Məhkəmə qərarları › İş №2-1(112)-6733/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6733/2022

28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6733/2022 28.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən əmlaka hüququn X5 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1995-ci il tarixdə vəfat etmiş mərhum X4 ünvan 1 ünvanında 1963-cü ildə inşa etdiyi fərdi yaşayış evi və 1517 m2 torpaq sahəsi olmuşdur. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1971-ci ildə tərtib edilmiş “X3 və Qiymətləndirilməsinə aid Pasport”unda qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi öz əksini tapmışdır. İddiaçı “Vərəsəlik hüququ haqqında şəhadətnamə”nin verilməsi ilə bağlı Bakı şəhəri, 17 saylı Notariat Ofisinə müraciət etmiş və xx.xx.2021-ci il tarixdə adma 896 saylı vərəsəlik işi açılmışdır “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin tələbinə uyğun olaraq Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin 1971-ci ildə tərtib etdiyi “X3 və Qiymətləndirilməsinə aid Pasport”da qeyd olunmuş Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 2 ünvanında yerləşən əmlaka hüququn mərhum X5 məxsus olması barədə arayişin verilməsi üçün İddiaçı 03 fevral 2022-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ********** №-li ərizə ilə rəsmi qaydada müraciət etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********25 saylı məktubunda X4 adına ünvan 1 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumatın aşkar edilməməsi, lakin ünvan 2 ünvanına dair X4 adına 1971-ci ildə tərtib edilmiş “Texniki Pasport”un idarənin arxivində mövcud olması bildirilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 13 yanvar 2015-ci il tarixli Fərmanına uyğun olaraq Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş sənədlər hüquqmüəyyənedici sənədlər toplusuna aiddir. Beləliklə, cavabdeh xx.xx.2022-ci il tarixli, **********25 saylı məktubu ilə mahiyyəti üzrə cavab verməmişdir. Belə ki, 1963-cü ildə inşa edilmiş fərdi yaşayış evinə 1971-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən “X3 və Qiymətləndirilməsinə aid Pasport” tərtib edilmişdir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş Texniki Pasportda torpaq sahəsinin ölçüsü 1517 m2 qeyd olunmuş, faktiki ölçüsü isə 1765 m2-dir, yəni 248 m2 torpaq sahəsi artıqdır. Həmin ünvanda yerləşən torpaq sahəsi mərhum X4 ata-babasından miras qalmış torpaq sahələridir və həmin ərazidə fərdi yaşayış evini inşa edərkən heç bir dövlət qurumlarına aid mühafizə zolağı mövcud olmamışdır. Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən əmlaka hüququn mərhum X5 məxsus olması barədə arayışın verilməməsi tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin “X3 və Qiymətləndirilməsinə aid Pasport”ları əsas hüquqmüəyyənedici sənəd hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bidirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin arxiv texniki pasportunda qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Belə ki, təqdim edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş texniki pasportunda torpaq sahəsinin ölçüsü 1517 kv.m qeyd olunsa da arxiv texniki pasportunda 1482 kv.m, faktiki ölçüsü isə 1765 kv.m təşkil edir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə İddiaçı **********13 saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildiriş ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları” aşağıdakı qaydada müəyyən edilmişdir: Un, kV — xətlərin gərginliyi; L, m — məsafələrdir. Un, kV: İ>20, 35, 110, 150, 220, 330-500; L, m: 10, 15, 20, 25, 25, 30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi X9 xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə hüququn mərhum X5 məxsus olması barədə arayışın verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Bürosu tərəfindən X4 adına 08.1971-ci ildə tərtib edilmiş Şəxsi mülkiyyət hüququ ilə X3 və qiymətləndirilməsinə aid pasporta əsasən 1963-cü ildə tikilmiş M.Hüseynzadə küçəsi, döngə 6, ev 2 ünvanında yerləşən evin cəmi tikintinin sahəsi 213,3 kv.metr, cəmi meydançanın sahəsi 1517,0 kv.metrdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 17 saylı Notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 896 nömrəli məktubda bildirilmişdir ki, İddiaçı Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək xx.xx.1995-ci il tarixdə vəfat etmiş əri X2 qalmış miras əmlaka (ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan X4 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığından, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında» Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın İddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsinin təmin edilməsi xahiş edilir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********10 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 2 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Həmin məktubla təqdim edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Bürosu tərəfindən X4 adına tərtib edilmiş 1982-ci ildə edilmiş dəyişikliklə şəxsi mülkiyyət hüququ ilə X3 və qiymətləndirilməsinə aid pasporta əsasən 1963cü ildə tikilmiş M.Hüseynzadə küçəsi, döngə 6, ev 2 ünvanında yerləşən evin cəmi tikintinin sahəsi 281,1 kv.metr, cəmi meydançanın sahəsi 1482,0 kv.metrdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********1212 nömrəli məktubu ilə təqdim edilmiş ünvan 1 ünvanının texniki vəziyyətini əks etdirən müayinə aktının təsdiq edilmiş surətindən görünür ki, fərdi yaşayış evinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki yaşayış sahəsi - 46,8 kv.metr, ümumi sahəsi - 91,2 kv.metrdir. Torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1517 kv.m, faktiki 1765 kv.m, 194 kv.m çoxdur. 3 tərəf yol, 1 tərəf qonşudur. Həyətyanı sahədə 1 ədəd 1 mərtəbəli fərdi ev və həyət tikililəri tikilmişdir. Torpaq sahəsinin bir tərəf üstündə və bir tərəf divarın 7 m ara məsafəliyindən yüksək gərginlikli elektrik xətti keçir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 01/xxxx/4882 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 6 saylı döngədə yerləşən 2 saylı fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasında yerləşibyerləşməməsinə dair müraciətə "xxxx" ASC-də aidiyyəti üzrə baxılmışdır. Müraciətə cavab olaraq bildirilir ki, qeyd olunan fərdi yaşayış evi 01 iyul 1955-ci ildə istismara verilmiş, 495 saylı yarımstansiyasını qidalandıran 35 kV-luq elektrik xəttinin mühafizə zonasında yerləşir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı nümayəndəsi X7 ünvanladığı xx.xx.2022-ci il tarixli, **********95 nömrəli məktubda bildirilmişdir ki, ünvan 4 ünvanında yerləşən əmlaka hüququn mərhum X5 məxsus olması haqqında məlumatın verilməsi ilə bağlı müraciətə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar bildirilir ki, X4 adına ünvan 1 ünvanın qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir, lakin ünvan 5 ünvanına dair X4 adına 1971-ci ildə tərtib edilmiş texniki pasport İdarənin arxivində mövcuddur. Beləliklə, hazırkı işdən müəyyən olunur ki, İddiaçı xx.xx.1995-ci il tarixdə vəfat etmiş əri X4 vərəsəsi olmaqla ünvan 1 ünvanında yerləşən əmlaka hüquqların qeydiyyatı ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan sözügedən əmlakın yüksək gərginlikli elektrik xəttinin mühafizəsi zonasında yerləşdiyini əsas gətirərək müraciəti təmin etməmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının əsasızlığını iddia edərək sözügedən fərdiyaşayış evinə dair hüquqların mərhum X5 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir. Siyahının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar hüquqların qeydiyyatı üçün əsas hesab olunur. Fərmanın 2-ci bəndinə əsasən “Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Göründüyü kimi yuxarıda adıçəkilən Siyahıda fərdi yaşayış evlərinə dair mülkiyyət hüququnun qeydə alınmasına əsas olan hüquqmüəyyənedici sənədlər sırasında Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar nəzərdə tutulmuşdur. Eyni zamanda Fərmanın 2-ci bəndinin birbaşa göstərişinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş bütün texniki pasportların heç də hamısı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata əsas vermir. Fərmanın 2-ci bəndi mülkiyyət hüququnun əmlaka sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən öncə həmin əmlakdan təhlükəsiz şəkildə istifadə etməyi prioritet prinsip kimi rəhbər tutmuşdur. Belə ki, qeyd edilən normaya görə adı çəkilən texniki pasportlar əsasında əmlaka mülkiyyət hüquqlarının qeydiyyatı yalnız həmin əmlak hüququn əmələ gəldiyi anda yüksək gərginlikli elektrik şəbəkələrinin mühafizə zonasında yerləşmədiyi halda mümkündür. Hüququn əmələ gəlidiyi anın hansı vaxt hesab edildiyini sözügedən Fərmanla bilavasitə nəzərdə tutulmasa da bu ya geniş mənada əmlakın, fərdi yaşayış evinin tikildiyi, torpaq sahəsinin ayrıldığı və ya hüquqmüəyyənedici sənəd olan texniki pasportun tərtib edildiyi vaxtdırsa, dar mənada daşınmaz əmlakın dövlət reyetsrində qeydə alınması üçün müraciət edildiyi və reyestri həyata keçirən orqanın qeydiyyatı apardığı andır. Hazırkı iş üzrə müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1963cü ildə tikilmiş və həmin evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1995-ci il tarixdə vəfat etmiş mərhum X4 adına 1971 və 1982-ci ildə texniki pasportlar tərtib edilmişdir. İddiaçının iddia etdiyi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 1971-ci il tarixli texniki pasport adıçəkilən Fərmanla təsdiq olunmuş Siyahının 1.11-ci bəndində göstərilən qeydiyyat üçün əsas hüquqmüəyyənedici sənəd qismində qəbul edilmiş olsa belə həmin texniki pasport Fərmanın 2-ci bəndinin göstərişinə əsasən əmlaka bilavasitə qeydiyyat hüququ vermir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın -1-ci bəndinə əsasən elektrik şəbəkəsi - elektrik enerjisinin ötürülməsi və təchizatı üçün nəzərdə tutulmuş elektrik qurğularının məcmusudur. mühafizə zonası — elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələrdir. -4-cü bəndinə əsasən elektrik şəbəkələrinin layihələşdirilməsi, tikintisi və istismarına torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılır. -5-ci bəndinə görə elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir: a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində: xətlərin gərginliyi 35 kvt olduqda məsafə 15 m-dir. -12-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi;(...). Hazırkı iş üzrə müəyyən olunur ki, iddia predmeti olan fərdi yaşayış evi 35 kV-luq elektrik xəttinin mühafizə zonasında yerləşir. "xxxx" ASC-nin verdiyi məlumatdan da müəyyən olunur ki, həmin ərazidə 495 saylı yarımstansiyasını qidalandıran 35 kV-luq elektrik şəbəkəsi 01 iyul 1955-ci ildə istismara verilmişdir. Belə olan halda müəyyən olunur ki, sözügedən fərdi yaşayış evinə mülkiyyət hüququnun yaranma anı kimi istər evin tikildiyi və ya texniki pasportun tərtib edildiyi vaxt, istərsə də hazırkı halda qeydiyyata alınma üçün müraciət edilən vaxt nəzərə alındıqda 1955-ci ildən istismarda olan elektrik şəbəkəsinin mühafizə zonasında yerləşdiyindən və Fərmanın 2-ci bəndinin birbaşa göstərişinə əsasən elektrik şəbəkəsinin mühafizə zonasında yerləşmə səbəbindən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1971-ci ildə tərtib edilmiş texniki pasport iddia olunan fərdi yaşayış evinin qeydiyyatına əsas vermir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi üçün qanunvericiliyə əsasən tələb olunan hüquqi və faktiki şərtlər mövcud deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar