Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6736/2021 05.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 35, mənzil 108 ünvanda qeydiyyatda olan) Cavabdehin nümayəndəsi X1 (mütəxəssis, Cəbrayıl rayonu, Nüzgar kəndində qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əvvəlki müddət üçün müavinətin ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 mart 2021-ci ildən əvvəlki dövrlər üzrə 01 iyun 1993-cü il tarixdən 04 mart 2021-ci il tarixə kimi veteran müavinətinin ödənilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 29 sentyabr 1992-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu Hərbi Komissarlığı tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə xidmətə çağrılmışdır. Həmin gündən, baş leytenant rütbəsində, 922-ci hərbi hissənin təchizat taqımının komandiri təyin edilmiş, Ağdam və Fizuli istiqamətlərində döyüşən hərbi hissə batareyalarının döyüş sursatı ilə təminatını həyata keçirmişdir. 1992ci ilin dekabrında h/h komandirinin əmri ilə kadrlar şöbəsinə keçirilmiş, h/h-nin bərbad vəziyyətdə olan dəftərxanasını səhmana salmış, bununla əlaqədar döyüş bölgələrində ezamiyyətlərdə olmuş, hissənin zabitləri barəsində MN-nin ilk dolğun, dəqiqləşdirilmiş əmrinin hazırlanmasında iştirak etmişdir....01 iyun 1993-cü il tarixdə sağlamlığıyla əlaqədar MN-nin əmri ilə ordudan tərxis olunmuşdur. Hələ də xəstəliklərimlə mübarizə aprır. "Müharibə veteram" adı və vəsiqəsi almaq üçün 20 ildən artıq müddətdə dəfələrlə Bakı şəhər, Sabunçu rayon Hərbi Komissarlığına, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciətlər etsə də, hər dəfə müraciətləri baxılması üçün rayon Hərbi Komissarlığına, ya da Müdafiə Nazirliyinə göndərilirdi.... Axırıncı ərizələrindən birinə AR Hərbi Komissarlıqdan Sabunçi rayon Hərbi Komissarlığına daxil olan sənəddə göstərilirdi ki, İddiaçı xidmət müddəti h/h-nin döyüşlərdə iştirak etdiyi dövrü əhatə etmədiyi üçün sənədləri geri qaytarılır. Müdafiə Nazirliyinə müraciətləri də nəticəsiz qalmış, MN-nin Arxiv İdarəsindən arayış ala bilməmişdir. O axırıncı ərizəni 11 yanvar 2021-ci ildə yazmışdır. Arxiv İdarəsinin 22.01.2021-ci il tarixli № 9/2-363 saylı məktubundan məlum olmuşdur ki, İddiaçı, həqiqətən 922-ci h/h-nin sıralarında 29 sentyabr 1992-ci il tarixdən 01 iyun 1993cü il tarixə qədər xidmət eləmişdir. Ona 04 mart 2021-ci il tarixdə “Mühharibə Veteranı” adı və vəsiqəsi verilmişdir. Həmin vaxtdan da veteran müavinatı almağa başlamışdır. Veteran müavinatını alandan sonra cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına, DOST xidməti vasitəsi, müraciət edib veteranhq müavinətinin ödənilməmiş dövrlər üçün, yəni 01 iyun 1993-cü ildən 04 mart 2021-ci il tarixə kimi ödənişlər edilməsini xahiş etmişdir. Müraciətinə verilən 29.04.2021-ci il tarixli № **********0 saylı cavab məktubundan görünür ki,cavabdeh müraciətini təmin etməkdən əsassız olaraq yayınmışdır. Yazıçı, jurnalis, 14 kitabın, roman və hekayələrin müəllifidir....Yuxarıda qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını və həmin etiraza əlavəni məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı" ödənilməmiş dövrlər üçün müharibə veteranı müavinətinin ödənilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasının təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən cavabdeh hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən 088700 nömrəli veteran vəsiqəsi 19 fevral 2021 -cu il tarixdə verilmişdir. İddiaçının həmin veteran vəsiqəsi əsasında ona müharibə veteranı statusunu aldığı vaxtdan, yəni 19.02.2021-ci il tarixdən təqaüd təyin etmiş, əvvəlki illər üzrə ödənişin verilməsindən isə imtina etmişdir. Belə ki, “Sosial müavinətlər haqqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1- ci maddəsinə əsasən, sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Adıçəkilən Qanunun 4.0.1,6. maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Azərbaycan Respublikasında ayrı-ayrı vətəndaşların ölkə qarşısında xidmətlərinin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müxtəlif fərman və sərəncamlarına əsasən onlara Azərbaycan Respublikası Prezidentinin təqaüdləri hüququn yarandığı tarixdən təyin olunaraq ödənilir və təqaüdün Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri, fəxri adlara görə aylıq təqaüdlər, Azərbaycan Respublikası Milli Qəhrəmanlarına və onların ailə üzvlərinə verilən Prezident təqaüdü, 20 Yanvar şəhidinin ailə üzvlərinə Prezident təqaüdü, şəhid ailə üzvlərinə Prezident təqaüdü, müharibə əlillərinə Prezident təqaüdü, 20 Yanvar əlillərinə Prezident təqaüdü, X3 əlillərinə Prezident təqaüdü kimi növləri vardır. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında“ Azərbaycan Respublikasının Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublkasının Prezidentinin 15.04.2019-cu il tarixli, 641 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında“ Azərbaycan Respublikasının Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55000 (əlli beş min) manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Beləliklə, 01.04.2019-cu il tarixdən qüvvəyə minən qanunvericilikdəki sözügedən tənzimləmələrə müvafiq olaraq müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə AR Prezidentinin təqaüdü təsis edilmiş, bununla da qeyd edilən tarixdən etibarən müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət deyil, təqaüd verilməyə başlanılmışdır. Həmçinin qeyd edilməlidir ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəalarının tətbiq edilməsi ilə əvvəlki üç il üçün ödəmələrin aparılması mümkün deyildir. Göründüyü kimi, sözügedən qanunvericilikdəki dəyişikliklər nəticəsində 01.04.2019-cu il tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət müəyyənləşdirilmiş, müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı yeni normalar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarf’nın 1.1ci bəndinə əsasən, bu Qaydalar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri (bundan sonra - Şöbə) və ya “DOST” mərkəzləri (bundan sonra - Mərkəz) tərəfindən sosial sığorta ödəyicisi və əmək pensiyası hüququ olmayan şəxslərə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (dövlət qulluqçularına ömürlük müavinət və işsizlik müavinəti istisna olmaqla) sosial müavinətlərin (bundan sonra - müavinət), ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin (bundan sonra - təqaüd) və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarını tənzimləyir. Sözügedən Qaydaların 7 nömrəli əlavəsinin - Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının 2.33.1-ci bəndinə əsasən, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti tələb olunur. Beləliklə, yuxarıda sadalanan müxtəlif qanunvericilik aktları normalarının əlaqəli təhlilindən məlum olur ki, qanunvericilikdə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri sosial müavinətlərin növləri arasında sadalanmamış, təqaüdlərlə sosial müavinətlər bir-birindən fərqləndirilməklə yalnız aylıq müavinətlərin əvvəlki üç il üçün ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı müharibə veteranı vəsiqəsi və müvafiq status verildiyi zaman iddiaçı və bu kateqoriyadan olan digər şəxslər Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququnu əldə etmişlər. Beləliklə, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında ölkə başçısının 15 aprel 2019-cu il tarixli Fərmanı 01 aprel 2019-cu il tarixdən tətbiq edildiyindən və iddiaçıya “müharibə veteranı adı və vəsiqəsi” 2021-ci ilin fevral ayında verildiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki üç il üçün ödənilməsi qaydası qanunvericilikdə nəzərdə tutulmadığından cavabdeh hesab edir ki, hazırki halda, iddiaçının müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki illər üçün müavinət və ya təqaüd almaq hüququnun olması istisna edilir. Buna görə də cavabdeh hesab edir ki, İddiaçı “ödənilməmiş dövrlər üçün müharibə veteranı müavinətinin ödənilməsi" barədə iddia tələbi təmin edilməməlidir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 29 aprel 2021-ci il tarixli, **********0 saylı imtina məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş 23.04.2021-ci il tarixli ərizəsinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılaraq bildirilmışdir ki, Azərbaycan Respublikasının Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 26.12.2001-ci il tarixli, 613 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 (əlli beş min) manat (2006-cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denaminasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilmişdir. Lakin Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli 641 nömrəli Fərmanına uyğun olaraq müharibə veteranlarına 80 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi ilə 01.04.2019-cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında“ Azərbaycan Respublikasının Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublkasının Prezidentinin 15.04.2019-cu il tarixli, 641 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında“ Azərbaycan Respublikasının Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55000 (əlli beş min) manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikasının Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında“ Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlər "Veteran vəsiqəsi” təqdim edildikdə həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq ona müharibə veteranları üçün nəzərdə tutulan təqaüd “Veteran vəsiqəsi” təqdim edildiyi (19.02.2021-ci il) tarixdən qanunauyğun olaraq təyin edilmişdir. İşdə olan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsi tərəfindən 19.02.2021-ci il tarixdə verilmiş M/V№088700 saylı vəsiqədən görünür ki, İddiaçı veteran vəsiqəsi verilmişdir. İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı 19 fevral 2021-ci il tarixdə “Müharibə veteranı” vəsiqəsini almışdır. 19.02.2021-ci il tarixdən ona sosial müavinətin əvəzinə verilən prezident təqaüdü hesablanaraq ödənilir. Lakin iddiaçı ona hesablanmış sosial müavinətin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi vaxtdan hesablanmalı olmasına əsaslanaraq, ona 1993-cü ildən 04.03.2021-ci il tarixədək olan müddət üçün sosial müavinət ödənilməsini tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, lakin cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq olunmuş “müharibə veteranları, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 4-cü bəndinə əsasən, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən ikinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddəsinin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana 11.07.2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. Daha sonra “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 641 saylı Fərmanının 1-ci maddəsinə əsasən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilərək, onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Həmin Fərmanın 2.1.1-ci maddəsinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (X3 iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Göründüyü kimi əvvəllər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə sosial müavinət təyin edilsə də, lakin Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 641 saylı Fərmanına əsasən 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və həmin təqaüdün aylıq məbləği 80 manat müəyyən olunmuşdur. İddiaçı hazırki iddia tələbi üzrə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək, ona müharibə veteranı statusu aldığı gündən əvvəlki dövr üzrə sosial müavinətin ödənilməsini tələb edir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində sosial müavinət onu almaq hüququ yaranan gündən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsi müəyyən edilmişdir. Lakin iş materiallarından görünür ki, iddiaçı müharibə veteranı statusunu 19 fevral 2021-ci il tarixdə əldə etmişdir və həmin tarixdən ona sosial müavinət deyil, onun əvəzinə müharibə veteranlarına təsis edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və həmin tarixdən də qeyd olunan təqaüd ödənilir. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 641 saylı Fərmanına əsasən müharibə veteranlarına təsis edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki dövr üçün ödənilməsi qaydası qanunda nəzərdə tutulmamışdır. Buna görə də iddiaçının müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki dövr üzrə ona təyin edilmiş təqaüdü almaq hüququ yoxdur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-6736/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6736/2021
05.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver