Məhkəmə qərarları › İş №2-1(112)-6732/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6732/2021

27.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6732/2021 27.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti üçüncü şəxslər qismində göstərilməklə “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti üçüncü şəxslər qismində göstərilməklə, iddia ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli, 123 nömrəli qərarı ilə qulluq illərinə görə verilən əlavə əmək haqqının təqaüdə çıxdığı vaxtdan hesablanıb tam məbləğdə ödənilməsinin cavabdehin üzərinə qoyulması və pulun ödənilməsi ilə bağlı zəruri sənədlərin cavabdehə təqdim olunması vəzifəsinin üçüncü şəxslər kimi qoyduğu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 15.11.1979-cu il tarixdən ədliyyə orqanlarında xidmət etmiş, 19.06.1995-ci il tarixdə ehtiyata buraxılaraq, hərbi pensiya təyin edilmişdir. Pensiya həmin vaxt qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı” haqqında Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin “a” bəndinə əsasən hesablanmışdır. Lakin həmin qanunla ədliyyə orqanlarında xidmət etmiş əməkdaşların xidmət illərinə görə əlavə haqqın verilməsini tənzimləyən normalar olmadığı üçün, pensiyasına qulluq illərinə görə əlavə haqqı əlavə olunmamışdır. Müraciətlərindən sonra 1995-ci ildən 2020-ci ilədək pensiyada olduğu 25 il müddət üçün ona ödənilməli olan əlavənin əvvəlki illərə aid olan hissənin cəmi 3 ilinin ona ödənilməsi barədə qərar verilmişdir. 3 il müddətlə bağlı qanunda edilmiş dəyişiklik iddiaçıya şamil oluna bilməz. Sumqayıt İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərardadı ilə, hazırkı inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, qulluq illərinə görə verilən əlavə əmək haqqının təqaüdə çıxdığı vaxtdan 01.10.2017-ci il tarixədək hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Cavabdehin etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, qanunvericilik keçmiş dövr üzrə ödənilməli olan pensiya məbləğinin yalnız vətəndaşın müraciətindən əvvəlki 3 illik dövr üçün ödənilməsinə icazə verir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1948-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır; İddiaçı pensiya işinin surətindən görünür ki, iddiaçının sonuncu xidmət etdiyi orqan tərəfindən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmiş 28 avqust 2020-ci il tarixli 186 nömrəli yeni məlumat vərəqəsinə əsasən xidmət illərinə görə 40 faiz həcmində əlavə nəzərə alınmaqla əmək pensiyasının məbləğinin yenidən hesablanması barədə 16.09.2020-ci il tarixdə qərar qəbul edilmiş və pensiyanın məbləği 666,32 manatdan 725,10 manata artırılmış və əvvəlki üç il müddət üçün hesablanmışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 11 iyun 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı əmək pensiyasının yenidən hesablanması üçün 01.07.2020-ci il tarixli müraciəti 27.07.2020-ci il tarixdə Mərkəzi Filiala daxil olmuş və 20.08.2020-ci il tarixli məktubla cavablandırılmışdır. Adıçəkilən şəxsin 22.09.2020-ci il tarixli növbəti müraciəti 03.10.2020ci il tarixdə Mərkəzi Filiala daxil olmuş və 22.10.2020-ci il tarixli məktubla cavablandırılmışdır. İddiaçı daha növbəti 09.12.2020-ci il tarixli müraciəti 17.12.2020-ci il tarixdə Mərkəzi Filiala daxil olmuş və 07.01.2021-ci il tarixli məktubla cavablandırılmışdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya 20 iyun 1995-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının sonuncu xidmət etdiyi orqan tərəfindən DSMFnin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmiş 28 avqust 2020-ci il tarixli 186 nömrəli yeni məlumat vərəqəsinə əsasən xidmət illərinə görə 40 faiz həcmində əlavə nəzərə alınmaqla əmək pensiyasının məbləğinin yenidən hesablanması barədə 16.09.2020-ci il tarixdə qərar qəbul edilmiş və pensiyanın məbləği 666,32 manatdan 725,10 manata artırılmış və əvvəlki üç il müddət üçün, yani 01.10.2017-ci il tarixdən hesablanmışdır. Hazırda iddiaçı xidmət illərinə görə əlavə nəzərə alınmaqla əmək pensiyasının məbləğinin ilk təyin olunduğu 20.06.1995-ci il tarixdən 01.10.2017-ci il tarixədək olan dövr üzrə hesablanmasını tələb edir. Hazırkı məhkəmə baxışının predmetini 20.06.1995-01.10.2017 dövr üzrə pensiyanın yenidən hesablanması təşkil edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 31.1-ci maddəsinə (01.07.2017-ci il tarixədək olan redaksiya) əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; 37.7-ci maddəsinə (01.07.2017-ci il tarixədək olan redaksiya) əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir; 32.1-1-ci maddəsinə (01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiya) əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) il ilə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08.10.2020-ci il tarixli № 03/2020 nömrəli qərardadı ilə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardadda qeyd olunmuşdur ki, “keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Bu mənada, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında da istər inzibati orqanlara, istərsə də vətəndaşlara münasibətdə konkret hərəkətlərin müəyyən edilmiş müddətlər daxilində edilməsini tələb edən normalar mövcuddur (məs; Vergi Məcəlləsinin 85-ci maddəsi, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi və s.). Odur ki, kollegiya hesab edir ki, yeni tənzimləmə həm də hüquqi müəyyənliyi və sabitliyi təmin etməyə dair əsaslı legitim məqsədə də xidmət edir.” Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən əvvələ 3 il ərzində ödənilməsi mümkün sayılır. Yuxarıda göstərilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən 16.09.2020-ci il tarixdə qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə Qərar ilə, yeni məlumat vərəqəsinə əsasən xidmət illərinə görə 40 faiz həcmində əlavə nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması, həmçinin ödənilməmiş fərq məbləğinin müvafiq olaraq 3 il əvvəlki dövrdən – 01.10.2017-ci il tarixdən ödənilməsi qərara alındığından, iddiaçının həmin tarixdən (01.10.2017-ci il) əvvəlki dövrlər üzrə tələbi əsassız hesab olunur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “pensiyanın yenidən hesablanması” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar