Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6726/2025 18.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X2, üçüncü şəxsin vəkili Nümayəndə iştirakı ilə, iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: "xxxx" MMC) “arayışın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bakı Şəhər İcra Hakimiyyəti (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilən Bakı Şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə dövlət mülkiyyətində olan boş 0,03806 ha torpaq sahəsində X8 adlı şəxsin ümumi sahəsi 914,1 kv. metrdən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyətində olmasına dair hüquqların qabaqcadan qeydiyyatı barədə ********** saylı, xx.xx.2013-cü il tarixli əsası olmayan arayışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə "xxxx" MMC zəruri cəlbetmə qaydasında 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı Şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə dövlət mülkiyyətində olan boş 0,03806 ha torpaq sahəsində guya X8 adlı şəxsin ümumi sahəsi 914,1 kv.metrdən ibarət 3 mərtəbəli qeyriyaşayış sahəsinin xüsusi mülkiyyətində olmasına dair hüquqların qabaqcadan qeydiyyatı barədə ********** saylı, xx.xx.2013-cü il tarixli arayış vermişdir. Əsası olmayan həmin arayışa əsasən orada qeyri-yaşayış sahəsi olmadığı üçün yalnız dövlətə məxsus torpaq sahəsi alqı-satqı müqaviləsi ilə satılmış və həmin torpaq sahəsini sonradan bir-birinin adına ötürən şəxslərdən sonuncusu X3 Bakı şəhər İcra Hakimiyyətinə və qeyrilərinə qarşı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə yerləşən 0,18 ha torpaq sahəsinin istifadəsinə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamlarının ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı İcra Hakimiyyəti Başçısının qanuni və əsaslı sərəncamlarını ləğv etmişdir (qərar qanuni qüvvəsini almamışdır). Qanunvericiliyin tələblərinə əsasən boş torpaq sahəsinin yalnız istifadəyə və icarəyə verilməsi nəzərdə tutulduğuna görə Bakı şəhəri İcra Hakimiyyəti Başçısı tərəfindən torpaq sahəsinin icarəyə verilməsinə dair sərəncamlar verilmiş, eyni zamanda ayrıc aktı təsdiq edilərək icarə müqaviləsi bağlanmışdır. Müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi sözügedən Arayışa əsasən Bakı Şəhəri, Nizami rayonu, Babək prospekti 2270- 77-ci məhəllədə dövlət mülkiyyətində olan 1600 kv.metr torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında Lətif Hacıyevə 19840 manat müqabilində satmış, onun adına müvafiq çıxarış verilmişdir. Daha sonra X11 Mustafayevaya həmin torpaq sahəsini 30000 manata satmış, sonuncu isə torpağı İslam Mustafayevə bağışlamışdır. İslam Mustafayev də torpaq sahəsini "xxxx" fərdi firmasının mülkiyyətinə vermişdir. Göründüyü kimi dövlətə məxsus 3 200 000 manat qiymətləndirilən 1600 kv.metr torpaq sahəsi hüquqların qabaqcadan qeydiyyatı barədə ********** saylı, xx.xx.2013-cü il tarixli arayışa əsasən 19840 manata satılaraq dövlət büdcəsinə xüsusi ilə külli miqdarda zərər vurulmuşdur. Bundan sonra həmin arayışların, müqavilələr və çıxarışların ləğvi barədə Bakı şəhəri Nizami rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-848/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə “Hüquqların qabaqcadan qeydiyyatı barədə arayışın ləğv edilməsi” tələbinə dair hissəsində mülki işin icraatına xitam verilmişdir. Qərardadda göstərilmişdir ki, Bakı Şəhəri, Nizami rayonu, Babək prospeki 2270-77-ci məhəllədə dövlət mülkiyyətində olan 0.03806 ha torpaq sahəsində cavabdeh X4 ümumi sahəsi 914,1 kv.metrdən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyətində olmasına dair “Hüquqların qabaqcadan qeydiyyatı barədə ********* saylı, xx.xx.2013-cü il tarixli arayışın ləğv edilməsi” hissəsində inzibati icraat qaydasında baxılmalıdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının sözügedən məsələ ilə bağlı cavabdehə müraciəti daxil olmamışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarədə mövcud arxiv məlumatlarına əsasən Bakı şəhər, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə yerləşən qeyri-yaşayış binası Bakı şəhər İcra Hakimiyyətinin 147 saylı, xx.xx.2004-cü il tarixli sərəncam, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Bağ İdarəsinin ayrıc aktı, inşaat pasportu əsasında X6 ********** nömrəli, xx.xx.2013-cü il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın mümkün sayılmamasını xahiş etmişdir. Üçüncü şəxs tərəfindən iddiaya yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, X3 cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-nin istifadəsinə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə yerləşən 0,18 ha torpaq sahəsinin verilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin başçısının 21 oktyabr 2016-ci il tarixli, 426 nömrəli sərəncamı və həmin sərəncamdan irəli gələn Bakı şəhər icra Hakimiyyətinin başçısının xx.xx.2017-ci il tarixli, 666 saylı və xx.xx.2019-cu il tarixli, 249 nömrəli sərəncamların ləğv edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-34/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiа tələbi təmin еdilmiş və Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2016-ci il tarixli, 426 nömrəli, xx.xx.2017-ci il tarixli, 666 nömrəli, xx.xx.2019-cu il tarixli, 249 nömrəli sərəncamlarının X1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə yerləşən 0,16 ha torpaq sahəsinə aid olan hissədə etibarsız hesab edilməsi qərara alınmışdır. Sözügedən qərardan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-142/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-34/2024 nömrəli, 07 mart 2024-cü il tarixli qərarı ləğv edilmiş və iddiaçı "xxxx" Fərdi Firmasının iddiası təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2016-ci il tarixli, 426 nömrəli, xx.xx.2017-ci il tarixli, 666 nömrəli, xx.xx.2019-cu il tarixli, 249 nömrəli sərəncamları "xxxx" fərdi firmasına məxsus olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə yerləşən 0,16 ha torpaq sahəsinə aid olan hissədə etibarsız hesab edilməsi qərara alınmışdır. Həmin qərardan kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin 2-1(102)-1384/2025 saylı qərarı ilə kassasiya şikayəti mümkün sayılmamışdır. Daha sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın ləğv edilməsi” tələbinə dair iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8293/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Sözügedən qərardaddan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1548/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8293/2024 saylı 27 noyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qərardaddan kassasiya şikayəti verilmiş və iş hazırda Ali Məhkəmənin icraatındadır. Göründüyü kimi Bakı şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamı cavabdehə aid hissədə etibarsız hesab edilmiş və həmin məhkəmə aktı Ali Məhkəmədə qüvvədə saxlanılmışdır. Həmin məhkəmə qərarında da "xxxx" MMC mülkiyyətçi kimi tanınmış və sərəncam etibarsız hesab edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin torpaq özgəninkiləşdirildikdən sonrakı tarixdən hüquqları itmişdir. Bakı şəhər İcra Hakimiyyətinin belə bir hüququ mövcud deyil. Göstərilənləri nəzərə alaraq iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmunu ilə oxşar izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili Nümayəndə məhkəmədən iddianın mümkünsüz hesab edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər (4.1). İnzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur (4.2). İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur (4.3). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli Fərmanında göstərilmişdir ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinin ikinci cümləsində və 67.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir (2.1.). Həmin Qanunun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (2.2.) İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı dövlət mülkiyyətində olan boş torpaq sahəsində inşa edilməli olan tikiliyə dair hüquqların qabaqcadan qeydiyyatı barədə X6 verilmiş arayışı mübahisələndirir. İddianın əsası ona söykənir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi arayış əsasında X8 dəyəri 3 200 000 manat olan dövlətə məxsus torpaq sahəsini 19840 manata satmış, sonradan həmin torpaq sahəsi bir neçə dəfə özgəninkiləşdirilərək son olaraq "xxxx" Firmasının mülkiyyətinə verilmişdir. Dolayısı isə iddiaçı cavabdehin (cavabdehin xələfi olan inzibati orqanın) belə bir səlahiyyətə malik olmadığını iddia edir. Lakin, yuxarıda qeyd edilən hüquq normalarının məzmunudan görünür ki, inzibati orqanlar arasında səlahiyyətlə bağlı mübahisələr yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanın fəaliyyətinə aid olan məsələlərdir. Yəni həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Göründüyü kimi hazırda inzibati orqanlar arasındakı səlahiyyətlə bağlı mübahisələrə baxmaq səlahiyyəti müvafiq icra hakimiyyətinə aid olduğundan, hazırkı iddia mümkün sayıla bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada elan olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-6726/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6726/2025
18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver