Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6729/2024 14.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “işə bərpa və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh Şirkətinin onun öz xahişi ilə işdən azad olması barədə № HRR 171/22 saylı, xx.xx.2022-ci il tarixli, № HRR 37/2 saylı, xx.xx.2023-cü il tarixli və İddiaçı HRA 201/22 saylı, xx.xx.2022-ci il tarixli əmrlərinə qanunsuz hüquqi qiymət verilməsi, cavabdehin üzərinə İddiaçı işinə bərpa olunması öhdəliyinin qoyulması, İddiaçı xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək həmin müddət ərzində hər ayı 500 AZN olmaqla cavabdeh tərəfindən ödənilməyən 6.000 AZN maliyyə vəsaitinin ödənilməsi və həmin şirkətin rəhbərliyinin iddiaçı barəsində verilən əmrlərin nəticəsində bir il müddətində keçirdiyi mənəvi və psixoloji streslər nəticəsində 10.000 AZN məbləğində mənəvi ziyan, ümumilikdə, ona vurulan 16.000 AZN məbləğində maddi və mənəvi ziyanın-maliyyə vəsaitinin ödənilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1988-ci il tarixli, 107/K saylı əmri ilə “BİNAGADİ” neft qaz çıxarma idarəsində quyuların təmiri sexinə 4-cü dərəcəli quyuların yeraltı və əsaslı təmirlərə hazırlanması üzrə operator vəzifəsinə qəbul edilmişdir. Həmin tarixdən, xx.xx.2022-ci il tarixli əmr №HRR 174 saylı, xx.xx.2022-ci il tarixli, HRQ-201/22 saylı və xx.xx.2023-cü il tarixli №HRR-3/72 saylı əmrlərlə guya öz xahişilə işdən azad edildiyi tarixlərədək “X4” şirkətində qüsursuz, şirkətin daxili nizam- intizamlarına əməl etməklə işləmişdir. Həmin şirkətdə 29 il qüsursuz xidmətlərini nəzərə alıb, həmin şirkətin Baş direktoru cənab Sergey Neymışevin xx.xx.2017-ci il tarixində 128 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının prezidenti mərhum Heydər Əliyev xx.xx.2001ci il tarixli Fərmanı ilə təsdiqlənmiş peşə bayramı Neftçilər günü münasibəti ilə Azərbaycan Neft sənayesinin inkişafında böyük xidmətlərinə işinə, olan layiqli münasibətinə görə Fəxri Fərmanla təltif edilmişdir. Baş direktor cənab Sergey Neymışevin iddiaçıya göstərdiyi bu etimadından güc-qüvvət alıb, sonrakı illərdə də yüksək fərəhlə, həvəslə işini qüsursuz davam etdirmişdir. Bu faktlara rəğmən, 2023-cü ilin yanvar ayının axırlarınadək həmin şirkətdə vicdanla, iş rejiminə əməl etməklə işləmişdir. Baxmayaraq ki, 2023cü ilin yanvar ayının 31-də soyadını bilmədiyi Qahir adlı sex rəisi iddiaçını yadına çağırıb bildirdi ki, icazəsiz olaraq şirkətə yük maşınına yük yükləyərkən nəzarət kameralarına düşmüşdür. Həmin gün Qahir iddiaçını ofisə çağıraraq 19 ədəd mili icazəsiz yük maşınına (avtokrana) yüklədiyi barədə ondan izahat tələb etmişdir halbuki, milləri və digər şirkətə məxsus materialları maşına yükləmək iddiaçının gündəlik işi idi. Millərin oğurlanıb-oğulanmamasına nəzarət etmək isə onun vəzifə borcu deyildir. Qahir adlı sex rəisinin şirkət işçisini vəzifədən çıxarmaq səlahiyyətində olmamasından məlumatı yox idi. Yuxarıda qeyd etdiyi şirkətə məxsus milləri tərəfindən maşına yüklənilməsi faktının oğurluq hadisəsi olduğunu təsdiqləyən Qahir bəy, həmin faktdan təzyiq vaistəsi kimi istifadə edib, yaranmış vəziyyətdən çıxış yolu kimi iddiaçıya öz xahişilə ərizə yazıb,işdən çıxmağı təklif etdi. İddiaçı isə onun bu təklifinin nəticələrini qısa zaman kəsiyində təhlil etmədən, hansı hüquqi nəticələrə gətirib çıxaracağının fərqinə varmadan onun təklifi ilə razılaşmaq məcburiyyətində qalıb, işdən çıxması barədə ərizə yazıb, ona təqdim etmişdir. Bu ərizəsi əsas kimi qəbul edib, pensiyaya çıxmasına 2-3 il qalmış 35 il şirkətdə qüsursuz işlədiyi halda hansı sağlam məntiqlə, illərlə gördüyü işlərə görə yük maşınına şirkətə məxsus milləri yüklədiyinə Qahir bəyin oğurluq hadisəsi kimi qiymətləndirdiyi səbəbindən işdən öz xahişilə çıxmağı barədə ərizə yazmasının tam əsassız və yanlış olduğu qənaətinə gəlmişdir. Nəticə olaraq, yuxarıda qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddianın mümkünlük məsələsinin müzakirə edilməsi üçün məhkəmənin hazırlıq icraatı üzrə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirmişdir ki, iddia ərizəsi həm mülki prosessual qanunvericiliyin, həm də əmək qanunvericiliyinin tələblərinin pozulması ilə məhkəməyə verilmişdir. Bu səbəbdən də, iddia təmin edilə bilməz. İlk öncə iddia ərizəsi iddiaçı tərəfindən iddia müddəti ötürülməklə verilmişdir. Belə ki, məlum olduğu kimi həm Əmək Məcəlləsinin tələbinə, həm də illərlə formalaşmış məhkəmə təcrübəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Lakin həm iddia ərizəsindən, həm də cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən göründüyü kimi, İddiaçı Şirkətin 2022 və 2023-cü illərinin əmrlərini mübahisələndirərək onların ləğvini (və ya qanunsuz hesab olunmasını) məhkəmədən tələb edir. Yəni iddiaçı Şirkətin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli Əmrlərini hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 ay müddətində mübahisələndirməli olduğu halda, bu əmrlərin qəbul olunmasından 1 ildən artıq vaxt keçdikdən sonra onların qanunsuzluğu ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinin tələbinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-ci bəndinə görə isə, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Şirkət tərəfindən təqdim olunan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli əmək haqqı üzrə çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı AZ83PAHA41010AZNFK********** nömrəli hesabına Şirkət tərəfindən 69.51 AZN məbləğində vəsait (son haqq hesab) köçürülmüşdür (Əmək haqqı üzrə çıxarışın surəti əlavə olunur). Bundan başqa, Şirkətin Kadrlar şöbəsinin qeydiyyat kitabından çıxarışdan göründüyü kimi, İddiaçı HRR 37/23 saylı, xx.xx.2023-cü il tarixli əmrin surətini və əmək kitabçasının əslini elə həmin tarixdə, yəni 31.01,2023-cü ildə sözügedən kitaba imza etməklə almışdır. Beləliklə, Əmək Qanunvericiliyinin yuxarıda qeyd olunan müddəalarına əsaslanaraq hesab edirik ki, İddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gün Şirkətdən əmək kitabçasını aldığı və son haqq hesabının onun hesabına köçürüldüyü gün 31.01,2023-cü il tarixi olduğundan, o, həmin vaxtdan 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda, göstərilən müddəti ötürməklə təxminən 1 ilə yaxın müddətdən sonra Şirkətin sözügedən əmrlərini məhkəmədə mübahisələndirmişdir. Göründüyü kimi, İddiaçı Şirkətə qarşı hazırki iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərkən, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərini kobud surətdə pozmuşdur. Belə ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən Mülki Prosessual Məcəllənin daha bir tələbini də pozaraq, iddianı aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə deyil, Bakı İnzibati Məhkəməsinə təqdim etmişdir. Yəni İddiaçı məhkəmə aidiyyətini də pozmaqla məhkəməyə müraciət etmişdir. Belə ki, Mülki Posessual Məcəllənin 24.2ci və 24.3-cü maddələrinin tələbinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 25.1-ci və 25.2-ci maddələrinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. (28. 61) Baxmayaraq ki, iddiaçı hazırki iddianı prosessual müddəti ötürməklə məhkəməyə təqdim etsə də, cavabdeh tərəf hesab edir ki, həm də iddianın mübahisə predmeti məhkəmə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə deyil, cavabdehin olduğu yerin rayon məhkəməsinə aiddir. Qeyd edilənlərə əsalanaraq və Əmək Məcəlləsinin, Mülki Prosessual Məcəllənin və İnzibati Prosessaul Məcəllənin tələblərini rəhbər tutaraq İddiaçı Şirkətə qarşı hazırki iddiası həm Mülki Prosessual Qanunvericiliyin, həm də Əmək Qanunvericiliyinin tələblərinin pozulması ilə verildiyindən, iddia tələbi təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə etdi və hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında baıxlmalı olduğunu bildirərək tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə qarşı təqdim edilmiş etirazı müdafiə edərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. -2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən, inzibati akt– inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -3.1-ci maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İPM-in 1.1-ci maddəsinə əsasən, Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Həmin qərarın 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Qeyd olunan Plenum qərarının 11-ci bəndində göstərilmişdir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Məhkəmə yuxarıda göstərilən normalara istinadən qeyd edir ki, inzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. İnzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda konkret olaraq göstərilmişdir. Hazırda iddiaçı tərəfindən iş üzrə cavabdeh qismində göstərilmiş Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı həmin təsnifatda inzibati orqan kimi nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən və iddiaçının məhkəmə iclasında verdiyi izahatından məlum olur ki, iddiaçının məqsədi işdən azad olunmasına dair əmrin ləğv edilməsi ilə əvvəlki iş yerinə bərpa edilməsi və ona vurulmuş ziyanın ödənilməsindən ibarətdir. İş materiallarında olan “X4” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2022-ci il tarixli əmək müqavilələrinin surətindən görünür ki, Mexaniki sen Boru meydançası, quyuların təmirə hazırlanması üzrə operator vəzifəsində, daha sonra isə QYƏTS, Quyuların təmirə hazırlanması üzrə operator vəzifəsində işləmişdir. Göründüyü kimi, iddia cavabdehin ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən deyil, iddiaçı ilə işəgötürəni arasındakı əmək münasibətlərindən irəli gəlir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanların təsnifatında nəzərdə tutulmamaqla kommersiya təşkilatı olduğundan və mübahisənin xarakteri əmək münasibətlərindən irəli gəlməklə mülki xarakterli olduğundan işə inzibati qaydada baxılması inzibati prosessual qanunvericilik baxımından mümkün deyildir. Odur ki, iddia mümkün sayılmamalıdır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 17-ci bəndinə əsasən, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi üzrə cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə, iddianın mümkün sayılmamasını nəzərə alaraq iddiaçının işə üçüncü şəxsin cəlb edilməsi ilə əlaqədar vəsatətinə münasibət bildirməyə zərurət görmür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-6729/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6729/2024
14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver