Məhkəmə qərarları › İş №2-1(112)-6723/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6723/2022

23.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6723/2022 23.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) müraciət edərək, 30 ildən çox müddətə iş stajı olduğundan ona əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş, bununla bağlı qəbul etdiyi xx.xx.2021-ci il tarixli, **********8 nömrəli qərarda göstərmişdir ki, İddiaçı sosial müavinət alır və tələb edilən 25 il sığorta stajı və 2006-cı ildən sonra fərdi hesabında toplanan sığorta kapitalı olmadığı üçün ona əmək pensiyası təyin etmək mümkün deyildir. Eyni zamanda cavabdeh məsələ ilə bağlı iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda göstərmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1974-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək 4 il əyani təhsil aldığı dövr, xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək 2 il hərbi xidmətdə olduğu dövr, eyni zamanda əmək kitabçasında qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 22 il 3 ay təşkil edir və bu, qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 22 il 3 ay sığorta stajına uyğun olaraq 16956,06 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bildirilmişdir ki, sığorta stajını təsdiq edən əlavə sənəd təqdim ediləcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrləri zərurət olduğu halda araşdırıla bilər. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə Gədəbəy rayonunun Şınıx kəndində anadan olmuş, 1974-1978-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almış, 1978-1980-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə qədər Özbəkistan Respublikasının Yeni Buxara əyalətində işləmişdir. xx.xx.1980-cı ildən xx.xx.1981-ci ilə qədər, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilə qədər,xx.xx.1983-cü ildən xx.xx.1986-cı ilə qədər, xx.xx.1987-ci ildən xx.xx.1992-ci ilə qədər, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə qədər, xx.xx.1993-cu ildən xx.xx.1995-ci ilə qədər, xx.xx.1995-ci ildən xx.xx.1999-cu ilə qədər, xx.xx.1999-cu ildən xx.xx.2006-cı ilə qədər müxtəlif yerlərdə və vəzifələrdə işləmiş, pensiya hüququ verən iş stajı 25 ildən çoxdur. O, xx.xx.2021-ci ildə 65 yaşının tamam olması və 25 ildən çox iş stajı olduğu üçün qanunvericiliyin tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdehə müraciət etmiş, həmin orqandan verilən 12 yanvar 2022-ci il tarixli, **********7 saylı məktubla əmək pensiyasının təyin olunmasından heç bir əsas olmadan, tamamilə qanunsuz olaraq imtina edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında imtina məktubunda qeyd olunanlara istinad etmiş və əlavə olaraq göstərmişdir ki, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasında onun xx.xx.1999 – xx.xx.2006-cı il tarixlərdə "xxxx" MMC-də işlədiyinə dair qeydlər şübhə doğurduğundan əlavə araşdırma aparılmışdır. İddiaçının xx.xx.1999-cu il tarixdə işə qəbul və xx.xx.2006-cı il tarixdə işdən azad olunma əmrləri "xxxx" MMC-nin direktoru qismində adı keçən X5 tərəfindən imzalanmışdır. Araşdırma zamanı bir sıra dövlət orqanlarına sorğular göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********804900 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" MMC xx.xx.2018-ci il tarixdə (iddia olunan tarixlərdən 12 il sonra) ********** nömrəli VÖEN-lə vergi orqanında uçota alınmışdır. X9 Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X4 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru X2r. X6 X8 İşlər Nazirliyi ilə əlaqəli məlumatların yoxlanılması zamanı “X5” adında yalnız bir şəxsin məlum olduğu və həmin şəxsin xx.xx.1998-ci il təvəllüdlü olduğu müəyyən edilmişdir. Əldə edilmiş məlumatların təhlilindən aydın olur ki, iddiaçının işlədiyini iddia etdiyi illərdə "xxxx" MMC mövcud olmamışdır. İşəgötürən qismində əmək kitabçasında qeydiyyat aparmış "xxxx" MMC-nin direktoru X1 imzası saxtalaşdırılmış, lakin nəzərə alınmamışdır ki, xx.xx.1999-cu il tarixdə işə qəbul əmrini imzalayarkən işəgötürənin bir yaşı, xx.xx.2006-cı il tarixdə işdən azad olunma əmrini imzalayarkən isə səkkiz yaşı olmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə etdi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2020 - 30 iyun 2021-ci il üzrə kişilərə pensiya təyin edilməsi üçün yaş həddi 65 ildir. Qeyd olunan normalardan görünür ki, 1 iyul 2020 - 30 iyun 2021-ci il üzrə kişilərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 65 yaşın tamam olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur və onun 65 yaşı xx.xx.2021-ci ildə tamam olmuşdur. Deməli, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün ilkin şərti ödəyir. İddiaçının 25 il sığorta stajının olması məsələsinə gəldikdə, məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 027480 nömrəli diplomdan görünür ki, o, xx.xx.1974-xx.xx.1978-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almış və “Maddi-texniki təchizatın iqtisadiyyatı və planlaşdırılması” ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçıya dair HT №8749263 nömrəli hərbi biletdən görünür ki, o, xx.xx.1978xx.xx.1980-ci illərdə hərbi xidmətdə olmuşdur. İddiaçıya aid ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə qədər “Nəvaiazot” İB-də böyük iqtisadçı, xx.xx.1980-cı ildən xx.xx.1981-ci ilə qədər “Cənubneftavtomatika”da təcrübəçi, xx.xx.1982-ci ildən xx.xx.1983cü ilə qədər mühəndis-tənzimləyici, xx.xx.1983-cü ildən xx.xx.1986-cı ilə qədər Tərəvəz məhsulları ticarəti kontorunda mühasib, xx.xx.1987-ci ildən xx.xx.1992-ci ilə qədər Orconikidze rayonunun tərəvəz məhsulları mağazaları üzrə birləşmiş idarəsində kassirmühasib, müfəttiş, maşinist, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə qədər Suraxanı rayon PTK-da çəlləkçi, xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilə qədər usta, mühasib, xx.xx.1995-ci ildən xx.xx.1999-cu ilə qədər Səbail rayon Ticarət və İctimai İaşə İdarəsində müfəttiş, mütəxəssis işləmişdir. İddiaçı xx.xx.1999-cu ildə AR Vergilər Nazirliyi "xxxx" Məhud Məsuliyyəti Cəmiyyətinə ekspeditor vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. Beləliklə, istinad olunan sənədlərə əsasən iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə 29 il 6 ay 3 gün ümumi iş stajı olmuşdur. Məhkəmə qeyd edir ki, ƏPQ-nin 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İşdən görünür ki, iddiaçı onun sığorta stajını təsdiq edən sənəd kimi diplomun, hərbi biletin surətini və əmək kitabçasını məhkəməyə təqdim etmişdir. Məhkəmə həmin sənədləri tədqiq edərək, iddiaçının əmək kitabçasındakı "xxxx" Məhud Məsuliyyəti Cəmiyyətində işləməsi ilə bağlı qeydləri mötəbər hesab etmir. Belə ki, Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X4 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmiş məktubdan görünür ki, xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru X2r. Hüquqi şəxsin ad dəyişikliyi və hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş təsis sənədlərindən görünür ki, MMC yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət kimi qeydə alınmış, cəmiyyətin təsisçisi və qanuni təmsilçisi xx.xx.1998-ci il təvəllüdlü X5 olmuşdur. Göründüyü kimi, "xxxx" MMC 2018-ci ildə yaradılmış və həmin vaxtdan fəaliyyətə başlamış hüquqi şəxs olmuşdur. Lakin iddiaçının təqdim etdiyi əmək kitabçasından görünür ki, orada iddiaçının xx.xx.1999-cu ildə "xxxx" MMC-yə ekspeditor vəzifəsinə qəbul edilməsi, xx.xx.2006-cı ildə isə öz ərizəsinə əsasən işdən azad olunması barədə qeyd aparılmışdır. Həmin dövrdə "xxxx" MMC-nin mövcud olmadığı müəyyən edildiyindən aydın olur ki, bu qeydlər etibarlı sayıla bilməz. Həmçinin əmək kitabçasından görünür ki, həm xx.xx.1999-cu ildəki, həm də xx.xx.2006-cı ildəki qeydlər MMC-nin direktoru X5 tərəfindən imzalanmışdır, hansı ki, həmin şəxs xx.xx.1998-ci il tarixdə doğulmuşdur. Belə olan halda, həmin qeydlərin F.Nəzərov tərəfindən imzalanmadığı şübhəsizdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh həmin dövrləri iddiaçının sığorta stajına daxil etməməkdə haqlı olmuşdur. İddiaçının xx.xx.1999-cu ildən xx.xx.2006-cı ilədək "xxxx" MMC-də işlədiyi dövr onun sığorta stajına daxil edilmədikdə iddiaçının 65 yaşının tamam olduğu tarixə 22 il 1 ay 13 gün iş stajının olması müəyyən edilir ki, bu da tələb olunan 25 ildən azdır. Məhkəmə onu da qeyd edir ki, inzibati icraat materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli arayışda göstərilmişdir ki, o, xx.xx.2018-ci il tarixdən "xxxx" MMC-də iqtisadçı vəzifəsində işləyir, aylıq əmək haqqı mükafatlarla birlikdə 450,00 manat təşkil edir. xx.xx.2006-cı il tarixdən sonra qüvvəyə minmiş ƏPQ-nin 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndnə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən. İş materiallarından görünür ki, iddiaçı barəsində məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi müəyyən edilməmişdir. Belə olan halda, aydındır ki, iddiaçının 2006-cı ildən sonra hansı müəssisədə işləməsindən asılı olmayaraq həmin dövr onun sığorta stajına daxil edilə bilməz. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına gəldikdə, məhkəmə qeyd edir ki, ƏPQ-nin 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Cavabdehin təqdim etdiyi məlumatdan görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının əmək kitabçasında mötəbər qəbul edilən qeydlərə əsasən əmək stajı, yəni 2006-cı il yanvarın 1-dək qazanmış olduğu pensiya hüququ pensiya kapitalına çevrildikdə isə, həmin məbləğ minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə ki, həmin çevrilməyə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 16956,06 manat pensiya kapitalı onun cavabdehə müraciət etdiyi tələb olunan məbləğdən (28800 manatdan) az olmaqla əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Beləliklə, işin istinad edilən hallarından aydın olur ki, hazırkı iş üzrə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ikinci şərt, 25 il sığorta stajının olması, yaxud fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi müəyyən edilmir. Bununla da İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə iddiaçının üzərinə qoyulan ilkin sübutetmə vəzifəsi yerinə yetirilməmiş olur ki, bu da eyni zamanda onun arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və iddiaçının əmək stajını təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar