Məhkəmə qərarları › İş №2-1(112)-6728/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6728/2021

01.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6728/2021 01.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X18, X19, X12) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X18, X19, X12) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslər X18, X19 və X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslər X18, X19 və X2 Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 88 saylı evin iddiaçıya məxsus hissəsindən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirdi ki, ünvan 1 03.10.2000-ci tarixdən alqı-satqı müqaviləsi əsasında, 03.11.2000-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Üçüncü şəxs X18 mənzilin satıcısının qohumlarının xahişi ilə 2008-ci ildə həmin ünvana istifadə hüququ olmadan qeydiyyata alınmışdır. Lakin o, iddiaçının mənzilində heç vaxt yaşamamışdır. Bu səbəbdən onun həmin yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır və bu hal məhkəmə qaydasında müəyyən olunmaqla onun həmin ünvandan qeydiyyatdan çıxarılması üçün əsasdır. Üçüncü şəxslərin hansı ünvanda faktiki yaşaması barədə iddiaçıda məlumat yoxdur. X18 iddiaçının xəbəri və razılığı olmadan X13 və X4 iddiaçının mənzil ünvanına qeydiyyata salmışdır. Üçüncü şəxslərin iddiaçının ünvanında qeydiyyatda olmaları formal xarakter daşıyır və iddiaçının mülkiyyət hüquqlarını pozur. İddiaçı üçüncü şəxslərin ona məxsus ünvandan qeydiyyatdan çıxarılması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş FM seriyalı 008282 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, M.Muxtarov küçəsindəki 5 otaq 63,5 kv.m yaşayış sahəsi, 117.6 kv.m ümumi sahədən ibarət 88 saylı fərdi yaşayış evi İddiaçı adına 1/30 payda xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 03.11.2000-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhər Yasamal Rayon Polis İdarəsi tərəfindən iddiaçının vəkili Vəkil1 ünvanlanmış 25.11.2020-ci il tarixli məktubda qeyd edilir: Sizin Yasamal Rayon Polis İdarəsinə ünvanladığınız müraciətinizə tərəfimizdən baxılmışdır. Nəzərinizə çatdırırıq ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Eyni zamanda bildiririk ki, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanından X6, X7 və X2 qeydiyyatdan çıxarılmaları ilə əlaqədar Siz mülki qaydada məhkəməyə müraciət edə bilərsiniz. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 05.08.2020-ci il tarixli ******* saylı arayışından görünür ki, X18, X19 və X12 Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 88 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan fərdi uçot kartoçkalarının surətlərindən görünür ki, X18 26.09.2008-ci ildən, X19 25.05.2009-cu ildən və X12 23.04.2012-ci ildən Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 88 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan ünvan 5S-nin 04.08.2020-ci il tarixli 16 nömrəli arayışından görünür ki, İddiaçı M.Muxtarov küçəsi 88 saylı evin 1/30 hissəsinin pay sahibidir, həmin ünvanda İddiaçı 2001-ci ildən, X18 2008-ci ildən, X19 2009-cu ildən qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 30.07.2021-ci il tarixli məktubda qeyd edilir: X6, X7, X2 Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 88, 1 saylı mənzildə istifadə hüquqlarının olub-olmaması və həmin mənzil kimin mülkiyyətində olması ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, qeyd olunan şəxslərin Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 88, 1 saylı mənzildə istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Həmçinin bildiririk ki, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 88, 1 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 11.10.2021-ci il tarixli **********45 saylı məktubda qeyd edilir: Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 88 saylı fərdi yaşayış evinə dair məlumatın verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 88 saylı fərdi yaşayış evi tarixsiz olaraq Rübabə Məlik qızının, X5, X22, X20, X17, X24 adlarına ilkin qeydiyyatdan keçmişdir. Oktyabr rayon Xalq Məhkəməsinin 22.06.1949-cu il tarixli qərarına əsasən sözügedən evin 1/6 hissəsi (ümumbirgə) X8, X9, X10, X14, X11 adlarına qeydiyyatdan keçmişdir. Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 20.06.2000-ci il tarixli 464 saylı sərəncamına əsasən X15 məxsus hissəsində əlavə tikililər qeydiyyata alınmışdır. 5 saylı DNK-nın 22.06.2000-ci il tarixli 2v-1-168 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən evin 1/30 hissəsi X3 adına qeydiyyatdan keçmişdir. 5 saylı DNK-nın 3MA-3a-367 reyestr nömrəli 03.10.2000-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evin 1/30 hissəsi İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 88 saylı fərdi yaşayış evinin 1/6 hissəsi Rübabə Məlik qızının, 1/6 hissəsi X5, 1/6 hissəsi X20, 1/6 hissəsi X17, 1/6 hissəsi X24, 1/6 hissəsi (ümumbirgə) X8, X10, X14, X11, 1/30 hissəsi İddiaçı mülkiyyətlərindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 11.10.2021-ci il tarixli **********46 saylı məktubda məktubda qeyd edilir: X6, X7, X2 Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 88 saylı fərdi yaşayış evinə dair istifadə hüququnun olub-olmaması haqqında sənədlərin surətinin verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, X6, X7, X2 Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 88 saylı fərdi yaşayış evinə dair istifadə hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan reyestrdə 3M-3A-367 nömrə ilə qeyd edilmiş notariat işində olan 03.10.2000-ci il tarixli 104746 nömrəli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı X16 ona məxsus olan Bakı şəhəri, Poluxin küçəsi 88 saylı mənzilin 1 otaq 17.86 kv.m olan evin 1/30 hissəsini alıcı İddiaçı satmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir; 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 88 saylı evin 1/30 hissəsi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı 03.10.2000-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin əmlakı X1 almışdır. Hazırda üçüncü şəxslər həmin mənzildə qeydiyyatda olsalar da, orada yaşamırlar. Mənzildə qeydiyyatda olan üçüncü şəxslər yaşayış yerini dəyişmələrinə baxmayaraq, mənzildən qeydiyyatdan çıxmamışlar. Üçüncü şəxslər iddiaçıya məxsus mənzildə formal qeydiyyatdadırlar, hazırda faktiki olaraq həmin ünvanda yaşamırlar, daimi yaşamaq üçün başqa ünvana köçmüşlər. Həmçinin üçüncü şəxslərin mübahisələndirilən ünvana istifadə hüquqları qeydiyyata alınmamışdır. Məhkəmə qeyd edir ki, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmışlar və bu, iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X6, X7, X2 Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 88 saylı evin İddiaçı mülkiyyətində olan hissəsindən (1/30 hissə) qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar