Məhkəmə qərarları › İş №2-1(112)-6720/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6720/2021

16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6720/2021 16.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 52 yaşdan, yəni 07.06.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin isə 16.02.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 07.06.2017-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, 1984-cü il tarixdən etibarən müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin, təhsil və hərbi müddəti nəzərə alındıqda, onun iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li siyahıda, həmçinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin fərdi sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatna imkan verməməsi səbəbi ilə pensiyanın təyin olunmasından imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, iddiaçıya pensiya təyin edilməsi üçün onun ən azı 44.400 manat məbləğində pensiya kapitalının malik olması tələb edilir. Lakin müraciət tarixinə iddiaçının sahib olduğu pensiya kapitalı, cəmi 22.341,48 manat təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə verilmiş yazili etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İşdə olan iddiaçının əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: -09.08.1984-cü il tarixdən 23.10.1984-cü il tarixədək tibb bacısı vəzifəsində işləmiş; (2 ay 16 gün) -12.11.1984-cü il tarixdən 03.05.1985-ci il tarixədək Naftalan İt.Bir.,“Çinar” sanatoriyasında tibb bacısı vəzifəsində işləmiş; (05 ay 22 gün) -05.05.1985-ci il tarixdən 23.10.1985-ci il tarixədək “İstisu” sanatoriyasında tibb bacısı vəzifəsində işləmiş; (05 ay 20 gün) -01.11.1985-ci il tarixdən 03.05.1986-cı il tarixədək “Araz” sanatoriyasında tibb bacısı vəzifəsində işləmiş; (06 ay 03 gün) -05.05.1986-cı il tarixdən 20.09.1986-cı il tarixədək “İstisu” sanatoriyasında tibb bacısı vəzifəsində işləmiş; (04 ay 17 gün) -31.07.1988-ci il tarixdə müvəqqəti olaraq təcili yardım şöbəsinə təyin edilmiş, 09.11.1988-ci il tarixdə mərkəzi xəstəxanaya dizinfektor təyin edilmiş və 15.11.1996-cı il tarixdə öz xahişi ilə işdən azad edilmiş; (08 il 03 ay 16 gün) -01.08.2000-ci il tarixdə müvəqqəti olaraq poliklinikaya sahə tibb bacısı qəbul edilmiş, 09.10.2000-ci il tarixdə doğum şöbəsinə müvəqqəti olaraq tibb bacısı keçirilmiş, 12.04.2001-ci il tarixdə X10 tibbi bacısı vəzifəsinə keçirilmiş, 25.05.2001-ci ildən həmin şöbənin baş tibb bacısı vəzifəsinə keçirilmiş, 01.01.2010-cu il tarixdə poliklinikada tibb bacısı vəzifəsinə keçirilmiş, 27.02.2010-cu il tarixdə Tərtər rayon X3 şöbəsində infeksion kabinetə tibb bacısı keçirilmiş və hal-hazırda həmin vəzifədə işləyir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün bir halı əsas götürmüşdür:

1. fərdi sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatna imkan verməməsi; Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1965-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı qanunvericilikdə nəzərdə tutulmuş aşağı həddən az olduğundan, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməli, bundan başqa ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı şərtin zəruri olubolmaması aydınlaşdırılmalıdır. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına istinad edir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini bilavasitə hava gəmilərinin uçuşlarını idarəetmə işlərində çalışarsa. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qadınlara 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 20 il, güzəştli iş stajının 10 ildən çox olmasını şərtləndirmişdir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq ƏMQ-nın tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı 01.07.2017-ci il tarixədək toplanmalıdır . İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin (01.07.2017-ci il tarixədək olan redaksiyası) əsasında güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç şərtin ödənilməsi tələb olunur. 1) 52 yaşının 01.07.2017-ci il tarixədək tamam olması; 2) 20 il ümumi iş stajının olması; 3) bu müddətin azı 10 ilinin güzəştli iş stajı olması. Məhkəmə bildirir ki, iddiaçı xx.xx.1965-cı il təvəllüdlüdü olduğundan, onun 52 yaşı 07.06.2017-ci ildə tarixində tamam olur. Bu da onu göstərir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin (01.07.2017-ci il tarixədək olan redaksiyası) tələbləri əsasında iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün nəzərdə tutulmuş birinci şərt ödənilmişdir. Məhkəmə ikinci şərtin ödənilib-ödənilməməsi qanunvericiliyin aşağdaki normaları əsasında müəyyən edir. Belə ki, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X11) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxarıq məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Məhkəmə ümumi iş stajını müəyyən edərkən, 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndini və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndini tələbləri əsasında hərbi və təhsil müddətlərini ümumi iş stajına daxil edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının təhsil müddəti ümumi iş stajına daxil edilərkən təhsilin başladığı müddət 01.09.1982-cı il tarixdən nəzərə alınır. Belə ki, diplomun surətindən görünür ki, iddiaçı “Səhiyyə Nazirliyinin 1 №-li Bakı tibb məktəbində” tibb bacısı üzrə ixtisas almışdır. Sözügedən diplomda təhsil müddətinin başlaması 1982-cı ildən olduğu göstərilmiş, lakin gün və ay tarixi qeyd olunmamışdır. Ümumməlum arqument odur ki, SSR dövrdə, həmçinin Azərbaycan Respublikasının bilik günün “15 sentyabr” olması qeyd edilməzdən əvvəl, təhsil müəssisələrində tədris fəaliyyəti 01 sentyabr tarixdən başlayırdı. Bu səbəbdən, Məhkəmə iddiaçının təhsil müddətinin 01.09.1982-02.07.1984 dövrü əhatə etdiyi qənaətinə gəlir Məhkəmə bildirir ki, ümumiyyətlə iddiaçının 20 ildən çox ümumi iş stajının olması hazırki iddia tələbinin mübahisələndirilməyən hissəsidir. Hər nə qədər bu hissə mübahisələndirilməsə də, məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçının əmək kitabçasında olan qeydləri digər sənədlər ilə birgə təhlil etdikdə müəyyən edir ki, iddiaçı 01.01.2006-cı il tarixədək zəruri olan ümumi iş stajını toplamasa da, həmin staj 07.06.2017-ci il tarixədək toplanmışdır ki, bu da müxtəlif dövrləri əhatə etməklə 29 il 13 gün təşkil edir. (01.09.1982-02.07.1984; 09.08.1984-23.10.1984; 12.11.1984-03.05.1985; 05.05.1985-23.10.1985; 01.11.1985-03.05.1986; 05.05.1986-20.09.1986; 31.07.1988- 15.11.1996; 01.08.2000-07.06.2017) Göründüyü kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş ümumi staj ilə bağlı şərt ödənilmişdir. Son olaraq məhkəmə iddiaçının güzəştli iş stajına münasibət bildirərək qeyd edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş güzəştli iş stajını toplamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda- 22600000- XXİV. Səhiyyə və sosial təminat idarələri bölməsində 22600000—1754b kod altında bilavasitə xəstələrə xidmət edən işçilər, 22606000a kod altında vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində işləyən kiçik tibb heyəti zərəli iş kimi nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 19. Tibb və sosial təminat müəssisələri bölməsində bilavasitə xəstələrə xidmət edən işçilər və vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində işləyən kiçik tibb heyəti güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. Göründüyü kimi, həm “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin də “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda bilavasitə xəstələrə xidmət edən işçilər və infeksion kabinetlərdə işləyən kiçik tibb işçiləri vəzifələri güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. Bu zaman, kiçik tibb işçilərinin kateqoriyasına daxil olan əməkdaşların hansı fəaliyyətin icra etməsinin müyyən edilməsi mühim rol oynayır ki, bunun müəyyən edilməsi “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X5” əsasında həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19 iyun 2017-ci il tarixi, 8 №-li Qərarı ilə təsdiq olunmuş Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X2 xəstələrə qulluq edən kiçik tibb bacısı (qardaşı) kiçik tibb heyətinə daxildir. Nəzərə alınmalıdır ki, tibb bacısının əmək funksiyası müəyyən prinsip əsasında xarakterizə olunmuşdur ki, bu funksiyalar xəstələrə müalicə-profilaktika müəssisələrində və evdə tibbi qulluğun, xəstəyə həkiməqədər tibbi yardımın göstərilməsi, sanitariya maarifi işinin aparılması, laboratoriya tədqiqatları üçün materiallarının götürülməsi və ən sadə analizlərinin aparılması, həmçinin tibb alətlərini, sarğı materiallarını və xəstələrə tibbi qulluq əşyalarını sterilizasiya edilməsi, o cümlədən həkim təyinatlarının düzgün yerinə yetirilməsi ilə həyata keçirilir. Əlbətdə, infeksion kabinetlərdə işləyən tibb bacılarının (qardaşların) zərərli iş şəraitində işləməsi təkzib olunmazdır. Belə ki, həmin infeksion kabinetlərində işləyən tibb bacıları (qardaşları) daha kəskin patoloji infeksiyaya yoluxmuş şəxslərə qulluq etdiklərinə görə, onların yoluxma riski kifayət qədər yüksək olur və bu bir mənalı olaraq onların daha zərərli iş şəraitində fəaliyyət göstərməsini nümayiş etdirir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçının fəaliyyət göstərdiyi vəzifə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06.11.2004-cü il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin” Siyahısında Sanitariya-profilaktika idarələri və epidemiyaya qarşı tədbirlərin keçirilməsi üzrə işlərdə bilavasitə məşğul olan işçilər bölməsində nəzərdə tutulmuş xüsusi təhlükəli infeksiyalar şöbəsinin kiçik tibbi heyət vəzifəsinə aiddir. Göründüyü kimi, iddiaçının işlədiyi tibb bacısı vəzifəsi təkcə güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən Siyahı deyil, həmçinin digər normativ hüquqi aktda öz əksini tapmışdır ki, bununla da kiçik tibb heyətinin agır istehsalat amilləri mövcud oan əmək şəraiti olduğunu göstərir. Məhkəmə bildirir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən sahələrdə işləməsi təkcə əmək kitabçası və sorğu kitabçası əsasında deyil, həmçinin məhkəmə sorğusu əsasında verilmiş sorğuya cavab məktubundan da məlum olur. Belə ki, həmin məktubdan görünür ki, iddiaçı müxtəlif dövrlərdə müxtəlif vəzifələri icra etmişdir ki, onun icra etdiyi vəzifələr “Güzəştli şərtlrərə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”nda 22600000-1754b və 2260000a kod altında olan vəzifələrə aid edilmişdir. Beləliklə məhkəmə sorğusuna cavab məktubu (güzəştli arayış),həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19 iyun 2017-ci il tarixi, 8 №-li Qərarı ilə təsdiq olunmuş Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X4 daxil olmuş məlumatlar ona dəlalət edir ki, iddiaçının infeksion kabinetdə işləyi tibb bacısı vəzifəsi “kiçik tibb heyəti” vəzifənin tərkib hissəsi olmaqla yanaşı güzəştli pensiya hüququ verən vəzifəyə aiddir. Məhkəmənin qənaətinə görə iddiaçının dəri-zöhrəvi şöbəsində və infeksion kabinetində işlədiyi müddət 10 ildən (12.04.2001-25.05.2001; 25.01.2001-01.10.2010; 24.04.2010-07.06.2017 – 16 il 21 gün) çox təşkil edir ki, bu da iddiaçının güzəştli iş stajının qanunvericilikdə nəzərdə tutulmuş həddən çox olduğunu təsdiq edir. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Hal-hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında“ Qanunun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazılı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur.İddiaçının təqdim etdiyi arxiv arayışları sadəcə olaraq onun ümumi sığorta stajını təsdiq edən sənəd olaraq mötəbər sübut kimi qəbul edilə bilər, xüsusi sığorta stajını yox. Belə ki, istinad edilən normanın məzmunundan da göründüyü kimi, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Hazırki halda, iddiaçının işlədiyi sahə və peşələrə dair məlumatlar (Siyahıda qeyd edilən məzmunda) əmək kitabçasından savayi, həmçinin də, təqdim olunmuş güzəştli arayışda aşkar olaraq göstərilmişdir. Cavabdehin imtina məktubunda göstərilən əsas ilə bağlı isə, Məhkəmə qeyd etmək istəyir ki, iddiaçı ƏPQ-nin 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək olan redaksiyasında nəzərdə tutulan ümumi və güzəştli iş stajları toplanıldığından, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilən zaman, məhz həmin qanunvericiliyin normaları tətbiq olunmalıdır. Başqa sözlə desək, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı müddəa qanunun həmin dövrdə qüvvədə olan redaksiyasında nəzərdə tutulmadığından, iddiaçının topladığı ümumi və güzəştli iş stajları, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas verir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 07 iyun 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə 16.02.2021-ci il tarixdə (imtina məktubunda göstərilən tarix) Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni 16.02.2018-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı 52 yaşdan, yəni 07.06.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin isə 16.02.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar