Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6731/2021 28.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Covid-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel və 23 iyun 2020-ci il tarixli qərarlarına əsasən təyin edilən aylıq 190 manat müavinətin verilməsindən cavabdehin imtinasının qanunsuz hesab edilməsi və müəyyən edilmiş qaydada qeydiyyatın aparılaraq həmin müavinətin bütün aylar üzrə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, onun işsiz kimi qeydiyyata alınması və buna müvafiq olaraq COVİD-19 pandemiyası ilə əaqədar yardım üçün müraciətinə SMS vasitəsi ilə imtina olunmuşdur. İmtinaya səbəb kimi onun aztəminatlılıq meyarına uyğun olmadığı göstərilmişdir. O, müvafiq quruma müraciət edərək, məsələni aydınlaşdırmağa çalışmışdır. 15 saylı Ərazi Məşğulluqdan ona cavab verilmişdir ki, “X5” MMC-dən ona iş təklif olunmuş, lakin qəbul etməmişdir. Bu hal yanlışdır. Ona iş təklifi olmamışdır. Onun başqa müraciətlərinə də cavab verilməmişdir. Qurum onun nə üçün aztəminatlılıq meyarına uyğun gəlmədiyini açıqlaya da bilmir. Bununla bağlı cavabdehə, o cümlədən Apellyasiya Şurasına müraciətləri nəticəsiz qalmışdır. Ona görə cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və cavabdehin üzərinə 190 manat pandemiya ilə əlaqədar maddi yardımın verilməsi vəzifəsi qoyulmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, Koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, onun Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" 19 mart 2020-ci il tarixində 1950 nömrəli Sərəncam imzalanmışdır. Həmin Sərəncamın icrası olaraq, “Koronavirus (COVİD- 19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş X2 Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” təsdiq edilmişdir. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Həmçinin hazırda məşğulluqla bağlı məhdudiyyətlərin əksəriyyəti aradan qaldırılmış, birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icrası müddəti bitmiş və 600 min şəxsə bu ödəmə təyin olunaraq, ödənişlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə məhkəmə baxışı iclasında baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan E-SOSİAL.AZ ünvanından İddiaçı göndərilmiş SMS-in surətindən görünür ki, onun 190 manat birdəfəlik yardım ilə əlaqədar müraciətinə baxılmış və aztəminatlılıq meyarına uyğun gəlmədiyi üçün ona 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. İş materiallarında olan məşğulluq alt sistemindən çıxarışlardan görünür ki, İddiaçı 14.04.2020-ci il tarixdə işsiz kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 20.11.2021-ci il tarixli məktubdan və məktuba əlavə edilmiş çıxarışdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə İddiaçı adında 04.11.2020-ci il tarixdən "MERCEDES BENZ C230" markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır (əsas alqı-satqı müqaviləsi BDYPİ AD811388). Həmçinin, etibarnamə ilə İddiaçı istifadəsinə nəqliyyat vasitəsinin verilməsi barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yannıda Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 16.11.2021-ci il tarixli məktubdan görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 24.11.2021-ci il tarixli məktubda qeyd edilir: İddiaçı adına əmlak olub-olmaması barədə müvafiq məlumatların və sənədlərin surətinin verilməsi barədə sorğunuza baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı adına Lənkəran rayonu, Boladi kəndində yerləşən ümumi birgə (4 nəfər) mülkiyyətdə olan 0,06 ha həyətyanı torpaq sahəsi 30.07.2002-ci il tarixli JN-342A saylı "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə, Lənkəran rayonu, Boladi kəndində yerləşən ümumi birgə (4 nəfər) mülkiyyətdə olan 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 19.02.1998-ci il tarixli JN-1107 saylı "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı əsasında dövlət qeydiyyatına alınmışdır (Qeyd olunan Şəhadətnamənin və Dövlət Aktının təsdiq edilmiş surətləri məktuba əlavə edilmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın: 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir; 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; 1.3-ci bəndinə əsasən birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4-ci bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir; 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir; 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.3-cü bəndinə əsasən dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı adında alqı-satqı müqaviləsinə əsasən 04.11.2020-ci il tarixdən "MERCEDES BENZ C230" markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. Həmçinin iddiaçının adına Lənkəran rayonu, Boladi kəndində yerləşən ümumi birgə (4 nəfər) mülkiyyətdə olan 0,06 ha həyətyanı torpaq sahəsi 30.07.2002-ci il tarixli JN-342A saylı "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə, Lənkəran rayonu, Boladi kəndində yerləşən ümumi birgə (4 nəfər) mülkiyyətdə olan 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 19.02.1998-ci il tarixli JN- 1107 saylı "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı əsasında dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın tələblərindən də göründüyü kimi, mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara, eləcə də mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara birdəfəlik ödəmə verilmir. Bundan başqa, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı 14.04.2020-ci il tarixdə işsiz kimi qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı 01.04.2020-ci ilədək işsiz kimi qeydiyyata alınmamışdır, pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar sosial müdafiəyə ehtiyacı olan işsiz şəxs hesab edilmir, eyni zamanda işsiz kimi qeydiyyata alınması üçün müraciət etməsi isə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işindən məhrum olması ilə bağlı olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın tələblərindən də göründüyü kimi, birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir və birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq 2020-ci il 1 aprel tarixinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə qeyd olunan “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-6731/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6731/2021
28.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver