Məhkəmə qərarları › İş №2-1(112)-6747/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6747/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6747/2024 06.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və digər” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehin onun pensiyasından tutulmaların aparılmasına yönəlmiş hərəkətlərinin qanunsuz hesab edilməsi və 2023-cü ilin dekabr ayından başlayaraq pensiyasından tutulmuş ödənişlərin ona geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya təyin olunmuş əmək pensiyasının yenidən hesablanması barədə 12 dekabr 2023-cü il tarixli, 3-17-1/3-3-64362/2023 saylı qərarın ləğv edilməsi, ona 55 yaşdan təyin edilmiş pensiya məbləğinin bərpa edilməsi, azaldılma ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2008-ci il tarixdə 55 yaşında yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. 27 iyul 1970-ci il tarixdən başlayaraq müxtəlif çətin peşələrdə uzun müddət işləmiş və çətin peşələrdə uzun müddət qüsursuz fəaliyyətinə görə Ümummilli Lider Heydər Əliyevin 20 sentyabr 2001-ci il tarixli Fərmanı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. 2023-cü ilin dekabr ayının 11-də o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına dəvət olunmuş və həmin görüşdə ona 55 yaşında pensiya hüququnun olmadığı bildirilmişdir. O, başa düşmədiyini bildirərək buna ciddi şəkildə etiraz etmişdir. Lakin onun etirazına baxmayaraq 2023-cü ilin dekabr ayından başlayaraq pensiyasından hər ay 1389,11 manat pul tutulur. O, əvvəl 1906.90 manat pensiya alırdı. Hazırda isə o, 517,79 manat pensiya alır. Ona görə də iddiaçı xx.xx.2023-cü il tarixdə müraciət edərək pensiyasının bərpa olunmasını və tutulan vəsaitin ona geri qaytarılmasını cavabdehdən xahiş etsə də, lakin bu günə qədər ona cavab verilməmişdir. Bu səbəbdən də o məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda bildirilmişdir ki, araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006cı il tarixinədək onun ümumi iş stajı 33 il 9 ay 19 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 39,91 manat (33,80 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 50,43 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4777,92 manat sığorta kapitalına uyğun 33,18 manat (4777,92:144) və 60 manat baza hissəsi əlavə edilərək xx.xx.2010-cu il tarixinə 143,61 manat (50,43+33,18+60,00) (indeksləşdirilməklə xx.xx.2013-cu il tarixinə 203,21 manat) məbləğində əmək pensiyası müəyyən edilib. xx.xx.2013-cü il tarixində iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3902,04 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 108 aya (144 - 36 (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı)) bölünməklə 36,13 manat (3902,04/108) əmək pensiyasının (203,21 manat) üzərinə əlavə olunaraq pensiya məbləği həmin tarixdən 203,21 manatdan 239,34 manata (36,13+203,21) artırılıb. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinin dinlənilməsi üçün ona qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2023-cü il tarixli məktub göndərilməklə xx.xx.2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilib. Mülahizənin dinlənilməsi üçün iddiaçı xx.xx.2023-cü il tarixində Mərkəzi Filiala gəlmiş və tərtib edilən akt iddiaçı tərəfindən imzalanıb. İddiaçıya son üç il üzrə 45138,67 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 45138,67 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1953-cü ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının əmək kitabçasında rus dilindən azərbaycan dilinə tərcümə edilmiş və təsdiq edilmiş surətində göstərilmişdir ki, xx.xx.1970-ci ildə Bakı Elektrik maşınqayırma zavodunda mexanika sexinə 2-ci dərəcəli ştamplayıcı (əmr № xx.xx.1970), xx.xx.1970-ci ildə dolaqların dolanması üzrə 1-ci dərəcəli çilingər işinə keçirilmiş (əmr №xx.xx.1970), xx.xx.1971-ci ildə sovet ordusu sıralarında xidmətə getdiyi üçün işdən azad edilmişdir. xx.xx.1973-cü ildə “KaspmorNeft” X1 Qazma İşləri İdarəsinə Neft-qaz quyularının 4-cü dərəcəli qazma köməkçisi vəzifəsinə qəbul edilmişdir.(əmr № xx.xx.1973) xx.xx.1974-cü ildə qazma avadanlıqlarının prokat-təmir sexində qazma avadanlıqlarının təmiri üzrə üçüncü dərəcəli çilingər vəzifəsinə keçirilmiş (əmr №26.04), 12.011975-ci ildə SİKR MK, SSR Nazirlər Soveti və BKSPS-nin 842 saylı, xx.xx.1972-ci il tarixli Qərarları, SMUBP-a tarif-kvalifikasiya komissiyasının iclasının 3 saylı, xx.xx.1975-ci il tarixli protokollarına əsasən, əməyin yeni ödəniş qaydasına keçidlə əlaqədar qazma avadanlıqlarının təmiri üzrə 3-cü dərəcəli çilingər peşəsinin adı qoyulmuşdur. xx.xx.1979-cu ildə Qazma qurğularında PRU qazma avadanlıqlarının təmiri üzrə 4-cü dərəcəli çilingər vəzifəsinə keçirilmiş (əmr№xx.xx.1979), xx.xx.1980-ci ildə Neft-qaz istismar-Kəşfiyyat qazma idarəsinə qazmaçının 4-cü dərəcəli köməkçisi işinə keçirilmiş (əmr xx.xx.1980), 10.12 1980-ci ildə Azərbaycan SSR-in ƏM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.1980-ci ildə Tik. Və d/b konstruksiyaların montajı üzrə 3-cü dərəcəli montajçı vəzifəsinə keçirilmiş (əmr№xx.xx.1980), xx.xx.1982-ci ildə BSFSR-in ƏM-nin 29-cu maddəsinin 1-ci bəndinə əsasən işdən azad edilmişdir. (tərəflər arasında razılaşmaya əsasən). İddiaçı xx.xx.1982-ci ildə Qeyri-standart avadanlıqlar sexinə 3-cü dərəcəli mexaniki-yığma işləri üzrə çilingər işinə keçirilmiş (əmr № xx.xx.1982), xx.xx.1983-cü ildə mexaniki yığma işləri üzrə 5-ci dərəcəli çilingər adı verilmişdir (əmr xx.xx.1982). xx.xx.1984-cü -cü ildə SSRİ Montaj Xüsusi tikinti Nazirliyinin 36 saylı 01.04.84-cü -cü il tarixli əmrinə əsasən Mexanika sexinin ləğvi ilə əlaqədar Az SSR-in Əmək Məcəlləsinin 38-ci maddəsi ilə Bakı SQO/ni keçirilmişdir. (əmr 41/k.xx.xx.1983) xx.xx.1984-cü ildə köçürülmə yolu ilə çilingər vəzifəsində (əmr 3/k) işləmişdir. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçının hüququ 55 yaşdan 57 yaşa çəkilmiş, xx.xx.2010-ci ildən artıqvermə müəyyən edilmiş, iddiaçıya xx.xx.2023-cü il tarixdən 517,79 manat ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli “Artıq ödənilmiş pensiya məbləği haqqında” məktubunda göstərilmişdir ki, araşdırma zamanı, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin xx.xx.2023-cü il tarixli, 3- 17-1/3-3-64362/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə mübahisələndirmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda həmçinin göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (9.1). Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir (9.8). Qanunun qeyd edilən müddəalarından görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı ildən qüvvəyə mindiyi üçün, həmin tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən stajı, yəni kişilər üçün qanunla müəyyən edilmiş 12 il 06 ay stajı topladıqda şəxs yaşa və staja görə əvvəllər qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada pensiya hüququ əldə edir. İşdən görünür ki, iddiaçıya onun 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və ödənilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli qərarla iddiaçının yaşa görə əmək pensiyasının 57 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən təyin edilməsi əsası ilə onun əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul etmişdir. İddiaçı hazırda həmin qərarı mübahisələndirərək onun ləğv edilməsini xahiş edir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-ci maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Həmin Qanunun 13-cü maddəsinin ilkin variantında göstərilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını ilini həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Cavabdehin əsas dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının pensiya hüququnun yarandığı vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi kişilər üçün 57 yaş müəyyən edildiyindən ona 57 yaşının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 01 avqust 1997-ci il tarixədək 2 nömrəli siyahı üzrə tələb olunan güzəştli iş stajını toplamışdır. Belə ki, iddiaçının həmin tarixə 25 ildən artıq ümumi və 12 il 06 aydan artıq güzəştli iş stajı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda iddiaçının işlədiyi peşələr müvafiq kodlarla göstərilmişdir. Cavabdeh də iddiaçının xx.xx.1997-ci ilədək güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajını topladığını mübahisələndirmir. Cavabdeh sadəcə iddiaçının 55 yaşının tamam olduğu vaxt güzəştli şərtlərlə pensiya hüququ verən yaş həddinin 57-yə qaldırılmasına istinad edir. Məhkəmə qeyd edilən hüquqi mövqe ilə razılaşmır. Belə ki, iddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna dəyişlik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Qanun qüvvəyə minənə qədər 12 il 06 ay güzəştli stajı topladığı üçün ona əmək pensiyası yaşa görə həmin dövrə kimi qüvvədə olan qanunvericilik əsasında təyin edilməlidir. Həmin dövrə qədər qüvvədə olan qanunvericilikdə isə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən yaş həddi kişilər üçün 2 nömrəli Siyahı üzrə 55 yaş müəyyən edilmişdir. Bu səbəbdən iddiaçı barəsində qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərar ləğv edilməli, iddiaçıya 55 yaşdan təyin olunan pensiyasının ödənilməsi davam etdirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3). Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-64362/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar ləğv edilsin. Cavabdehin pensiyanın azaldılması ilə bağlı hərəkətləri qanunsuz hesab edilməklə, ödənilməmiş pensiya məbləğinin hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar