Məhkəmə qərarları › İş №2-1(112)-6739/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6739/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6739/2024 13.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “köşkün götürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 123 ünvanında yerləşən köhnə 9 mərtəbəli binanın birinci mərtəbəsinə aid və ona məxsus 1 nömrəli mənzilin pəncərəsinin qarşısında olan köşkün götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda yaşadığı mənzilin pəncərəsinin önündə əsassız şəkildə duran həmin köşk istifadəyə yararsız olmaqla məişət tullantıları üçün nəzərdə tutulan konteynerə bənzəyir. Əsas məsələ isə köşkün mənzilin pəncərəsinin qarşısını tutması mənzildə həm rütubətə şəraitin yaratması həm də, günəşdən qidalandıqları D vitamini və oksigendən məhrum etməsidir. Bu isə öz növbəsində iddiaçının ailəsinin sağlamlığına səbəb olmasıdır. Həyat yoldaşı və övladlarından biri bronxial asma xəstəsidirlər. Bu da o deməkdir ki, onlara normal insanlardan daha çox oksigen qəbul etmələri vacibdir. Bundan başqa, həmin köşk pis vərdişləri olan narkoman və toksomanların sığınacağına çevirilməsi gələcək nəslin nümayəndələrin həyatlarının təhlükə altına qoyması və onlardan yan keçməməsi deməkdir. Eyni zamanda, həmin taxta köşkdən zibil konteyneri kimidə istifadə edirlər. İstifadə olunan zibil konteynerində hər an baş verə biləcək yanğın hadisəsi nəticəsində paralel hissədən keçən qaz turbasına keçməsi böyük hadisələrə yol açmasıdır. Binanın yerləşdiyi ünvanda yüzlərlə yetkinlik yaşlarına çatmayan uşaqların olması həmin pis vərdişlərə əl çatan və yoluxması (digər xəstəliklərdə daxil) ehtimalı böyük olmaqla həm də onların tərbiyə və gələcək həyatlarına təsiri qaçılmazdır. Bundan başqa, dəqiq məlum olmayan məlumata görə qeyd olunan köşkün sahibi eyni zamanda iddiaçının yaşadığı bina sakinidir. Həmin şəxslə dəfələrlə bu haqda söhbətlər aparılsa da, cavab olaraq nə vaxt ki, icra hakimiyyəti tərəfindən müəyyən bir yer ayrılsa, o zaman götürülməsi bildirilmişdir. Bu məsələ ilə bağlı iddiaçı dəfələrlə əvvəl şifahi sonra isə yazılı şəkildə Rayon İcra Hakimiyyətinə rəsmi müraciət etmişdir. Eyni zamanda digər aidiyyəti orqanlara da (paralel olaraq icra hakimiyyətinin struktur idarələrinə) bu barədə məlumat vermişlər. Lakin buna baxmayaraq qeyd olunan tələblə əlaqədar müraciət cavabsız qalmış və heç bir reaksiya verilməmişdir. Müraciətə baxmayaraq bu məsələ hələ uzun illər cavabsız qalacağı üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışından görünür ki, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 123 ünvanında yerləşən köhnə 9 mərtəbəli binanın birinci mərtəbəsində olan 1 saylı mənzil İddiaçı adına rəsmiləşdirilmişdir. Bundan başqa 15 avqust 2023-cü il tarixində köşkün pəncərənin qabağından götürülməsi barədə Suraxanı Rayon İcra Hakimiyyətinə rəsmi müraciət edilmiş, lakin müraciət məktu cavablandırılmamış və qeyd olunan məsələ bu günə kimi öz həllini tapmamışdır. Bundan əlavə Suraxanı Rayon İcra Hakimiyyətinin aidiyyəti əməkdaşları bildirmişlər ki, tərəflər arasında kirayə müqaviləsi o zaman bağlanır ki, qəzalı evdən köçürülmənin baş tutması rəhbərlik tərəfindən qərar verildikdən sanra icra edilə bilər. Digər bir məktubla isə təkrar 20 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidentinə rəsmi formada müraciət edilmişdir. Müraciət ərizəsinə cavab olaraq 30 dekabr 2023-cü il tarixdə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən ünvanlanmış məktubda araşdırılıb nəticəsi barədə məlumat verilməsi qeyd edilmiş, amma hələ də bu günə kimi heç bir nəticə əldə edilməmişdir. Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalının F-13 saylı Epikriz sənədinin surətindən görünür ki, X1 bronxial astma xəstəsidir. İddiaçı hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 123 ünvanında yerləşən köhnə 9 mərtəbəli binanın birinci mərtəbəsinə aid və ona məxsus 1 nömrəli mənzil pəncərəsinin qarşısında 5 ildən artıq heç bir qanun və qaydalara sığmayan şəkildə köşkün olmasını, mənzilə düşən günəş işığının qarşısının alındığını, övladı və həyat yoldaşının bronxial astma xəstəsi olmalarını və onların daha çox oksigen qəbul etmələrinin nəzərə alınmasını və təqdim edilən foto şəkillərdən də göründüyü kimi iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı yazılı münasibət (etiraz) təqdim edilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (nümayəndəsi) hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı hazırkı tələbi ilə bağlı cavadeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 İddiaçı mülkiyyətindədir. -Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfidən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən köşkün mülkiyyətiçisi və həmin köşklə bağlı müvafiq sənədlər barədə Rayon İcra Hakimiyyətində heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -26-cı maddəsinin İİ hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. -29-cu maddəsinin İ hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. -71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.1.3-cü bəndinə əsasən, müvafiq ərazidə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini və həyata keçirilməsini, mülkiyyətin və ictimai asayişin qorunmasını təmin etmək yerli icra hakimiyyəti başçısının vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4-cü bəndinə əsasən yerli icra hakimiyyəti başçısının həmçinin aşağıdakı səlahiyyətləri vardır: 4.11.3. dövlət mülkiyyətində olan torpaq ehtiyatlarından səmərəli istifadə üçün tədbirlər görmək; 4.16.1. şəhərin, rayonun və şəhər rayonunun icra hakimiyyəti orqanının istifadəsində olan əmlaka münasibətdə hüquqi hərəkətlər etmək və həmin əmlakın qorunmasını təşkil etmək; 4.16.2. idarəçiliyində olan qeyri-yaşayış fondu obyektlərinin icarəyə verilməsinə razılıq vermək; 4.16.3. müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək; 4.16.6. torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli, 94 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 20.6.7-ci bəndinə əsasən səyyar (mövsümi) ticarət və xidmət fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslər səyyar (mövsümi) ticarət və xidmət fəaliyyəti başa çatdıqdan sonra ayrılmış ərazinin əvvəlki vəziyyətini bərpa etməyə borcludurlar. Həmin Qaydaların 20.7-ci bəndinə əsasən səyyar (mövsümi) ticarət və xidmət zamanı sanitariya norma və qaydalarının tələblərinə riayət olunmalıdır. Beləliklə, işin halları ilə müəyyən edildi ki, iddiaçı ünvan 2-in mülkiyyətçisidir. Hazırkı tələb ilə olan mənzilinin qarşısına qoyulmuş köşkün götürülməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də, müraciəti cavablandırılmadığından məhkəmədə cavabdehə qarşı iddia irəli sürmüşdür. İş materiallarında olan fotoşəkillərdən görünür ki, sözügedən köşk iddiaçıya məxsus mənzilin pəncərəsinin düz qarşısında yerləşməklə iddiaçının mülkiyyətindən sərbəst istifadə etməsinə maneə törədir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən götürülməsi tələb edilən taxta köşkün hazırda kimin mülkiyyətində olması habelə, hansı qaydada həmin əraziyə yerləşdirilməsi, orada səyyar (mövsümi) ticarət və xidmət fəaliyyətinin hansı hüquqi və fiziki şəxs(lər) tərəfindən həyata keçirilmiş olması barədə məhkəmənin sorğusuna bamayaraq cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən köşk iddiaçıya məxsus yaşayış sahəsinin qarşısında yerləşməklə, onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olduğundan və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid olduğundan cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 123 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasının 1 nömrəli mənzilin pəncərəsinin qarşısında olan köşkün hal-hazırda qaldığı yerdən götürülməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar