Məhkəmə qərarları › İş №2-1(112)-6741/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6741/2021

23.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6741/2021 23.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı, X3 üçüncü şəxs qismində göstərilməklə “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı, X3 üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 yaşayış evi tikmək üçün cavabdeh Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 17.05.2000-ci il tarixli 780 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X5 istismarında olan “Zığ" qazpaylayıcı stansiyasının və “Qum adası - Qazanlar QPS (Ağ şəhər)” qaz kəmərinin mühafizə zonasında yaşayış evinin tikintisi üçün 400 m2 torpaq sahəsi ayrılmasına dair Bakı şəhəri Suraxanı Rayon icra Hakimiyyəti tərəfindən verilmiş 17.05.2000-ci il tarixli 780 nömrəli sərəncam aşağıdakı əsaslara görə qanunsuz və əsassızdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 28.09.1998-ci il tarixli, 773 nömrəli Fərmanına uyğun olaraq qaz təchizatı sahəsində magistral və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı Qərarının tələblərini ciddi surətdə pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilmişdir. Cavabdeh Suraxanı Rayon İcra Hakimiyyəti 11.06.2021-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, göstərmişdir ki, Suraxanı RİHB-nin 17.05.2000-ci il tarixli 780 saylı Sərəncamına əsasən vətəndaş X2 torpaq sahəsi ayrılmış və sözügedən torpaq sahəsində yaşayış evi inşa edilmişdir. Torpaq sahəsinin ayrıldığı və həmin torpaq sahəsində yaşayış evi inşa edildiyi dövrdə iddiaçı Dövlət Neft Şirkətinin “Qaz İxracı” İdarəsi tərəfindən Suraxanı RİH-ə sözügedən torpaq sahəsindən qaz xəttinin keçməsi haqqında müraciət edilməmiş və məlumat verilməmişdir. Qeyd olunanların nəzərə alınaraq Suraxanı RİHB-nin 17.05.2000-ci il tarixli 780 saylı Sərəncamının qanuna müvafiq olduğu bildirilmiş və iddianın əsassız olduğundan rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş (nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş) və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın mümkün hesab edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 17.05.2000-ci il tarixli 780 saylı Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, vətəndaş X4 fərdi yaşayış evi tikmək üçün Zığ qəsəbəsinin, qərb hissəsində, 400 kv.m. torpaq sahəsi ayrılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, 2-1(82)- 2042/2019 saylı qərardadından görünür ki, iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X2) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 400 kv.m. torpaq sahəsinin vətəndaş Quliyeva (Qələndərova) Afət İsax qızına ayrılmasına dair Bakı şəhəri Suraxan Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 17.05.2000-ci il tarixli 780 nömrəli sərəncamının ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X2) qarşı “17.05.2000-ci il tarixli, 780 nömrəli sərəncamın ləğv olunması” tələbi barədə iddiası mümkün sayılmamışdır. Məhkəmə tərəfi dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırkı iddia Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 17.05.2000-ci il tarixli 780 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə olmaqla müəyyən etmə və tanınma haqqında iddia növündə irəli sürülmüşdür. Belə ki, İPM-in həmin iddia növünü tənzimləyən 36.1-ci maddəsinə əsasən müəyyən etmə və tanınma haqqında iddia vasitəsilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci bəndinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin maddənin 4-cü bəndinə əsasən, hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Məhkəmə qeyd edir ki, subsidiarliq tələbinə əsasən müəyyən etmə haqqında iddia iddiaçının öz məqsədinə mübahisələndirmə, məcburetmə və ya öhdəliyin icrası haqqında iddia ilə nail olmaq imkanı olduğu halda mümkünsüzdür. Beləliklə, müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverilənlik) şərtlərindən (məs: İPM-in 38-ci maddəsi) yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə olan maraq barəsində olan ümumi tələbdir. Kim ki, məsələn mübahisələndirmə haqqında iddia üzrə iddia müddətini ötürmüş onda eyni məsələ ilə bağlı müəyyən etmə haqqında iddia qaldıra bilməz. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında deyilir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İPM-in 2.2.1, 32 və 70–72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. Qərarda sonra deyilir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə araşdırması ilə məlum olur ki, iddiaçı daha əvvəl mübahisə predmeti sərəncamın ləğvi ilə bağlı məhkəməyə müraciət etmiş, iddia müddətinin ötürülməsi səbəbindən məhkəmənin 16.07.2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Daha sonra iddiaçı iddianın faktiki əsaslarını dəyişmədən həmin sərəncamın etibarsız sayılması ilə bağlı 19.05.2021-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, hazırkı iddia mahiyyət etibarilə mübahisələndirmə haqqında iddiadır, iddiaçı daha əvvəl mümkünsüz sayılmış iddianın faktiki əsaslarına istinad etməklə, eyni məsələ ilə bağlı yenidən iddia irəli sürmüş və prosessual məhdudiyyətlərin (iddia müddətinin) tətbiqini istisna etmək üçün sonda sərəncamın etibarsızlığını xahiş edərək hazırkı iddianı “müəyyən etmə və tanınma haqqında iddia” növü kimi göstərmişdir. Nə qədər ki, iddiaçı tərəfindən 2019-cu ildə sözügedən sərəncam məhkəmədə mübahisələndirilmişdir, iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi ilə bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur və İPM-in 38.1-ci maddəsinin tələbləri nəzərə alındıqda, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Məhkəmə bir daha vurğulamağı zəruri hesab edir ki, müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverilənlik) şərtlərindən (məs: İPM-in 38-ci maddəsi) yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə olan maraq barəsində olan ümumi tələbdir. Mübahisələndirmə haqqında iddia üzrə iddia müddəti ötürüldükdən sonra eyni məsələ ilə bağlı müəyyən etmə haqqında iddia qaldırıla bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı, X3 üçüncü şəxs qismində göstərilməklə “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar