Məhkəmə qərarları › İş №2-1(112)-672/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-672/2021

20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-672/2021 20.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 80 kv.m olan mənzilin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar kompensasiya kimi evin dəyəri 120,000 manat, çətinliklə bağlı olan ödəniş üçün mənzilin dəyərinin 10% olmaqla 12,000 manat, Azərbaycan Respublikasının Prezidentinin 689 saylı Fərmanına əsasəb 20% olmaqla 24000 manat, 9 il müddətində bank uçot dərəcəsi 15% olmaqla hesablanmış 162000 manat və kirayə haqqı kimi 63000 manat olmaqla, ümumilikdə, 393000 manat kompensasiyanın ödənilməsi, vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 80 kv.m olan mənzilin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar kompensasiya kimi evin dəyəri 120,000 manat, çətinliklə bağlı olan ödəniş üçün mənzilin dəyərinin 10% olmaqla 12,000 manat, Azərbaycan Respublikasının Prezidentinin 689 saylı Fərmanına əsasəb 20% olmaqla 24000 manat, 9 il müddətində bank uçot dərəcəsi 15% olmaqla hesablanmış 162000 manat və kirayə haqqı kimi 63000 manat olmaqla, ümumilikdə, 393000 manat kompensasiyanın ödənilməsi, vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1988-ci ildə Nəsimi rayonu Mənzil Kommunal Tikinti Birliyinin 48 saylı (keçmiş 3 saylı) Mənzil Kommunal İstismarı Sahəsində işə düzəlmişdir. Həmin vaxt anası ilə birgə yaşayırdı. Sonra ailə həyatı qurdu. Yaşayış yeri olmadığından MKTB-nin rəhbərliyin və Həmkarlar Təşkilatının protokoluna əsasən iddiaçıya, Ş.Bədəlbəyli küçəsindəki, ümumi sahəsi sənəddə 61 kv.m olan, faktiki olaraq 80 kv.m olan 57 nömrəli evin ikinci mərtəbəsində bir otaqlı mənzil verdilər. Həmin vaxtdan 2011-ci ilə qədər uşaqları ilə birlikdə həmin mənzildə yaşamışdır. Bakı şəhər İcra Hakimiyyətinin 514 saylı 30.12.2010-ci il tarixli qərarına əsasən həmin ərazi, o cümlədən yaşadığı mənzil dövlət ehtiyacları üçün alınaraq sökülmüşdü. Həmin vaxt özünü İcra Hakimiyyətinin işçisi kimi göstərən Zülfəli adlı şəxs, qəbul zamanı iddiaçıya 500 manat verərək, kirayə çıxmağını, həmin vaxta qədər sənədləri tamamlayacağını bildirdi. İddiaçı uşaqları ilə birlikdə kirayə tutaraq orada yaşamağa başladılar. İddiaçı daha sonra dəfələrlə İcra Hakimiyyətinə gedib, gəlsə də, Zülfəli müəllim onu müxtəlif bəhanələrlə bu gün – sabaha ataraq, süründürməçiliyə yol verirdi. Tək ana olduğundan və kirayə haqqını ödəyə bilmədiyindən, Qəbələ rayonunda yaxın qohumuna məxsus evə köçərək orada yaşamalı oldular. Yol puluna belə ehtiyac olduğundan, vaxtı vaxtında Bakı şəhərinə gələ bilmirdi. Yəni 5-6 aydan bir gəlirdi, Zülfəli müəllim onu çox mehriban qarşılayar, və “büdcədə pul yoxdu, narahat olma, tezliklə ödəmə olacaq”- deyə yola salardı. İddiaçı 2013-cü il tarixdə məhkəməyə müraciət etdi. Bunu bilən Zülfəli müəllim onu çağıraraq, pulun tezliklə veriləcəyini bildirdi. Məhkəmədən iddianın geri götürülməsini məsləhət bildi. 2018-ci ilin sonlarında isə Zülfəli müəllimin qəbulunda olarkən, hətta səsinin tonunu belə qaldıraraq, “o puldan əlini üz’’- dedi. Hal-hazırda onun evi yoxdur, kirayəçi kimi müxtəlif yerlərdə qalmalı olurlar. Böyük oğlu hərbi xidmətdən qayıdıb, onun yanındadır, qızı isə maddi çətinliklər səbəbindən Bakıya gətirə bilmir, o Qəbələ rayonunda qohumlarının evində yaşayaraq, məktəbdə təhsilini davam edir. Uzun müddət süründüməçiliyə yol verildiyindən və şifahi sövdələşmədən bir nəticə çıxmadığından, Bakı şəhər İcra Hakimiyyətinə rəsmi müraciət etdi. Müraciətinə şifahi cavabda: “sən heç nə edə bilməzsən”, “poyezd uşol”, “o pulu Hacıbala yedi, üstündəndə su içdi”, 'məhkəməyə ver, özüm şəxsən gəlib hakimə xahiş edəcəm ki, sən haqlısan, sənin xeyrinə qərar versin” və s., M-661-152 saylı, 20.11,2018-cı il tarixli rəsmi cavabda isə, - “araşdırma zamanı məlum olmuşdur ki, ananız X2 məxsus, ümumi sahəsi 81 kv.m olan Bədəlbəyli küçəsi 57 saylı evin, 9 nömrəli mənzili 17.12.2010-cu il tarixdə notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən digər şəxsə satılmışdır”- göstərilmışdir. Göründüyü kimi, iddiaçı ona məxsus mənzilin dəyərini tələb edir, cavabdeh isə anasına məxsus evin barəsində məlumat verir. Həmin ünvanda iddiaçının anası da yaşayırdı. Anası həmin evi özəlləşdirərək öz ailəsi ilə birlikdə yaşamış və yaşadığı evi alqı-satqı yolu ilə sataraq, evdən çıxmış və başqa yerdə özünə ev alaraq, həyat yoldaşı ilə həmin evdə yaşamışdır. Dünyasını dəyişəndən sonra isə həmin evdə həyat yoldaşı yaşayır. Yəni həmin evin iddiaçıya heç bir aidiyyəti yoxdur. Bu faktları 48 saylı MKİS-nin arayışları, qonşuların aktları, eyni zamanda “Qeydiyyat vərəqəsi” (kartoçka propiski) adlanan A və s. sənədlərlə də təsdiq etmək mümkündür. Bu günə qədər müxtəlif bəhanələrlə iddiaçının evinin dövlət ehtiyacları üçün alınması nəticəsində, kompensasiya ödənilməməsi, eyni zamanda, bu vaxta qədər müxtəlif ünvanlarda kirayə yaşadığı üçün kirayə haqlarının ödənilməsi inzibati orqanın üzərinə vəzifə kimi qoyulmalıdır. Son dövrlər məhkəməyə sənədlər təqdim edən İH və MKİS uydurma sənədlər tərtib etmişlər. Belə ki, MKİS-nin 19.12.2018-ci il 127 saylı arayışında şəxsiyyət vəsiqəsində olan qeydiyyatı, yəni, 57 saylı mənzildə qeydiyyatda olduğu göstərilir, 15.11,2019-cu il 425 saylı arayışda isə anası ilə birlikdə 9 saylı mənzildə qeydiyyatda olduğunu qeyd edirlər. Eyni zamanda forma 1-də düzəliş etsələr də, mənzillərin aydın olduğunu və hər birinin ölçüsü 61 kv.m olduğu qeyd edilmişdir. Lakin anasına məxsus 61 kv.m mənzilin dəyəri ödənilmişdir. Lakin digər 61 kv.metr necə oldu bilinmir. Yəni nə qədər saxtakarlıq etsələrdə, öz istəklərinə nail ola bilmirlər. Bu hallar isə uzun illər onun iztirablar çəkməyinə səbəb olub. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş iddiaya dair etirazın bildirilməsi haqqında məhkəmə sərəncamına əsasən cavabdeh Bakı şəhər İcra Hakimiyyəti 29 dekabr 2020-ci il tarixli, 7-3942 nömrəli məktubunda bildirmişdir ki, İddiaçı anası X2 məxsus ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 81 kv.metr olan dörd otaqlı mənzilini Bakı şəhər İcra Hakimiyyəti başçısının 23.09.2009-cu il tarixli, 385 saylı sərəncamına əsasən 17.12.2010-cu il tarixdə AN-İ ******* nömrəli notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən 121500 manat satmış və həmin mənzilin alqı-satqısının aparılmasına iddiaçı etiraz etməmişdir. Eyni zamanda İddiaçı məxsus nə yaşayış nə də ki, qeyri-yaşayış sahəsi mövcud olmadığından ona hər hansı bir kompensasiya ödənilməmişdir. İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır; 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı və cavabdeh məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş: X1 ilə alıcı X7 arasında bağlanılmış Daşınmaz Əmlakın ******* nömrəli, 17 dekabr 2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, satıcı İpoteka haqqında Qanunun 30.1-ci maddəsinə uyğun olaraq, “xxxx” QSC-nin həmin mənzilin satılmasına razılığına dair 15.12.2010-cu il tarixli, 11/6368 nömrəli məktubuna əsasən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən 04.12.2010-cu il tarixdə verilmiş 11/29249 nömrəli arayışa əsasən, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 61 kv.metr və ümumi sahəsi 81 kv.m olan dörd otaqlı, 9 saylı mənzilini alıcının mülkiyyətinə vermişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfinfən İddiaçı Ağasəf qızına ünvanlanmış 20.11.2018-ci il tarixli, M-661-152 nömrəli məktubuna əsasən, anası X2 məxsus, ümumi sahəsi 81 kv.metr olan Ş.Bədəlbəyli küçəsi, 57 saylı evin 9 nömrəli mənzili 17.12.2010-cu il tarixində notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən digər şəxsə satılmışdır. Azərbaycan Respublikası Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 48 saylı Mənzil Kommunal İstismar Sahəsinin 19.12.2018-ci il tarixli, 127 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 48 saylı MKİS-in ərazisində yerləşən Ş.Bədəlbəyli küçəsi 57 saylı evdə vəsiqə əsasında 1989-cu ildən hal-hazıra kimi qeydiyyatdadır və göstərilən ünvan sökülmüşdür. 48 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş Şəmsi Bədəlbəyli küçəsi ev 57-nin 2-ci mərtəbəsinin sxeminin kserosurətində qeyd edilmişdir ki, “ünvan söküldüyündən sənədlər mövcud deyil, göstərilən sxemdə ölçüləri göstərmək mümkün olmamışdır.” İşə əlavə edilmiş forma A və forma B qeydiyyat kartoçkalarının surətlərinə əsasən, iddiaçı və onun oğlu X4 Bakı şəhəri, Nəsimi rayonu, Bədəlbəyli küçəsi, ev 57 –də qeydiyyatdadırlar. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı şəxsiyyət vəsiqəsi əsasında Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi, 57 nömrəli evdə qeydiyyatda olması əsası ilə həmin evin sökülməsi ilə əlaqədar olaraq ona kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanununun 4.1-ci maddəsinə əsasən, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 4.2-ci maddəsinə uyğun olaraq, dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Həmin Qanunun 7.1-ci maddəsinə görə, torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 56.1.1-ci maddəsinə əsasən, iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin; Lakin iddiaçı əvəzində kompensasiyanın ödənilməsini tələb etdiyi əmlakın (evin) onun istifadəsində olduğunu göstərsə də bununla bağlı hüquqmüəyyənedici sənədlər onun tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 158.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır:158.1.1. girov hüququ;158.1.2. əmlakdan istifadə hüququ;158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4–ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. İddiaçının iddia tələbinin əsası -onun Ş.Bədəlbəyli küçəsi, ev 57-də yaşayış yeri üzrə qeydiyyatını təsdiq edən sənədlər təşkil edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, “şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.” Beləliklə, iddiaçı hazırda əvəzində kompensasiya ödənilməsini tələb etdiyi əmlak üzərində onun mülkiyyət, istifadə, icarə hüququnun qeydə alınmasına dair hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etmədiyi üçün və qeyd edilən ev iddiaçının mülkiyyətində və ya istifadəsində olmadığı üçün məhkəmə hesab edir ki, iddiaçının həmin ev ilə bağlı kompensasiya tələb etmək hüququ mövcud deyildir. Azərbaycan Respublikası İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 80 kv.m olan mənzilin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar kompensasiya kimi evin dəyəri 120,000 manat, çətinliklə bağlı olan ödəniş üçün mənzilin dəyərinin 10% olmaqla 12,000 manat, Azərbaycan Respublikasının Prezidentinin 689 saylı Fərmanına əsasəb 20% olmaqla 24000 manat, 9 il müddətində bank uçot dərəcəsi 15% olmaqla hesablanmış 162000 manat və kirayə haqqı kimi 63000 manat olmaqla, ümumilikdə, 393000 manat kompensasiyanın ödənilməsi, vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34, 68 – 69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 80 kv.m olan mənzilin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar kompensasiya kimi evin dəyəri 120,000 manat, çətinliklə bağlı olan ödəniş üçün mənzilin dəyərinin 10% olmaqla 12,000 manat, Azərbaycan Respublikasının Prezidentinin 689 saylı Fərmanına əsasəb 20% olmaqla 24000 manat, 9 il müddətində bank uçot dərəcəsi 15% olmaqla hesablanmış 162000 manat və kirayə haqqı kimi 63000 manat olmaqla, ümumilikdə, 393000 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar