Məhkəmə qərarları › İş №2-1(112)-6734/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6734/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6734/2021 30.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5, üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti və X2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla torpaq sahəsinə dair plan və ölçü, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində 253 nömrəli sahədə yerləşən 1200 kv. metr torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, plan-ölçünün tərtib edilməsi və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Əzizbəyov rayon İcra Hakimiyyətinin 23 iyun 1994-cü il tarixli 545/10 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində 253 nömrəli sahədə fərdi ev tikmək üçün ona 1200 kv. metr torpaq sahəsi ayrılmışdır. Dövlət Arxivinin Bakı filialının arxiv arayışından görünür ki, həmin sərəncam arxivdə qeydə alınmışdır. Həmçinin torpaq sahəsinin müvafiq cizgisi və xəritədən çıxarışı Xəzər RİH tərəfindən təsdiq edilmişdir. Cavabdeh orqanın 03.03.2021 -ci il tarixli imtina məktubundan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Belə ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Qala 3 nömrəli Zeytunçuluq sovxozunun ərazisində yerləşir. Cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin 19.10.2021-ci il tarixli qərardadı ilə X2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Üçüncü şəxs Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti və X2 tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, elektron kadastr baza məlumatına əsasən sözügedən torpaq sahəsi Qala 3 nömrəli Zeytunçuluq Sovxozunun ərazisinə aiddir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Təqdim edilən sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyənedilmiş tələblərə uyğun olmalıdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs Bakı şəhər Xəzər rayon İcra Hakimiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X8 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs X2 məhkəmə iclasında verdiyi izahatında, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə ona məxsus olan torpaq sahələrinin tamamilə ayı-ayrı ərazilərdə yerləşdiyinin və iddiaçıya həmin torpaq sahəsinə dair plan–ölçünün tərtib olunmasının və çıxrışın verilməsinin onun mənafeyini pozmayacağını nəzərə alınmaqla məhkəmədən mübahisənin məhkəmənin öz mülahizəsinə əsasən həll olunmasını xahiş etdi. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı özünə məxsus torpaq sahəsinə dair plan və ölçünün, dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona özünə məxsus torpaq sahəsinə dair plan və ölçünün, dövlət reyestrindən çıxarışın verilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. AZE seriyalı 16368498 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, 29.06.1981-ci il təvəllüdlü X2 ünvan 1 ünvanında qeydiyyatdadır. Notarial qaydada təsdiq olunmuş və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 09 oktyabr 2000-ci il tarixli məktubu ilə İddiaçı təqdim olunmuş Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1994-cü il tarixli 545/10 №-li Sərəncamının surətlərindən müəyyən olunur ki, Bakı şəhəri, Qala qəsəbəsi, 3 nömrəli Zeytun sovxozunda yaşayan, N nömrəli hərbi hissədə işləyən, ailə tərkibi 5 (beş) nəfərdən ibarət İddiaçı Qala qəsəbəsində 253 nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv. metr torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin 30.01.2021-ci il tarixli R-9-091 №li məktubu ilə İddiaçı təqdim olunmuş xəritədən çıxarışdan müəyyən olunur ki, Qala qəsəbəsində İddiaçı ayrılmış 253 saylı sahənin cizgisi və xəritədən çıxarışı (Əzizbəyov rayon RHİB-nin 545/10 saylı 23.06.1994-cü il tarixli sərəncamı) Xəzər rayon İcra Hakimiyətinin rayon Təsərrüfat şöbəsi tərəfindən təsdiq olunmuşdur. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********83 №li 03.03.2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, elektron kadastr baza məlumatına əsasən torpaq sahəsi Qala 3 nömrəli Zeytunçuluq sovxozunun ərazisində yerləşmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 28.09.2021-ci il tarixli **********27 nömrəli məktubunda qeyd olunmuşdur ki, sorğuda qeyd olunan **********83 nömrəli, 03.03.2021-ci il tarixli imtina məktubunda qeyd olunan Qala 3№-li Zeytunçuluq sovxozu ərazisində yerləşən torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq Bakı şəhəri, Xəzər rayonu, Qala Qəsəbəsi, 253 saylı sahədə yerləşən 1.200 kv. metr torpaq sahəsinə dair aşağıdakı sənədlərin surətləri məhkəməyə təqdim olunmuşdur: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 05.01.2017ci il tarixli 03 nömrəli məktubu və həmin məktuba əlavə olunmuş Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının “X4 Qala qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” 06 mart 2000-ci il tarixli 175 №li sərəncam, DT və XK Bakı şəhər şöbəsi tərəfindən X3 adına Xəzər rayonu, Qala qəsəbəsində yerləşən torpaq sahəsinə dair tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü”, X3 adına verilmiş RX seriyalı ******* №li Çıxarış, X6 ilə X2 arasında bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsi, X1 adına verilmiş RX seriyalı ******* №li Çıxarış. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 05.01.2017-ci il tarixli 03 nömrəli məktubuna əlavə olunmuş Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin 175 nömrəli 06.03.2000-ci il tarixli sərəncamının surətindən müəyyən olunur ki, Əzizbəyov rayon İHB-nın Qala qəsəbəsindəki nümayəndəsinin 12 saylı 07.02.2000-ci il tarixli təqdimatına baxılaraq və Bakı şəhər İHB-nın 1908 saylı 23.Xİ.1993-cü ill tarixli sərəncamını rəhbər tutaraq; Qala qəsəbəsi, Qala küçəsi, 18 saylı evdə yaşayan, “Bıtximplats” şirkətində rəis müavini işləyən ailə tərkibi 2 (iki) nəfərdən ibarət X4 Qala qəsəbəsi 253 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv. metr torpaq sahəsi ayrılması qərara alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsi tərrəfindən verilmiş A seriyalı 377529 №li “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən müəyyən olunur ki, X4 Xəzər rayon İcra Hakimiyyəti Başçısının 06.03.2000-ci il tarixli sərəncamı ilə 1200 kv. metr torpaq sahəsi 253 saylı fərdi yaşayış evinin tikintisi üçün ayrılmşdır. Bu barədə X12 kitabında 15.11.2011-ci il tarixdə 29124 nömrə ilə uçota alınmışdır. Azərbaycan Reespublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Sahə 253 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi 27.01.2017-ci il də xüsusi mülkiyyət hüququ ilə X3 adına Daşınmaz əmlakın dövlət reyestrində 698 nömrəli reyestr kitabının 66110 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın bağışlanmasına dair 11.12.2017-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, X6 Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 253 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini X1 mülkiyyətinə verlmişdir (bağışlamışdır). Azərbaycan Reespublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Sahə 253 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi 25.12.2017-ci il də xüsusi mülkiyyət hüququ ilə X1 adına Daşınmaz əmlakın dövlət reyestrində 698 nömrəli reyestr kitabının 66110 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 7-4545/17 №li 22.10.2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhər İcra Hakimiyyətinin başçısının “Torpaq sahəsinin ayrılması haqqında” 23.11.1993-cü il tarixli, 1908 №li sərəncamından görünür ki, qeyd olunan sərəncamla Əzizbəyov rayon İHB-nın 29.09.93-cü il tarixli 2252 №li və 02.09.93-cü il tarixli, 2051 №li məktubları nəzərə alınaraq, Əzizbəyov rayonu, Qala- Pirallahı dəmir yolu ilə Şüvəlan-Türkan avtomobil yolunun kəsişdiyi yerdə Abşeron rayonunun 3 №li Qala Zeytun sovxozunun ərazisində fərdi yaşayış massivinin tikintisi üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 10.11.2021-ci il tarixi BA- 05225-2021 №li məktubu ilə məhkəməyə təqdim olunmuş keçmiş Əzizbəyov RİH (indiki Xəzər RİH) arxiv fondu üzrə 06.03.2000-ci il tarixli 175 saylı sərəncamın surətindən müəyyən olunur ki, qeyd olunan sərəncam Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 28.09.2021-ci il tarixli **********27 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş eyni nömrəli və tarixli sərəncamın məzmunu ilə eynilik təşkil edir. - DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********07 №li 30.11.2021-ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı keçmiş Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 23.06.1994-cü il tarixli, 545/10 nömrəli sərəncamı və Xəzər rayon İcra Hakimiyyəti tərəfindən qeyd olunan sərəncama əsasən verilmiş 0,12 ha torpaq sahəsinin coğrafi yerləşməsini bildirən cizgidə göstərilmiş torpaq sahəsi Qala 3 nömrəli Zeytunçuluq sovxozunun ərazisində yerləşir. Bakı şəhəri keçmiş Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 05.06.2000-ci il tarixli, 175 nömrəli sərəncamı və keçmiş (ləğv olunmuş) X11 Komitəsinin kadastr planı əsasında ilkin olaraq X3 adına qeydiyyata alınmış və sonradan özgəninkiləşdirilməklə mövcud vəziyyətdə X1 xüsusi mülkiyyətində olan 253 saylı, 0,12 ha torpaq sahəsi Qala qəsəbəsinin tam fərqli ərazisində yerləşməklə, İddiaçı iddia etdiyi sahə ilə üst-üstə düşmür. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.5-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələrindəndir. Göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək və vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifələrinə aid edilmişdir. Cavabdeh inzibati orqanın imtinada və iddiaya dair etirazda göstərdiyi dəlillərə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya mübahisəli torpaq sahəsi tam qanuni əsaslarla ayrılmışdır. Belə ki, işin araşdırılan hallarından da müəyyən olunduğu kimi, Bakı şəhər İcra Hakimiyyətinin başçısının “Torpaq sahəsinin ayrılması haqqında” 23.11.1993-cü il tarixli, 1908 №li sərəncamı ilə Abşeron rayonunun 3 №li Qala Zeytun sovxozunun ərazisində fərdi yaşayış massivinin tikintisi üçün torpaq sahəsi ayrılmış, həmin sərəncama əsasən Bakı şəhəri Əzizbəyov rayon İHB-nın 23 iyun 1994-cü il tarixli 545/10 №-li Sərəncamı ilə İddiaçı Qala qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 1200 kv. metr torpaq sahəsi ayrılmışdır. Cavabdeh inzibati orqanın məhkəmənin müvafiq sorğusuna verdiyi cavabdan da göründüyü kimi iddiaçıya ayrılmış mübahisəli torpaq sahəsi Qala qəsəbəsinin tam fərqli ərazisində yerləşməklə hazırki iş üzrə üçüncü şəxs qismində cəlb olunmuş X1 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəsin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1994-cü il tarixli 545/10 №-li Sərəncamına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində 253 nömrəli sahədə yerləşən, faktiki istifadəsində olan 1200 kv. metr torpaq sahəsinə dair İddiaçı adına xüsusi mülkiyyət hüququna dair Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar