Məhkəmə qərarları › İş №2-1(112)-6737/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6737/2020

29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6737/2020 29.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “araşdırmanın tam obyektiv, hərtərəfli aparılması və tədbirin görülməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cinayət əməllərinin araşdırılması və ona dair tədbirin görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə İPM-in 13-cü və 48.1-ci maddələri ilə (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq, iddiaçıya “hüquqi yardım” məktubu göndərərək, bildirilmişdir ki, müvafiq cinayət işinin başlanmasına dair iddiaçı tərəfindən etdiyi müraciətlərin nəticəsi olaraq Nəsimi rayon Polis İdarəsi tərəfindən AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan iddiaçının Nəsimi rayon prokuroruna, yuxarı prokurora və ya məhkəmə nəzarəti qaydasında Nəsimi rayon Məhkəməsinə şikayət etmək hüququ olduğu izah edilmişdir. Həmçinin iş üzrə məhkəmə iclasında mümkünlük məsələsinin araşdırılacağını bildirmişdir. İş üzrə mümkünlük iclası xx xxxxxxx 2020-ci il tarixə təyin edilmiş, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərilmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən və iddia ərizəsinin məzmunundan görünür ki, hazırki iddia tələbi iddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin cinayət əməllərinin araşdırılması və ona dair tədbirin görülməsi ilə bağlıdır. İlk öncə məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İdida ərizəsindən və iddiaçının məhkəmə iclasında verdiyi izahatdan aydın olur ki, iddiaçı xx.xx.2017-ci il tarixində Nəsimi RPİ-nin İŞ-nə müraciət edərək, Nəsimi rayonu, izzət Həmidov küçəsi 13 saylı ünvanda yerləşən 3 otaqlı evin 2 otağının X3, 1 otağının isə ona məxsus olduğunu, 2017-ci ilin mart ayında Suriddin Rəhimovun həmin evin ona aid olan hissəsində təmir işləri aparan zamanı onun otağının ümumi dəhlizə açılan giriş qapısını ləğv etdiyini, nəticədə onun dəhlizindən və mətbəxdən istifadə etmək imkanını tamamilə məhdudlaşdıraraq yaşamaq hüququnun pozulduğunu bildirmiş və bununla bağlı qanuni tədbirlər görülməsini xahiş etmişdir. Müraciətdə qeyd edilən məsələnin mülki xarakterli olması əsası ilə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Elxan Tağızadə tərəfindən cinayət işinin başlanmasının rədd olunması qərara alınmışdır. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən orqanın qərarından məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət vermək hüququna malikdir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 122.2.3-cü maddəsinə əsasən, bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə, cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. İşlərə inzibati məhkəmə icraatı qaydasında baxılmasına dair digər mühüm bir müddəa İPM-in 2.1-ci maddəsində əks olunmuşdur. Buna görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibatiiqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. «İnzibati icraat haqqında» AR Qanununun 3.2-ci maddəsi isə bu Qanunun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmadığını birmənalı qaydada müəyyən etmişdir. İddia ərizəsində qeyd olunmuşdur ki, iddiaçı məhz Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cinayət işinin düzgün aparılmamasını və tərəfindən qəbul olunmuş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının qanunvericiliyin tələblərinə zidd qəbul edildiyi göstərilmişdir. Bu halda, Məhkəmə hesab edir ki, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın mübahisələndirilməsi də yenə cinayətmühakimə icraatı qaydasında aparılmalıdır. Çünki, bu zaman tətbiq ediləcək hüquq «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsində təsbit olunan qaydada inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətə aid olmayacaqdır. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların məhz bu qəbildən fəaliyyətinin qanuniliyi və əsaslılığı yoxlanılır. Cavabdehdə aparılan cinayət işinin istintaqı zamanı həyata keçirilən fəaliyyətlə bağlı tətbiq edilən hüquq isə, ümumi hüquq sahəsinə daxil olsa da, inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə aid hüquqdur ki, bu da iddiaçının tələbinin «İnzibati icraat haqqında» AR Qanununun 3.2-ci maddəsinin təsirinə düşdüyünə dəlalət edir. Yuxarıda da qeyd edildiyi kimi, istintaq orqanı tərəfindən qəbul edilmiş qərar cinayət təqibinin gedişində qəbul olunmuşdur. Odur ki, həmin qərarın qəbul edilməsinin qanuniliyi və əsaslılığına da yenə cinayət təqibi çərçivəsində məhkəmə nəzarəti qaydasında qiymət verilməlidir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətinə Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar