Məhkəmə qərarları › İş №2-1(112)-6729/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6729/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6729/2023 13.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya məbləğindən tutulmanın geri qaytarılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya məbləğindən tutulmanın geri qaytarılması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiya məbləğindən tutulmaların geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehə artıq ödənilmiş pensiya məbləğinin pensiyasından tutulması barədə müraciət etmişdir. 08 dekabr 2022-ci il tarixdə cavabdeh tərəfindən cavab olaraq bildirmişdir ki, aparılmış araşdırma zamanı, xx.xx.2014-cü il tarixində işdən azad olması ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 6601,68 manat sığorta kapitalının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 6601,68 manat sığorta kapitalı "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (144 ay-72 ay) aya bölünməklə (6601,68:72- 91,69 manat) qanuni əmək pensiyasının (277,72 manat) üzərinə əlavə edilərək (277,72+91,69-369,41 manat indeksləşdirilərək xx.xx.2015-ci il tarixinədək 373,18 manat)) ona ödənilməli olduğu halda, səhvən müəyyən edilmiş 4875,84 manat sığorta kapitalı 72 aya bölünərək (4875,84:72-67,72 manat) düzgün olmayan əmək pensiyasının üzərinə əlavə edilməklə (316,23+67,72-383,95 manat (indeksləşdirilərək xx.xx.2015-ci il tarixinədək 387,93 manat)) ona ödənilməsi aşkarlanıb. Əlavə olaraq bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Bununla əlaqədar olaraq, xx.xx.2014-xx.xx.2015-ci il tarixləri arasındakı dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan kapitalına əsasən əmək pensiyası tərəflərindən xx.xx.2015-ci il tarixindən yenidən hesablanaraq 373,18 manatdan 375,19 manata (indeksləşdirilərək xx.xx.2022-ci il tarixinədək 631,23 manat) artırılıb. Qeyd olunanlara əsasən, ona ümumilikdə 3417,91 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş pul vəsaitinin 559,54 manat hissəsi xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib. Qalan 2858,37 manat hissəsinin isə cari ilin dekabr ayından etibarən hissəhissə (hər ay 53,12 manat) əmək pensiyasından (631,23 manat) tutularaq büdcəyə bərpa edilməsi nəzərdə tutulub. Əmək pensiyası qanunvericiliyə uyğun qaydada hesablanmaqla hazırda 631,23 manat təşkil edir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçıya Fondun Xətai rayon şöbəsi tərəfindən 1 aprel 2008-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən həmin Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 №-li siyahı üzrə ağır və zərərli işlərdə çalışan şəxslərə pensiya orta aylıq əmək haqqından hesablanarkən 25 il ümumi iş stajına görə orta aylıq əmək haqqının 65%-i tələb olunan ümumi iş stajından artıq hər il üçün 2% olmaqla lakin 90%-dən çox olmamaqla hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinin ikinci abzasına əsasən pensiya üçün müraciət edən şəxsin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır. Mərkəzi Filialda mövcud olan iddiaçıya dair sənədlərdə qeyd olunanlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 32 il təşkil edir. Əmək pensiyası əmək haqqına əsasən hesablanarkən, tələb olunan 25 ildən artıq iş stajı 7 il olduğundan onun pensiyası 7 ilə görə hər il üçün 2% olmaqla orta aylıq əmək haqqının 79% faiz (25 il üçün 65 faiz+25 ildən artıq 7 il üçün 14(7 x 2) faiz) miqdarında müəyyən edilib. Belə ki, iddiaçının əmək pensiyası xx.xx.2006-cı il tarixinə orta aylıq əmək haqqına uyğun 89,46 manat (3477,36:24=144,89 x 79%-25 (baza hissə) xx.xx.2008-ci il tarixinə indeksləşdirilərək 113,06 manat) hesablanaraq, üzərinə xx.xx.2006- xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1396,80 manat sığorta kapitalına uyğun müəyyən edilmiş 9,70 manat (1396,80:144) sığorta hissəsi əlavə edilərək xx.xx.2008-ci il tarixinə 182,76 manat (113,06+9,70+60,00 (baza hissəsi) indeksləşdirilərək xx.xx.2014-cü il tarixinədək 277,72 manat)) məbləğində əmək pensiyası ödənilməli olduğu halda, səhvən onun ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 37 il hesablanaraq tələb olunan 25 ildən artıq iş stajı 12 il hesablandığından iddiaçının pensiyası 12 ilə görə hər il üçün 2% olmaqla orta aylıq əmək haqqının 89% faiz (25 il üçün 65 faiz+25 ildən artıq 12 il üçün 24(12 x 2) faiz) miqdarında müəyyən edilərək xx.xx.2006-cı il tarixinə orta aylıq emək haqqına uyğun 103,95 manat ((3477,36:24=144,89 x 89%)=128,95 manat-25,00 manat baza hissəsi)) (xx.xx.2008-ci il tarixinə indeksləşdirilərək 131,38 manat) hesablanmış və üzərinə səhvən müəyyən edilmiş 2590,56 manat sığorta kapitalına uyğun 17,99 manat (2590,56:144) sığorta hissəsi əlavə edilərək 209,37 manat (131,38+17,99+60,00 (baza hissəsi) ideksləşdirilərək xx.xx.2014-cü il tarixinədək 316,23 manat)) əmək pensiyası ödənilmişdir. Eyni zamanda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Aparılmış araşdırma zamanı, xx.xx.2014-cü il tarixində iddiaçının işdən azad olması ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 6601,68 manat sığorta kapitalının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 6601,68 manat sığorta kapitalının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 6601,68 manat sığorta kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (144 ay-72 ay) aya bölünməklə (6601,68:72=91,69 manat) qanuni əmək pensiyasının (277,72 manat) üzərinə əlavə edilərək (277,72+91,69=369,41 manat (indeksləşdirilərək xx.xx.2015-ci il tarixinədək 373,18 manat)) ona ödənilməli olduğu halda, səhvən müəyyən edilmiş 4875,84 manat sığorta kapitalı 72 aya bölünərək (4875,84:72=67,72 manat) düzgün olmayan əmək pensiyasının üzərinə əlavə edilməklə (316,23+67,72=383,95 manat (indeksləşdirilərək xx.xx.2015-ci il tarixinədək 387,93 manat)) ona ödənilməsi aşkarlanıb. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Bununla əlaqədar olaraq, xx.xx.2014-xx.xx.2015-ci il tarixləri arasındakı dövr üzrə iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan kapitala əsasən əmək pensiyası Mərkəzi Filialı xx.xx.2015-ci il tarixindən yenidən hesablanaraq 373.18 manatdan 375,19 manata (indeksləşdirilərək xx.xx.2022-ci il tarixinədək 631.23 manat) artırılıb. Qeyd olunanlara əsasən, iddiaçının ümumilikdə 3417.91 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmş pul vəsaitinin 559,54 manat hssəsi xx.xx.2022-xx.xx.2022-ci il tarixli arasındakı dövr ərzində əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib. Qalan 2858.37 manat hissəsinin isə cari ilin dekabr ayından etibarən hissə-hissə (hər ay 63.12 manat) iddiaçının əmək pensiyasından (631.23 manat) tutularaq büdcəyə bərpa edilməsi nəzərdə tutulub. İddiaçının əmək pensiyası qanunvericiliyiə uyğun qaydada hesablanmaqla hazırda 631.23 manat təşkil edir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 08 dekabr 2022-ci il tarixli **********3 nömrəli “Artıq ödənilmiş pensiya məbləği haqqında” məktuba əsasən iddiaçıya bildirilmişdir ki, ona ümumilikdə 3417.91 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş pul vəsaitinin 559.54 manat hissəsi xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib. Qalan 2858.37 manat hissəsinin isə cari ilin dekabr ayından etibarən hissəhissə (hər ay 63.12 manat) əmək pensiyasından (631.23 manat) tutularaq büdcəyə bərpa edilməsi nəzərdə tutulub. Əmək pensiyasının qanunvericiliyə uyğun qaydada hesablanmaqla hazırda 631 manat təşkil edir.

8. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 16 may 2023-cü il tarixli 3-17-1/2-108763/2022 nömrəli məktubla İddiaçı məxsus pensiya işinə dair sənədlər təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən iddiaçıdan ümumilikdə 936.22 manat məbləğində pul vəsaiti tutulmuşdur.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

9. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

10. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

12. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

13. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

14. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

15. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya 01 aprel 2008-ci il tarixdən Fondun Xətai rayon Şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir.

16. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr)

17. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

19. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə cavabdehin əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Bu səbəbdən də, iddiaçı pensiya qanunvericiliyinin tələbinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir.

20. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə inzibati məhkəmə mübahisəsinin əsası artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasının qanuni hesab edilibedilməməsi ilə bağlıdır ki, məhkəmə hesab edir ki, bu zaman məhkəmə inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə və işin hallarına uyğun olaraq əmək pensiyasının təyin edilməsi barədə inzibati aktın qanuni və qanunsuzluğundan əvvəl həmin inzibati aktın əlverişsiz və ya əlverişli inzibati akt olmasını araşdırmalıdır. Başqa sözlə, hazırkı iş üzrə artıq ödənilmiş əmək pensiya məbləğindən iddiaçıdan tutulmuş pul vəsaitinin geri qaytarılması barədə tələb, əmək pensiyasının təyin edilməsi barədə qərarın, o cümlədən inzibati orqanın faktiki xarakterli digər hərəkətlərinin əlverişli və ya əlverişsiz olmasından asılıdır.

21. Məhkəmə gəlmiş olduğu nəticəni ilə bağlı inzibati icraat haqqında qanunvericiliyin aşağıdakı tələblərinin təhlil olunmasını zəruri hesab edir.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə əsasən, qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən, bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir; 67.8-ci maddəsinə əsasən, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır; 68.1-ci maddəsinə əsasən, qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər; 68.2-ci maddəsinə əsasən, qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3-cü maddəsinə əsasən, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır; 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

23. Yuxarıda qeyd edildiyi kimi, hər nə qədər hazırkı mübahisənin həlli ilə bağlı tələbin qanuniliyi baxımından həlledici əhəmiyyət daşımasa da, pensiya təyini qərarının və faktiki xarakterli hərəkətlərin hüquqi nəticələrinin mövcudluğu baxımından əhəmiyyət daşıyır.

24. Aydın məsələdir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edə bilməməsindən asılıdır.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda sadalanan müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıbqaldırılmaması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair iddia uğurlu ola bilər. Lakin, işin faktiki hallarından göründüyü kimi, qeyd olunan halların hər hansı birinin mövcudluğuna cavabdeh tərəfindən istinad olunmamış, məhkəmə araşdırması zamanı da, müəyyən olunmamışdır. Cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində, əmək pensiyasının güman olunan səhv təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz.

26. Belə ki, nə əmək pensiyasının təyin edilməsi barədə qərarda, nə də, məhkəməyə daxil olmuş müvafiq sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir.

27. İş materiallarında olan digər sənədlərlə isə cavabdeh təyin edilmiş əmək pensiyasının əsassızlığını səhv hesablama ilə bağlı əsaslandırılsa da, bu zaman iddiaçının səhv təyinata hər-hansı müdaxiləsinin mövcud olduğu qeyd edilməmişdir.

28. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, cavabdehin səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da, mövcud olmayacaqdır. “İnzibati icraat haqqında” qanunvericiliyin tələbindən də, göründüyü kimi, maraqlı şəxsin etimad hüququna istinadı istisna edilmirsə, əlverişli inzibati akt qanunsuz hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də, ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən, artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq, geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir.

29. Məhkəmə, həmçinin onu da, qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir.

30. Belə ki, həmin Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

31. Göründüyü kimi, inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə, inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalara (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir.

32. Beləliklə, əmək pensiyasının təyin edilməsi barədə qərar qanunsuz hesab edilsə belə, həmin qərarın qeyd olunan halda qanunsuz və əlverişli xarakterə malik olması hazırkı iddianın təmin edilməsinə əsas vermir. Belə ki, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyil. İnzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə iddiaçıdan pul məbləğinin geri tələb edilməsinin qarşısını alır.

33. Bundan əlavə, məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).

34. Göründüyü kimi, inzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir.

35. Məhkəmə vurğulayır ki, əmək pensiyasının təyin edilməsi barədə qərar şəxsin ziyanına şərh olunacağı halda belə, yəni əmək pensiyasının təyin edilməsi barədə qərarın ləğv olunması, əmək pensiyasının bərpa edilməsi barədə iddiaçı tərəfindən iddia qaldırılmamaması və ya qaldırılmış iddianın uğurlu olmaması halında belə, bu həmin aktın əlverişli inzibati akt hesab edilməsini aradan qaldırmır və hazırkı faktiki hallar nəzərə alınmaqla iddiaçının etimad hüququna istinad etməsi istisna olunmadığından hazırkı iddianın təmin edilməsi qanunvericiliyin tələbləri ilə uzlaşır.

36. Məhkəmə eləcə də, qeyd edir ki, iddiaçıya məxsus pensiya işi materiallarına baxış keçirərkən, iddiaçıya artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması barədə hər-hansı bir qərarın qəbul edilməsi müəyyən edilmir. Bu hal isə özlüyündə cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına dəlalət edir.

37. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

38. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

39. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı pensiya məbləğindən artıq ödənilmiş pensiya məbləği kimi tutulmuş 936.22 manat məbləğində pul vəsaitinin ona geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar