Məhkəmə qərarları › İş №2-1(112)-6748/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6748/2023

03.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6748/2023 03.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “2006-cı ildən (2012 və 2016-cı illər istisna olmaqla) 2017-ci ilə qədər xidmət müddətində almadığı “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun 23.2-ci maddəsinin ikinci abzasında qeyd olunanlara əsasən ildə 1 dəfə ödənilməli olan 2 aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin cavabdeh tərəfindən ödənilməsi” öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçı barəsində “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun 23-cü maddəsinin, pozulmuş maddi təminat hüququnun almadığı müddətə təmin olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Mühafizə Alayında, Pentensiar Xidmətinin məntəqə tipli cəzaçəkmə müəssisəində, eyni ilə 7 saylı cəzaçəkmə müəssisəsində müxtəlif vəzifələrdə orta rəis heyətində xidmət edərək 2017-ci il tarixdə yaş həddinə görə təqaüdə çıxmışdır. Xidmət etdiyi müddətdə 2006-cı ildən başlayaraq Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul olunmuş Ədliyyə orqanlarında qulluqkeçmə haqqında Qanunun 23-cü maddəsində qeyd olunan: Ədliyyə orqanları əməkdaşlarının xidmət etdiyi dövrdə sosial müdafiə hüququnun təmin edilməsi hər il üçün birdəfəlik müavinət ödənilməsi nəzərdə tutulmuşdur. Lakin İddiaçı sözügedən qanunun xidmətdə olduğu müddətdə 2012-ci və 2016-cı illərdə təsiri dairəsində ona müavinət ödənilsə də xx.xx.1993-cü il tarixdən xx.xx.2017-ci il tarixədək, yəni təqaüdə çıxdığı müddətə qədər Qanunun 23-cü maddəsinin tələbi 2006-cı ildən başlayaraq 2012 və 2016cı illəri çıxmaq şərti ilə müxtəlif bəhanələr ilə ədliyyə orqanının əməkdaşı kimi onun barəsində təsdiq edilməmişdir. Ədliyyə Naziri Pentensiar Xidməti hərbiləşdirilmiş mühafizə alayında xidmət etdiyi üçün Azərbaycan Respublikası daxili hərbi xidmət nizamnaməsinin müddəalarının tələblərinə əsasən birbaşa rəis heyətinə hərbi nizamnamə əsasında tabe olmuşdur. Həmin dövrdə hər hansı bir maddi təminatın pul müavinətinin alınması üçün raportla və yaxud rəsmi müraciəti ilə müavinət almaq tələbi tabeli rəhbərliyin şifahi göstərişinə əsasən yazmaq imkan xaricində olub. Yəni hərbi qulluqçu kimi tabe olduğu üçün rəhbərliyin əmrini qəbul etməmək, göstərişə zidd raport yazmaq, müraciət etmək, maddi pul tələb etmək cinayət məsuliyyəti yaradılmasına əsas olduğu üçün rəhbərliyin (komandanlığın) şifahi göstərişindən kənara çıxmamaq şərti ilə ədliyyə orqanlarında qulluqkeçmə haqqında qanunun tələbi üzrə müraciətini müavinət almadığı dövrlər üzrə rəsmi müraciət edə bilməmişdir. Bu barədə qeyd etdiklərinə zidd olaraq pentensiar xidmətə müraciət etsə də, müraciətimə cavab olaraq xx.xx.2022-ci il tarixdə 17/7-19431 saylı ona göndərilən məktubda bildirilmişdir ki, vaxtında qeyd edilən məsələlər ilə bağlı müraciət etməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “2006-cı ildən (2012 və 2016-cı illər istisna olmaqla) 2017-ci ilə qədər xidmət müddətində almadığı “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun 23.2-ci maddəsinin ikinci abzasında qeyd olunanlara əsasən ildə 1 dəfə ödənilməli olan 2 aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin cavabdeh tərəfindən ödənilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətdə xx.xx.1993-cü il tarixdə qulluğa qəbul edilmiş və xx.xx.2017-ci il tarixdə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 23.2-ci maddəsi iki abzasdan ibarətdir. Həmin maddənin 1-ci abzasına əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar, 2-ci abzasına əsasən ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Göründüyü kimi, pensiyaya çıxan əməkdaşlara pulsuz dövlət tibb xidməti ilə təmin olunması nəzərdə tutulmuş, lakin ildə bir dəfə iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası ədliyyə nazirinin 28 aprel 2008-ci il tarixli 7-T nömrəli əmri ilə təsdiq olunmuş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları” “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qaydalarını müəyyən edir. Həmin Qaydalarda pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsi nəzərdə tutulmamışdır. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən işçinin hətta sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Göründüyü kimi, ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar müavinətin verilməsi ilk dəfə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununda nəzərdə tutulmuş, həmin müavinətin verilmə mexanizmi 28 aprel 2008-ci il tarixli 7-T nömrəli əmri ilə təsdiq olunmuş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nda öz əksini tapmışdır. İddiaçı xidmət etdiyi illər ərzində 2012 və 2016-cı illərdə müraciət etmiş və müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət almış, digər illərdə İddiaçı müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilməsi üçün müraciət etməmişdir. Cavabdeh iddiaya dair yazılı etiraza əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2 və 4cü bəndlərinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Pul və əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) il ərzində məhkəməyə müraciət edə bilər. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarına əsasən iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanunauyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarına əsasən iddia müddəti hüquq münasibəti iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddiaçı ədliyyə orqanlarında qulluq keçməsinə xx.xx.2017-ci il tarixdə xitam verilmişdir. İddiaçı iddia ərizəsi ilə 2023-cü ilin fevral ayında müraciət etmiş, bununla da qanunla müəyyən edilmiş 1 (bir) illik iddia müddətini buraxmışdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır. Cavabdeh Azərbaycan Respublikasının Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 17/7-19431 saylı məktubda bildirilmişdir ki, “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən “müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir.” Penitensiar Xidmətin Kadrlar İdarəsinin təqdim etdiyi arayışa əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Penitensiar Xidmətdə qulluqda olduğu müddət ərzində 2012 və 2016-cı illərdə müalicə olunmağı ilə əlaqədar birdəfəlik müavinət hesablanaraq hesabına ödənilmişdir. Digər illərdə isə xəstəlik ilə bağlı rəsmi olaraq müraciəti olmadığından müavinət almamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə 28 aprel 2008-ci il tarixli 7-t nömrəli ərnri ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarında pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsi nəzərdə tutulmamışdır. Müayinə və müalicə olunmağı ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Poliklinikasına müraciət edə bilər. 7 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşının 2016-cı ilin xəstəlik üçün müavinət cədvəlindən görünür ki, İddiaçı (qeydiyyat nömrəsi **********0104) 1434,00 manat müavinət təyin edilmişdir. ********** saylı xx.xx.2012-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı 713,00 manat pul məbləği ödənilmişdir. Ödənişin təyinatı və əsası kimi müalicə qeyd edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-16-17/3/2-10681/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə penitensiar xidmətin sabiq əməkdaşı İddiaçı arxiv şəxsi işinin təsdiq olunmuş surəti təqdim edilmişdir. İddiaçı dair təltiflər və mükafatların (ordenlər, medallar, qiymətli hədiyyələr, fəxri fərmanlar, təşəkkürlər və s.) təsdiq olunmuş siyahısından görünür ki, xx.xx.2013-cü il tarixdə 28 may Respublika günü münasibəti ilə pul mükafatı ilə təltif edilmişdir. xx.xx.2013cü il tarixdə Azərbaycan Ədliyyəsinin 95 illik yubileyi münasibəti ilə təşəkkürnamə ilə təltif edilmişdir. xx.xx.2013-cü il tarixdə ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə pul mükafatı ilə təltif edilmişdir. xx.xx.2013-cü il tarixdə Həmrəylik günü münasibəti ilə pul mükafatı ilə təltif edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş arayışa əsasən Penitensiar Xidmətin sabiq əməkdaşı İddiaçı həqiqətən 1962-ci ildə Bərdə rayonunda olmuş, 1981-1983-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı xidməti fəaliyyəti aşağıdakı kimi olmuşdur. xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək RF DİN-nin Kostrama lll-nin tərbiyə əmək müəssisəsində nəzarətçi, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək RF DİN-nin Ufa xüsusi orta milis məktəbinin müdavimi, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Kostrama lll-nin tərbiyə əmək müəssisəsində tərbiyəçi, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Kostrama lll-nin tərbiyə əmək müəssisəsində əməliyyat müvəkkili, xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Kostrama lll-nin tərbiyə əmək müəssisəsində rejim və mühafizə şöbəsinin inspektoru, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 2-ci əməliyyat şöbəsinin əməliyyat növbətçisi, xx.xx.1993cü il tarixdən xx.xx.1993-cü il tarixədək ƏN MQİBİ-nin 6500 saylı h/h-nin 7-ci bölüyünün komandir müavini, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək 6500 saylı h/h üzrə növbətçi, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək 6500 saylı h/h-nin 3-cü taborunun komandirinin şəxsi heyət üzrə müavini, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək 6500 saylı h/h-nin 14-cü bölüyünün komandir müavini, xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 6500 saylı h/h-nin 6-cı bölüyünün komandiri, xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək 6500 saylı h/h-nin 9-cu bölüyünün komandiri, xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Mühafizə alayının 3-cü atıcı bölüyünün komandiri, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək Penitensiar xidmətin sərəncamında, xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixədək 6 saylı MTCM-nin böyük inspektoru (rəisin növbətçi köməkçisi), xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 7 saylı CM-nin rejim-nəzarət şöbəsinin böyük inspektoru vəzifələrində işləmişdir. xx.xx.2017ci il tarixdə qulluqda olmanın yaş həddinə çatdığına görə ədliyyə mayoru xüsusi rütbəsində olarkən pensiyaya çıxmaqla ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. xx.xx.2017-ci il tarixə qulluq müddəti təqvimi hesablama ilə 34 il 06 ay 17 gün, güzəştli hesablama ilə 41 il 08 ay 26 gün təşkil etmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq İddiaçı qulluq müddətində xüsusi rütbəli əməkdaş hesab edilmişdir. Həmçinin qulluq müddətində 2012 və 2016-cı illərdə ona müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilmiş, digər illərdə müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək hərbi qulluqçu kimi tabe olduğu üçün rəhbərliyin əmrini qəbul etməmək, göstərişə zidd raport yazmaq, müraciət etmək, maddi pul tələb etmək cinayət məsuliyyəti yaradılmasına əsas olduğu üçün rəhbərliyin (komandanlığın) şifahi göstərişindən kənara çıxmamaq şərti ilə ədliyyə orqanlarında qulluqkeçmə haqqında qanunun tələbi üzrə müraciətini müavinət almadığı dövrlər üzrə rəsmi müraciət edə bilmədiyini bildirmişdir. İddiaçı həmçinin yazılı ərizə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində xx.xx.1993-cü ildən, xx.xx.2017-ci il tarixədək qulluq etmişdir. Müayinə və müalicə üçün müavinəti cəmi 2 (iki) dəfə 2012 və 2016-cı illərdə almışdır. Lakin 2006-cı ildən 2017-ci ilə qədər birdəfəlik müavinəti (2012 və 2016-cı illər istisna olmaqla) raportla müraciət etməyinə baxmayaraq aidiyyəti üzrə şəxslər ona müavinəti verməmişlər. Mübahisə predmeti sayılan xidmət illərində almadığı müayinə və müalicə üçün müavinət pulundan olduğu halda, qarşı tərəf bilərəkdən və çaşqınlıq salmaq üçün iddia predmetinin motivini dəyişdirərək, guya təqaüddə olduğu müddətin pul müavinətini tələb etdiyini vurğulamışdır. Halbuki pul müavinəti tələbi onun xidmətdə olduğu dövrdəki tələbdir, təqaüddə olduğu dövrün pul səbəbi deyil. İkincisi, cavabdeh bildirmişdir ki, müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Razıdır. Amma bəzi sübutları Penitensiar Xidmət təqdim etmir. Çünki həmin sübutlar, yəni müavinət almağı barədə yazdığı raportlar gizlədilir. Həmin sübutları Penitensiar Xidmətdən tələb etmək, təsir etmək imkanları məhduddur. Onlar müxtəlif əsassız səbəblər gətirmək ilə məsuliyyətdən qaçırlar. Guya ki, arxivdə indiki günə qədər sözügedən raport qalmamışdır. Əgər raport qalmamışdırsa, bəs niyə görə raportun qeydiyyata alındığı kitabdan çıxarışlar təqdim olunmamışdır? Cavabdeh tərəf faktlarla, sübutlarla yox, ancaq söz yığını ilə özünə bəraət qazandırmağa çalışmışdır. Halbuki qanunvericiliyə görə, faktlar şübhə doğurursa, iddiaçının xeyrinə məsələ həll olunmalıdır. Maliyyə-müavinətə aid raport necə 5-10 il müddətinə ləğv oluna bilər? Müavinət ilə bağlı məhkəməyə verilən iddia ərizələrinə Penitensiar Xidmət tərəfindən eyni şablon xarakterli cavab “Raportla müalicə və müayinə üçün müraciət etməmisiniz” kimi məntiqsiz və sübuta yetirilməyən cavab göstərilir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə “2006-2010-cu illərdə xidmət müddətində almadığı “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun 23.2-ci maddəsinin ikinci abzasında qeyd olunanlara əsasən ildə 1 dəfə ödənilməli olan 2 aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin cavabdeh tərəfindən ödənilməsi” hissəsində iddia tələbi mümkün sayılmamışdır. Məhkəmə hesab edir ki, “2011-ci ildən (2012 və 2016-cı illər istisna olmaqla) 2017ci ilə qədər xidmət müddətində almadığı “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun 23.2-ci maddəsinin ikinci abzasında qeyd olunanlara əsasən ildə 1 dəfə ödənilməli olan 2 aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin cavabdeh tərəfindən ödənilməsi” hissəsində iddia mümkündür. III. Məhkəmənin mövqeyi “Ədliyyə orqanlarında qulluq keçmə haqqında “Azərbaycan Respublikasının Qanunundan: 1.1. Ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 23.2. Ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirinin xx.xx.2008-ci il tarixli, 7-T nömrəli əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarından: 1.1. Bu Qaydalar "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun,olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin (bundan sonra müavinət) verilməsi qaydalarını müəyyən edir. 1.2. Müavinət xüsusi rütbəsi olan işçiyə (bundan sonra - işçi) müalicə olunması üçün verilir. 1.3. İşçinin sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir. 1.4. Müavinət işçinin aylıq əmək haqqının iki misli miqdarında verilir. 1.5. İşçi müavinəti müalicəyə başlayanadək, müalicənin gedişində və ya müalicəni başa çatdırdıqdan sonra ala bilər. 1.6. Bu Qaydalarda nəzərdə tutulan məqsədlər üçün verilən müavinət ədliyyə orqanlarına dövlət büdcəsindən ayrılmış vəsait hesabına ödənilir. 2.1. Müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Müavinət verilməsi üçün nümayəndə vasitəsilə müraciət edildikdə, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd müraciətə əlavə olunur. 2.2. Müavinət verilməsi üçün müraciətə aşağıdakı sənədlərdən biri əlavə edilməlidir: 2.2.1. müalicə müəssisəsi (həkim) və ya nazirliyin tibb xidməti tərəfindən verilən müalicə olunmaq zərurəti barədə arayış və ya müvafiq müalicə, sanatoriya-kurort müəssisəsinə göndəriş; 2.2.2. müalicə müəssisəsi (həkim) tərəfindən verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi və ya yerli, yaxud xarici müalicə müəssisəsində tibbi müayinədən və ya müalicədən keçmə haqqında sənəd; 2.2.3. sanatoriya-kurort müəssisəsinə putyovka və ya turizm xidməti müəssisəsinin müvafiq sənədi. 2.3. Müavinətin verilməsi barədə müraciət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aparatında, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində, habelə nazirliyin müstəqil balansa malik tabe qurumlarında fəaliyyət göstərən müavinət təyin edən komissiyalara (bundan sonra-komissiyalar) təqdim edilir. 2.4. Müavinətin verilməsi barədə müraciətə komissiyalar tərəfindən qısa müddətdə, daxil olma növbəliyi ilə baxılır. 2.5. Komissiyalar öz qərarların səs çoxluğu ilə qəbul edir və protokol formasında rəsmiləşdirirlər. 2.6. Protokol müvafiq komissiyanın sədri və katibi tərəfindən imzalanır. 2.7. Müavinətin verilməsi məsələsi müsbət həll edildikdə protokolun bir nüsxəsi icra üçün müvafiq ədliyyə orqanının maliyyə xidmətinə təqdim edilir. 2.8. İşçinin müraciətinə əsasən komissiyanın protokolunun bir nüsxəsi ona təqdim edilir. 2.9. Müavinətin verilməsi barədə müraciətə bu Qaydaların 2.2-ci bəndində göstərilən sənədlər əlavə edilmədikdə və ya müvafiq büdcə vəsaiti tükəndikdə müraciət baxılmamış saxlanılır və işçiyə bu barədə məlumat verilir. Müvafiq sənədlər müraciətə əlavə edildikdən və ya müvafiq büdcə vəsaiti ayrıldıqdan sonra müraciətə bu Qaydalara müvafiq baxılır. İddiaçının 2011-2017-ci illər ərzində ədliyyə orqanlarında işləməsi, cavabdeh tərəfindən iddiaçıya işlədiyi 2012 və 2016-cı illərdə hər il bir dəfə müalicə olunması üçün pul müavinətinin verilməsi üçün müraciət etməsi və həmin müavinətin ona verilməsi işin mübahisəsiz halıdır. Lakin iddiaçının 2011, 2013, 2014, 2015, 2017-ci illərdə müalicə olunması üçün pul müavinətinin verilməsi barədə cavabdehə müraciət etməsi müəyyən edilmir. Belə ki, iddiaçı bu barədə hər hansı sübut təqdim etməməklə bərabər, belə bir sübut məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, həm iddia tələbində, həmçinin məhkəmə iclaslarında çıxışında iddiaçı bildirmişdir ki, o, ədliyyə orqanlarında qulluqkeçmə haqqında qanunun tələbi üzrə müraciətini müavinət almadığı dövrlər üzrə rəsmi müraciət edə bilməmişdir. Bu səbəbdən də, məhkəmə iddiaçının sonradan fərqli çıxış edərək, xəstəlik üçün müavinət almaq barədə raportla müraciət etsə də raportuna baxılmaması barədə dəlilini inandırıcı hesab etmir. X2 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. İddiaçı 2011-ci ildən (2012 və 2016-cı illər istisna olmaqla) 2017-ci ilə qədər xidmət müddətində almadığı “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun 23.2-ci maddəsinin ikinci abzasında qeyd olunanlara əsasən ildə 1 dəfə ödənilməli olan 2 aylıq əmək haqqı həcmində birdəfəlik müavinəti cavabdehdən tələb etməkdə haqlı deyildir. Odur ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar