Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6716/2020 17.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı əmək müqaviləsinin elektron informasiya sistemindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı “xxxx” MMC ilə aralarında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinin elektron informasiya sistemindən çıxarılması barədə öhdəliyin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə aralarında əmək müqaviləsi bağlanmış və xx.xx.2019-cu il tarixdən həmin MMC-də qulluqçu kimi işə götürülmüşdür. 2020-ci ilin mart ayından etibarən şirkət bağlanmış və şirkətin rəhbərliyi respublikadan xaricə getmişdir. Dəfərlərlə əlaqə saxlamaq istəsə də, nəticəsiz olmuş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi bu səbəbdən də, mümkün olmamışdır. Məcburiyyət qarşısında qalıb X3 Xidmətinə müraciət etməli olmuşdur. X3 Xidməti tərəfindən ona xx.xx.2020-ci il tarixdə **********3 nömrəli məktub göndərilmişdir. Məktubda bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə və ya etibarsız olunması üçün məhkəməyə müraciət edilməlidir. İşlədiyi “xxxx” MMC-nin rəhbəri hazırda xaricdədir. Şirkətə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizə ilə müraciət etsə də, nəticəsiz olmuşdur. Belə ki, MMC-nin rəhbərini tapa bilmədiyi üçün əmək müqaviləsinə xitam verilməsi mümkün olmamış və yeni işə düzəlmək istəsə də, qeyri-mümkün olmuşdur. X3 Xidmətinə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müraciət etsə də, yuxarıda qeyd edilən səbəblərə görə nəticəsiz qalmıdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən məhəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə (bundan sonra - Xidmət) qarşı “əmək müqaviləsinin elektron iformasiya sistemindən çıxarılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Aşağıdakı əsaslara görə hesab edirlər ki, 2-1 (112)-5910/2020 saylı iş üzrə İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsində Xidmətin hərəkət və ya hərəkətsizliyi nəticəsində İddiaçı hər hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, iddia ərizəsində göstərilən tələblər Xidmətin səlahiyyətlərinə aid deyildir və belə bir vəzifə Xidmətin üzərinə qoyula bilməz. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” xx xxxxxx 2011-ci il tarixli 386 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti (bundan sonra - Xidmət) mülkiyyət və təşkilatıhüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər (bundan sonra - işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bununla yanaşı, əmək müqaviləsininin elektron informasiya sistemindən çıxarılması öhdəliyinin Xidmətin üzərinə qoyulması tələbi qanunvericiliyinin tələblərinə uyğun deyil. Belə ki, “Əmək müqaviləsi bildirişi” altsistemində axtarış zamanı İddiaçı ilə “xxxx” MMC arasında bağlanılmış, qüvvədə olan, xitam verilməmiş əmək müqaviləsi mövcud olduğu məlum olmuşdur. Həmin müqavilə işəgötürən ilə işçi arasında müvafiq qaydada xitam verilməli və bundan sonra əmək müqaviləsinə xitam verilməsi barədə elektron sistemdə işəgötürən tərəfindən müvafiq qeydlər aparılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 06 iyun tarixli 183 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.2ci bəndinə əsasən, bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri isitisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməlidir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə araşdırması zamanı işin hallarından müəyyən olunmuşdur ki, İddiaçı ilə “xxxx” MMC arasında xx.xx.2019-cu il tarixd xxxxxxx000201 nömrəli əmək müqaviləsi bağlanmış və əmək müqaviləsi bildirişi işəgötürən tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmişdir. İddiaçı hazırda həmin şirkətdə işləmədiyindən (şirkət bağlandığından və rəhbərliyi ölkədən getdiyindən) onunla şirkət arasında bağlanmış, hazırda aktiv olan əmək müqaviləsinin elektron informasiya sistemindən çıxarılması barədə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx xxxxxxxx 2020-ci il tarixli, **********13 nömrəli imtina məktubu verilərək bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə və ya etibarsız olunması üçün məhkəməyə müraciət edilməlidir. Məhkəmə hesab edir ki, hazırda iddiaçı ilə “xxxx” MMC arasında olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsi qüvvədə olduğundan, həmin əmək müqaviləsinə işəgötürənlə işçi arasında müvafiq qaydada xitam verilmədiyindən, əmək müqaviləsinin məhkəmə qaydasında (mülki məhkəmə icraatı qaydasında) etibarsız hesab olunmasına dair iş materiallarında sübut olmadığından, bununla da, cavabdeh orqan tərəfindən iddiaçının subyektiv hüquqlarına hər hansı bir müdaxilə edildiyi və ya qanunla qorunan hüquqlarını və azadlıqlarını pozması faktı müəyyən edilmədiyindən, iddiaçı ilə cavabdeh arasında ümumi (publik) hüquq sahəsi ilə əhatə olunan inzibati hüquq münasibətlərinin mövcudluğu müəyyən edilmədiyindən, iddiaçının hazırki iddia tələbi İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilə bilməz. Bu səbəbdən də, hazırki iddia tələbi mümkün sayılmamlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan tərəflər təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verə bilərlər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6716/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6716/2020
17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver