Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6719/2024 21.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı "qanuni yaşayış yerinə köçürülmə və kompensasiya” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə onun qanuni yaşayış yerinə köçürülmək öhdəliyinin qoyulması, habelə cavabdehdən ona vurduğu zərərin əvəzinə 20 000 manat məbləğində kompensasiyanın tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya işlədiyi Güzdək Tikinti materialları kombinatı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli (keçmiş 14cü Aşırım) küçəsi 39 saylı yataqxana binasının 28 saylı otağında orderlə yaşayış sahəsi ayrılmış və o, 1991-ci ildə qeydiyyata düşərək orada məskunlaşmışdır. Bir gün işdən yataqxanaya qayıdarkən iddiaçı məcburi köçkünlər tərəfindən ona məxsus yaşayış sahəsinin qanunsuz olaraq zəbt edildiyini görmüşdür. Onun aidiyyəti şikayətləri heç bir nəticə verməmişdir. İddiaçı, ona 1991-ci ildə qeydiyyata alınaraq qanuni ayrılan yaşayış sahəsindən qanunsuz olaraq mərhum edilmişdir. O, ailəsi ilə çox uzun müddətdir ki, kirayədə qalır. Hər iki övladı həmin yataqxanada qeydiyyatdadır. Həmin yataqxana binası Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 110 saylı Sərəncamı və Azərbaycan Respublikası Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1280 saylı Sərəncamına əsasən "xxxx" Dövlət Şirkətinin Mənzil-Kommunal İdarəsinin balansından xx.xx.1999-cu il tarixində mövcud vəziyyətdə cavabdehin balansına qəbul edilərək 78 saylı Mənzil-Kommunal İstismar sahəsinin xidməti ərazisinə daxil edilmişdir. Cavabdehin iddiaçının rəsmi müracətinə verdiyi cavab məktubunda da aydın göstərilir ki, həqiqətən "xxxx" Dövlət şirkətinin Mənzil-Kommunal İdarəsi tərəfindən xx.xx.1991-ci il tarixli, 20 saylı order sənədilə ona verilmiş A.Gəraybəyli küçəsi, 39 saylı yataqxana binasının 28 saylı otağında Zəngilan rayonundan olan qaçqınlar məskunlaşmışlar. Cavabdeh iddiaçının tələbini yerinə yetirməkdən əsassız olaraq yayındığından, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, hazırda məcburi köçkünlərin azad edilmiş ərazilərə köçürülməsi başlayıb. O, hesab edir ki, cavabdeh hazırkı iddia tələbinə cavab verməli inzibati orqandır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində xx.xx.1991-ci il tarixli order əsasında ona verilmiş Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli (keçmiş 14-cü Aşırım) küçəsi 39 saylı yataqxana binasının 28 saylı otağında məcburi köçkün ailəsinin məskunlaşdığını bildirir və həmin otağa köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Buna əsas kimi isə həmin yataqxananın cavabdehin balansına verilməsinə əsaslanır. Öncə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi inzibati orqan kimi qeyd edilməmişdir. Eyni zamanda iddiaçının müraciətinə cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli (keçmiş 14-cü Aşırım) küçəsi 39 saylı yataqxana binasının 28 saylı otağında məcburi köçkün ailəsinin məskunlaşdığını və hazırda orada yaşadıqlarını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 33-cü maddəsində göstərilmişdir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən mənzil üzərində hər hansı qanuni hüququna istinad edirsə, bununla bağlı mənzildə yaşayan şəxsləri cavabdeh kimi göstərməklə, mülki qaydada onların mənzildən çıxarılmaları və onun həmin mənzilə köçürülməsi barədə məhkəmədə iddia qaldıra bilər. Hazırkı vəziyyətdə isə iddiaçı cavabdehin hər hansı qanunsuz hərəkətləri nəticəsində hüququnun pozulduğunu əsaslandıra bilməmişdir. Belə ki, iddiaçının iddia ərizəsində göstərdiyi kimi həmin mənzil cavabdehin balansına 1999-cu ildə verilmiş, məcburi köçkün ailəsi isə həmin mənzildə 1991-ci ildə məskunlaşmışdır. Cavabdehin həmin mənzildə yaşayan şəxsləri oradan çıxararaq, iddiaçını ora köçürmək kimi səlahiyyəti yoxdur. Həmçinin iddiaçı iddia tələbində ona kompensasiya ödənilməsi tələbini göstərsə də, kompensasiya tələbi ilə cavabdehə müraciət etməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı “qanuni yaşayış yerinə köçürülmə və kompensasiya” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada elan olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-6719/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6719/2024
21.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver