Məhkəmə qərarları › İş №2-1(112)-6732/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6732/2025

19.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6732/2025 19.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Kazımzadə Aysu İlham qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xəstəliyinə görə əlillik dərəcəsinin verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının hüquqi marağının aydın olmasını və nəzərə alaraq, iddia tələbini əlillik vəziyyətinin sonuncu dəfə qiymətləndirildiyi Bakı 2 nömrəli X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, U00182992DKH nömrəli tibbi göndəriş (Forma 88) əsasında orqanizmin funksiyalarının pozulma faizinə uyğun olaraq iddiaçıya müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması kimi qəbul edir və tələbin dəqiqləşdirilməsinə barədə ərizənin təqdim edilməsinə zərurət görmür. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxxx 1996-cı ildə Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, ünvan 1 ünvanında yaşayır. xx.xx.2020-ci ildə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və Suqovuşan istiqamətində düşmənin atdığı minaatan mərmisinin partlayışı nəticəsində “ağır dərəcədə ifadə olunmuş uzunmüddətli depressiv epizod, psixotik əlamətlərlə vegetativ damar distoniyası, nevrotik təzahürlərlə. Qapalı kəllə-beyin travması” diaqnozu ilə xəsarət almışdır. Xəsarəti döyüş tapşırığını yerinə yetitrərkən almışdır. Bu barədə Müdafiə Nazirliyinin 708 saylı h/h-nin travma haqqında arayışı mövcuddur. xx.xx.2020-ci ildə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı psixo-emosional gərginlik keçirmişdir. 31 dekabr 2020-ci ildə hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. xx.xx.2022-ci ildə Pxisi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş Psixiatrı Tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş və ona “Posttravmatik stress pozuntusu F43.1. Ağır depressiv epizod psixotik əlamətlərlə F32.3” diaqnozu qoyulmuşdur (əsas: 1835 nömrəli arayış). Xəstəliyin səbəb əlaqəsinin təyini üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xətai rayon İdarəsi rəisinin göndərişi ilə MN MHHK-na göndərilmişdir. 16 fevral 2022-ci il tarixdə Psixi Sağlamlıq Mərkəzində müayinədə və müalicədə olmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının 22 fevral 2022-ci il tarixli 2448 saylı Xəstəlik haqqında Şəhadətnaməsində də iddiaçının “Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəstəliklər qeyd olunmuşdur: “Ağır dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, ağır dərəcədə ifadə olunmuş uzunmüddətli depressiv epizod, psixotik əlamətlərlə. Vegetativ damar distonitası, nevrotik təzahürlərlə. Kəllə beyin travması patalogiyası”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2022-ci il tarixli çıxarışda diaqnoz qeyd edilmişdir: “üzvi (barotravma) şizofreniyayabənzər pozuntu; ifadəli davranış pozuntusu). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 17 mart 2023-cü il tarixli 1 /1287 nömrəli Həkim Psixiatr Komissiyasının 1093 saylı rəyində qeyd olunub ki, xx xxxxxx 1996-cı il təvəllüdlü İddiaçı “Baş beyinin üzvü xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış (QİBT) nəticəsində şəxsiyyət dəyişikliyi kobud davranış pozuntusu, psixotik daxilolmalarla F07.0, F07.8, F06,8) diaqnozu qoyulmuşdur. Bütün müayinə və müalicələrin nəticəsində səhhətində adıçəkilən problemlərin olduğu bəlli olmuşdur. Stasionar müalicədən sonra iddiaçının xəstəliyinin ağır mərhələdə olması aşkardır. Ona görə də, sənədləri əlillik təyin olunması üçün Xüsusi Həkim Komissiyasına - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyalarına 3 dəfə ayrı-ayrı vaxtlarda göndərilməsinə baxmayaraq ona əlillik dərəcəsi təyin olunmamışdır. Hər dəfə cavadeh tərəfindən əsassız olaraq imtina edilmiş və hər imtinada da müxtəlif bəhanələr qeyd edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamiıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən kateqoriyalar üzrə əlillik dərəcəsi təyin edilməli idi. İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ona əlillik təyin edilməsi ilə əlaqədar müraciət edilsə də, imtina cavabı verilmişdir. İddiaçı hesab edir ki, cavadehin imtinası əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 2448 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Ağır dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Ağır dərəcədə ifadə olunmuş uzunmüddətli depressiv epizod, psixotik əlamətlərlə. Vegetativ damar distoniyası, nevrotik təzahürlərlə. Kəllə-beyin travması patologiyasıdır” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Sol gözün hipermetropiyası M 1,0D görmə itiliyi hər iki gözdə 1,0 olmaqla” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 3262 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, anamnezində şizofreniyayabənzər psixotik epizodlar” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, sıxıntı hissindən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Müayinəyə konfliktə meylli şəkildə daxil olmuşdur. Sənədləri acıqlı şəkildə atmış, ədəbsizlik etmişdir. Koqnitiv funksiyalarında patologiya, depressiv daxilolmalar izlənilməmişdir. Təqdim edilmiş tibbi rəydə qeyd edilən Şizofrenəbənzər pozuntu nə anamnestik məlumatlar və şikayətlər, nə də klinik əlamətlərdə ifadə edilməmişdir. Təqdim etdiyi şikayətlər konkret olmamış, “əlimdən xəta çıxır”, “gözümün qabağına gəlir” kimi ümumi fikirlər bildirmişdir. Məqsədli şəkildə özünü hər kəsdən üstün hesab etmiş, xidmət etdiyi üçün hamının ona borclu olduğunu qeyd etmişdir. Özünə xəsarətləri olmamışdır. Stasionar müraciətlər dekompensasiyaları, qeyd etdiyi ağır klinikanı təsdiqləməmişdir. Hallüsinasiyaları özü inkar etmiş, nümayişkar davranışları aşkar müşahidə edilmişdir. ƏMAS-da vətəndaşın Dəzgah operatoru, metal məmulatlar üzrə xx.xx.2024-cü il tarixədək aktiv olan əmək müqaviləsi mövcud olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli- İsterik tip şəxsiyyət pozuntusu, nümayişkar davranış” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli tibbi göndəriş əsasında əlillik vəziyyəti qiymətləndirildikdən sonra nəticəsi üzrə qəbul edilmiş inzibati aktın iddiaçıya nə zaman təqdim edilməsi və ona hüquqi müdafiə vasitələrinin izah edilməsinə dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın əsaslılığı: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -2 nömrəli X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1/1287 nömrəli rəydən görünür ki, İddiaçı “Baş beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixotik daxilolmalarla F07.0, F07.8, F06.8” müəyyən olunmuşdur. -“Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2869 nömrəli rəydən görünür ki, İddiaçı “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, anamnezində şizofreniyayabənzər psixotik epizodlar” (F07.0) müəyyən olunmuşdur. -xx.xx.2022-ci il tarixli, 2448 №-li xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçıya “Ağır dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Ağır dərəcədə ifadə olunmuş uzunmüddətli depressiv epizod, psixotik əlamətlərlə. Vegetativ damar distoniyası, nevrotik təzahürlərlə. Kəllə beyin travması patologiyasıdır” diqanozu, “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” təyin edilmişdir. -Cavabdeh tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə 2 nömrəli X2 U00182992DKH nömrəli göndərişi və müraciəti əsasında müvafiq olaraq xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə edilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Vətəndaşın əlilliyinin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində xx.xx.2024-cü il tarixində Agentliyə 3-17-4/1-M- 40412/2024 nömrəli yazılı müraciəti daxil olmuş və cavabdeh tərəfindən nömrə alma tarixi : xx.xx.2024-cü il tarixli, 3-17-4/2-M33062/2024 nömrəli məktubla cavablandırılmışdır. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti məhkəməyə təqdim olunmuşdur. Həmin məktuba əlavə edilmiş: -Tibbi-Sosial Ekspertiza və X5 Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş və “Psixotik simptomlarla müşahidə olunan ağır dərəcəli depressiv epizod. Ağır depressiv epizod psixotik əlamətlərlə” diaqnozu əlavə müalicəyə ehtiyacın olması əsası ilə imtina olunmuşdur. -Tibbi-Sosial Ekspertiza və X5 Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş və “Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Baş beynin silkələnməsi” diaqnozunun əlillik əlaməti təyin etməməsi əsası ilə imtina olunmuşdur. -Tibbi-Sosial Ekspertiza və X5 Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə müayinə olunmuş və “Baş beynin üzvi xəstəliyi (2-ci Qarabağ müharibəsi zamanı alınmış QKTB) nəticəsində şəxsiyyət dəyişikliyi kobud davranış pozuntuları, psixotik daxilolmalarla. Hipermetropiya, Sol gözün hipermetropiyası M1.0D görmə itiliyi hər iki gözdə 1.0 olmaqla” diaqnozu əlavə müalicəyə ehtiyacın olması əsası ilə imtina olunmuşdur. -Tibbi-Sosial Ekspertiza və X5 Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə müayinə olunmuş və “Baş beynin üzvi xəstəliyi (2-ci Qarabağ müharibəsi zamanı alınmış QKTB) nəticəsində şəxsiyyət dəyişikliyi kobud davranış pozuntuları, psixotik daxilolmalarla. Hipermetropiya” diaqnozunun əlillik əlaməti təyin etməməsi əsası ilə imtina olunmuşdur. -Tibbi-Sosial Ekspertiza və X5 Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə müayinə olunmuş və “Baş beynin üzvi xəstəliyi (2-ci Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, anamnezində şizofreniyayabənzər psixotik epizodlar. Hipermetropiya” diaqnozunun öz təsdiqini tapmaması əsası ilə imtina olunmuşdur. -Tibbi-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-4247/2024 nömrəli qərarına əsasən iddiaçıda “Üzvi mənşəli – İsterik tip şəxsiyyət pozuntusu, nümayişkar davranış” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. İşin məhkəmə araşdırması zamanı məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-psixiatriya ekpertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinə tapşırılmış və ekspertlər qarşsıslnda aşağıdakı suallar qoyulmuşdur:

1. xx.xx.1996-cı il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla (zərurət yarandıqda instrumental müayinə vasitələrindən istifadə olunmaqla) xəstəlik (xəstəliklər) diaqnozu müəyyən edilsin.

2. İddiaçı canlı müayinəsi zamanı xx.xx.2024-cü il tarixli, U00182992DKH nömrəli Forma 88-də göstərilən diaqnoz öz təsdiqini tapırmı?

3. İddiaçı xəstəliklərinin qiymətləndirilməsi zamanı onda üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) müəyyən olunursa, bu diaqnoz onun səhhətinin pozulması, psixopatoloji davranış formasında, həmçinin sosial uyğunlaşmasında hansı ağırlaşmalarla müşahidə edilir?

4. Qeyd edilən diaqnoz (üzvi mənşəli şəxsiyyət pozuntusu) iddiaçının fəaliyyət qabiliyyətinin məqsədyönlülüyünün azalmasına səbəb olurmu? Həmçinin bu vəziyyət iddiaçının təfəkküründə hansısa aşkar dəyişikliklərə, eləcə də davranışlarında impulsivlik, laqeydlik və s. vəziyyətin müşahidə edilməsinə səbəb olurmu?

5. İddiaçının xəstəliklərinin qiymətləndirilməsi zamanı onda üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) müəyyən olunursa, bu hal onda kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalara səbəb olurmu? Əgər olunursa, bu dəyişiklərin nə vaxtdan (il, ay, gün və s. nəzərdə tutulur) müşahidə edildiyi müəyyən edilsin.

6. Həmçinin, üzvi mənçəli şəxsiyyət pozuntusunun mövcudluğu təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən İddiaçı Elşa oğluna daimi müşahidə zərurəti yaradırmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 2938 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar bildirilmişdir: 1-ci və 2-ci suallar üzrə: İddiaçı üzvi (keçirilmiş kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu (F07.0) aşkar olunur. 3-cü, 4-cü, 5-ci və 6-cı suallar üzrə: Elmi ədəbiyyatdakı məlumata əsasən, nisbətən uzun zaman ərzində formalaşan bir patologiya olan Üzvi mənşəli şəxsiyyət pozuntusu üzvi xəstəliklərin (kəllə-beyin travması nəticəsində) ağır keçən uzaq nəticələrindən biri hesab olunur. Üzvi mənşəli şəxsiyyət pozuntusunun tam reabilitasiyası mümkün deyil, lakin İddiaçı vəziyyətinin stabil saxlanılması və sosial adaptasiyası məqsədilə əlavə müalicə və psixiatrik nəzarətə ehtiyacı vardır.

Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:

Məhkəmə iddianın qanuni əsasları ilə bağlı aşağıdakı normalara istinad edir: Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin” Nizamnaməsinin: -1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir; -2.1-ci bəndinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir; -3-cü bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: -1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. -1.6-cı bəndinə əsasən, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. -1.8-ci bəndinə əsasən, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. -2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: -3.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Beləliklə, hazırkı halda iddiaçının hüquqi marağı və məqsədi Bakı 2 nömrəli X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, U00182992DKH nömrəli tibbi göndərişi (Forma 88) üzrə əlilliyinin müəyyən edilməsindən ibarətdir. Bununla bağlı cavabdehə müraciəti “Diaqnozun öz təsdiqini tapmaması” səbəbi ilə təmin edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirərək hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmamışdır. Ona görə də iddiaçıya xx.xx.2024-cü il tarixli göndəriş əsasında əlillik təyin edilməlidir. Belə ki, Bakı 2 nömrəli X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, U00182992DKH nömrəli tibbi göndərişdən (Forma 88) görünür ki, iddiaçıda aşağıdakı xəstəliklər müəyyən edilmişdir: Əsas diaqnoz – F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, anamnezində şizofreniyayabənzər psixotik epizodlar. Yanaşı xəstəliklər – H52.0 – Hipermetropiya. Məhkəmə iddiaçının əlilliyinin qiymətləndirildiyi xx.xx.2024-cü il tarixli göndərişdəki (Forma 88) və məhkəmə-psixiatriya ekspertizası üzrə təqdim edilmiş ekpsertiza rəyində müəyyən edilmiş xəstəliklər diaqnozunu nəzərdən keçirərək hesab edir ki, iddiaçıya əlilik dərəcəsinin təyin edilməsi üçün əsaslar mövcuddur. Məhkəmə qeyd edir ki, iddiaçıda olan üzvi mənşəli şəxsiyyət pozuntusu iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş məhkəmə-psixiatriya ekspertizası rəyi ilə öz təsdiqini tapmışdır. Qeyd olunmalıdır ki, iddiaçıya qoyulan əsas diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi göstərilmişdir:

7. Psixi və davranış pozuntuları 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu - F07. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2938 saylı ekspert rəyindən göründüyü kimi, iddiaçıda hazırda Üzvi (keçirilmiş kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu (F07.0) müəyyən edilmiş və U00182992DKH nömrəli tibbi göndərişdə qeyd olunan psixiatriyaya aid diaqnoz təsdiqlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndində F07 XBT kodu altında nəzərdə tutulan “üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyi aşağıdakı hallarda əlilliyin təyini üçün əsas verir: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı). 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. Göründüyü kimi, istinad olunan Meyarlara əsasən şəxsə F07 kodu altında diaqnoz qoyularkən 7.6.2.1-7.6.2.2-ci altbəndlərdə nəzərdə tutulmuş ağırlaşmalar üzrə qiymətləndirilmə aparılmalıdır. Həmin qiymətləndirilmədən asılı olaraq şəxsin sağlamlıq vəziyyətində müvafiq ağırlaşmalar müəyyən edildiyi halda, orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsi və müddəti müəyyən edilməklə əlillik dərəcəsi təyin edilir. Məhkəmə işin araşdırılması ilə iddiaçının sağlamlıq vəziyyətinin Meyarların 7.6.2.1-ci yarımbənddə göstərilən hallara uyğun gəldiyini hesab edir. Belə ki, 7.6.2.1-ci yarımbənddə diqqət yetirilməli məqam odur ki, üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu şəxsdə aşkar edilirsə bu onda əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar şəklində özünü büruzə vermiş olmalı, həmçinin şəxsin bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq, bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) ilə müşayiət edilməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə-psixiatrik ekspertizası tədqiqatı üzrə müvafiq rəyin motivləşdirici hissəsindən görünür ki, İddiaçı “Üzvi (keçirilmiş kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu” (F07.0) aşkar edilməsini anamnestik məlumatlar və hazırkı psixiatrik müayinənin nəticələri -hərbi xidmət dövründə kəllə-beyin travması alması, bir müddətdən sonra travmanın fəsadları kimi qıcolma tutmalarının, nevroloji və psixi pozuntu əlamətlərinin meydana çıxması, bu səbəbdən müalicə olunması, 2 nömrəli X1 "Baş beyin üzvi xəstəliyi, hərbi əməliyyatlar zamanı KBT nəticəsində şəxsiyyət pozuntuları, koqnitiv pozuntular və tez-tez daxilolmalarla qıcolma tutmaları ilə” diaqnozu ilə stasionar müalicədə olması, həmçinin hazırkı müayinə zamanı - nitqinin ləngiməsi, təfəkkürünün torpidliyi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhəmiyyətsiz detallar üzərində fiksə olunması, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması, emosional dayanıqsızlığı, əhvali-ruhiyyəsinin dəyişkənliyi, davranışı üzərində nəzarətinin zəifləməsi, koqnitiv funksiyalarının bir qədər enməsi, astenizasiya əlamətlərinin qeyd olunması və s. sübut edir. Göründüyü kimi iddiaçının hazırkı psixi vəziyyəti və əsas diaqnozun ağırlaşmasının onda olması təkzib edilmir. Məhkəmə o qənaətdədir ki, hazırkı halda iddiaçıda İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində “Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” diaqnozunun mövcudluğu müəyyən edilmişdir və bu pozuntu iddiaçının ümumilikdə sərbəst yaşamaq bacarığına mane olmasa da, ruhi vəziyyətindən irəli gələn bəzi hallarda (məsələn, zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) kənar şəxslərin köməyinə ehtiyacının olmasını istisna edə bilməz. Bu isə əlilliyin təyininə əsas verən xəstəliyin iddiaçıda mövcud olması deməkdir. Bu baxımdan, məhkəmə nəticəyə gəlir ki, iddiaçıda müşahidə olunan pozuntular 7.6.2.1-ci altbənddə nəzərdə tutulmuş “həmçinin şəxsin bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq, bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması” halına uyğundur. Göstərilən xəstəlik isə iddiaçının orqanizminin funksiyalarının 35-60 faiz pozulması kimi qəbul edilməsinə və ona əlillik təyin edilməsi üçün əsas verir. Eyni diqanozla bağlı mübahisə üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1548/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında da oxşar yanaşma əks etdirilmişdir. Oxşar mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)-1428/2024 nömrəli 2-1(102)-1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2- 1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır.” Göründüyü kimi, formalaşmış məhkəmə təcrübəsi də o yöndədir ki, tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin məhkəmə tibbi ekspertizası vasitəsi ilə şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə üçün hüquqi baza kimi çıxış edir. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə iddiaçının xəstə olması iş materialları ilə öz təsdiqini tapdığından və həmin diaqnoz əlillik təyin edilməsi üçün Meyarlara uyğun olduğundan, cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Beləliklə, məhkəmənin gəldiyi nəticə odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı Bakı 2 nömrəli X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, U00182992DKH nömrəli tibbi göndəriş (Forma 88) üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar