Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6746/2022 17.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Binəqədi rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Binəqədi rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma barədə iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı ünvan 1 ünvandaki evin 5-ci mərtəbəsindəki 504 saylı yaşayış sahəsinə qeydiyyata alınmasını xahiş edir və bu halı onunla əsaslandırır ki, o, uzun müddətdir ki, həmin yaşayış sahəsində yaşayır. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İPM-nin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 45.5 və 45.5.1-ci maddələrinə əsasən iddia ərizəsinin icraata qəbul edildiyi təqdirdə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 15.6-cı bəndinin tələbinə görə qeyd olunan maddələrdə təsbit olunmuş hallar müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-423/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından da göründüyü kimi iddiaçının eyni cavabdehə qarşı ünvan 1 ünvandaki evin, 504 saylı yaşayış sahəsinə yaşayış yeri üzrə qeydiyyata alınmasına dair eyni iddia tələbinə məhkəmə tərəfindən baxılmış, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin olunmaması ilə bağlı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı tərəfindən sözügedən qərar mübahisələndirilərək kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və qərar dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırda irəli sürülən iddia tələbi ilə bağlı inzibati məhkəmə hüquqi mövqe nümayiş etdirərək həmin iddianın təmin edilməməsi barədə yekun məhkəmə aktı qəbul etmişdir ki, həmin yekun məhkəmə aktı yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Nəzərə alınmalıdır ki, İPM-nin 45.5, 45.5.1 və 78-ci maddələri adıçəkilən Plenum Qərarının 15.6-cı bəndinin tələbləri də nəzərə alınmaqla iddiaya mahiyyəti üzrə baxılmasını istisna etməklə, iddianın mümkün sayılmaması üçün əsas yaratmışdır. Belə olan halda hazırki iddianın mümkün sayılmaması üçün əsas yaranmışdır. Məhkəmə xüsusi ilə diqqətə çatdırmaq istəyir ki, iddiaçı məhkəməyə ünvanladığı ərizədə hazırki mübahisənin digər mübahisədən fərqli olması ilə bağlı irəli sürdüyü mülahizələr də iddianın mümkün hesab edilməsinə əsas vermir. Belə ki, iddiaçı iddia edir ki, ilkin inzibati məhkəmə icraatı zamanı onun yaşayış yeri üzrə daimi yaşamasını təsdiq edən Mənzil Kommunal İstismar Sahəsinin arayışına və qonşular tərəfindən tərtib olunmuş akta qiymət verilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı yaşayış yerində daimi yaşamasını təsdiq edən Mənzil Kommunal İstismar Sahəsinin arayışının olduğunu iddia etsə də, həmin arayışı təqdim etməmiş, yalnız qonşular tərəfindən tərtib olunmuş aktı təqdim etmişdir. Məhkəmə bir daha qeyd edir ki, həmin arayışın və ya aktın olması (iddiaçının daimi yaşaması barədə) iddiaçının tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğunu istisna etmir. Nəzərə alınmalıdır ki, ilkin inzibati məhkəmə icraatında da olduğu kimi hazırki mərhələdə iddiaçının yaşayış sahəsinə yaşayış yeri üzrə qeydiyyata alınması üçün qanunvericilikdə tələb edilən hüquqi sənəd olmamış, balans saxlayan təşkilatın (78 saylı MKİS) sözügedən binanın 504 saylı yaşayış sahəsinə iddiaçının qeydə alınmasına dair razılıq ərizəsi mövcud olmamışdır. Göründüyü kimi hazırki mərhələdə də iddiaçın yaşayış sahəsinə qeydiyyata alınması üçün hər hansı yeni əsas olmamış, başqa sözlə desək ilkin məhkəmə icraatında olduğu kimi vəziyyətin iddiaçının xeyrinə dəyişməsini təsdiq edən hal olmamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, əvvəlki iş üzrə qəbul edilən qərarda iddianın rəddi əsası təkcə iddiaçının yaşayıb-yaşamaması barədə də olmamış, məhkəmələr, işin digər faktiki halları ilə yanaşı, həmçinin yaşayış sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədin olmaması, yaşayış sahəsinin inzibati orqanın balansında olması və balanssaxlayanın razılığının olmamasına da istinad etmişdir. Göründüyü kimi məhkəmələr iddianın təmini istisna edən bir-neçə faktiki halları nəzərə almaqla iddianı rədd etmişdir ki, hazırkı halda iddiaçının irəli sürdüyü dəlillər həmin məhkəmə qərarlarının hüquqi qüvvəsinin itirilməsinə işə yeni iddia kimi baxılmasına əsas yaratmır. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Eyni zamanda, qeyd olunur ki, məhkəmə, həmçinin hazırkı iş üzrə AR İPM-nin 13cü maddəsinin tələbinin nəzərə alınması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, “məhkəmənin yardım etmək vəzifəsi” inzibati məhkəmə icraatının həyata keçirilməsinə yönələn məhkəmə icraatının təməl prinsiplərindən biri hesab olunur. Maddənin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə də yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçı isə hazırkı tələbini müdafiə etdiyini, işə mahiyyəti üzrə baxılıb iddia ərizəsinin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həsənov Orxan
Məhkəmə qərarları › İş №2-1(112)-6746/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6746/2022
17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver