Məhkəmə qərarları › İş №2-1(112)-6748/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6748/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6748/2024 06.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünü Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hüseyn küçəsi, ev 10 ünvana qeydiyyat alınmağı vəzifəsinin Sabunçu RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Şöbəsinin üzərinə qoyulmasnıa dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü ildə X6 ilə rəsmi nikah əsasında ailə qurub onların yaşadıqları mərhum qaynatasına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hüseyn küçəsi, 10 saylı evə gəlin köçüb və halhazıra qədər həmin evdə yaşayır. İddiaçının bütün cehiz əmlakı həmin evdə yerləşdirilmişdir. İddiaçının həmin evdə yaşamağına baxmayaraq həmin evə qeydiyata alınmadığından iddiaçının yaşadığı ünvanda qeydiyyatda olmağı barədə şəxsiyyət vəsiqəsi ala bilməmişdir və bu da onun Azərbaycan Respublikası Konstitusiyası ilə nəzərdə tutulmuş bir çox hüquqlarından istifadə etməyinə maneələr törədərək onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Həyat yoldaşı,qaynanası və baldızı yaşadıqları evə qeydiyyata düşməyinə razıdır. İddiaçı həmin evə qeydiyyata alnımağı üçün Sabunçu RPİnin Qeydiyyat və Şəxsiyyət Vəsiqələri şöbəsinə müraciət etsə də iddiaçının həmin evə qeydiyat alnımağından imtina edilmiş bu barədə iddiaçıya rəsmi məktub da verilmişdir. İddiaçı hesab edir ki, həmin Şöbənin onun qeydiyyata alınmağına dair verdiyi imtinası əsassızdır və onun həmin ünvana qeydiyat alınmağı vəzifəsi Suraxanı RPİ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqələri şöbəsinə həvalə edilməlidir.

3. Cavabdeh tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il məktubda qeyd olunmuşdur ki, yuxarıda göstərilən ünvana qeydiyyata alınması üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlər (order, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) təqdim olunması vacibdir. Lakin tərəfinizdən göstərilən sənədlər Sabunçu RPİ-nin QMB-nə təqdim olunmadığından həmin ünvana qeydiyyata alınmanız imkan xaricindədir. Qeydiyyatla əlaqədar olaraq Bakı şəhər İnzibati məhkəməsinə müraciət etməyiniz məqsədə müvafiq hesab edilir.

4. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı X1, X3 və X6 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdurlar.

5. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə X6 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdur.

6. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində ünvanın ünvan 5nə kömək etməyi xahiş etmmişdir.

7. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hüseyn küçəsi, ev 10A ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

8. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2-1414 nömrəli, 2003-cü il tarixli Qətnaməsi ilə ərizəçi X4 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hüseyn küçəsi, 10A saylı evə pasport qeydiyyatına alınmışdır.

9. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X1 (xx.xx.1974-cü il təvəllüdlü), X3 (xx.xx.1995-ci il təvəllüdlü) Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hüseyn küçəsi, ev 10A ünvanında qeydiyyatdadırlar.

10. İş materiallarına əlavə olunmuş Nikah haqqında Şəhadətnamədən görünür ki, X6 və İddiaçı xx.xx.2023-cü il tarixində nikahı bağlanmışdır.

11. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirakı olmadan baxılmasına etiraz etmirlər.

12. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

13. Məhkəmənin baxış iclasında iştirak edən üçüncü şəxs iddianın təmin olunmasını xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

14. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

15. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi xx.xx.2024-cü il tarixli cavabında qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

16. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

17. Cavabdeh qurumun hərəkətləri iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.

20. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2-1414 nömrəli, 2003-cü il tarixli Qətnaməsi ilə ərizəçi X4 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hüseyn küçəsi, 10A saylı evə pasport qeydiyyatına alınmışdır. Odur ki, iddiaçıya münasibətdə fərqi yanaşmanın ağlabatan əsaslandırması yoxdur.

21. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, **********332 nömrəli ərizəyə əsasən X1, X3, X6 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hüseyn küçəsi, ev 10A ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı qeydiyyata düşməsinə etiraz etmirlər.

22. Odur ki, məhkəmə hesab edir ki, işin faktiki hallarına fərdi yanaşmaqla qeyd edilənlər iddiaçının həmin evlə kifayət qədər yetəri və sabit dərəcədə davamlı bağlılığını (əlaqəni) ifadə edir və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi hesab oluna bilər.

23. Odur ki, məhkəmə hesab edir ki, müvafiq qeydiyyat “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmanın məqsədlərinə uyğun olmaqla iddiaçının uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmağa xidmət etdiyindən iddia təmin edilməlidir.

24. Qeyd edilən yanaşma X9 məhkəməsinin təcrübəsinə də əsaslanır. X9 Konvensiyasının 8ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. X9 Konvensiya orqanlarının məhkəmə təcrübəsinə görə, 8-ci maddənin mənası daxilində "mənzil" anlayışı qanuni əsaslarla yaşanılan və ya hüquqi olaraq rəsmiləşdirilmiş yaşayış sahələri ilə məhdudlaşmır. "Mənzil" daxili qanunvericiliyə uyğun olaraq müəyyən edilməyən müstəqil (avtonom) bir anlayışdır. Müəyyən bir yaşayış yerinin 8-ci maddənin 1-ci bəndinin təminatlarının qüvvədə olduğu bir "mənzil" olub-olmaması faktiki hallardan, yəni müəyyən bir yerlə kifayət qədər və sabit əlaqələrin mövcudluğundan asılıdır. (Bax Prokopovich v. Russia xx.xx.2004, ərizə №58255/00, § 36, Buckley v. the United Kingdom, qərar xx.xx.1996 г., Qərar və qərardadlar toplusu 1996- İV, §§ 52-54 и Komissiyanın xx.xx.1995-ci il hesabatı § 63; Gillow v. the United Kingdom, xx.xx.1986, Seriya А №109, § 46; Wiggins v. the United Kingdom, № 7456/76, Komissiyanın xx.xx.1978-ci il tarixli qərarı, Qərarlar və məruzələr (DR) 13, səh. 40).

25. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müdəalarının şərh olunması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi tərəfindən qeyd edilən hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrininin icra edilməsi barədə Qanunun tələbi mütləq yerinə yetirilməlidir. Yaşayış yeri olmayan vətəndaşların qeydiyyatını isə Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları təşkil etməlidirlər. Digər ölkələrin təcrübəsini nəzərə alaraq bu orqanlar belə vətəndaşları xüsusi yerlər üzrə qeydiyyatdan keçirməklə onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təmin edə bilərlər. Belə ki, eyni problemlə rastlaşan Ukrayna və Belarusiyada bu məsələnin həlli üçün müəyyən yaşayış yeri olmayan şəxslərin reqional Qeydiyyat Mərkəzləri yaradılmışdır.

26. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

27. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh qurumun imtinası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.

29. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hüseyn küçəsi, ev 10A ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar