Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6741/2020 29.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə cərimə edilməsi tələbi barədə işə Bakı şəhəri, N.Vəzirov küçəsi, 56 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə cərimə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə mümkünlük iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. İddiaçının hazırki iddia tələbinə məhkəmə tərəfindən baxış keçirilərkən iddia tələbinin İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş yuxarıda sadalanan iddia növlərindən hər hansı birinə aidliyi müəyyən edilməmişdir. İddiaçıya yardım etmək məqsədi ilə məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13 və 48.1-ci maddələrinə müvafiq olaraq qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması, natamam faktiki məlumatların tamamlanması, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması tövsiyyə edilmiş, lakin iddiaçı iddiasını müdafiə etdiyini bildirərək, iddiaya olduğu kimi baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə cərimə edilməsi barədə iddia tələbinin təmin edilməsinə dair iddia tələbi irəli sürsə də, bu iddia tələbinin nədən ibarət olması və yekun məhkəmə aktı ilə hansı hüquq və vəzifələrin müəyyən edilməsini ifadə etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, mövcud vəziyyətdə, onun iddia tələbinin Azərbaycan Respublikası İPM-nin 2.2.1-2.2.9-cu maddələrində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə aidliyi müəyyən edilmədiyindən, iddia mümkün sayılmamalıdır. Məhkəmə eləcə də, işin halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iş materiallarına baxış keçirilən zaman məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 7-ci Sverdlov döngəsi 13 ünvanında yerləşən 1 mərtəbəli evin ümumi sahəsi 59.0 kv.m, yaşayış sahəsi 40.5 kv.m olan 3 otaqlı mənzilinin sahəsi 10.0 kvm olan bir yaşayış otağının mülkiyyətçisidir. Həmin evin sahəsi 30.5 kv.m olan 2 yaşayış otağı isə X1 mülkiyətindədir. İddiaçı ilə X2 arasında ümumi (rayon) məhkəməsində mübahisəli ünvanda yerləşən evlə bağlı məhkəmə mübahisəsi mövcud olmuşdur. Həmin iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının nəticəsinə əsasən (9725 nömrəli, xx xxx 2019-cu il tarixli ekspert rəyi) mülki iş materiallarında olan məlumatlara və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 7-ci Sverdlov döngəsi, 13 saylı ünvanda yerləşən, paylı mülkiyyət olan mənzilin texniki pasportundan kənar konstruktiv dəyişikliklərin aparılması ilə mübahisəli qapı boşluğunun (oyuğun) bağlanması və aparılmış bu dəyişikliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklilər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na uyğun olmadığı müəyyən edilmişdir. İddiaçının hazırki iddia tələbini qaldırmaqda hüquqi marağı X2 tərəfindən aparılmış konstruktiv dəyişiklilərin (tikilinin) sökülməsinə nail olmaqdır. Bu səbəbdən də, hazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə qarşı mövcud iddia tələbini qaldırmışdır. Məhkəmə hesab edir ki, X2 tərəfindən aparılmış konstruktiv dəyişiklilərin iddiaçının subyektiv hüquqlarına toxunduğu hissədə iddiaçı həmin konstruktiv dəyişiklilərin X1 öz hesabına aradan qaldırılması ilə bağlı ümumi məhkəmədə mülki məhkəmə icraatında iddia qaldırmalı olduğu halda, qanunvericiliyin normalarına uyğun olmayan iddia qaldıraraq X2 tərəfindən aparılmış (konstruktiv dəyişikliklərin) tikilinin Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən sökülməməsi nəticəsində sonuncunun cərimə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”-nin 3.11.5-ci bəndinə əsasən tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etmək səlahiyyəti yerli icra hakimiyyəti orqanlarının vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nörməli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 44.1. Yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti (bundan sonra yerli səviyyədə dövlət şəhərsalma nəzarəti) mütəmadi olaraq müvafiq inzibati ərazi vahidinin sərhədləri daxilində həyata keçirilir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir. Həmin Qaydaların 4.3-cü maddəsinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 2 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. Həmin Məcəllənin 95.3-cü maddəsinə əsasən Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən, ŞTM-nin 95.3-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi, yerli icra hakimiyyəti orqanları tərəfindən tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə tikinti işlərinin onlar tərəfindən dayandırılması yazılı qaydada tövsiyə edilir və tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məlumat verilir. Öz növbəsində Fövqəladə Hallar Nazirliyi tikilinin sökülməli olması qənaətinə gəldikdə bu barədə müvafiq qərar qəbul edərək tikilinin sökülməsi barədə məhkəməyə müraciət edir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 37/y- 03200 nömrəli, xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının qonşusu X2 ilə arasında olan mübahisəli məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə ünvanladığı xx xxxx 2020-ci il tarixli müraciəti mütəxəssislər tərəfindən yerində araşdırılaraq, bildirilmişdir ki, müvafiq tədbirlərin görülməsi üçün tərəflərindən Nəsimi rayon İcra Hakimiyyətinə məktub ünvanlanmışdır. Göründüyü kimi, iddiaçının müraciəti cavabdeh tərəfindən araşdırılmış və həmin tikili ilə bağlı müvafiq tədbirlər görülməsi üçün Nəsimi rayon İcra Hakimiyyətinə məktub ünvanlanmışdır. Hazırda iş materiallarında həmin tikilinin cavabdeh tərəfindən sökülməli olan tikili olması barədə mötəbər sübutlar olmadığından, yuxarıda sadalanan işin hallarına əsasən məhkəmə qeyd edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olması, yəni hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş verməsi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcələsinin 35-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcələsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “Tələbin əsaslandırlması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki halda cavabdehə qarşı iddia əsaslandırılmadığından, bununla da hazırki iddianın mümkünlük şərtləri ödənilmədiyinən iddia mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Odur ki, iddia tələbi mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6741/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6741/2020
29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver