Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6721/2022 10.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “cavabdehdən maddi və mənəvi ziyanın əvəzi kimi 25.000 (iyirmi beş min) manat pul məbləğinin tutulması” barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “cavabdehdən maddi və mənəvi ziyanın əvəzi kimi 25000 (iyirmi beş min) manat pul məbləğinin tutulması” barədə iddiа ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 25.10.2021-ci il tarixli qərardadı ilə inzibati işin Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 10.01.2022-ci il tarixli qərardadı məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-247/2022 saylı 03.02.2022-ci il tarixli qərardadına əsasən, inzibati işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 15.01.2018-ci il tarixli 2(006)-679/2018 nömrəli qətnaməsinə əsasən Təranə Muxtarovadan 23.300 manat tutulub iddiaçıya verilməlidir. Lakin bu günə kimi Nəsimi Rayon Məhkəməsinin 15.01.2018-cu il tarixli qətnaməsi, icra vərəqəsi icra olunmamışdır. Nəsimi Rayon Məhkəməsinin 01.09.2020-ci il tarixli 8(006)-110/2020 nömrəli qərardadına əsasən Nəsimi rayon İcra və Probasiya şöbəsinin hərəkətsizliyi qanun pozuntusu kimi tanınmışdır. 02.08.2019; 04.08.2019-cu il tarixli müraciətlərə cavab verilməsi vəzifəsi Nəsimi rayon İcra və Probasiya şöbəsinin üzərinə qoyulsa da, bu günə kimi mahiyyəti üzrə baxılmamış, qərardad icra olunmamış, həmin müraciətlərə mahiyyəti üzrə cavab verilməmişdir. İddiaçı məhkəməyə qədər pretenziya qaydasında 05.09.2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fikrət Məmmədova müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən bu günə kimi cavab almamış, şikayətləri alınsa da, baxılmamış qalmışdır. Hətta Azərbaycan Respublikasının Milli Məclisinin aparatından da müraciətləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilsə də, baxılmamış qalmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilmişdir: ”1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.” Həmin Qanunun 20-ci maddəsinə əsasən,hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 28.1.-ci maddəsinə görə inzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. Həmin Qanunun 52-ci maddəsində göstərilmişdir: “1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. 52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər.52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. 52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. İddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etməsi halı mövcud deyil. Belə ki, iddiaçının Azərbaycan Respubikası Ədliyyə Nazirliyi və Nəsimi rayon İcra və Probasiya şöbəsinə ünvanladığı 05.09.2021-ci il tarixli pretenziya qaydasında şikayət ərizəsinə əsasən, iddiaçı Nəsimi Rayon Məhkəməsinin 2(006)-679/2018 saylı işi üzrə qəbul etdiyi 15.01.2018-ci il tarixli qətnaməsinin qanunla müəyyən olunmuş müddətdə icra olunmadığına görə, qətnamənin icrasında Ədliyyə Nazirliyinin nəzarətsizliyinə görə 25.000 manat maddi və mənəvi zərərin əvəzi kimi ona verilməsini xahiş emişdir. İddiaçının bu müraciəti icra məmurunun hərəkətsizliyindən nazirliyə etdiyi şikayət olmaqla, Nəsimi rayon icra və probasiya şöbəsindən zərərin əvəzi tutulması kimi başa düşülür. Bundan başqa, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-110/2020 saylı işi üzrə qəbul etdiyi 01.09.2020-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 15 yanvar 2018-ci il tarixli, 2(006)-679/2018 saylı qətnaməsinin icra olunması ilə bağlı Nəsimi rayon icra və probasiya şöbəsinin hərəkətsizliyi və İddiaçı 02.08.2019-cu il tarixli və 04.08.2019-cu il tarixli müraciətlərinə qanunla müəyyən edilmiş müddətə cavab verilməməsi qanunsuz hesab edilməsi, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 15 yanvar 2018-ci il tarixli, 2(006)- 679/2018 saylı qətnaməsi üzrə icra hərəkətlərinin davam etdirilməsi və İddiaçıznın 02.08.2019-cu il tarixli və 04.08.2019-cu il tarixli müraciətlərinə cavab verilməsi öhdəliyi Nəsimi rayon icra və probasiya şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bu qərardadda Ədliyyə Nazirliyinin hər hansı hərəkətinin qanunsuz olması müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən, cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi iddiaçıya maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini təmin edən orqan, yəni iddiaçının iddia tələblərinə cavab verən orqan da deyildir. İddiaçı iddia ərizəsində ona zərərin vurulması ilə nəticələnən məhkəmə qətnaməsinin icra edilməməsində cavabdehin qanunsuz hərəkətsizliyi” - “nəzarətsizliyi”nin nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda cavabdehin hərəkətsizliyi nəticəsində hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddiaçı iddia ərizəsində əsaslandırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1.1-ci bəndinə əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır, 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Səftar qızının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “cavabdehdən maddi və mənəvi ziyanın əvəzi kimi 25.000 (iyirmi beş min) manat pul məbləğinin tutulması” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 35-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Səftar qızının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “cavabdehdən maddi və mənəvi ziyanın əvəzi kimi 25.000 (iyirmi beş min) manat pul məbləğinin tutulması” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-6721/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6721/2022
10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver