Məhkəmə qərarları › İş №2-1(112)-6737/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6737/2023

04.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6737/2023 04.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9in 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9in 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri XDS-nin 1991-ci il tarixli, 3/75 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına ayrılmış, istifadəsində və sahibliyində olan 0,12 ha torpaq sahəsinin sxematik xəritə üzrə uyğunlaşdırılmaqla plan və ölçünün çəkilməsi və dövlət qeydiyyatına alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9in 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri XDS-nin İK-nin (İH) xx.xx.1991-ci il tarixli, 3/75 saylı qərarı ilə torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi uzun illərdir ki, İddiaçı istifadəsindədir. Fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri XDS-nin İK-nin (indiki Bakı şəhəri İH) xx.xx.1981-ci il tarixli, 3/75 saylı qərarı ilə sözügedən torpaq sahəsi İddiaçı istifadəsinə verilsə də, torpağın yerləşmə sxemi təqdim olunmamış və dövlət qeydiyyatına alınmamışdır. İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri XDS-nin İK-nin (indiki Bakı şəhəri İH) xx.xx.1981-ci il tarixli , 3/75 saylı qərarı ilə torpaq sahəsinin yer quruluşu planından çıxarışın və ya yer quruluşu cizgisinin çəkilməsinə, təsdiq edilməsinə və dövlət qeydiyyatından keçməsinə köməklik göstərməsi barədə ərizə ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X5 X9 1 Saylı Bakı Ərazi İdarəsinə və Xəzər rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Hər iki qurum ünvanlanan mətuba imtina vermişdir. 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən imtinada göstərilmişdir ki, ərizədə göstərilənlər, torpaq sahəsini ayıran qurum tərəfindən tərtib olunmalıdır. Xəzər rayon İcra hakimiyyəti tərəfindən isə iddiaçının istifadəsində olan torpaq sahəsi Bağlar İdarəsinə aid olduğundan sözü gedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədə uyğun sayılmamışdır. Göründüyü kimi hazırki iş üzrə cavabdeh qurum tərəfindən əsassız olaraq müraciətzə imtina verilmişdir. Halbuki, torpaq sahəsinin yer quruluşu planından çıxarışın və ya yer quruluşu cizgisinin çəkilməsinə, təsdiq edilməsi və dövlət qeydiyyatına alınması barədə iddiaçının müraciəti tam qanuni və əsaslıdır. Bu səbəbdən iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir, İddiaçı müvafiq iddia tələbi ilə bağlı İdarəyə müraciəti olmamış, iddiaçı yalnız ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakının dövlət reyestrində qeydiyyata alınması məqsədilə ayrılmış torpaq sahəsinin yerquruluşu planının verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Belə ki, daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən torpaq sahəsinin yeləşməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin faktiki ölçüsü 0.0979 ha təşkil edir. Həmçinin torpaq sahəsindən 7.3-8.1 metr məsafədən yüksək gərginlikli elektrik xətti keçir. Məlumat üçün bildiririk ki, iddiaçının adına 217 №-li bağ-tikinti kooperativi nəzdində Bakı şəhəri XDS-nin İK-nin xx.xx.1981-ci il tarixli, 3/75 saylı qərarı ilə verilmiş order əsasında 97/12 saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və özgəninkiləşdirilmişdir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

4. Cavabdeh orqanın iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı) həmin torpaq sahəsinin ayrılmasına qərar qəbul etmiş təşkilat tərəfindən tərtib olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəii Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir.

5. Bakı şəhər Xalq Deputatları İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/75 №-li Qərarına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 02 iyun 1988-ci il tarixli 195 №-li qərara əsasən və Bakı Şəhər Sovetinin 14 iyun 1988-ci il tarixli 6/333 №-li qərara əsasən Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi qərara almışdır:

1. 216 №-li BTK – 18 nəf; 217 №-li BTK – 12 nəf; 218 №-li BTK – 17 nəf. Bu bağ-tikinti kooperativinin tərkibi təsdiq edilmişdir.

6. Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 7 №-li Orderə əsasən X2 Bakı şəhər icra hakimiyyətinin 1 mart 1991-ci il tarixli 3/75 №-li qərarına əsasən Türkan bağlar sahəsində 217 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 97/12 №-li bağ ayrılmışdır.

7. 217 №-li Türkan bağ-tikinti kooperativi üzvlərinin siyahısında iddiaçının adı (7. X3 – Bakı Dənizkənarı küç., ev 7 – ümumi növbə – SP-7502) qeyd olunmuşdur.

8. Əmlak Məsələləri Dövlət Xİdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 97K saylı bağ sahəsinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.

9. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) Aktında qeyd olunmuşdur ki, bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. Darvaza yoxdur, giriş sərbəstdir. Tikili yoxdur. Bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, bağın nömrəsi və sənəd üzrə sahəsi məlum deyil. Bununla bağlı olaraq bağ sahəsinin yerləşməsinin düzgünlüyünü araşdırmaq mümkün olmamışdır. Həmçinin ərizəçinin adına 217 nömrəli BTK nəzdində 3/75 №-li, xx.xx.1991-ci il tarixli qərar ilə order əsasında 97/12 (yeni ünvanı – 97K) saylı bağ sahəsi qeydiyyata alınmışdır və özgəninkiləşdirilmişdir (**********22 - göstərilən sahənin şimal tərəfindəki həmsərhəd olan bağ) Bağ sahəsindən 7.3 – 8.1 metr məsafədən yüksək gərginlikli elektrik xətti keçir – 6kV.

10. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək məzmununa uyğun izahat verdi.

11. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

12. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

14. X7 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

15. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

16. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

17. X10 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

19. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9in 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

20. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

21. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

23. Məhkəmə qeyd edir ki, Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 7 №-li Orderə əsasən İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin 1 mart 1991-ci il tarixli 3/75 №-li qərarına əsasən Türkan bağlar sahəsində 217 №-li BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 97/12 №-li bağ ayrılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 97K saylı bağ sahəsinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) Aktına əsasən iddiaçının adına qeydiyyata alınmış bağ sahəsi hazırda mübahisələndirilən bağ sahəsinin (**********22) şimal tərəfində yerləşir.

24. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz. Belə ki, qeyd edilən BTK-nın nəzdində iddiaçıya bir bağ sahəsi ayrılmış və iddiaçının həmin torpaq sahəsinə dair hüquqları qeydiyyata alınmışdır və qeyd edilən torpaq sahəsi iddiaçı tərəfindən daha sonra özgəninkiləşdirilmişdir.

25. Odur ki, iddiaçı tərəfindən faktiki olaraq göstərilən torpaq sahəsinə isə hər hansı digər hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.

26. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

27. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar