Məhkəmə qərarları › İş №2-1(112)-6724/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6724/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6724/2024 06.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “su təchizatı sisteminə qoşulma üçün texniki şərtin verilməsi və sayğacın quraşdırılması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdehlər Nərimanov rayonu Nərimanov Bələdiyyəsinə və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nərimanov rayon Sukanal İdarəsinə qarşı məhkəməyə müraciət edərək, susuz həyatda yaşamaq mümkün olmadığını nəzərə alaraq yaşadığı evə su verilməsinin cavabdeh Azərsu ASC-nin Nərimanov Sukanal İdarəsinin üzərinə vəzifə kimi qoyulması barədə qərar edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə cavabdeh Nərimanov rayonu Nərimanov Bələdiyyəsi cavabdehlər sırasından cıxarılaraq, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nərimanov rayon Sukanal İdarəsi əsl Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə əvəz edilmişdir.

3. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Nərimanov rayonu, PY UA 38/10 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə su təchizatı sisteminə qoşulma üçün texniki şərtin verilməsi və sayğacın quraşdırılması vəzifəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması” kimi dəyişdirilməşdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı yaşadığı ünvana su xətti çəkdirmək üçün xx.xx.2023-cü il tarixində ASAN Kommunala müraciət etmişdir. ASAN Kommunal yaşadığı ünvana baxış keçirərək, su xəttinin çəkilməsi üçün heç bir maneə olmadığı və su xəttinin çəkilməsi üçün N.Nərimanov Sunakan İdarəsinə 09/51 №-li texniki şərt təqdim etmişdir. Su xətti su idarəsi tərəfindən çəkilən zaman qonşuluqda yaşayan İ.Səkinə və əri İ.Çingiz işçilərə mane olaraq, xəttin ya onun adına ya da çəkilməyə qoymayacağını bildirdilər. Çətinliyi görən Sukanal İdarəsinin N.Nərimanov İdarə rəisi X5 rayonu 17-ci Polis Bölməsinə ərizə yazaraq su çəkilməsi üçün kömək istədi. Bundan sonra su xətti çəkildi. Lakin qonşular mane ola bilmədiklərini gördükdə, Nərimanov su idarəsinə hücum edərək, orada rəhbərlik və mühəndis idarə heyyətinə əvvəl təhqir, hədə-qorxu gəlmiş, sonra hansı yolla razılaşaraq sayğac qoyulub, kod açılması işinin qəsdən uzadılmasına nail olmuşdular. O, hər dəfə xəttin birləşdirilməsi, kod açılması tələbi ilə idarəyə müraciət edəndə hələ sənədlər tam hazır deyil, müdiriyyətin işi çoxdur deyilərək vaxt qazanmışdılar. Bundan sonra qonşular İ.Səkinə və İ.X2 gedərək su xəttinin çəkilməsi üçün ASAN Kommunal verilmiş arayışın ləğv edilməsini tələb etmişdilər. Əks halda Bələdiyyə İdarəsini məhkəməyə verəcək, özlərini Bələdiyyə binasının qarşısında yandıracaqlarını deyərək təhdid etmişlər. Bundan sonra Bələdiyyə sədrinin müavini ona zəng edərək arayışı ləğv etmək məcburiyyətində qaldığını bildirdi. İddiaçı ona “bu qanunsuzdur, Siz ünvana baxış keçirərək bu arayışı vermisiniz” deyəndə “səhv etmişəm, çaşmışam” deyərək məsuliyyətdən qaçmağa çalışmışdı. Bir müddətdən sonra o, su idarəsinə dəfələrlə müraciət etməyinə baxmayaraq, “suyu birləşdirə bilmərik, sizin texnikiz şərtiniz ləğv olub” dedilər. ASAN Kommunalda texniki şərtin xx.xx.2023-xx.xx.2023-cü ilə qədər aktiv olmağına, su xəttinin 80%-nin görülməsini baxmayaraq, hələ də bu günə kimi susuz qalıb, kod açılmamış, sayğac qoyulmamışdır, halbuki 15 dəqiqə kod açılması, 25 dəqiqə sayğac qoymaq üçün vaxt sərf olunur. Qonşuların qeyri-qanuni olaraq onun fərdi evinə kommunal xəttlərinin çəkilməsinə mane olduğuna görə əvvəl Bakı şəhər Baş Polis İdarəsinə, onların cavab və yönəldilmələri üzrə Nərimanov rayon Məhkəməsinə müraciət etmiş və nəticə lehinə sonlanmışdır.

5. Nərimanov rayonu Nərimanov Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, verilir ünvan 2 ünvanda yaşayan İddiaçı şəxsiyyət vəsiqəsi: AA № ******* ondan ötəri ki, həqiqətən Bakı şəhəri, PY UA 38/10,ev 103 ünvanda yerləşən yaşayış sahəsi ona məxsusdur. Arayış həmin ünvana Cavabdeh ASC tərəfindən yeni xəttin və sayğacın qoyulması üçün Asan Kommunal Xidmətə təqdim etmək üçün verilir.

6. Nərimanov rayonu X3 Kommunal Xidmətinə ünvanlamış xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “25 may 2023-cü il tarixli, C-238 nömrəli ünvan 5 ünvanda yaşayan İddiaçı Sərdar qızına (şəxsiyyət vəsiqəsi: AA 1693160) Cavabdeh ASC tərəfindən yeni su xəttinin çəkilməsi və sayğacın qoyulması üçün Asan Kommunal Xidmətinə təqdim edilmiş arayışda ünvan səhvliyi olduğu üçün etibarsız sayılması xahiş edilir.

7. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Nərimanov rayon Sukanal İdarəsinin iddiaçının müraciətinə imtina məktubunda bildirilmişdir ki, “sizin müraciətinizə əsasən yaşadığınız ünvana su təchizatı şəbəkəsinə qoşulması üçün verilmiş 19 iyul 2023-cü il tarixli, 09/51 saylı Texniki Şərt (Asan Kommunal Xidmətinə təqdim edilmiş arayışda ünvan səhvliyi olduğu üçün etibarsız sayılması ilə bağlı Nərimanov Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, İ-409 saylı məktubuna əsasən) Cavabdeh ASC tərəfindən ləğv olunmuşdur.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanlanan məktubunda qeyd edilmişdir ki, “müraciətinizdə göstərilən Bakı şəhəri, Nərimanov rayonu, PY UA 38/10 ünvanında yerləşən fərdi yaşayış evinə "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, 5-ci Gölkənarı küçəsi, “71 A” ünvan rekviziti təyin edilmişdir.”

9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək etirazın məzmununa uyğun izahat verdi və etirazın təmin olunmasını məhkəmədən xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

11. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarının: - 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.

12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 04 qərarının: - 13. Nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar inzibati-iqtisadi məhkəmələr kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. - 14. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.

13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

15. Məhkəmə müəyyən edir ki, tərəflər arasında mülki (öhdəlik) hüquq münasibətləri yoxdur və hazırki iddia cavabdeh qurumun təbii inhisar subyekti kimi ümumi (publik) hüquq sahəsindəki tənzimləməni həyata keçirmə vəzifəsinin icra edilməməsi, hərəkətsizliyindən irəli gəlir. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia cavabdeh qurumun təbii inhisar subyekti kimi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia növünə aid edilməlidir (öhdəliyin icrası haqqında iddia).

16. İddia mümkündür.

İİİ. Məhkəmənin mövqeyi

17. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanununun əvvəlki redaksiyasında deyilir: 4 . Sudan istifadə ilə əlaqədar hüquqlar

1. Fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər.

2. Su təchizatı və kanalizasiya müəssisəsinin əldə etdiyi su (təmizlədiyi tullantı suları) onun məhsulu hesab edilir və bu sudan məqsədli istifadə olunur.

3. Hüquqi və fiziki şəxslər tərəfindən su təchizatı müəssisələrindən alınan su həmin şəxslərin mülkiyyətidir və bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, bu sudan onlar tərəfindən istədikləri şəkildə istifadə olunur.

24. Su təchizatı sisteminə qoşulmağa qoyulan tələblər

1. Su təchizatı müəssisələri öz xidməti zonası hüdudlarındakı istehlakçılardan aşağıdakıları rəsmi qaydada tələb edə bilər: a) su təchizatı sisteminə qanuni əsaslarla qoşulmalarını; b) hər hansı qanunsuz və ya müəyyən olunmuş norma, qayda və tələblərə uyğun gəlməyən qoşulmanın ləğv olunmasını; c) su təchizatı xidmətlərinin göstərilməsi üçün zəruri işlərin görülməsini. ; d) su təsərrüfatı pasportunun tərtib edilməsini.

2. İstehlakçılar su təchizatı sisteminə qoşulmaq istəmələri barədə su təchizatı müəssisəsinə yazılı müraciət edə bilərlər. Su təchizatı müəssisəsi on gün müddətində müraciətə baxaraq obyektin su təchizatı sisteminə qoşulmasına razılıq verir və ya əsaslandırılmış qaydada burdan imtina edir. Qoşulmağa imtinadan qanunvericiliklə nəzərdə tutulmuş qaydada şikayət edilə bilər.

3. Su təchizatı müəssisəsi istehlakçılara onların su təchizatı sisteminə birgə qoşulduğu barədə, qoşulmanın müddətini göstərməklə, bildiriş göndərə bilər.

4. İstehlakçılar tərəfindən qoşulma üçün zəruri olan işlərin nəzərdə tutulmuş müddətlərdə görülməsi haqqında su təchizatı müəssisələrinin tələbləri yerinə yetirilmədikdə və ya qismən yerinə yetirildikdə, su təchizatı müəssisələri bu işləri həmin istehlakçıların hesabına apara bilərlər.

5. Su təchizatı müəssisələrinin qoşulmağa, o cümlədən əvəzçilik qaydasında qoşulmağa çəkdiyi xərclər, belə qoşulma nəticəsində sudan istifadə edən bütün istehlakçılar tərəfindən ödənilir.

18. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 30.05.203-cü il tarixli Fərmanına əsasən: Maddə 1. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 2; 2007, № 5, maddə 436; 2008, № 5, maddə 348; 2009, № 10, maddə 768; 2010, № 5, maddə 374; 2011, № 4, maddə 263; 2012, № 6, maddə 505; 2014, № 6, maddə 617; 2016, № 12, maddə 1992; 2018, № 5, maddə 854; 2019, № 6, maddə 989; 2021, № 5, maddə 429; Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 816-VİQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin: 1.1. 24-cü maddəyə aşağıdakı məzmunda 6-cı hissə əlavə edilsin: “6. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin su təchizatı şəbəkəsinə qoşulması qadağandır.”; 1.2. 37-ci maddəyə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilsin: “4. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kanalizasiya şəbəkəsinə qoşulması qadağandır.”. Maddə 2. Bu Qanun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir

19. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı yaşadığı ünvana su xəttinin çəkilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada xx.xx.2023-cü il tarixində ASAN Kommunal Xidmətinə müraciət etmişdir. ASAN Kommunal Xidməti tərəfindən iddiaçının yaşadığı ünvana baxış keçirərək, su xəttinin çəkilməsi üçün heç bir maneə olmadığı bildirilmiş və su xəttinin çəkilməsi üçün Cavabdeh ASC tərəfindən texniki şərt təqdim edilmişdir.

20. Lakin Nərimanov rayonu X3 Kommunal Xidmətinə ünvanlamış xx.xx.2023-cü il tarixli məktubu ilə İddiaçı Sərdar qızına verilmiş texniki şərt ləğv edilmiş və su xəttinin çəkilməsi həyata keçirilməmişdir. Səbəb isə Nərimanov rayonu Nərimanov Bələdiyyəsi tərəfindən iddiaçının ünvanında yanlışlıq olmasının göstərilməsidir.

21. Bununla bağlı məhkəmə qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, PY UA 38/10 ünvanında yerləşən fərdi yaşayış evinə "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, 5-ci Gölkənarı küçəsi, “71 A” ünvan rekviziti təyin edilmişdir.

22. Məhkəmə hesab edir ki, iddiaçıya verilmiş tekniki şərtin ləğv edilməsi qanunsuz olmaqla, iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, qanunvericilikdə bələdiyyənin məktubuna əsaslanaraq verilmiş texniki şərtin ləğv edilməsi nəzərdə tutlumamışdır, həmçinin iddiaçının ünvanı ilə bağlı hər hansı səhv məlumat olmamış, yeni qaydalarla ünvan rekviziti təyin edilmişdir. Məhkəmə nəzərə alır ki, texniki şərt qanunvericikdə edilmiş dəyişiklikdən əvvəl verildiyindən və əsassız olaraq ləğv edildiyindən iddiaçının fərdi yaşayış evinə su təchizatı sisteminə qoşulma üçün texniki şərtin verilməsi və sayğacın quraşdırılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

24. Beləliklə, məhkəmə hesab edir ki, fərdi yaşayış evinə su təchizatı sisteminə qoşulma üçün texniki şərtin verilməsi və sayğacın quraşdırılması vəzifəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmalıdır.

25. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

26. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, PY UA 38/10 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə su təchizatı sisteminə qoşulma üçün texniki şərtin verilməsi və sayğacın quraşdırılması vəzifəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar