Məhkəmə qərarları › İş №2-1(112)-6732/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6732/2024

28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6732/2024 28.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Binəqədi rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə doğum haqqında şəhadətnamənin təkrar verilməsi barədə ərizə ilə müraciət etmişdir. Onun ərizəsinə 10 fevral 2024-cü il tarixdə 3-16-5/7-13-227/13 saylı məktubla verilən cavabda “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “X5 dövlət qeydiyyatı qaydasının 9-cu maddəsinə əsasən” yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğum haqqında təkrar şəhadətnamələri valideynlərə, övladlığa götürülənlərə, qəyyumlara, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə onların şəxsiyyətini təsdiq edən sənəd təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər deyə məktub göndəriblər. Eyni zamanda həmin məktubun davamı olaraq, “yetkinlik yaşına çatdığınız səbəbindən və şəxsiyyətinizi təsdiq edən sənəd olmadığından ərizənizi təmin edə bilmirik qeyd ediblər. Azərbaycan Respublikası İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı cavabdeh təşkilata 04 iyun 1957-ci ildə ona 25 may 1957-ci ildə doğulması barədə atası X8, anası X2 barədə Bakı şəhəri Kirov (indiki Binəqədi) rayon X7 Qeydiyyatı Bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnaməni təqdim etsə də, həmin şəhadətnamədə “Tevonovna” sözündə qaralama olduğundan və eyni zamanda həmin qaralamaya inanılması barədə qeyd aparılıb təsdiq olunması ilə bağlı sənəd təqdim etsə də, iddiaçının ərizəsini təmin etməyiblər. Bundan başqa, iddiaçının Dövlət Miqrasiya Xidmətinə “şəxsin Azərbaycan Respublikasının vətənaşlığına mənsubiyyətinin tanınması haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli qərarında göstərilir ki, vətəndaşlıq məsələləri Baş İdarəsinin rəisi, 3cü dərəcəli Dövlət Miqrasiya Xidməti müşaviri Rza Talıbov 25 may, 1957-ci il təvəllüdlü İddiaçı 28277/m 04 mart 2021-ci il tarixli sorğusuna baxaraq müəyyən etmişdir- “İddiaçı 04 mart 2021-ci il tarixli sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli, 84 nömrəli qərarı ilə təsdiq edilmiş “şəxsin Azərbaycan Respublikasının vətənaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası” ilə əlaqədar icraata başlanılmışdır. Təqdim olunmuş sənədlərə əsasən aparılan icraat nəticəsində belə nəticəyə gəlinmişdir ki, İddiaçı Azərbaycan Respublikasının vətənaşlığına mənsubiyyəti tanınmalıdır. İddiaçı hesab edir ki, cavabdehin ona doğum haqqında şəhadətnamənin təkrar verilməsindən imtinası əsassızdır və ona görə də Azərbaycan Respublikası İPM-nin 2.2.2-ci maddəsini rəhbər tutaraq, cavabdehin onun ərizəsinin təmin olunması ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X5 dövlət qeydiyyatı qaydasının 9.7-ci bəndinə əsasən “Yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə özlərinə və ya hər birinin etibarnaməsinə əsasən təkrar şəhadətnamələr verilə bilər. Yetkinlik yaşına çatdığınız səbəbindən və şəxsiyyətinizi təsdiq edən sənəd olmadığından ərizənizi təmin edə bilmirik.”

4. Cavabdeh Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda iddiaya qarşı etiraz edərək işin həllini məhkəmənin mülahizəsinə buraxılaraq qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

II. İddianın növü

7. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

8. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

9. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

10. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 mart 2021-ci il tarixli ******* nömrəli qərarına əsasən xx.xx.1957-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasına vətəndaşlığa mənsubiyyəti tanınmışdır.

11. Notarial qaydada təsiq olunmuş İ-İR 368202 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 25 may 1957-ci il (xx.xx.1957-ci il, min doqquz yüz əlli yeddinci il) tarixində Azərbaycan SSR Bakı şəhəri Kirov rayonunda anadan olmuşdur və bu barədə 1957-ci il iyun ayının 04-cü günündə doğum aktlarının qeydiyyatı kitabında 437 saylı akt qeydi aparılıb. Valideynlərindən atası X13, anası X10, hər ikisinin milliyəti ermənidir, İddiaçı qeydiyyat yeri Azərbaycan SSR Bakı şəhəri Kirov rayon VVAQ şöbəsi, şəhadətnamənin verilmə tarixi 04 iyun 1957-ci il qeyd olunmuşdur.

12. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X5 Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında akt qeydində ata adının “Tevonovna” dan “Revonovna” ya dəyişiklik edilməsi və təkrar şəhadətnamə ilə təmin olunmasına dair ərizə ilə xx.xx.2024cü ildə Binəqədi rayon qeydiyyat şöbəsinə müraciət etdiyi məlum olmuşdur. Həmçinin, müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qərarına əsasən (qərar N 7975380) xx.xx.1957-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasına vətəndaşlığa mənsubiyyəti tanınmışdır. Araşdırma zamanı valideynləri Zaxaryan Tevon X1 xx.xx.1957-ci il təvəllüdlü İddiaçı doğumunun Binəqədi rayon qeydiyyat şöbəsinə qeydə alındığı müəyyən edilmişdir (ata və anasının milliyəti “erməni” göstərilmişdir). İddiaçı doğumu, Albert Babayan ilə nikahı və oğlu Eduard Babayanın doğumu haqqında akt qeydinin surəti məhkəməyə təqdim edilmişdir.

13. Doğum haqqında 438 nömrəli, 04 iyun 1957-ci il tarixli akt qeydinin surətindən görünür ki, İddiaçı 25 may 1957-ci il tarixdə Bakı şəhəri, Kirov rayonunda anadan olmuşdur, atası X13, anası X6, hər iki valideyininin milliyəti ermənidir.

14. Nikahın bağlanması haqqında 3067 nömrəli, 14 avqust 1977-ci il tarixli akt qeydinin surətindən görünür ki, İddiaçı və X14 nikaha daxil olmuşdur, X12 soyadı verilmişdir və milliyəti erməni olaraq qeyd edilmişdir.

15. Doğum haqqında 755 nömrəli, 21 iyun 1978-ci il tarixli akt qeydinin surətindən görünür ki, X15 01 iyun 1978-ci ildə doğulmuşdur, anası Culyetta Babayan, atası Albert Babayandır.

IV. İddanın mümkünlüyü və məhkəmənin mövqeyi

16. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarilxi, 03 nömrəli Qərarı:

4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X5, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X5 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X5 qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ...Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X5 dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, X5 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X5 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X5 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən X5 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən X5 dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və X5 dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. X5 dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. X5 dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. 9.1-ci bəndinə əsasən, X5 qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında X5 qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, X5 qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir: 9.7-ci bəndinə əsasən. (...) 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. 13-cü bəndinə əsasən, X5 itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir; 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən X5 qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya X5 itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

18. Qaydalarda nəzərdə tutulmuş müddəalara istinadən iddiaçı tərəfindən şəxsiyyətini təsdiq edən sənəd təqdim edilmədiyi əsası ilə cavabdeh doğum təkrar şəhadətnamənin verilməsindən imtina etmişdir.

19. Hazırki iddia mahiyyət etibarilə yekunda qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum akt qeydinin bərpa olunması və təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlıdır.

20. Belə ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir.

21. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir.

22. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir.

23. Bununla bağlı məhkəmə hesab edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir.

24. İddia tələbin hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum akt qeydinin bərpa olunması ilə bağlı məhkəmə qeyd edir:

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

26. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X5 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın:

13. X5 itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

14. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

27. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı doğum haqqında şəhadətnaməsini itirmişdir. O, təkrar şəhadətnamə almaq üçün cavabdehə müraciət etsə də, şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Lakin inzibati orqanın istinad etdiyi əsasla təkrar şəhadətnamənin verilməsindən imtina edilməsi halı qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, qeyd olunan hallar ona təkrar doğum haqqında şəhadətnamənin verilməsindən cavabdehin imtinasının əsassız olmasını təsdiq edir.

28. Belə ki, iş materiallarında olan X5 Reyestri Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş İddiaçı məxsus 438 saylı, 04 iyun 1957-ci il tarixli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası X13, anası X10, milliyəti erməni qeyd edilmişdir. Bu akt əsasında ona İ-İR seriyalı, 368202 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Bundan əlavə, həmin məktubdan və iş materiallarında olan ******* saylı qərardan görünür ki, sonradan, xx.xx.2021-ci il tarixdə İddiaçı Azərbaycan Respublikasına vətəndaşlığa mənsubiyyəti tanınmışdır.

29. Məhkəmə qeyd edir ki, iddiaçının doğum haqqında akt qeydi mövcuddur, həmin sənədin (doğum haqqında akt qeydi) mötəbərliliyi X3 Reyestri Xidmətinin məhkəməyə təqdim etdiyi məlumatı ilə təsdiq olunur. Odur ki, iddiaçı doğum haqqında təkrar şəhadətnamə almaq hüququna malikdir. Şəxsiyyət vəsiqəsinin olmaması onu doğum haqqında təkrar şəhadətnamə almaq hüququndan məhrum edə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

30. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən sübutlar doğum haqqında şəhadətnamənin təkrar verilməsi üçün kifayət edir. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur. Həmin normaların tələblərinin təmin olunması (gözlənilməsi) ərizəçiyə deyil, ərizənin verildiyi (ərizəçinin yaşayış yeri üzrə) qeydiyyat orqanına aiddir. Başqa sözlə, həmin normalar bilavasitə ərizəçinin qeydiyyat orqanına müraciət etmək imkanını hər hansı şərtdən asılı etmir və ya onun üzərinə müraciətlə bağlı hər hansı öhdəlik qoymur.

31. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.

32. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının müraciəti üzrə bütün əlavə sübutların toplanması və iddiaçının subyektiv hüququnun təmin edilməsi üçün araşdırmanı aparmaq əvəzinə iddiaçının müraciətinin təmin edilməsindən formal olaraq əsassız imtina etmişdir.

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin:

34. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

35. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

37. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının iddiası əsaslı olduğu üçün təmin edilməli, doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Binəqədi rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır.

38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Binəqədi rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar