fimza.az saytıda Apellyasiya Şurasına müraciət etdi. "xxxx"ın Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına və ona göndərdiyi xx.xx.2019-cu il tarixli, 557 saylı cavab məktubunda iddiaçıya "NBC Bank”ın Lənkəran filialından götürdüyüm kredit məlumatlarının Mərkəzi Kredit Reyestrinə səhfən yanlışlıqla başqa bir müştəriyə daxil edilməsi göstərilmiş, bu yanlışlığın aradan qaldırlması üçün Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına yazılı şəkildə müraciət edildiyi göstərilmişdir. "xxxx" məsul şəxslərinin səhvi nəticəsində iddiaçıya kompensasiyadan yararlana bilmədi, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ona ünvanladığı xx.xx.2019-cu il tarixli elektron məktubunda “təqdim olunmuş müqavilənin həqiqiliyinə məhkəmə ekpertizası nəticəsində qərar verilməsi zərurəti yaranmışdır”- qeyd olunub. İddiaçı "xxxx" ASC-ni cavabdeh Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasını isə maraqlı şəxs kimi göstərib Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciyyət etdi. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, kompensasiya şəklində "xxxx"-ın ona verməsi barədə qətnamə çıxartdı. "xxxx" bu qərardan Bakı Apellyassiya Məhkəməsinə şikayət etdi. Bakı Apellyassiya Məhkəməsi də "xxxx"-ın Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına səhvi düzəlişi ilə göndərdiyi məktubları və Mərkəzi Banka göndərdiyi sorğunun cavabını əsas tutaraq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsini ləğv etdi. Bildirdi ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv olunğu üçün iddiaçı Mərkəzi Bankı cavabdeh kimi göstərməklə inzibati məhkəməyə şikayət etməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında "xxxx" ASC ilə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə bağlı hər hansı məlumatlar daxil edilmədiyindən vətəndaşın adı Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlər sırasında "xxxx" ASC tərəfindən verilmiş 10.06.19-cu il tarixli, 557 saylı məktubdan aydın olur ki, bankın sistemində baş vermiş texniki səhv nəticəsində yuxarıda qeyd edilən kredit müqaviləsi Dadaşov Ramin Cənnət oğlunun (FİN: 20XT0H2) İD nömrəsi ilə sonuncunun kredit tarixçəsinə əlavə edilmişdir. Sözügedən məktubda adı çəkilmiş Dadaşov Ramin Cənnət oğlunun kredit tarixçəsinə nəzər saldıqda həqiqətən də "xxxx" ASC ilə xx.xx.2015-ci il tarixdə 4.750 ABŞ dolları dəyərində kredit müqaviləsinin bağlanıldığı və bu kredit üzrə cəmi 2.352,12 manat kompensasiyanın hesablandığı müəyyən olunur. Kreditin eyniləşdirilməsi hissəsində dəqiqləşmələrə ehtiyac yarandığından həmin vətəndaşa kompensasiyanın hesablanması saxlanılmışdır. Beləliklə, qeyd edilənləri, o cümlədən ləğv prosesində olan "xxxx" ASC ilə xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin Dadaşov Ramin Cənnət oğlu ilə deyil, İddiaçı ilə bağlanıldığı nəzərə alınarsa, Fərmanın 1.2-ci bəndinə əsasən sonuncunun adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 2.352,12 manat kompensasiyanın hesablanmasına etiraz edilmir. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, İddiaçı ilə Ləğv prosesində olan "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixli 08/2784/DİK saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin Müqaviləyə əsasən Ləğv prosesində olan "xxxx" ASC 24 ay müddətinə illik 32,57 faiz dərəcəsi ilə 4750 ABŞ dolları məbləğində krediti İddiaçı ayırmışdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 1-ci bəndində qeyd edilmişdir ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi. Həmin Fərmanın 2-ci bəndində qeyd edilmişdir “Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.” İş materiallarından görünür ki, Ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli arayışına əsasən iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-dən götürdüyü kredit məbləğini 2018-ci ildə tam ödəmişdir. Məhkəmə sadalanan qanunvericilik aktlarının müddəalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının xx.xx.2015-ci il tarixli 08/2784/DİK saylı kredit müqaviləsinə əsasən Ləğv prosesində olan "xxxx" ASC-dən 24 ay müddətinə illik 32,57 faiz dərəcəsi ilə 4750 ABŞ dolları məbləğində kredit götürməsi iş materialları ilə öz təsdiqini tapdığından və həmin kreditin iddiaçı tərəfindən tam ödənilməsi işin mübahisələndirilməyən hallarına aid olduğundan, həmçinin iddiaçının götürdüyü kreditin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşdüyündən hazırkı iddia qismən, iddiaçının adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və Ləğv prosesində olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 08/2784/DİK saylı kredit müqaviləsi üzrə hesablanmış 2352,12 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin, iddia qalan hissədə təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia qismən təmin edilir. İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və Ləğv prosesində olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 08/2784/DİK saylı kredit müqaviləsi üzrə hesablanmış 2352,12 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar