Məhkəmə qərarları › İş №2-1(112)-6717/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6717/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6717/2021 13.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları

1. İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********8 nömrəli, 06.04.2021-ci il tarixli imtina məktubunda göstərmişdir ki, iddiaçının əmək kitabçasında 02.09.1999-29.12.2009-cu il tarixləri arasındakı dövr ərzində “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsində işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)" proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün həmin dövr iş stajına daxil edilməmişdir. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən (15 il 28 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (2 il 3 ay 12 gün) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13327,49 manat təşkil edir.

2. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ümumi 25 ildən çox əmək stajı var və həmin stajın 12 il 06 ayından çoxunu zərərli işlərdə işləmişdir. Bu əmək kitabçasında və digər sənədlərdə də öz əksini tapmışdır. İşlədiyi müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmamasının və məcburi dövlət sosial sığorta haqları ödməməsinin səbəbkarı iddiaçı deyildir, bu onun təqsirindən baş verməmişdir. Onun 02.09.1999-29.12.2009-cu il tarixləri arasındakı dövrün iş stajına daxil edilməməsi əsassızdır.

4. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında iddiaçıya ünvanlanmış imtina məktubundakı dəlillərə istinad etmiş, həmçinin iddiaçı tərəfindən güzəştli arayışın təqdim edilmədiyi bildirməklə iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı məhkəməyə göndərdiyi ərizəsində iştirakı olmadan işə baxılmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III.Məhkəmənin mövqeyi

8. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

9. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, iddiaçının xüsusi sığorta stajı “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) qüvvəyə mindiyi günədək tamam olmadığından ona “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun yaşa və staja görə tələbləri, iddiaçının 57 yaşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 17.03.2017-ci il tarixli 543-VQD nömrəli Qanununun qüvvəyə mindiyi 01.07.2017-ci il tarixdə tamam olduğundan həmin dövrədək qüvvədə olan ƏPQ-nin müvafiq redaksiyası tətbiq edilə bilməz.

10. Qüvvədə olan ƏPQ-nin 9.1-ci maddəsinə əsasən isə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin istinad olunan normasından görünür ki, aşağıdakı şərtlərin hamısı birlikdə olduğu halda şəxsə (kişilər üçün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilər:

1. 60 yaşının tamam olması;

2. azı 25 il sığorta stajına malik olması;

3. 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması;

4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (bu tələb 2017-ci il iyulun 1-dən etibarən müəyyən olunmuşdur). Məhkəmə iddiaçının bu tələbləri ödəməsi ilə bağlı aşağıdakıları qeyd edir. İ tələb üzrə

11. İşdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1960-cı ildə Qubadlı rayonunda doğulmuşdur, onun 60 yaşı 01.07.2020-cı ildə tamam olmuşdur. Deməli, iddiaçı cavabdehə müraciət edərkən birinci tələbi ödəmişdir. İİ tələb üzrə

12. İşdə olan AT Vİİİ №8421787 nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 01.12.1980-ci ildə Qubadlı rayon 99 nömrəli təsərrüfatarası texniki səyyar dəstəyə 4cü dərəcəli fəhlə təyin edilmiş, 12.05.1992-ci ildə işən azad edilmiş, 10.05.1992-ci ildə Milsutikinti trestinə iş ustası qəbul edilmiş, 17.09.1993-cü ildə 2 nömrəli trestin 20 nömrəli SMD-yə köçürülmə yolu ilə keçdiyi üçün işdən azad edilmiş, 20.09.1993-cü ildə 2 nömrəli trestə usta qəbul edilmişdir. Müəssisə 15.05.1995-ci ildə “Sənayekommunaltikinti”nin 3 nömrəli filialı adlandırılmış, 02.09.1999-cu ildə isə Azərsənayetikinti səhmdar cəmiyyətinin 2 nömrəli müəssisəsi adlandırılmış, iddiaçı 03.09.1999-cu ildən həmin müəssisənin iş ustası hesab edilmiş, 29.12.2009-cu ildə isə işdən azad edilmişdir.

13. İşdə olan ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı 25.11.1978- 17.12.1980-ci illərdə hərbi xidmətdə olmuşdur.

14. Məhkəmə qeyd edir ki, 01.01.2006-cı il tarixdən sonra qüvvəyə minmiş ƏPQ-nin 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar) 3.6-cı bəndinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Qaydaların 3.10-cu bəndinə əsasən isə Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər Sosial sığorta stajına şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən) olduqda daxil edilir.

16. Göründüyü kimi, qanunvericilik 01.01.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin.

17. İşdən müəyyən olunur ki, iddiaçının işlədiyi 01.01.2006-20.12.2009-cu illər üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Buna görə də həmin dövr iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. Belə olan halda isə müəyyən olunur ki, iddiaçının, ümumilikdə, 27 il 1 ay 9 gün ümumi sığorta stajı olmuşdur. Deməli, iddiaçı cavabdehə müraciət edərkən ikinci tələbi də ödəmişdir. İİİ tələb üzrə

18. İşdə olan 27.02.2017-ci il tarixli 09/06 nömrəli “Azərsənayetikinti” səhmdar cəmiyyətinin 2 nömrəli müəssisəsinin arayışından görünür ki, iddiaçı 20.09.1993- 29.12.2009-cu illərdə müəssisədə iş ustası işləmişdir, həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİ bölmə:2290000b-24441 şifri (kodu) üzrə ona güzəştli şərtlərlə pensiya təyin olunması hüququ verir.

19. Hazırkı məhkəmə qərarının 12-15-ci hissələrində qeyd olunanlara əsasən iddiaçının işlədiyi 01.01.2006-29.12.2009-cu illərdəki dövr onun ümumi sığorta stajına daxil edilmədiyindən həmin dövr xüsusi sığorta stajına da daxil edilə bilməz. Belə olan halda isə aydın olur ki, iddiaçının ümumilikdə 12 il 3 ay 12 gün xüsusi sığorta stajı olmuş, o qanunvericiliyə əsasən zəruri olan üçüncü tələbi ödəməmişdir. İV tələb üzrə

20. ƏPQ-nin 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır ƏPQ-nin 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. ƏPQ-nin 1.0.14-cü maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir. 01.03.2019-cu il tarixdən qüvvəyə minmiş ƏPQ-nin 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. ƏPQ-nin 45-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06.03.2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci hissəsinə əsasən həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur.

21. Beləliklə, ƏPQ-nin istinad olunan normalarını və 10-cu maddəsinin tələblərini nəzərə aldıqda müəyyən olunur ki, ƏPQ-nin 9.1-ci maddəsinə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyinatı üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 40800 manat (144+(65-60)×12)=204 (gözlənilən pensiya ödənişi müddəti); 204×200 (əmək pensiyasının minimum məbləği) =40800) olmalıdır. Lakin işdən aydın olur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13327,49 manatdır.

22. Məhkəmə qeyd edir ki, cavabdeh bu məbləği ƏPQ-nin 27.1-ci maddəsinə əsasən iddiaçının qəbul etdiyi 15 il 28 gün stajını nəzərə almaqla hesablamış və indeksləşdirmə aparmaqla müəyyən etmişdir. Hazırkı Qərarın 15-ci hissəsinə əsasən məhkəmə iddiaçının 27 ildən artıq ümumi sığorta stajının olduğunu müəyyən etsə də, həmin dövrün pensiya kapitalına çevrilməsi ilə də tələb olunan pensiya kapitalının əldə edilməsi qeyri-mümkündür. Belə olan halda isə müəyyən olunur ki, iddiaçı qanunvericiliklə tələb olunan dördüncü şərti də ödəmir.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya pensiya təyin edilməsindən imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar