Məhkəmə qərarları › İş №2-1(112)-6735/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6735/2021

05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6735/2021 05.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının dayandırılması ilə bağlı cavabdehin hərəkətlərin qanunsuz sayılması, ödənişi dayandırılmış pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi, hesablanmış borcun silinməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının dayandırılması ilə bağlı hərəkətlərin qanunsuz sayılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirlir ki, iddiaçı xx xxx 1954-cü il tarixdə doğulmuşdur, 10 aprel 1970-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 3 mart 2008-ci il tarixdən Respublika Taun Əleyhinə Stansiyada işləmiş, 3 iyun 2014-cü il tarixdən həmin qurumda virusoloji laboratoriyanın müdiri vəzifəsində müvəqqəti icraçı kimi çalışmışdır. Həmin stansiyada iş stajı 6 il 3 ay təşkil edir. Respublika Taun Əleyhinə Stansiya AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına salınmışdır. Həmin qərara əlavə edilmiş 2 saylı Siyahının XXİV bölməsinin (Səhiyyə və sosial təminat idarəsi) 22600000 – 1754 şifrinə əsasən tauna qarşı idarələrdə məşğul olan bütün işçilər güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Respublika Taun Əleyhinə Stansiyada iş stajı ikiqat sayıldığına görə onun həmin təşkilatda iş stajı 12 il 6 aydır. «Əmək pensiyaları haqqında» AR Qanununun 24-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına cüzam və taun əleyhinə müəssisələrdəki iş müddəti – ikiqat ölçüdə hesablanmaqla güzəştli şərtlərlə daxil edilir. Lakin cavabdeh 6 aprel 2021-ci il tarixdə ona pensiya ödənişinin dayandırılması haqqında məktub göndərərək 7 iyul 2014-cü il tarixdən 31 yanvar 2021-ci il tarixədək olan dövr üzrə yaşa görə təyin olunmuş güzəştli əmək pensiyasının dayandırılması və ona ödənilmiş 18.012,35 manat könüllü şəkildə ödəməyi xahiş etmişdir. İddiaçı hesab edir ki, bu imtina əsassızdır və ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə və İPM-in 2-ci maddəsinə əsaslanaraq, cavabdehə əmək pensiyasının dayandırılması ilə bağlı hərəkətlərin qanunsuz sayılması öhdəliyinin qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh tərəfin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı iddiası tam əsassız hesab edilir və rədd edilməlidir. İddiaçı 26 aprel 2021-ci il tarixdə iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı Filial tərəfindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi «Əmək pensiyaları haqqında» AR Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. İddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən araşdırılmışdır. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 24-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sıöorta stajına cüzam və taun əleyhinə müəssisələrdəki iş müddəti – ikiqat ölçüdə hesablanmaqla güzəştli şərtlərlə daxil edilir. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər AR Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın səhiyyə və sosial təminat idarələri bölməsinin (19) tauna qarşı idarələrdə məşğul olan işçilər nəzərdə tutulmuşdur. Araşdırma zamanı iddiaçıya vaxtilə əmək pensiyası təyin edilərkən təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən 3 mart 2008-ci il tarixdən 3 iyun 2014-cü il tarixədək dövr ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Taun X1 laboratoriyada konsultant vəzifəsində və həmin laboratoriyanın müdiri vəzifəsinin müvəqqəti icraçısı vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (6 il 3 ay) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya 7 iyul 2014-cü il tarixdən DSMF Nərimanov rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Sədrədddin Qurbanova 7 iyul 2014 – 31 yanvar 2021-ci il tarixlər arasındakı dövr ərzində ümumilikdə 18.012,35 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Mərkəzi Filial tərəfindən 29 aprel 2021-ci il tarixli məktubla həmin artıq ödənilmiş 18.012,35 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş edilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İddiaçı tərəfindən sözügedən yazılı razılıq Mərkəzi Filiala təqdim olunmadığından, Mərkəzi Filial tərəfindən 23 iyul 2021-ci il tarixdə artıq alınmış pensiya məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı inzibati Məhkəməsinə müraciət edilmişdir. Göründüyü kimi, iddiaçı yuxarıda qeyd olunanlarla razılaşmamış, onun pensiyasının yenidən hesablanaraq bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə əlavə ərizə təqdim etmiş və ərizədə iddia tələbini «əmək pensiyasının dayandırılması ilə bağlı cavabdehin hərəkətlərin qanunsuz sayılması, ödənişi dayandırılmış pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi, hesablanmış borcun silinməsi» kimi göstərmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərlənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstəilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 24-cü maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: - (24.0.3) cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti – ikiqat ölçüdə. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: (37.8.1) əmək pensiyaçısı vəfat etdikdə; (37.8.2) əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda, (37.8.3) bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. AR Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmişdir. Həmin qərarla təsdiqlənmiş Siyahının “19. Tibb və sosial təminat müəssisələri” bölməsində tauna qarşı müəssisələrdə məşğul olan işçilər peşəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş qanunvericilik normaları nəzərdə tutur ki, 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) iş stajına malik kişilər 57 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. İşin hallarına görə İddiaçı 7 iyul 2014-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin sonradan hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən «Əmək pensiyaları haqqında» AR Qanununun 37.8.3-cü maddəsinə istinadən həmin pensiya ödənişi dayandırılmışdır. Cavabdeh inzibati orqan bu dayandırmaya əsas kimi iddiaçının işlədiyi “tauna qarşı idarədə məşğul olan işçisi” kimi stajının güzəştli şərtlərlə əmək pensiyası hququ verən işlərdə staja ikiqat ölçüdə daxil edilməməsi gpstərilmişdir. İddiaçı hazırda cavabdehin hərəkətlərini mübahisələndirir və ona pensiya ödənişinin bərpa olunmasını, əvvəlki dövrdə ödənilmiş pensiya məbləği üzrə borcun silinməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının pensiya yaşına çatması və müvafiq tarixədək 25 ildən artıq ümumi iş stajına malik olması işin mübahisə olunmayan hallarına daxildir. Məhkəmənin qənaəti belədir ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 24cü maddəsində nəzərdə tutulan stajın “ikiqat ülçüdə” hesablanması şəxsin ümumi iş stajına münasibətdə tətbiq oluna bilər, güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə iş stajının hesablanmasında da ayrıca tətbiq edilməsi yolverilən hal deyil. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin dayandırılması qanuna zidd sayıla bilməz və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddisında üç tələb irəli sürsə də, tələblər birbiri ilə bağlı və asılıdır. Ona görə də “borcun silinməsi” tələbi də əsas tələbdən irəli gəldiyindən, təmin edilə bilməz. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.4-cü maddəssinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının dayandırılması ilə bağlı cavabdehin hərəkətlərin qanunsuz sayılması, ödənişi dayandırılmış pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi, hesablanmış borcun silinməsi» tələbinə dair iddiası əsassız oldğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının dayandırılması ilə bağlı cavabdehin hərəkətlərin qanunsuz sayılması, ödənişi dayandırılmış pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi, hesablanmış borcun silinməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar