Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6744/2024 17.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “vəfat etmiş həyat yoldaşı X2 əvəzinə mənzil növbəsinin adına keçirilərək güzəştli mənzil növbəsinə götürülməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Cavabdeh Başçısının 607 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamının ləğv edilməsi, Bakı şəhəri Cavabdeh 30 yanvar 2024-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi, onun, oğlu X8 və qızı X3 Qarabağ müharibəsi iştirakçılarının güzəştli mənzil-uçot siyahısında olmuş və vəfat etmiş həyat yoldaşının mənzil növbəsinin onun adına keçirilərək bərpa edilməsi və Qarabağ müharibəsi iştirakçılarının güzəştli mənzil-uçot siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq icraatı iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçının oğlu X8 və qızı X7 ilə birlikdə vəfat etmiş həyat yoldaşı X2 əvəzinə mənzil növbəsinin adına keçirilərək güzəştli mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X5 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Bu səbəbdən Bakı şəhəri Cavabdeh başçısının 80 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamı ilə X5 4 nəfər ailə tərkibi (özü, həyat yoldaşı İddiaçı, X8 və qızı X7) ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və Qarabağ müharibəsi iştirakçılarının güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir. İddiaçının həyat yoldaşı X5 06 sentyabr 2023-cü il tarixdə vəfat etmişdir. Bundan sonra Bakı şəhəri Cavabdeh başçısının 607 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamı ilə X5 və ailə üzvləri ilə birlikdə Qarabağ müharibəsi iştirakçılarının güzəştli mənzil növbəsindən çıxarılmış və 80 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncam ləğv olunmuşdur. Eyni zamanda iddiaçı cavabdehə müraciət edərək vəfat etmiş həyat yoldaşının mənzil növbəsinin onun adına keçirilməsini xahiş etmişdir. Cavabdehin 30 yanvar 2024-cü il tarixli məktubu ilə vəfat etmiş həyat yoldaşının mənzil növbəsinin onun adına keçirilməsindən imtina edilmişdir. Həmin imtina cavabında bildirilmişdir ki, Azərbaycan Respublikasının Mənzil qanunvericiliyinə əsasən vəfat etmiş müharibə iştirakçılarının mənzil növbəsinin ailə üzvlərinin adına keçirilməsi nəzərdə tutulmadığından xahişinin yerinə yetirilməsi mümkün deyildir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı şəhəri Cavabdeh başçısının 80 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamına əsasən X5 4 nəfər ailə tərkibi (özü, həyat yoldaşı İddiaçı, oğlu Salmanov Məzail, qızı Salmanova Firuzə) ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və Qarabağ müharibəsi iştirakçılarının güzəştli mənzil-uçot siyahısına daxil edilmişlər. Bakı şəhəri Cavabdeh başçısının 607 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamı ilə X5 vəfat etdiyi üçün onunla birlikdə ailə üzvləri Cavabdeh Qarabağ müharibəsi iştirakçılarının güzəştli mənzil növbəsindən çıxarılmış, Cavabdeh Başçısının 80 nömrəli, xx.xx.2022-ci il tarixli Sərəncamı ləğv edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Mənzil qanunvericiliyinə əsasən vəfat etmiş müharibə iştirakçısının mənzil növbəsinin ailə üzvlərinin adına keçirilməsi nəzərdə tutulmadığından xahişinin yerinə yetirilməsi mümkün deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Vİ-ЖГ seriyalı, 455346 nömrəli Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X5 və X6 29 sentyabr 1998-ci il tarixdə nikahlarını bağlamışlar. XİX- ЖГ seriyalı, 297802 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X8 08 sentyabr 1995-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası X4r. XİX- ЖГ seriyalı, 404977 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X7 11 noyabr 1997-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası X4r. AZ-İİ seriyalı, 301175 nömrəli olüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2022ci ildə ölmüşdür. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində vəfat etmiş həyat yoldaşı X2 əvəzinə mənzil növbəsinin adına keçirilərək güzəştli mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibatiprosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə (bundan sonra – Mənzil Məcəlləsi) əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir (48.1.). Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa) (50.1.). Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir (51.1.). Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər (51.2.). Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir (51.3.). Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, müəyyən kateqoriya vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilərək müvafiq icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə müraciətləri əsasında mənzil uçotuna götürülə bilərlər. İşdən göründüyü kimi Bakı şəhəri Cavabdeh başçısının 80 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamı ilə X5 4 nəfər ailə üzvü ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və Qarabağ müharibəsi iştirakçılarının güzəştli mənzil-uçot siyahısına daxil edilmişlər. Bakı şəhəri Cavabdeh başçısının 607 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamı ilə X5 vəfat etdiyi üçün onunla birlikdə ailə üzvləri güzəştli mənzil növbəsindən çıxarılmışlar. Hazırda iddiaçı həmin mənzil növbəsinin onun və digər ailə üzvlərinin adına keçirilməsini istəyir. Mənzil Məcəlləsində həmçinin göstərilmişdir ki, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır (55.1.7.). Vətəndaşların uçotdan çıxarılması üçün əsaslar müəyyən edildiyi gündən yaşayış sahəsinə ehtiyacı olan vətəndaşları uçota almış orqan tərəfindən otuz iş günündən gec olmayaraq onların uçotdan çıxarılması haqqında qərar qəbul edilməlidir. Həmin qərarda mütləq bu Məcəllənin 55.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallara istinad etməklə uçotdan çıxarılmanın əsasları göstərilməlidir. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların uçotdan çıxarılması haqqında qərar qəbul edildiyi vaxtdan üç iş günündən gec olmayaraq barələrində qərar qəbul edilmiş şəxslərə verilir və ya göndərilir. Həmin qərardan qeyd edilən vətəndaşlar tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər (55.2.). Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir (55.3.). Qanunun qeyd edilən müddəalarından görünür ki, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmuş şəxsin vəfat etməsi onun həmin uçotdan çıxarılması üçün əsasdır. Göründüyü kimi X5 vəfat etdiyi üçün mənzil uçotundan çıxarılmışdır. Qeyd edilməlidir ki, X5 mənzil növbəsinə ehtiyacı olan şəxs hesab edilərək mənzil növbəsinə götürülmüş və vəfat etdiyi üçün mənzil növbəsindən çıxarılmışdır. Mənzil Məcəlləsində isə yalnız mənzil uçotuna götürülmüş əlilliyi olan şəxs vəfat etdiyi halda onun mənzil uçounun ailə üzvləri üçün saxlanması nəzərdə tutulmuşdur. Mənzil növbəsinə ehtiyacı olan şəxs qismində digər kateqoriyaya aid olan vətəndaşların mənzil uçotunun onun ailə üzvlərinin adına keçirilməsi qanunda nəzərdə tutulmamışdır. İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülməsini istəyirsə, bununla bağlı ayrıca tələblə cavabdehə müraciət edə bilər. Lakin, onun həyat yoldaşının mənzil uçotu iddiaçının adına keçirilə bilməz. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “vəfat etmiş həyat yoldaşı X2 əvəzinə mənzil növbəsinin adına keçirilərək güzəştli mənzil növbəsinə götürülməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-6744/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6744/2024
17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver